Diasporumuzda keyfiyyət baxımından yeni bir mərhələni müşahidə edirik
Son illərdə Azərbaycanda bütün sahələrdə olduğu kimi, diaspora sahəsində də müsbət tendensiya, bir qədər də inkişaf elementləri müşahidə edilir.
1 Oktyabr 2020 16:37 Diasporaİlqar İlkin: "Diaspor təşkilatlarımız, cəmiyyət və birliklərimiz arasında birlik, həmrəlyik var və bu da yüksək səviyyədədir"
Son illərdə Azərbaycanda bütün sahələrdə olduğu kimi, diaspora sahəsində də müsbət tendensiya, bir qədər də inkişaf elementləri müşahidə edilir. Müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları, birlik və cəmiyyətlərin artıq bir yumruq kimi birləşməsi, vahid platformada fəaliyyət göstərməsi ümumilikdə Azərbaycan diasporunun fəaliyyətinə müsbət təsir göstərir. Elə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin (ATXƏM) icra katibi İlqar İlkin də bu qənaətdədir. "OLAYLAR"-a verdiyi müsahibədə İlqar İlkin hazırda bu istiqamətdə mövcud olan vəziyyət və digər məsələlərdən danışıb.
-İlqar bəy, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyi (ATXƏM) olaraq siz də diasporyönümlü təşkilat hesab olunursunuz. Bu mənada hazırda Azərbaycan diasporunun durumunu necə xarakterizə edərdiniz?
-Hesab edirəm ki, hər ötən il Azərbaycan diasporunun həyatında, fəaliyyətində bir yenilik, müsbət tendensiya müşahidə edilir. Hələ ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və günümüzdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət, diaspor və lobbi quruculuğu fəaliyyətləri istiqamətində Azərbaycan da zaman-zaman təqdirəlayiq addımlar atır. Burada dövlətin, xüsusilə dövlət başçısının diaspor fəaliyyətinə, diaspor təşkilatlarına olan diqqət və qayğısı xüsusi qeyd edilməlidir. Dünya Azərbaycanlılarının İkinci Qurultayından bu günə qədər keçən dövr ərzində müxtəlif illərdə diaspor sahəsində fəaliyyət göstərən soydaşlarımızın təltif edilməsi, onlara fəxri adların verilməsi xaricdə yaşayan soydaşlarımızı daha da aktivləşdirir, onlara bir stimul vermiş olur. Digər tərəfdən Cənab Prezident İlham Əliyev də ötən 17 il ərzində xarici ölkələrə səfərləri zamanı həmin ölkələrdə fəaliyyət göstərən Azərbaycan təşkilatları, cəmiyyət və birlikləri ilə görüşlər keçirib, onların üzləşdikləri problemlər, qayğılarla maraqlanıb, həllinə nail olub. Məhz bütün bu qeyd etdiyim müsbət məqamlar yuxarıda da dediyim kimi diasporumuzun daha aktiv, daha mütəşəkkil olmasına gətirib çıxarıb. Bir sözlə artıq diasporumuzda keyfiyyət baxımından yeni bir mərhələni müşahidə edirik.
-Zaman-zaman qeyd edilib və bundan təəssüf hissi keçirilib ki, soydaşlarımız arasında heç də birlik və həmrəylik yoxdur. Siz bu kimi iddialarlıa razısınızmı?
-Bu günkü gündə yox. Qətiyyən deyə bilmərəm ki, bu gün xaricdə yaşayan soydaşlarımız, həmvətənlərimiz arasında birlik, bərabərlik, həmrəylik yoxdur. Düzdür, diasporumuzun təşkilatlanmağa başladığı ilk illərdə, eləcə də ondan sonrakı müəyyən müddət ərzində belə mənfi hallar, faktlar var idi. Bir diaspor təşkilatı sədrinin digərini qəbul etməməsi, liderlik uğrunda mübarizə, qarşılıqlı ittihamlar sələndirmək, bir-birinin fəaliyyətinə mane olmaq kimi hallara rast gəlmək mümkün idi. Uzağa getməyək, Ukraynanın özündə neçə illər biz belə bir mənfi tendensiyanı müşahidə etdik. Məhz həmin mənfi tendensiyanın nəticəsi idi ki, biz Ukraynada diaspor olaraq ermənilərə uduzurduq. Baxmayaraq ki, postsovet məkanında Rusiya Federasiyasından sonra soydaşlarımızın ən çox yaşadığı ölkələrdən biri də Ukrayna idi, lakin bu ölkənin seçkili orqanlarında istədiyimiz səviyyədə təmsil olunmurduq. Bizim aramızda mövcud olan fikir ayrılığı, ziddiyyətlərdən isə erməni diasporu məharətlə istifadə edib Ukraynanın seçkili orqanlarında, mərkəzi icra hakimiyyətlərində, hökumətdə yer ala bilirdi. Son illər artıq Ukrayna istiqamətində də müsbət meyillər müşahidə edilir. Uzun illər bir-birinə qarşı mübarizə aparan diaspor təşkilatları artıq vahid bir platforma halında birləşiblər. Hesab edirəm ki, bu da ümumi işimizin xeyrinədir.
-Ancaq ümumilikdə hesab edirsiniz ki, soydaşlarımız arasında birlik və bərabərlik, həmrəylik mövcuddur
-Təbii ki. Təkcə yaşadığımız 2020-ci il ərzində qarşılaşdığımız bir neçə situasiya fonunda bu fikir qəti və aydın şəkildə ifadə edə bilərik ki, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız, fərqli-fərqli dövlətlərdə fəaliyyət göstərən diaspor təşkilatlarımız, cəmiyyət və birliklərimiz arasında birlik, həmrəlyik var və bu da yüksək səviyyədədir. Həmin hadisələrdən biri bütün dünyanı bürüyən koronavirus pandemiyası, digəri isə ermənilərin Tovuz istiqamətində törətdiyi təxribat və bundan sonra dünyanın fərqli ölkələrində soydaşlarımıza qarşı həyata keçirilən erməni təribatlarına biirlik və bərabərlik şəklində müqavimət göstərməyimiz idi. Əvvəla birinci hadisəyə, bütün dünyanı bürüyən koronavirus pandemiyası və buna qarşı mübarizədə soydaşlarımızın, diaspor təşkilatlarının rəhbərlərinin ortaya qoyduğu birlik, həmrəyliyə diqqət yetirək. Hər kəs, hər bir azərbaycanlı, eləcə də dünya ictimaiyyəti açıq şəkildə şahidi oldu ki, soydaşlarımız arasında birlik, həmrəylik, bərabərlik mövcuddur. Həmin gərgin günlərdə əyani şahidi olduq ki, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız bir-birinə necə dəstək oldu. Birlikdə, həmrəy olaraq bu bəlanın öhdəsindən gəlməyə çalışıldı. Diaspor təşkilatlarımız fəaliyyət göstərdikləri ölkələrdə yaşayan azərbaycanlılar, orada təhsil alan azərbaycanlı tələbələrin problemləri, qayğıları ilə yaxından tanış oldu, onlara hər cür dəstək göstərildi. Müxtəlif səbəblərdən ayrı-ayrı ölkələrə səfər edən, lakin hava limanlarının baölı olması səbəbindən Azərbaycana qayıda bilməyənn vətəndaşlarımıza diaspor təşkilatlarımız dəstək oldu, onları gündəlik ərzaqla təmin etdi, yaşayış üçün yer müəyyənləşdirdi. Kifayət qədər belə faktlar var və onların hər birini sadalamaq üçün zaman çatmaz. Onu da xüsusi vurğulamaq istərdim ki, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən vətənpərvər diaspor təşkilatları rəhbərləri təkcə yaşadığı ölkədəki soydaşlarımıza deyil, eləcə də Azərbaycana yardım göndərdilər, köməyə, qayğıya ehtiyacı olan insanlara yardım əli uzatdılar. Bunların sırasında Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçinin adını xüsusi vurğulamaq istəyirəm. Qeyd edim ki, Ayhan bəy pandemiya zamanında yardımsevərliyi, kimsəsiz, tənha insanlara yardım əli uzatmaqla xüsusi seçildi. Ayhan Dəmirçi bu yardım aksiyasını təkcə yaşadığı Belçikadakı azərbaycanlılara etmədi. Eyni zamanda o ölkəmizdə yaşayan və yardıma ehtiyacı olan insanlara da yardım əlini uzatdı. Eyni zamanda Azərbaycan Belçika Dostluq Cəmiyyətinin sədri Türkiyənin İqdır bölgəsində yardıma ehtiyacı olan insanların da dadına çatdı. Bundan başqa Ayhan bəy qurban bayramı ərəfəsində Azərbaycanda yüzlərlə ailəyə bayranm sevinci bəxş etdi, bayram sovqatı göndərdi. Bu günlərdə də Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi və Belçika Gent Türk Ocaqlarının keçmiş dönəm başkanı Rəcəb Tuncər Sarının şəxsi təşəbbüsü ilə Pirşağı qəsəbəsi ərazisində məskunlaşmış Xocalı 2 saylı tam orta məktəbinə yeni dərs ilinin başlanması münasibətilə məktəblilərə hədiyyə göndərildi. Qeyd edim ki, bu ənənəvi xarakter daşıyır və keçən illərdə də Laçın məktəbi şagirdləri üçün də eyni aksiya həyata keçirilmişdi. Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi ilə yanaşı Hollandiya Türk-Azərbaycan Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkının da bu istiqamətdəki fəaliyyətini xüsusi vurğulamaq istərdim. İlhan bəy də pandemiya dönəmində təkcə Hollandiyada yaşayan soydaşlarımıza deyil, eyni zamanda İqdır vilayətində yaşayan və yardıma ehtiyacı olan qardaşlarımıza öz yardım əlini uzatdı, onları vacib ərzaq, eləcə də gigiyenik vasitələrlə təmin etdi. Ümumiyyətlə, bu kimi faktları çox saya bilərik. Hər bir qeyd etdiyimiz məqam, hadisə təbii ki, soydaşlarımızın, Azərbaycandan kənarda yaşayan həmvətənlərimizin birlik-bərabərlik şəklində, həmrəy olaraq fəaliyyət göstərdiyini ortaya qoyur. Biz bu birlik və həmrəyliyi, bir yumruq kimi birləşdiyimizi ermənilərin Tovuz təxribatı zamanı da gördük. Dünyanın dörd bir yanında yaşayan siydaşlarımız, azərbaycanlılar bir yumruq kimi birləşərək erməni təxribatına qarşı dirəniş göstərdi və ermənilərin məkirli planlarının həyata keçməsinə imkan vermədilər.
-Elə bu günlərdə, erməni təxribatına qarşı Azərbaycan Ordusunun həyata keçirdiyi genişmiqyaslı hərbi əməliyyat fonunda da biz bu birlik və həmrəyliyi, soydaşlarımızın yumruq kimi birləşdiyini görürük
-Tamamilə doğru buyurursunuz. Dünyanın dörd bir yanında yaşayan soydaşlarımız Azərbaycan Ordusunun düşmənə qarşı həyata keçirdiyi həbir əməliyyatlara dəstək nümayiş etdirir, hətta Azərbaycana gələrək düşmənə qarşı səngərdə mübarizə aparmaq niyyətlərini ifadə edirlər. Diaspor təşkilatlarımız, cəmiyyət və birliklərimizin bununla bağlı birgə olaraq yaydıqları bəyanatlar, açıqlamalar bu birlik və həmrəyliyi bir daha ortaya qoyur, onu təsdiqləyir. Bu gün Azərbaycandan kənarda yaşayan hər bir soydaşımızın səbirsizliklə gözlədiyi bir xəbər var. O da işğal altında olan torpaqlarımızın azad ediləcəyi xəbəridir. Hər birimiz ümid edir və buna əminik ki, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhhbərliyi altında bizə bu sevinci yaşadacaq.
Süleyman İsmayılbəyli
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.