Mədəni irs və Arxeoloji turizm elmi-praktik konfransı keçirilib

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı, Xəzər Universiteti Tələbə Gənclər Təşkilatının dəstəyi ilə bu təhsil ocağında Mədəni irs və Arxeoloji turizm elmi-praktik konfransı keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbiri giriş sözü ilə Xəzər Universitetinin İctimai Əlaqələr və Media üzrə direktoru Əlövsət Əmirbəyli Azərbaycan arxeologiya elminin son nailiyyətlərindən və Azərbaycanda turizmin inkişafından danışıb. Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli məruzəsini mədəni irs və arxeoloji turizm sahəsində MİRASın qazandığı təcrübəyə həsr edib. O, bildirib ki, MİRAS mövcud olduğu 5 ildə Azərbaycanın mədəni irsinin araşdırılması, qorunması və təbliği sahəsində özünəməxsus təcrübə qazanıb və nəinki regionda eləcə də dünyada sayılıb seçilən qeyri-hökumət təşkilatlarından birinə çevrilib. Orta əsr Ağsu şəhəri, Şıxməzid abidəsi və Mehrəvan qalasında aparılan arxeoloji tədqiqatlar, konservasiya və təbliğat işləri geniş elmi ictimaiyyətdə maraq doğurub və elmi innovasiya kimi qiymətləndirilib. Bir çox beynəlxalq konfrans, simpozium, forum, sərgi və kurslara təşkilatçı kimi qatılan MİRAS İctimai Birliyi Xəzər Universitetinin müəllim və tələbələri ilə birgə düşərgə və tədbirlər keçirmək niyyətindədir. Bu yaxınlarda Belçika Türk Dərnəkləri Birliyi ilə əməkdaşlıq nəticəsində həyata keçirilməsi qərarlaşdırılmış Erasmus+ proqramı çərçivəsində "Ali təhsil və fərdi inkişafı təşviq etmək. Bir-birilərinin təcrübəsindən bəhrələnmək" layihəsinə digər universitetlərin tələbələri ilə yanaşı, Xəzər Univeristetinin tələbələri də cəlb edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31