Türkiyə jurnalistlərinin Paşinyanla müsahibəsi Ermənistan büdcəsi hesabına təşkil edilib – ÖZƏL
16:27 DünyaTürkiyə KİV nümayəndələri Ermənistanın baş naziri Nikol Paşinyanla müsahibə aparmaq üçün İrəvana erməni tərəfinin təşəbbüsü və Ermənistan dövlət büdcəsinin vəsaiti hesabına gəliblər.
Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin Aparatına bağlı İctimai Əlaqələr və İnformasiya Mərkəzinin direktoru Qor Tsarukyan Tert.am nəşrinə bildirib.
Onun sözlərinə görə, mərkəz 10 Türkiyə mediasına dəvət göndərib və onların hamısı bu təklifi qəbul edərək jurnalistlərini İrəvana göndərib. Seçim zamanı mümkün qədər geniş spektri əhatə edən - həm dövlət, həm özəl, həm hökumətyönlü, həm də müxalifyönlü KİV-lər nəzərə alınıb.
"Məqsəd - Türkiyə cəmiyyətinə Ermənistanın regionda sabit sülhün bərqərar olması və Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi ilə bağlı yanaşmalarını birbaşa və əhatəli şəkildə çatdırmaqdır", - deyə Tsarukyan bildirib.
Səfər çərçivəsində Türkiyə jurnalistləri Ermənistanın baş naziri ilə yanaşı, digər rəsmilər və ekspertlərlə də görüşlər keçiriblər.
"Onlar ümumilikdə Ermənistanda üç gün qalacaqlar və sabah artıq geri dönəcəklər", - deyə Tsarukyan əlavə edib.
Türkiyə jurnalistlərinin İrəvanda qəbulu üçün Ermənistan büdcəsindən nə qədər vəsait xərcləndiyini dəqiqləşdirmək məqsədilə Tert.am redaksiyası Baş nazirin Aparatına rəsmi sorğu göndərib.
Qeyd edək ki, dünən Nikol Paşinyan Türkiyə KİV nümayəndələrinə müsahibə verdiyini açıqlamışdı.