Keçmiş köçkünlərin qayıdışı üçün bütün infrastruktur yaradılıb

İstiqamət: İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"

İşğaldan azad olunmuş ərazilərimizdə görülən yenidənqurma və bərpa işləri keçmiş köçkünlərin   öz doğma yurdlarına qayıtmasını reallaşdırır. Artıq infrastrukturu bərpa edilmiş bir sıra rayonlarada yeni həyat başlayıb, uzun müddət doğma yurdlarından ayrı düşmüş soydaşlarımız ana torpaqlarına qayıdıblar. "Böyük Qayıdış" Dövlət Proqramının icrası deməyə əsas verir ki, köçkünlərin öz doğma yurdlarına qayıdışı mərhələli şəkildə həyata keçiriləcək. Bu günlərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Füzuli şəhərinə növbəti mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib. Püşkatmada 147 ailə iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 57-si ikiotaqlı, 75-i üçotaqlı, 15-i dördotaqlı mənzil ilə təmin olunub. Həmin ailələr indiyədək respublikanın müxtəlif ərazilərində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar. Xatırladaq ki, püşkatmanın keçirilməsi məcburi köçkünlərin yerləşdirilməsində obyektivliyi və şəffaflığı təmin etmək məqsədi daşıyır. Məcburi köçkün ailələrin nümayəndələri tərəfindən püşkatma vasitəsilə onlara verilən evlərin dəqiq ünvanı müəyyənləşdirirlir. Azad olunan ərazilərə bu ilin ilk köçü başlayıb. Belə ki, yanvarın 18-də 127 nəfərdən ibarət 30 ailə Füzuliyə yola salınıb. Füzuliyə köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Prezident İlham Əliyev də yerli telekanallara müsahibəsində qeyd edib ki, işğaldan azad edimiş ərazilərdə yaradılan infrastruktur imkan verir ki, keçmiş köçkünlər öz torpaqlarına qayıtsınlar: "Bütün bu infrastruktur layihələri imkan verir ki, biz bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaraq və onların bu il qaytarılacaqları şəhərlər arasında beş şəhər - Şuşa şəhəri, Cəbrayıl şəhəri, Kəlbəcər şəhəri, Xankəndi şəhəri, Xocalı şəhəri olacaq. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur. Bununla paralel olaraq bir çox kəndlərdə, - hansılarda ki, mən təməl qoymuşam, - orada inşaat davam edəcək, bir neçə kəndə keçmiş köçkünlər qayıdacaqlar. Məsələn, Laçın rayonunun Sus kəndi hazır olacaq. Ondan sonra Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin də bərpasına artıq start veririk. Kəndlər tamamilə dağılmış vəziyyətdədir. Mən Qarabağa son səfərim zamanı oraya baş çəkmişəm. Tamamilə dağılmış vəziyyətdədir, Malıbəyli məscidi də dağılmış və vandallar ondan da peyin anbarı kimi istifadə etmişlər. Yəni, sadaladığım bu, ən azı şəhər və kəndlərə keçmiş köçkünlər qayıdacaq və 2026-cı ilin sonuna qədər o artıq bəyan edildi, hədəfimiz 140 min keçmiş köçkünü öz dədə-baba torpaqlarına qaytarmaqdır. Əminəm ki, biz buna da nail olacağıq. Onu da bir daha bildirməliyəm ki, bütün bunları biz öz daxili imkanlar hesabına edirik. Heç bir donor təşkilatı, heç bir digər tərəf bizə kömək göstərmir. Ancaq Özbəkistan və Qazaxıstan Füzulidə iki məktəbin tikintisi ilə bağlı bizə qardaş dəstəyi göstərmişdir, bütün qalan layihələr daxili imkanlar hesabına reallaşdırılır".

Millət vəkili Əliabbas Salahzadə vurğulayıb ki, Prezident İlham Əliyev müsahibədə çox qısa zamanda işğaldan azad edilmiş ərazilərimizdə görülən genişmiqyaslı bərpa-quruculuq işlərindən və soydaşlarımızın bu torpaqlara qayıdışından bəhs etdi: "Qürurvericidir ki,  bu il bu torpaqların sakinləri dogma yurd-yuvalarında seçkilərə qatılacaqlar. Zəfər seçkiləri kimi tarixə yazılacaq 7 fevral 2024-cü il tarixli növbədənkənar prezident seçkiləri bir dövrə yekun vurur. Suverenliyimiz tam bərpa olunub. Sentyabr ayında elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir.  Azərbaycanın çoxəsrlik tarixində buna oxşar Zəfər olmamışdır. Bütün amilləri - siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq, bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. 30 il ərzində işğal altında olmuş ərazilərin  azad edilməsi və suverenliyimizin  tam bərpa edilməsi  yeni dövrün başlanğıcı idi. Cənab İlham Əliyev bildirdi ki, əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Bütün xalq bu ideya, amal ətrafında birləşdi. Bunu artıq əldə etmişik. Gələcək inkişafla bağlı cəmiyyətdə də diskussiyalar aparılmalı, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar bu prosesdə fəal iştirak etməlidirlər".

Millət vəkili bildirib ki, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri Azərbaycanın iqtisadi və maliyyə imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır: "Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdıblar. Laçın, Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndləri sakinlərinə qovuşub və dirçəlir. 2024-cü ildə də bu  yaşayış məntəqələrinə keçmiş köçkünlərin qayıdışı  davam edəcək. Qayıdan keçmiş köçkünlərin məşğulluğu ilə bağlı müvafiq qurumlar ciddi məşğuldur. Həm bu ərazilərə qayıdan sakinlər üçün treninqlər keçirilir, həm də yeni istehsalat sahələri, sənaye müəssisələri yaradılır. Ağdamda və Cəbrayılda iki böyük sənaye zonası artıq fəaliyyətə başlayıb.  İcra olunan infrastruktur layihələri bu il daha böyük sayda keçmiş köçkünlərin öz dogma yurd-yuvalarına qayıdışına geniş imkanlar yaradır. Dövlət başçısı İlham Əliyev bu müjdəni də çatdırdı ki, bu il keçmiş köçkünlər  Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərlərinə qayıdacaqlar. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur. Bununla paralel olaraq bir çox kəndlərdə inşaat davam edəcək. Laçın rayonunun Sus kəndi hazır olacaq. Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin də bərpasına artıq start verilib.  Hədəf 140 min keçmiş köçkünün  yaxın üç il ərzində öz yurd-yuvasına qayıdışıdır. Göründüyü kimi, bərpa-quruculuq işlərinin miqyası olduqca genişdir. Bütün bu işlər ölkəmizin daxili imkanları hesabına görülür. Düşünülmüş və gələcəyə hesablanmış siyasətimiz nəticəsində ölkəmizin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi hər bir hədəfə zamanında nail olmağa əsas verir".

Alim Hüseynli

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31