Doğum günün mübarək, şəhidim!
10:39 SosialTarix kitablarının bir qəribə xüsusiyyəti var: orada adları yazılan insanların bir çoxu bir vaxtlar bizim kimi nəfəs alıb, gülüb, sevib, plan qurub. Heç biri sabah tarixə çevriləcəyini bilməyib.
Ağacavad Mütəllimzadə də bilmirdi.
O, sadəcə öz həyatını yaşayırdı. Azərbaycanın keçmişi ilə maraqlanır, qəhrəman babaların həyatını böyüklərin , yaşlı insanların danışığından öyrənməyə çalışırdı. Keçmişdə qalan hadisələr onun üçün köhnəlmiş səhifələr deyildi. O səhifələrdə bu torpağın taleyini, xalqının mübarizəsini və Vətən anlayışının mənasını görürdü.
Sonra həyat onun qarşısına elə bir yol çıxardı ki, oxuduğu tarixlə yaşadığı tarix bir nöqtədə birləşdi.
XX əsrin əvvəllərində Bakının taleyi uğrunda gedən mübarizələr, şəhəri ələ keçirmək istəyən qüvvələrə qarşı göstərilən müqavimət, bu torpağı qorumaq üçün ayağa qalxan Azərbaycan oğullarının hekayəsi onun sevdiyi tarixin səhifələrindən idi.
Ağacavad həmin səhifələrə baxırdı.
İllər sonra isə özü həmin tarixə baxılan tərəfə keçdi.
Bu keçidi heç bir kitab əvvəlcədən yazmır.
İnsan taleyinin hansı səhifəsində qəhrəmana çevriləcəyini bilmir.
Ağacavadın haqqında film çəkərkən məhz bunu düşünürdüm. Qarşımızda yalnız şəhidlik zirvəsinə ucalmış bir insan yox, o zirvəyə qədər gələn bir həyat vardı.
Biz onun uşaqlığına, ailəsinə, xarakterinə, tarix sevgisinə, arzularına baxdıq. Onu tanıyanların yaddaşında qalan Ağacavadı axtardıq.
Çünki şəhid haqqında film yalnız son döyüşü göstərməklə tamamlanmır.
Əksinə, əsl hekayə ondan əvvəl başlayır.
Bir oğlan böyüyür.
Tarix öyrənir.
Babalarının qəhrəmanlığını eşidir.
Vətən sözünün mənasını öz dünyasında formalaşdırır.
Sonra bir gün həyat ondan soruşur:
"İndi sən öz sözünün arxasında dayanmağa hazırsanmı?"
Ağacavadın cavabı onun ömrü oldu.
O, qəhrəman babalarının yolunu təkcə sevən oğul olaraq qalmadı. Həmin yolun davamçısına çevrildi.
Bu gün onun haqqında çəkdiyimiz filmə baxanda mən bir şəhidin həyatından daha böyük bir mənzərə görürəm.
Bir ailənin övladını.
Bir ananın oğlunu.
Tarixə bağlı bir gənci.
Və özündən əvvəlkilərin əmanətinə sadiq qalan Azərbaycan oğlunu.
Film üzərində işlədikcə bir həqiqət daha aydın görünürdü: qəhrəmanlıq son anda verilən qərardan əvvəl, insanın içində illərlə qurulur.
Ağacavadın içində o quruluş vardı.
Tarix vardı.
Vətən sevgisi vardı.
Babalarının izi vardı.
Və o iz bir gün onu özü də tarixə çevrilən bir yola apardı.
Onun haqqında filmin ssenarisini yazanda da düşünürdüm ki, bu film Ağacavadın hekayəsinin sonu deyil.
Çünki film ekranda bitir, yaddaşda isə davam edir.
Bir gün həmin filmi izləyən bir uşaq Ağacavadın adını eşidəcək.
Bəlkə onun haqqında ilk dəfə həmin gün düşünəcək.
Bəlkə sonra Azərbaycan tarixini oxuyacaq.
Bəlkə qəhrəman babaların adlarını axtaracaq.
Və bəlkə bir gün anlayacaq ki, tarix yalnız keçmişdə qalan hadisələr deyil.
Tarix həm də bizə qoyulan məsuliyyətdir.
Ağacavad bu məsuliyyəti öz ömrü ilə daşıdı.
O, tarixini sevən oğul idi.
Sonra özü tarixə çevrildi.
Ağacavad mənim üçün
yaddaşımızın canlı bir səhifəsi, qəhrəman babalardan gələn yolun davamı və gələcək nəsillərə əmanət etdiyimiz bir addır.
O , mənim qürurum, and yerimdir .
Doğum günün mübarək ,
mənim tarixləşən Qəhrəmanım
Doğum günün mübarək , başımın tacı , alnımın açıqlığı.
Mehriban Sadıqova
Güntv Media Groupun rəhbəri