İşğaldan azad edilmiş ziyarətgah- ÖZƏL
10:20 SosialAzərbaycanın bir çox bölgələrində olduğu kim Cəbrayıl rayonu ərazisində də çoxlu məbədgahlar, ziyarətgahlar, ocaq və pirlər mövcuddur. Yaxın-uzaq yerlərdən həmin ziyarətə gələnlərin sayı-hesabı bilinməz. El-obada həmişə o ocaqlara böyük ümidlə qədəm basılıb, insanlar burada dilək diləyib və şəfa tapıblar. Cəbrayıl Rayon İcra Hakimiyyətindən "Olaylar"a bilidirilib ki, belə müqəddəs yerlərdən biri də rayonun Çələbilər kəndi yaxınlığındakı "Hacı Qaraman" ocağıdır ki bura niyyət edib gələnlər daxilən yüngülləşərək paklaşdıqlarını, azar-bezardan qurtardıqlarını hiss edirdilər. Qeyd edək ki, hələ Cəbrayıl ermənilər tərəfindən işğal olunmazdan əvvəl bura həmçinin qonşu kəndlərdə yaşayan ermənilər də tez-tez gələrdilər. Bəzi məlumatlara görə, ermənilərin bütün kəndləri, evləri viran qoymağına baxmayaraq, hazırda bu müqəddəs ocaq olduğu kimi də qalıb. Xatırladaq ki, hələ sovet dönəmində dəfələrlə bu ziyarətgahı dağıtmağa cəhd göstərilsə də, bu mümkün olmayıb. Yaşlı insanların dediyinə görə, müqəddəs ocağı dağıtmağa gələn maşın ya xarab olurmuş, ya da müəyyən qəzalar baş verirmiş. Bu minvalla "Hacı Qaraman" ziyarətgahı müəyyən hadisələr baş verənədək günümüzə qədər qorunub saxlanmışdı.
Bu müqəddəs ziyarətgahda dəfn olunan Hacı Qaraman orta əsrlərdə yayılmış qədim türk tayfası Qaramanların bir nümayəndəsi olub. Qaramanlar tayfası X-XI əsrlərdə Orta Asiya və Türkiyədə geniş yayılmışdılar. Sonralar monqol istilaları ilə bağlı XIII əsrdən başlayaraq bu tayfalar başqa ölkələrdə, o cümlədən, Azərbaycanda məskunlaşmağa başlayıblar. Onların bir qismi, başda tanınmış təriqət başçısı Hacı Qaraman Əfəndi (Əhməd Çələbi Əfəndi) olmaqla, indiki Cəbrayıl ərazisində məskunlaşıblar.
Çələbilər nəslinin Cəbrayıl ərazisində məskunlaşması barədə müxtəlif rəvayətlər söylənilir. Deyilənə görə, onlar Diyarbəkir vilayətində yaşamış məşhur Qaraman nəslinin törəmələrindəndir. Amma əslində Çələbilərin adlı-sanlı başçılarından olan Hacı Qaraman XIII-XIV əsrlərdə Cəbrayıl ərazisinə gəlmiş, əvvəlcə Niftalılar və Nüsüs kəndləri arasındakı yerdə özünə məskən salmış, sonralar Çələbilər kəndinə köçmüşdür. Hacı Qaraman Cəbrayıla gələndən sonra yerli adamlardan biri olan Güləhmədin qızı Yetər adlı xanımla ailə həyatı qurur və Çələbilər nəslinin sonrakı davamı bu iki müqəddəs övliyanın adı ilə bağlanır. Hacı Qaraman rəhmətə gedəndən sonra dəfn edildiyi yer ocaq kimi, pir kimi müqəddəsləşib. Hacı Qaraman Əhməd Çələbinin Mustafa və Məhəmməd adlı iki oğlu olmuşdur. 7-ci törəməsi olan Şıx Hacı Qasım Çələbi onun irşad işlərini yüksək səviyyədə davam etdirmişdir. Bugunkü çələbilər onun törəmələridir.
Hacı Qaraman ocağının indi onlarla tanınmış elm və din xadimləri, davamçıları var. Bu nəslin daha bir görkəmli nümayəndəsi Əli Cələbi 1928-ci ildə Cəbrayıl rayonunun Sirik kəndində anadan olmuşdur. Ömrünün sonunadək həmin kənddə xalqa ağsaqqallıq etmiş, təməli qoyulan xeyirxah işlərin duaçısı, hüzüruna pənah gətirənlərin yardımçısı olmuşdur.
Hacı Qaramanın məzarındakı qəbir daşının üzərində ərəb əlifbası ilə yazılmış mətn vardır. Ziyarətgah tək məzar daşından ibarət deyil. O, müxtəlif daşlarla əhatə edilmişdir. İşğaldan əvvəl Cəbrayıl sakinləri və ətraf bölgələrdən olan insanlar bu yeri "ümid qapısı", dilək və inanc yeri kimi ziyarət edirlər. Ziyarətə gələn şəxslər salavat cevirər, yasin oxuyar, balaca ağac kollarına nəzir - niyazlarını bağlar, Allahdan ruzi - bərəkət, can sağlığı arzulayar, üç dəfə məzarın başına fırlanardı. Rayonun işğaldan azad edilməsindən sonra digər doğma yurd yerləri kimi Hacı Qaraman ocağı da cəbrayıllıların yenidən ziyarət etdiyi müqəddəs məkanlardandır. Ziyarətgah bütün Azərbaycanda, ümumən Şərq ölkələrində geniş tanınır.
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Çələbilər kəndi işğal edildiyi zaman ziyarətgah da işğala məruz qalmışdır. Lakin 2020-ci il oktyabrın 25-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən kənd işğaldan azad edilən zaman ziyarətgah da düşmən tapdağından azad edilmişdir.