Milli kimlik ətrafında mübahisələr- ÖZƏL

"SSRİ süqut etdikdən və müstəqillik əldə olunduqdan sonra cəmiyyətimiz qarşısında kəskin bir konseptual sual yarandı: biz kimik-azərbaycanlılar, yoxsa türklər? "Olaylar"ın məlumatına görə, professor Rafiq Əliyev bildirib ki, 1990-cı illərin əvvəllərində, Əbülfəz Elçibəyin prezidentliyi dövründə, ölkədə dövlət dilinin adını və xalqın milli mənsubiyyətinin təyini prinsipini rəsmi səviyyədə dəyişməyə cəhdlər edildi: "Məsələ hətta soyad sonluqlarının inzibati qaydada dəyişdirilməsinə qədər çatmışdı: Teymurov  əvəzinə  Teymurzadə, Aslanov əvəzinə Aslanlı və s. Yəni mahiyyətcə şəxsi, tarixi və mənəvi xarakter daşıyan bir məsələni inzibati sərəncamlarla həll etməyə çalışırdılar.Hələ o vaxt mən bu cür yanaşmaya qətiyyətlə qarşı çıxmışdım. "Bakinckiy raboçiy" qəzetində dərc olunmuş "Professor parlamentin qərarına qarşı" başlıqlı kicik qeyd cəmiyyətdə  əks-səda doğurmuşdu.
Mən o zaman da əmin idim, indi də bu qənaətdəyəm: milli kimlik və ana dili yuxarıdan gələn göstərişlə dəyişmir. Bunları hər hansı bir qərar, qanun və ya inzibati sərəncamla təyin etmək mümkün deyil. Bu, xalqın əsrlər boyu keçdiyi tarixi yolun, mədəniyyətin, yaddaşın və özünüdərkin nəticəsidir.Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu radikal yanaşma aradan qaldırıldı və dövlət təbii konstitusiya əsaslarına qayıtdı. Bir müddət bu məsələ öz kəskinliyini itirdi.
Lakin son beş-altı ildə bu mövzu xüsusilə sosial şəbəkələrdə yenidən kəskin, hətta təcavüzkar müstəviyə keçdi. İş o yerə çatır ki, özünü açıq şəkildə azərbaycanlı adlandıran və azərbaycan dilini ana dili hesab edən şəxs ciddi türkləşmə tərəfdarları tərəfindən hücumlara, təqiblərə və sərt tənqidlərə məruz qalır.
Məgər Türkiyə ilə qardaşlıq münasibətləri öz adımızdan imtina etməyimizi tələb edir?
"Bir millət-iki dövlət" düsturu strateji müttəfiqliyi, qarşılıqlı dəstəyi, mənəvi yaxınlığı və ortaq tarixi-mədəni kökləri ifadə edir. Lakin bu düstur heç vaxt özünü silmək və ya özünəməxsusluqdan imtina etmək anlamına gəlməyib. Qardaş xalqa olan sevgi öz milli mənsubiyyətindən imtina etməyi tələb etməməlidir.
Xalqımızın zəngin tarixi, böyük ədəbiyyatı, çoxəsrlik dövlətçilik ənənələri, özünəməxsus mədəniyyəti və müstəqil tarixi yolu var. Bütün bunlar milli kimliyimizin sarsılmaz bünövrəsidir və bunu heç bir siyasi formula ilə ləğv etmək və ya əvəzləmək olmaz."
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31