Azərbaycan diasporunun İraq qanadı-Kərkük türkləri

Antik coğrafiyada Mesopotomiya adlanan ərazi VII əsrdə ərəblərin nəzarətinə keçdikdən sonra İraq adlandırıldı. Mühüm geosiyasi və iqtisadi mövqeyə malik olan İraq əhalisinin 91-95 faizini müsəlmanlar təşkil edir ki, bunun da 20 faizi türkmən adlandırılan azərbaycanlıların payına düşür. İraqda yaşayan soydaşlarımız özlərini və bizi türkmən adlandırırlar. Elmi ədəbiyyatda "türkmən" etnoniminin "tərəkəmə" sözünün cəmi olan "tərəkəmun"dan meydana gəlməsini, bəzilərində isə "türkmənənd" biçimində işlənməsinə rast gələ bilərik ki, bu da "türkbənzər" deməkdir. Ərəb mənbələrində türkmənlərin Türkmənistan, Əfqanıstan və İranda yaşamış türkmən tayfası olduğu qeyd edilir. Bununla tarixi faktları təhrif edən ərəb mənbələri kökündən yanılırlar. "Əsl türk, ulu türk" mənasını verən türkmənlər barəsində İslam Ensklopediyasında deyilir: "İraq türkmənləri, yəni oğuzcanın azəri türkcəsini danışan türklər" Bəzən türk mənbələri türkmənlərin osmanlı türklərinin bir qolu olduğu barədə fikir söyləyirlər. Həmçinin oxşarlıq kimi türkmənlərin dilində osmanlı türklərinin leksikasına məxsus sözlərin olmasını göstərirlər. Düzdür, bu bilgidə bəzi həqiqətlər var. Ancaq türkmən yazı dilində osmanlı türkcəsinin elementləri özünü göstərməsinə baxmayaraq xalq dilinə olan təsiri qüvvətli olmayıb. Bəzi fərqləri nəzərə almasaq İraq türkmənlərinin ləhcəsi Azərbaycan dilindən fərqlənmir. Bütün faktlar, dil, ənənə, musiqi, folklor, mətbəx, inanc və digər eynilik türkmənlərin məhz Azərbaycan türkləri olmasını təsdiq edir. İraq türkmənləri ölkənin şimalında, əsasən Kərkük vilayətində Kərkük şəhəri, Tuz, Xurmatu, Altun körpü, Təzə Xurmatu, Daquq, Badava, Bəşir, Böyük hasar, Biləvə, Qarabulaq, Qızılyar,  İttixar, Yayçı, Yarvərli, Yengicə, Köküz, Cümbədlər, Leylan, Ömər, Məndən, Tərcil, Tisin, Toxmaqlı, Türgələn, Çardaxlı kəndlərində məskunlaşıblar. Eyni zamanda türkmənlər Kifri,  Tərətəppə, Əbud, Birəvçulu, Bostamlı, Talxanlu, Qarabaz, Ənbuhəsən, Ənbusabah, Əmirli, Əski Kifri, Yeşiltəpə Kəhriz, Kinkirban, Kötəburun, Laqum,  Məftun, Para-para, Pirvaz,  Pirəhməd, Səyyad,  Süleyman bəy,  Hel Mənzil,  Üçtəpə,  Xasadarlı, Hasarlı, Hələvə, Cabbarlı, Şirvanə kimi şəhər və qəsəbələrdə də İraq türkmənləri yaşayırlar. Bundan başqa Liyalə vilayətində, Şahraban, Dəlli Abbas, Məndəli Qarağan, Qızlarbat, Qızılça, Mənzəriyyə, həmçinin Ərbil, Mosul, Bağdad, Samirə kimi iri şəhərlərdə də türkmənlərin sayı az deyil.

İraqda türkmənlərin məskunlaşması eramızın VII əsrinə təsadüf edir. İlk zamanlar hərbi heyət olaraq Bağdadda xidmət edən türkmənlər sonradan ciddi nüfuz qazanmış və həmişəlik bu ölkədə qalmışdılar. Xüsusislə də, xəlifə Möhtəsim öz ətrafına xeyli türkmən toplamışdı. Xilafətin Səlcuq türklərinin nüfuzu altına keçməsindən sonra soydaşlarımızın siyasi, hüquqi və mədəni inkişafı dirçəldi. Mosul (1127-1228), Ərbil (1144-1232) atabəylikləri yarandı. Xüsusilə, şimal əyalətlərindən İraqa köçürülən türklərin vəziyyəti yaxşılaşdı. Tədricən Bağdad və onun ətrafında yerləşən ərazilər türkmənlərin nəzarətinə keçdi. Cəlayirilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər dövründə İraq türkmənləri bütün sahələrdə yüksək dövlət postlarında təmsil olunurdular. Türkmənlərin elm, ədəbiyyat, memarlıq, musiqi sahəsində uğurları artmağa başladı. İraq tükmənləri Bağdad ətrafı ərazilərdə sıx-sıx məskunlaşıb, bəzi yerlərdə sayca ərəblərdən üstün olmaqla, doğma mədəniyyəti, musiqi və ədəbiyyatı, ənənələri təbliğ edirdilər. Burada yerləşən dini ziyarətgahlara, ticari məqsədlə İraqa edilən səfərlər İraq türkmənləri üçün də əlverişli sayılırdı, rahat və sərbəst olurdu.

Osmanlı imperiyasının qüvvətlənməsi, yeni ərazilər əldə etmək iddiası 1514-cü ilin məşhur Çalıdran döyüşündən sonra İraqın bu dövlətin nəzarətinə keçməsinə şərait yaratdı. Şah Abbas dövründə qısa müddətdə geri qaytarılan İraq Sultan VI Murad tərəfindən yenidən Osmanlı İmperiyasının tabeliyinə keçirildi. Osmanlı dönəmində İraqa Anadoludan türk ailələri köçürülməyə başlanıldı. XVIII əsrin əvvəllərində isə Qarabağ xanı Pənahəli xan bu ərazidən əvvəllər İraqa köçürülmüş elatları geri qaytarmağa cəhd göstərdi.

I Dünya müharibəsinə qədər Osmanlı İmperiyasının tabeliyində qalan İraqda soydaşlarımızın hüquqları, mövqeyi qismən də olsa qorunurdu. 1920-ci ildə qurulan İraq hökumətində bir Kərkük azərbaycanlısı nazir postuna təyin  olundu. 1922-ci ildə İraq-Böyük Britaniya sazişinin 3-cü maddəsinə görə,azərbaycanlılar ana dilində təhsil almaq hüququ əldə etdilər. Lakin onlara verilən hüquqlar sonradan İraq hökuməti tərəfindən kobud şəkildə pozuldu. 1958-ci ildə İraqda respublika qurulması prosesində yaxından iştirak edən türkmənlər ilk illər müəyyən hüquqlar əldə etdikdən sonra 1959-cu il, 1 fevral tarixində Bağdadda türkmən dilində radio açmağa nail oldular.  1960-cı ildə Bağdadda Türkmən Qardaşlıq Klubu yaradıldı. Sonradan bu klub Ocaq adlandı. İraq türkmənlərinin iradəsi ilə təşkil olunan klub onların rəsmi nümayındəliyi kimi sosial-mədəi sahədə fəaliyyət göstərməyə başladı. 1961-ci ildə "Qardaşlıq"  jurnalının nəşrə başlaması klubun ilk mühüm işlərindən idi. İraq türkmənlərinin tarixini, həyat tərzini, dünya görüşünü əks etdirən jurnal 1977-ci il, 6 fevral, 156 saylı qərarla BƏƏS partiyasının nəzarətinə keçdikdən sonra nüfuzunu itirdi. 1968-ci il, 17 iyun inqilabından sonra İraq türkmənlərinə ana dillərində təhsil almaq, doğma dillərində jurnal, qəzet nəşr etmək, Kərkük televiziya və radiosunda verilişlər açmaq vədləri verildi. Lakin BƏƏS Partiyası hakimiyyətdə möhkəmləndikdən sonra 1971-ci ildən başlayaraq "Bağdaddan Kərkükədək hamı ərəbləşməlidir" siyasəti yeridilməyə başlandı. Rəsmi olaraq verilən hüquq və vədlərin çox hissəsi həyata keçmədi. Buna etiraz edən türkmən tələbələr, ziyalılar cəzalandırıldılar. Onların malik olduqları torpaq sahələri, mülklər, müxtəlif bəhanələrlə zorla əllərindən alındı. Azərbaycanlılar xristian, kürdlər və ərbələrdən fərqli olaraq seçkilər zamanı öz namizədliklərini irəli sürə bilməzdilər. Tədricən Azərbaycan dili ərəb dilinin ağır təsiri altına düşdü. Doğma dildə təhsil alma hüquqlarını itirən soydaşlarımıza hərbi, polis sistemində işləmək, bu yöndə təhsil almaq qadağan olundu. Qısa zaman ərzində Kərkük və digər ərazilərin adları ərəbləşdirildi. Neftlə zəngin ərazilərdə məskunlaşmış azərbaycanlılar zorla ucqar ərəb kənd və qəsəbələrinə köçürüldülər. Paralel olaraq ölkədəki Azərbaycan məktəbləri bağlandı.  Eyni zamanda rəsmi dairələrdə bu dildə danışmaq qadağan edildi. 7 yaşından sonra ərəb düşərgələrinə aparılan azərbaycanlı uşaqlara ərəb dili, mədəniyyət və ideologiyası öyrədilirdi. Ərəb oğlanlarını azərbaycanlı qızlarla evləndirməyə həvəsləndirmək üçün hökumət belə gənclərə böyük miqdarda pul vəd edirdi. Cənubdan yüzlərlə ərəb ailəsi soydaşlarımızın yaşadıqları ərazilərə köçürülərək geniş səlahiyyət və imkanlar qazanırdılar. Buna paralel olaraq isə türkmənlərin alqı-satqı hüquqları əllərindən alınırdı. 1980-ci ildən sonra soydaşlarımız torpaq, ev, dükan satın ala bilməzdilər. Şəxsiyyət vəsiqəsi alarkən türkmənlərin milliyəti zorla dəyişdirilirdi, onlar ərəb və kürd millətindən olduqlarını yazmağa vadar edilirdilər. Ümumiyyətlə, dövlət işlərində türkmənlər çalışa bilməzdilər. Soydaşlarımıza məxsus tarixi-mədəni abidələr də mərhələ-mərhələ dağıdılırdı. Məsələn Kərkükdəki Daş körpü,  Kərkük qalası uçurduldu. Türkmənlər zorla kürd və ərəbələrin çox olduqları bölgələrə sürgün edilirdilər. Ərəb bölgələrinə köçürülən türkmənlərə yalnız ev əşyalarını götürməyə icazə verilirdi. Lakin kürdlərin ərazilərinə köçürülənlər üst paltarlarından başqa heç nə apara bilməzdilər. Bu cür haqsızlıqlara dözməyən yüzlərlə soydaşımız Danimarka, İsveç, Türkiyə və digər Avropa ölkələrinə mühacirət etməyə məcbur oldu. Nüfuzlu cəmiyyətdə mövqe qazanan türkmənlər isə həbs edilir, gözdən salınırdılar.

Sədam Hüseynin hakimiyyəti illərində İrqdakı soydaşlarımızın vəziyyəti daha da ağırlaşdı. Təzyiqlər yolu ilə türkmənlərin qonşu ölkələrə köçməsini sürətləndirən Səddam Hüseyn rejimi boş qalan ərazilərdə ərəblər və kürdləri yerləöşdirirdi. 8 illik müharibə illərində qardaşı qardaşa qarşı silah sqaldırmağa vadar edən İraq və İran rejimlərinin amansız, mənfur siyasətinin qurbanları əsasən hər iki ölkədə yaşayan və hər iki səngərdəö vuruşan türkmənlər idi. İraq türkmənlərinin 1990-cı ilin İraq Konstitusiyasında adları belə çəkilmir, Konstitusiyada "İraq xalqı yalnız ərəb və kürdlərdən ibarətdir" bəndini qeyd etməklə insan hüquqlarını kobudcasına pozan, beynəlxalq hüquq normalarını tapdayan Səddam Hüseyn rejimi aydındır ki, soydaşlarımızı hər iki xalqın içərisində "əritməyə" çalışıb. Ərəblərdən sonra İrqda ikinci böyük xalq olan soydaşlarımızın dili, mədəniyyəti son günlərdə sərt şəkildə sıxışdırılmaqla folklor abidələri, ənənələri,  mətbəx, milli varlığı yox edilməkdədir. Soydaşlarımızın kütləvi informasiya vasitələrinə çıxışı isə demək olar ki, yox dərəcəsindədir. Hazırda İraq türkmənləri ölkə daxilində və kənarda müxtəlif birliklər quraraq öz sosial-mədəni hüquqlarının bərpa edilməsinə çalışırlar. Bu sırada İraq Milli Azadlıq Hərəkatı,  Şimali İraq Türkmən Cəbhəsi, Türkmən Milli Cəbhəsi, İraq Milli Türkmən Partiyası, Müstəqillər Partiyası, Qardaşlıq Ocağı, İraq türkmənlərinin Mədəniyyət Dərnəyi, İraq Türkmənlərinin Mədəniyyət və Tardımlaşma Dərnəyi kimi qurumlar var.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31