Müharibə əvvəlcə insanın qaranlıq zehnində başlayır- ÖZƏL
11:19 SosialI Dünya Müharibəsində 20 milyon, II Dünya Müharibəsində isə 80 milyon insan həlak oldu. Bu, sadəcə quru bir rəqəm deyil... Hər bir rəqəmin arxasında parça-parça olunmuş bir bədən, yarımçıq qalmış bir həyat, yetim bir uşaq, dul qalmış bir qadın və ağlını itirmiş bir əsgər dayanır.
Amma bilirsiniz ən qorxulusu nədir? Bu, sadəcə keçmişdə qalan bir tarix deyil. Bəşəriyyət hələ də savaşır, hələ də qan tökür, hələ də insan insana qırır. Və biz hələ də soruşuruq: Niyə?
Təbiətdə heç bir canlı öz növünə qarşı bu qədər qəddar deyil. Müharibə təkcə silahların toqquşması deyil, müharibə döyüşən əllərdən əvvəl insanın qaranlıq zehnində, döyüşən düşüncələrdə başlayır. Və çox vaxt bu düşüncələr, əslində, bizə aid olmur.
Əxlaqın susdurulması və elmin dedikləri
Amerikalı sosial-psixoloq Albert Bandura insanların en vəhşi əməllərə belə necə haqq qazandırdığını "əxlaqi kənarlaşdırma" anlayışı ilə izah edir. İnsan etdiyi pisliyi daxilən "yaxşı bir məqsəd" kimi qələmə verir. Beləliklə, vicdan susur. "Onlar düşməndir", "Onlar bizdən deyil", "Biz haqlıyıq" kimi ifadələr toplumun beyninə həkk olunur və fərd artıq öz vicdanını deyil, qrupun qəzəbini dinləməyə başlayır.
Bəs elm bu barədə nə deyir?
Nevrologiya: İnsan beyninin "amigdala" adlı bölgəsi qorxu ilə qidalanır və qorxduqca aqressivləşir. Təhlükə hiss etdikdə "biz" və "onlar" arasındakı sərhəd kəskinləşir. Oksford Universitetinin araşdırmaları göstərir ki, düşmən obrazı gücləndikcə empati hissi azalır - beynin skan olunması zamanı düşmənin ağrısına karşı "sıfır" reaksiya qeydə alınır. Müharibənin ilk qurbanı insanlığın özü olur.
Sosial psixologiya: Türk əsilli amerikalı psixoloq Muzaffer Şerifin "Robbers Cave" (Quldurlar Mağarası) təcrübəsində iki uşaq qrupu arasında sadəcə yarış təşkil edildi. Bir neçə gün içində onlar bir-birinə nifrət edən düşmənlərə çevrildilər. Bu uşaqlar bir-birini tanımadan əvvəl dost ola bilərdilər, amma mühit, ritorika və yönləndirmə onları düşmən etdi. Eyni mexanizm müharibələrdə də işləyir: millətçilik, din, tarix, torpaq və intiqam haqlılıq qalxanına çevrilir. Fransız filosofu Simona Veyl (Simone Weil) deyirdi:
"Müharibə yaşayan hər şeyin üzərinə çökmüş bir ağırlıqdır. O, təkcə düşmənə deyil, düşünən insana da hücum edir; vicdanı uyuşdurur, inancı təhrif edir, ağlı susdurur. Geriyə sadəcə səssiz çığırtılar qalır."
UNESCO-nun Seviliya Şiddət Bəyanatında yazıldığı kimi: İnsan təbiəti müharibə etmək üçün proqramlaşdırılmayıb, müharibə öyrənilən bir davranışdır. Əgər müharibə öyrədilibsə, sülh də öyrədilə bilər!
Uşaqlarımıza silah yox, empatiya öyrətdiyimiz zaman; tarix kitaplarımıza zəfərləri yox, anlayışı yazdığımız zaman; insanlar geçmişi deyil, gələcəyi danışdığı zaman bəlkə də bu sualın cavabını tapacağıq: İnsanlıq niyə hələ də savaşır və bu nə vaxt dayanacaq?
Sonda dahi Hüseyn Cavidin bu ölməz misraları yadımıza düşür:
"Bilməm şu cinayət, şu xəyanət, şu fəlakət bitməzmi, ilahi!
Bu qədər səbirə nə hacət?
Niftiyev Nizami
Suraxanı rayonu 196 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru