Jurnalist olmaq istəyənlərin qabiliyyət imtahanından keçməsi nəyi dəyişəcək?
Artıq jurnalistika ixtisasına qəbul olmaq istəyənlər sənədlərini verdikdən sonra qeydiyyatdan da keçməli olurlar
10 Aprel 2014 17:30 SosialBir neçə ildir ki, jurnalistika ixtisasına qəbul zamanı qabiliyyət imtahanlarının tətbiq olunması ilə bağlı müxtəlif təkliflər irəli sürülsə də, nəhayət ki, bu il artıq sənəd verən abituriyentlər bu sahəni seçə bilmək üçün yazı qabiliyyətlərini də sərgiləməli olacaqlar.
Bakalavriat və magistratura səviyyələrinə qəbul zamanı jurnalistika ixtisası üzrə qabiliyyət imtahanlarının tətbiq olunmasının bir çox müsbət nəticələri olacaq. Bu sahə üzrə kadr hazırlığı ilə məşğul olan mütəxəssislər bu fikirdədir.
Aprelin 1-dən ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2014-cü ildə keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün ərizələrin qəbulu başlayıb. Jurnalistika ixtisasına qəbul olmaq istəyən 3-cü qrupun abituriyentləri elektron ərizələrinin təsdiqini təmin etdikdən sonra eservices.tqdk.gov.az/erizebak internet səhifəsində jurnalistika ixtisasına qəbul olunmaq istəyən abituriyentlərin qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq qeydiyyatdan keçirlər. Qeydiyyatdan keçən abituriyentlər test imtahanın nəticələrinə əsasən müvafiq müsabiqə şərtlərini ödədikləri halda, təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirəcəklər. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin fikrincə, kadr məsələsi media sahəsində ciddi problem olub. O, bunun bir səbəbini də bu sahənin kütləvi bir fəaliyyət sahəsinə çevrilməsində görür: "Bu sahədə sırf ixtisası olanlarla müqayisədə ixtisası olmayanların sayı həddən artıq çoxdur. Böyük nöqsanların əksəriyyəti kadr məsələsindən qaynaqlanır. Təbii ki, əgər bir insan əvvəllcədən maraq göstərdiyi sahədə işləyirsə, o bu sahəyə daha çox can yandıracaq. Öz işinə peşəkar kimi yanaşacaq . Əgər kimsə həvəskar kimi gəlirsə və sonradan bu həvəskar sahə onun daimi fəaliyyət sahəsinə çevirilirsə, onun peşəkar olması üçün hələ uzun müddət vaxt lazımdır. Onun üçün qabiliyyət imtahanlarının tətbiqi ilə bağlı bu cür cəhdləri normal qarşılayıram".
N.Məhərrəmli hesab edir ki, bu sahədəki problemləri çözmək üçün ən doğru olanı təhsil sistemi sahəsində olan işlərə daha məsuliyyətlə yanaşmadır: "Biz jurnalistika sahəsinin qarşısını bağlaya bilmərik ki, bunun ixtisası var çalışsın, onun yoxdur, çalışmasın. Bu doğru yanaşma deyil. Təbii ki, insanlar müəyyən vaxtdan sonra o işlərin öhdəsindən daha yaxşı gəlir. Bu sahəni bazar iqtisadiyyatı özü müəyyənləşdirməlidir. Telekanalların sahibləri onlara lazım olan kadrları tapmalıdırlar. O kadr varsa, ondan istifadə etməlidirlər. Bəziləri deyirlər ki, biz kadrı haradan alaq? Onlardan arqument gəlir ki, Azərbaycanda bu qədər jurnalist buraxılır. Amma biri bizim işimizə yaramır. Söhbət ondan gedir ki, sizə hansı tip jurnalist lazımdır? Əgər bu gün efirdə olan bəzi kadrları, xüsusilə efirə çıxarılan musiqi sahəsindəki insanları görsək, Azərbaycandakı vəziyyətin nə qədər acınacaqlı olduğunu görərik. Hər kəs öz səviyyəsinə uyğun müğənniləri Azərbaycanın əsas tanınmış insanları sırasına çıxarır. Bununla da cəmiyyətdə yanlış təəssürat yaranıb ki, bu adamlar məhşur və tanınmışdırlarsa, deməli onlar cəmiyyətə yararlıdır. Bunlar tamamilə yanlışdır".
BDU-nun müəllimi Vüqar Zifəroğlunun fikrincə, jurnalistika ixtisası üzrə bakalavra qəbul zamanı qabiliyyət imtahanının tətbiqi sırf həvəsli, yazı qabiliyyəti olan uşaqları bu ixtisasa cəlb etmək məqsədilə lazımlı idi və çox düzgün qərardır: "Biz çox zaman belə bir problemlə üzləşirdik. Yuxarı bal tələb olunan ixtisaslara qəbul oluna bilməyən tələbələr adətən daha aşağı bal yığdıqlarına görə,jurnalistikaya düşürdülər. Nəticədə 4 il ərzində biz nə qədər səy göstərsək də, bəzilərində jurnalistikaya həvəs oyada bilsək də, əksəriyyətində bu həvəs oyanmırdı. Onların jurnalistikaya maraqları olmur, sadəcə diplom almaq məqsədilə oxuyurdular. Qabiliyyət imtahanının tətbiq edilməsi isə, ilk növbədə bu cür təsadüflərin sayını xeyli azaldacaq. Burada söhbət artıq yazı qabiliyyəti olan, yazıya marağı, sevgisi olan uşaqların jurnalistikaya qəbul olunmasından gedəcək".
V.Zifəroğlunun fikrincə, yeni qaydada çətin, qeyri-adi problemlər də olmayacaq. Belə ki, abituriyentdən 11-ci sinif səviyyəsində inşa yazmaq tələb olunacaq.
Beləliklə, əgər 11-ci sinfi bitirən abituriyentdə yazmağa həvəs varsa, özünü doğrudan da gələcəyin jurnalisti kimi görürsə, yazı müsabiqəsindən rahat şəkildə keçəcək.
Qeyd edim ki, 1945-ci ildə BDU-nun filologiya fakültəsi nəzdində jurnalistika şöbəsi açılıb. 1969-cu ildə şöbə müstəqil fakültəyə çevrilib. Fakültənin ilk dekanı professor Nurəddin Babayev olub. 1999-cu ildən bəri Yalçın Əlizadə fakültənin dekanıdır. Yüksək ixtisaslı kadrların hazırlığında Nəsir İmanquliyev, Nurəddin Babayev, Şirməmməd Hüseynov, Qulu Xəlilov, Famil Mehdi, Tofiq Rüstəmov, Əliş Nəbili, Cahangir Məmmədli, Qulu Məhərrəmlu, Zeynal Məmmədli və digər alim-pedaqoqoların böyük xidmətləri olub. Təhsil Azərbaycan (əyani və qiyabi) və rus (əyani) dillərində aparılır. Bakalavr pilləsində 400-ə qədər, magistr pilləsində 46 tələbə təhsil alır. Fakültədə 4 kafedra var: jurnalistikanın nəzəriyyəsi və təcrübəsi; mətbuat tarixi; televiziya və radio jurnalistikası; beynəlxalq jurnalistika. Bundan əlavə, tədris televiziya və radio studiyası, qəzet laboratoriyası fəaliyyət göstərir. Bakalavr pilləsində jurnalistika ixtisası üzrə kadrlar hazırlanır. Magistratura pilləsində beynəlxalq jurnalistika, radio-telejurnalistika, publisistik jurnalistika və mətbuat tarixi ixtisasları üzrə kadrlar hazırlanır.