Azərbaycan diasporu dünya ölkələrində - DÜNYA

Diasporumuzun formalaşma məthələsi və yayılma coğrafiyası

Dünyada yaşayan azərbaycanlıların birlik və bərabərliyi, soydaşlarımız arasında həmrəyliyin təmin olunması məsələsi daim Azərbaycan Respublikasının diqqət mərkəzində olub. İstər bu sahədə qəbul edilmiş müvafiq fərman və sərəncamlar, fəaliyyət proqramları olsun, istərsə də keçirilən bütün dövlət tədbirlərində birmənalı şəkildə qeyd edilib ki, Azərbaycan Respublikası dünya azərbaycanlılarının birliyini milli mənafelər və dövləti maraqlar kontekstində ortaya çıxan təbii tarixi zərurət kimi qiymətləndirir. Dünya azərbaycanlılarının birliyi məsələsi Azərbaycançılıq ideologiyasının reallaşdırılması mexanizmi kimi qəbul edilir və bu sahədə həyata keçirilən bütün tədbirlər məhz həmin amala əsaslanır. Başqa sözlə desək, bu ideya dünya azərbaycanlılarının birliyinin fəlsəfi-nəzəri əsasları kimi qəbul olunur. Azərbaycan dövləti dünya azərbaycanlılarının birliyini, mövcud iqtisadi və siyasi gerçəklikləri, eyni zamanda dünyada gedən ictimai-siyasi proseslərin meydana çıxardığı reallıqları nəzərə alaraq həyata keçirməyə çalışır. Məhz buna görədir ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların həmrəyliyi bütün Azərbaycan xalqının ideoloji bütövlüyünü, milli birliyini təmin edən əsas amil sayılır və dövlət siyasətinin prinsipial istiqamətlərindən biri kimi xarakterizə edilir. Eyni zamanda Azərbaycan dövləti bütün dünyada yaşayan azərbaycanlıların siyasi istinadgahı kimi çıxış edir və hər zaman onların qarşılaşdığı çətinliklərin həllində yaxından iştirak etməyi özünün ali məqsədlərindən biri kimi dəyərləndirir. Müxtəlif ölkələrdə fəaliyyət göstərən icma və birliklərin vahid təşkilatda birləşdirilməsi dünya azərbaycanlılarının ümumi birliyinin təməl prinsiplərindən hesab olunur. Bu məqsədin reallaşdırılması üçün ötən müddətdə ayrı-ayrı regionlarda fəaliyyət göstərən icma və birliklərin təmərküzləşməsinə böyük diqqət yetirilmişdir və bu strategiya bundan sonra da davam etdiriləcəkdir. Azərbaycan dövlətinin diqqət yetirdiyi digər bir mühüm istiqamət soydaşlarımız arasında mənəvi-ideoloji birliyin yaradılmasından, icmalar arasında əlaqələrin möhkəmləndirilməsindən və bu sahədə mövcud olan siyasi, psixoloji maneələrin aradan qaldırılmasından ibarətdir. Azərbaycanın milli-mədəni özünəməxsusluğunun, tarixi ənənələrə bağlılığını qorunub saxlanılması diaspor quruculuğunun müasir mərhələsinin ən aktual məsələlərindən biridir və bu sahədə də dövlət tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Həmçinin tarixi Vətənlə əlaqələr məsələsi dünya azərbaycanlılarının təşkilatlandırılmasının ən mühüm prinsiplərindən biri kimi xarakterizə edilir.Bu əlaqələrin möhkəmləndirilməsi yalnız mədəni, siyasi, psixoloji zəmində deyil, həm də iqtisadi aspektdə də özünü göstərir. Məhz bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, dünya azəraycanlıları müstəqil Azərbaycan Respublikasının beynəlxalq aləmlə münasibətlərinin inkişafında, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında iştirak etmək imkanına malik ən fəal qüvvəyə çevrilməkdədir. Diaspor quruculuğunun ən vacib istiqamətlərindən biri də məhz soydaşlarımızın tarixi Vətənin maraqlarından irəli gələn bu prosesdə daha fəal iştirakını təmin etməkdir. Təqribi sayı 50 milyondan artıq olan dünya azərbaycanlılarının 10 milyondan çoxunun hazırda mühacirətdə yaşadığı bildirilir. Mövcud vəziyyətdə dünyanın 5 qitəsində məskunlaşan azərbaycanlıların siyasi, iqtisadi və sosial-mədəni fəaliyyəti yaşadıqları ölkələr, oradakı şərait, mənəvi dəyərlər kimi müxtəlifdir.

Azərbaycanlılar Amerika qitəsində

Rəsmi və qeyri-rəsmi məlumatlar, statistic göstəricilərə əsasən azərbaycanlılar Amerika qitəsinin Şimal, Mərkəzi və Cənub hissəsində daha çox məskunlaşmışlar. Soydaşlarımızın sayı Birləşmiş Ştatlarda 1 milyona, Argentinada 12 minə, Braziliyada 75 minə, Kanadada 170 minə, Meksikada isə 27 minə çatır. Amerika qitəsi ölkələrindən Qonduras, Qvatemala, Peru və digərlərində də azərbaycanlılar məskunlaşmışlar. Hazırda adı çəkilən ölkələrdə məskunlaşmış azərbaycanlıların sayının dəqiqləşdirilməsi istiqamətində də müvafiq işlər aparılır. Onu da qeyd etmək yerinə düşər ki, Amerika qitəsində məskunlaşan azərbaycanlıların əksəriyyəti İrandan miqrasiya etmiş insanlardır. 1970-ci ildən etibarən Türkiyədən, 1991-ci ildən isə Azərbaycandan bir qism soydaşlarımıızın bu qitəyə axını diasporun tərkibinə və sosial-iqtisadi fəaliyyətinə öz təsirini göstərdi.

Azərbaycanlılar Avropa qitəsində

Azərbyacan diasporunun yayılma coğrafiyası və say tərkibinə görə geniş olduğu ikinci qitə Avropadır. Son zamanların statistik göstəricilərinə əsaslanan, Avropa azərbaycanlılarının sayı Türkiyədə və Rusiyada milyonlarla, Ukraynada və Belarusiyada, Almaniyada, Böyük Britaniyada yüz minlərlə, Norveçdə, Danimarkada, İsveçdə, Macarıstanda, Fransada, İtaliyada on minlərlə, Polşada, İspaniyada, Avstriyada, Albaniyada, Finlandiyada, Portuqaliyada on mindən çox göstərilir. Digər Qərb ölkələrində məskunlaşmış azərbaycanlıların sayı müvafiq olaraq hər bir ölkədə 2-10 min nəfər arasında qeyd edilir. Hollandiya, Belçika, Danimarka, İsveçrə və Almaniyada yaşayan azərbaycanlıların əksəriyyəti Türkiyədən köçmüş soydaşlarımız hesab olunur. Böyük Britaniya, Çexiya, Slovakiya, Polşa, Avstriya, Estoniya, Belarus, Rusiya, Ukrayna, Moldova və Fransadakı soydaşlarımız isə İrandan, Cənubi Azərbaycandan və Şimali Azərbaycan Respublikasından köçən soydaşlarımızdır.

Azərbaycanlılar Asiya qitəsində

Statistikaya əsasən deyə bilərik ki, Azərbaycan diasporunun üçüncü böyük hissəsi Asiya qitəsində məskunlaşmışlar. Banqladeşdə, Hindistan, Əfqanıstan, Pakistan, İordaniya və Orta Asiya respublikalarında soydaşlarımızın sayı yüz minlərlə hesablanır. İndoneziya, Yəmən Ərəb Respublikası, Yəmən Demokratik Respublikası, Çin, Birləşmiş Ərəb Əmirliklərində, Oman, Səudiyyə Ərəbistanı və Suriyada yaşayan azərbaycanlıların sayının on minlərlə olduğu bildirilir. İraqda yaşayan azərbaycanlıların sayı isə təqribən bir milyona çatır.
Azərbaycanlılar Afrika qitəsində

Afrika qitəsində məskunlaşmış azərbaycanlıların daha çox Misir və Əlcəzairdə daha sıx məskunlaşdığı bildirilir. Misir və Əlcəzairdəki azərbaycanlıların sayının yüz minlərlə olduğu qeyd edilir. Digər Afrika ölkəsi Sudanda məskunlaşmış azərbaycanlıların sayı isə 17 min nəfər təşkil edir. Ümumilikdə, son zamanlar aparılan araşdırmalar nəticəsində Cənubi Afrika Respublikası və Zairdə də soydaşlarımızın məskunlaşdıqları müəyyən edilmişdir.

Azərbaycanlılar Avstraliya qitəsində

Uzaq Avstraliya qitəsində isə təxminən 10 minə yaxın azərbaycanlının yaşadığı barədə məlumatlar var. Bu qitədə məskunlaşmış soydaşlarımızın hətta bu ölkədə Azərbaycan dilində radio da açdıqları və ölkəmizin haqq səsini avstraliyalılara çatdırdıqları barədə məlumatlar da var. Azərbaycan Respublikasında, İranda, Gürcüstanda, İraqda, Türkiyədə, Dağıstanda yaşayan etnik azərbaycanlılardan başqa digər ölkələrdə yaşan soydaşlarımız da Azərbaycan diasporunu əmələ gətirirlər.

Ümumiyyətlə, Azərbaycan diasporunun təşəkkül və formalaşma tarixi bir neçə mənbəyə bölünür: Azərbaycanlıların coğrafi baxımdan yayılmasının ilk mərhələsi VII əsrin sonu-VIII əsrin əvvəllərinə təsadüf edir. Belə ki, Xilafət ordusunun Azərbaycana yürüşü, İslam dininin yayılması ilə əlaqədar burada ərəbdilli elm və mədəniyyətin inkişafı, eyni zamanda onlarca azərbaycanlı mütəfəkkirin Yaxın və Orta Şərqin şəhərlərinə axını başlamış və bu proses diasporun yaranmasının təməlini qoymuşdur. X-XIX əsrlər soydaşlarımızın məskunlaşmasının ikinci mərhələsi kimi xarakterizə edilir. Yaxın Şərqin elm və mədəniyyət mərkəzlərində əslən Azərbaycandan olan yüzlərlə alim və tələbənin biliklərə yiyələnməsi, milli təfəkkürümüzün region xalqlarının intibahında qabaqcıl mövqeyə çıxması sayəsində xaricdə məskunlaşması daha geniş vüsət almışdır. Azərbaycan diasporunun formalaşmasının III mərhələsi Azərbaycanın Rusiya imperiyası tərəfindən işğalından sonrakı dövrə təsadüf edir. Bu baxımdan Rusiyada Azərbaycan diasporunun təşəkkülünü şərti olaraq iki dövrə bölmək olar: XX əsrin əvvəllərindən 1920-ci ilədək olan birinci dövrdə azərbaycanlıların Rusiya ilə əlaqələri nizamsız xarakter daşımışdır. 1920-ci ildən sonrakı, ikinci dövrdə isə bu proses qismən tənzimlənmiş və intensivləşmişdir. Buna baxmayaraq, həmin mərhələlərdə təşkil olunan diasporlar həm kəmiyyət, həm də fəaliyyətlərinin keyfiyyətinə görə bir-birindən fərqlənirdilər. Diasporun formalaşmasının IV mərhələsi Azərbaycan Demokratik Respublikasının  süqutundan sonra xarici mühacirlər axını və Avropada Azərbaycan diasporunun təşəkkülü ilə bağlıdır. 1941-1945-ci illərdə II Dünya müharibəsi zamanı əsirlikdə və Sovet qəza maşının ölüm xofundan Vətənə dönə bilməyən azərbaycanlılardan ibarət icmaların yaranması diasporun formalaşmasının V mərhələsi kimi səciyyələndirilir. Ötən əsrin sonlarında İranda baş verən ictimai-siyasi proseslərlə əlaqədar bu ölkədən on minlərlə azərbaycanlının Qərb ölkələrinə mühacirəti Azərbaycan diasporunun genişlənməsinin mühüm mərhələlərindən biri olmuşdur. Nəıhayət keçmiş SSRİ-nin süqutundan sonra Avropa ölkələrində azərbaycanlıların yeni nəsillərinin məskunlaşması diasporun təşəkkülünün son mərhələsi kimi qiymətləndirilə bilər.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31