Gənclərimiz vətənpərvər ruhda böyüyür

Sona Əlizadə: “Gənclər və qeyri-hökumət təşkilatlatının həyata keçirdiyi layihələrin mütləq əksəriyəti gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə yönəlir”

Bu ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının əksəriyyəti gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına xüsusi önəm verir. Ayrı-ayrı təşkilatların bu istiqamətdə həyata keçirdiyi layihələr, tədbirlər gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında müsbət təsir göstərir. Belə təşkilatlardan biri də "Bizim Gənclik" İctimai Birliyidir. Sözügedən təşkilatın sədri Sona Əlizadə ilə söhbətimizdə "Bizim Gənclik" İctimai Birliyinin bu istiqamətdəki fəaliyyətindən danışdıq.

-Sona xanım, bu gün Azərbaycan gənclərinin vətənpərvərlik hissləri gənclər təşkilatının rəhbəri olaraq sizi qane edirmi?

-Desəm ki, tam qane edir, bu doğru olmaz. Düzdür gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvərlik hisslərinin artırılması məqsədilə ölkədə məqsədyönlü tədbirlər görülür, müəyyən addımlar atılır. Təbii ki, bu kimi müsbət hallar gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasına öz təsirini göstərir. Ancaq bir qədər yaxın tarixə, yəni müstəqilliyimizin ilk illərinə nəzər salsaq görərik ki, həmin dövrdə bu sahədə ciddi bir boşluq vardı. Sovetlər Birliyindən yenicə ayrılmış Azərbaycanın hansı tərəfə istiqamət alacağı, hansı addımı atacağı məlum deyildi. Təbii ki, belə bir vəziyyətdə Azərbaycan gənci də nə edəcəyini bilmirdi. Sanki gənclər başsız, diqqətdən kənarda qalmışdılar. Onları bir araya gətirəcək, koordinasiya edəcək hansısa qurum, təşkilat yox idi. Digər tərəfdən ölkədə ictimai-siyasi vəziyyətin ağır olması, sosial problemlərin gün-gündən dərinləşməsi, baş alıb gedən işsizlik problemi Azərbaycan gəncini dolanışıq dalınca Vətəndən kənara üz tutmağa vadar edirdi. Lakin 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi gənclərlə iş sahəsində də ciddi dəyişikliklər baş verdi, onlara olan diqqət və qayğı artdı. Qısa müddətdə bu sahədə həyata keçirilən işlər, görülən tədbirlər bu vaxta qədər diqqətsiz, başsız qalan gənclərdə dövlətə və onun prezidentinə inam hissi formalaşdırdı. Artıq Azərbaycan gənci dövlətin onun da qayğıları ilə maraqlandığının fərqinə vardı. Ümummilli lider Heydər Əliyevin timsalında özünə arxa, dayaq tapdı. Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ümummilli lider dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. Bu məqsədlə Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürdü. Çox keçmədən, 2 fevral 1996-cı il tarixdə prezident Heydər Əliyevin iştirakı ilə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirildi. 1 Fevral 1997-ci il tarixdə forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev "2 fevral - Azərbaycan gənclər gününün elan edilməsi haqqında" sərəncam imzaladı. Ümummilli lider istər Azərbaycan Gənclərinin Birinci Forumunda çıxışı zamanı, istərsə də ayrı-ayrı vaxtlarda gənclərlə keçirdiyi görüşlər, onlarla etdiyi söhbətlərdə gənc nəslə vətənpərvər olmağı, Vətənini, millətini sevməyi tövsiyyə edirdi. Azərbaycanın ordu quruculuğuna ciddi diqqət ayıran Heydər Əliyev gənclərin bu prosesdə yaxından iştirakını vacib hesab edirdi. Bu mənada ümummilli lider deyirdi: "1993-cü ilin noyabr ayından biz hərbi quruculuğa başlamışıq və hərbi quruculuq, ordu yaranması prosesi gedir. Mən bu gün sizə çatdırmaq istəyirəm ki, bu proses normal şəraitdə gedir, biz buna nəzarət edirik və müstəqil Azərbaycanın özünə layiq, onun müdafiəsini təmin edən ordusu yaranır və yaranacaqdır. Bu sahədə üzərimizə düşən vəzifələri biz həyata keçiririk və keçirəcəyik. Ancaq üzərimizə düşən vəzifələr çox böyükdür. Məlumdur ki, ordu gənclərdən ibarətdir. İndi ordunun 90 faizini gənclər təşkil edir. Gənclər təşkilatının, gənclərin ən əsas vəzifəsi hər bir gənci, hər bir Azərbaycan övladını orduya xidmətə hazırlamaqdan ibarət olmalıdır. Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik. Ona görə də mən bunu gənclər təşkilatlarının əsas vəzifəsi hesab edirəm. Hər bir Azərbaycan gəncinə isə gənclik vaxtına qədər özünü orduda xidmət etmək üçün hazırlamağı tövsiyə edirəm". Ümumiyyətlə, ümummilli lider hər zaman gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvər ruhda tərbiyə olunmasını vacib istiqamət sayırdı. Elə bunun göstəricisidir ki, 1999-cu ilin fevral ayının 17-də "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi" proqramı qəbul edildi. Sonrakı illərdə imzalanan fəramn və sərəıncamlar, qəbul edilən dövlət proqramları gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, onların Vətənə sevgi hissinin artırılmasında başlıca rol oynadı. Bu gün də eyni siyasət Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev tərəfindən davam etdirilir və hər ötən il bu sahədə yeni-yeni uğurlar, nailiyyətlərə imza atılır.

-Necə hesab edirsiniz gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında gənclər və qeyri-hökumət təşkilatlarının rolu nə dərəcədədir? Onlar qeyd edilən istiqamətlərə kifayətqədər diqqət ayırırlarmı?

-Ölkədə fəaliyyət göstərən gənclər, qeyri-hökumət təşkilatlarının böyük əksəriyyəti gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində məqsədyönlü işlər görürlər. Gənclər və qeyri-hökumət təşkilatlatının həyata keçirdiyi layihələrin mütləq əksəriyəti məhz gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə yönəlir. Onu da qeyd etmək yerinə düşər ki, gənclər təşkilatlarının və QHT-lərin bu istiqamətdə səmərəli fəaliyyət göstərməsi üçün onlara stimul da verilir. Həm Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Gənclər və İdman Nazirliyi, həm də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu müntəzəm olaraq gənclər təşkilatlarının bu tipli layihələrini maliyyələşdirir, onlara qeyd edilən istiqamətlərdə tədbirlər həyata keçirmək üçün müəyyən miqdarda maliyə vəsaiti ayırır. Gənclər təşkilatları və QHT-lərin də keçirdiyi tədbirlər, reallaşdırdığı layihələr öz növbəsində gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına öz müsbət təsirini göstərir. Onu da diqqətinizə çatdırım ki, "Bizim Gənclik" İctimai Birliyi də fəaliyyəti dövründə gənclərin vətənpərvər ruhda böyüməsi istiqamətində bir sıra tədbirlər həyata keçirib. Məlumat üçün qeyd edim ki, "Bizim Gənclik" İctimai Birliyi 2006-ci il may ayının 26-da dövlət qeydiyyatına alınıb. Birliyin ali məqsədlərindən biri də məhz Azərbaycan gənclərini vətənə sədaqət və dövlətçilik prinsipləri ilə birləşdirmək, onların hüquqi cəhətdən maarifləndirilməsi, vətənpərvərlik ruhunun yüksəldilməsindən ibarətdir. Fəaliyyət göstərdiyi müddət ərzində təşkilat tərəfindən vətənpərvərlik, adət-ənənələrimiz, ədəbiyyatımız, tariximiz, ekologiya, narkomaniya, vətəndaş cəmiyyəti, insan hüquqları, gender məsələləri ilə bağlı bir sıra əhəmiyyətli layihələr həyata keçirməkdədir. Bu layihələri həyata keçirməkdə təşkilata BMT İnkişaf Proqramı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu maliyyə dəstəyi göstərib.

-Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müntəzəm olaraq cəbhə xəttinə səfər edərək ön cəbhədə əsgər və zabitlərlə görüşməsi, onları təltif etməsi, eləcə də hərbi təlimləri izləməsi gənclərdə vətənpərvərlik hisslərinin artırılmasına nə dərəcədə təsir göstərir?

-Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sahədə gənclərə bir örnəkdir. Bu bir danılmaz faktdır ki, son illərdə gənclər arasında vətənpərvərlik hisslərinin aşağı səviyyədə olduğu müşahidə edilirdi. Gənclərimiz yad, xarici təsirlərə məruz qalır, onlarda Vətən, millət sevgisi demək olar ki, yox olurdu. Ancaq son bir neçə ildə Ramil Səfərov, Mübariz İbrahimov kimi Vətən övladlarının nümayiş etdirdiyi qəhrəmanlıq, eyni zamanda onlara verilən layiqli qiymət gənclər arasında vətənpərvərlik hisslərinin artmasına təkan verdi. Təbii ki, burada Ali Baş Komandan, Azərbaycan Respublikasının Pezidenti cənab İlham Əliyevin xidmətlərini də xüsusi qeyd etmək lazımdır. Erməni zabitini öldürməkdə ittiham olunaraq Macarıstanda ömürlük həbs cəzasına məhkum edilmiş Ramil Səfərovun ölkəmizə ekstradisiya olunması, eyni zamanda misilsiz şücaət göstərərək onlarla erməni hərbiçini qətlə yetirən Mübariz İbrahimovun nəşinin düşmən tərəfindən geri alınaraq onun Azərbaycan ictimaiyyətinin iştirakı ilə dəfn olunması, şəhid Mübariz İbrahimova milli qəhrəman adının verilməsi öz-özlüyündə gənclərdə vətənpərvərlik hisslərinin artmasına öz müsbət təsirini göstərdi. Bütün bunların məntiqi nəticəsidir ki, keçən ilin avqust ayında cəbhədə baş verən erməni təxribatı və bir neçə günlük hərbi əməliyyatlar zamanı yüzlərlə Azərbaycan gənci könüllü olaraq Müdafiə Nazirliyinə müraciət edərək cəbhə xəttinə getməyə hazır olduğunu bildirdi. Bütün bunlar Ali Baş Komandanın ordu quruculuğu, Silahlı Qüvvələrin şəxsi heyətinə göstərdiyi diqqət və qayğının təzahürüdür. Heç şübhəsiz ki, Ali Baş Komandanın hərbi hissələrə səfəri, əsgər və zabitlərlə görüşməsi, eləcə də hərbi təlimləri izləməsi də ordu sıralarında qulluq edən gənclərimizin ruh yüksəkliyinə, onlarda vətənpərvərlik hisslərinin artmasına təkan verir. Bu gün tam əminliklə deyə bilərik ki, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın mərd və vətənpərvər oğulları tezliklə işğal altında olan torpaqlarımızı erməni separatçılarından təmizləyəcək.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31