Dəniz yenə can alır: Boğulma faciələrinin qarşısını necə almaq olar?- Zeynəb Mustafazadənın ARAŞDIRMAsı
20:34 Sosial
Yay mövsümü ilin insanların ən çox istirahət etdiyi, açıq havaya üstünlük verdiyi dövr hesab olunur. Havanın temperaturunun yüksəlməsi ilə birlikdə ailələr, gənclər və uşaqlar asudə vaxtlarını daha çox şəhərdən kənarda, təbiət qoynunda və dəniz sahillərində keçirməyə üstünlük verirlər. Xüsusilə həftəsonları və qeyri-iş günlərində ölkənin müxtəlif çimərliklərində böyük izdiham müşahidə olunur. Dəniz insanların həm istirahət etməsi, həm sərinlənməsi, həm də gündəlik həyatın gərginliyindən uzaqlaşması üçün ən çox seçilən məkanlardan biridir.
Dənizdə üzmək təkcə istirahət vasitəsi deyil, eyni zamanda sağlam həyat tərzinin mühüm elementlərindən biri hesab edilir. Mütəxəssislər bildirirlər ki, üzgüçülük ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır, əzələləri möhkəmləndirir, orqanizmin dözümlülüyünü artırır və psixoloji rahatlıq yaradır. Elə buna görə də hər il minlərlə insan yay aylarında çimərliklərə üz tutur. Lakin dənizin bəxş etdiyi rahatlıq və xoş istirahət hissi bəzən ehtiyatsızlıq, məsuliyyətsizlik və təhlükəsizlik qaydalarına laqeyd yanaşma səbəbindən faciə ilə əvəzlənir.
Əslində, dəniz bütün gözəlliyi ilə yanaşı, ciddi təhlükələr də daşıyır. Güclü axınlar, gözlənilmədən dəyişən hava şəraiti, yüksək dalğalar, suyun dərinliyinin düzgün qiymətləndirilməməsi, üzmə bacarığının imkanlardan artıq qiymətləndirilməsi və digər risk faktorları saniyələr içərisində insan həyatını təhlükə altına sala bilər. Bu təhlükələr isə xüsusilə nəzarətsiz çimərliklərdə, xilasedici xidmətin olmadığı ərazilərdə və xəbərdarlıq nişanlarının nəzərə alınmadığı hallarda daha da artır.
Təəssüf ki, hər yay mövsümündə olduğu kimi, bu il də dənizdə baş verən boğulma hadisələri gündəmin əsas mövzularından birinə çevrilib. Son günlər ölkənin müxtəlif bölgələrində yerləşən çimərliklərdə qeydə alınan ardıcıl faciələr cəmiyyətdə ciddi narahatlıq yaradıb. Demək olar ki, hər gün yayılan boğulma xəbərləri göstərir ki, problem tək-tək hadisələrdən ibarət deyil və artıq təhlükəsizlik məsələsinə daha sistemli yanaşma tələb olunur. Həyatını itirənlərin arasında müxtəlif yaş qruplarından insanların olması isə problemin miqyasını daha aydın nümayiş etdirir. Statistika göstərir ki, boğulma hallarının əksəriyyəti təsadüfi səbəblərdən deyil, insanların yol verdiyi səhvlər nəticəsində baş verir. Qadağan olunmuş ərazilərdə çimmək, xilasedicisi olmayan sahillərə üz tutmaq, hava şəraitini və xəbərdarlıqları nəzərə almamaq, uşaqları nəzarətsiz buraxmaq, eləcə də üzmə bacarığını olduğundan artıq qiymətləndirmək faciələrin başlıca səbəbləri sırasında göstərilir. Bəzən isə bir anlıq ehtiyatsızlıq və ya "mənə heç nə olmaz" düşüncəsi geri dönüşü olmayan nəticələrə gətirib çıxarır.
Mütəxəssislər hesab edirlər ki, boğulma hadisələrinin böyük hissəsinin qarşısını almaq mümkündür. Bunun üçün ilk növbədə vətəndaşların təhlükəsizlik qaydalarına ciddi əməl etməsi, yalnız icazə verilən və xilasedicilərin növbə çəkdiyi çimərliklərdən istifadə etməsi, valideynlərin uşaqları bir an belə nəzarətsiz qoymaması vacibdir. Eyni zamanda, maarifləndirmə işlərinin gücləndirilməsi, çimərliklərdə təhlükəsizlik infrastrukturunun təkmilləşdirilməsi və riskli ərazilərə nəzarətin artırılması da mühüm əhəmiyyət kəsb edir.
Bəs son dövrlərdə boğulma hadisələrinin artmasının əsas səbəbləri hansılardır? İnsanlar dənizdə ən çox hansı təhlükəsizlik qaydalarını pozurlar və bu pozuntular hansı risklər yaradır?

"Boğulma hadisələrinin artmasının əsas səbəbləri isti hava şəraiti ilə əlaqədar çimərliklərə axının çoxalması, insanların qadağan olunmuş və nəzarətsiz ərazilərdə çimməsi, təhlükəsizlik qaydalarına əməl etməməsi, güclü sualtı axınların və dalğaların təhlükəsinin düzgün qiymətləndirilməməsi, alkoqollu vəziyyətdə suya girmək, uşaqların nəzarətsiz qalması və üzmə bacarıqlarının olduğundan artıq qiymətləndirilməsidir.
Ən çox rast gəlinən pozuntular bunlardır:
1.Xəbərdarlıq nişanlarına və qadağalara məhəl qoymamaq.
2.Xilasedici olmayan ərazilərdə çimmək.
3.alğalı hava şəraitində suya girmək.
4.Sahildən həddindən artıq uzaqlaşmaq.
5.Alkoqollu vəziyyətdə çimmək.
6.şaqları nəzarətsiz buraxmaq.
Bu pozuntular nəticəsində insan güclü axına düşə, yorularaq sahilə qayıda bilməyə, baş və ya onurğa travması ala, huşunu itirə və nəticədə boğulma ilə üzləşə bilər.
Qadağan olunmuş və nəzarətsiz çimərliklərdə çimməyin yaratdığı təhlükələr sualına isə cavab olaraq bildirmək istəyirəm ki, belə ərazilərdə xilasedici xidməti olmur, dənizin dibi öyrənilməmiş və təhlükəli ola bilər, güclü sualtı axınlar, dərinlik dəyişiklikləri, daşlıq və ya palçıqlı sahələr mövcud ola bilər. Hadisə baş verdikdə isə operativ müdaxilə gecikir və bu da ölüm riskini əhəmiyyətli dərəcədə artırır.
Maarifləndirmə tədbirləri yalnız yay mövsümündə deyil, ilboyu aparılmalıdır. Televiziya, sosial media və təhsil müəssisələri vasitəsilə təhlükəsizlik qaydaları mütəmadi izah edilməli, uşaqlara erkən yaşlardan üzgüçülük və suda davranış qaydaları öyrədilməlidir.
Nəzarət baxımından isə:
Qadağan olunmuş çimərliklərə giriş məhdudlaşdırılmalı, xilasedici postlarının sayı artırılmalı, patrul və monitorinq gücləndirilməli, xəbərdarlıq lövhələri daha görünən formada yerləşdirilməli, təhlükəli hava şəraitində çimərliklərə giriş müvəqqəti dayandırılmalıdır.
Vətəndaşlar dənizə üz tutarkən öz təhlükəsizliklərini təmin etmək üçün mütləq
yalnız xilasedicilərin növbə çəkdiyi rəsmi çimərliklərdən istifadə etsinlər. Qadağanedici nişan və bayraqların tələblərinə ciddi əməl etsinlər. Dalğalı və küləkli hava şəraitində suya girməsinlər. Alkoqol qəbul etdikdən sonra çimməsinlər. Sahildən həddindən artıq uzaqlaşmasınlar. Uşaqları bir an belə nəzarətsiz qoymasınlar. Tək çimməkdən çəkinərək imkan daxilində digər insanların olduğu əraziləri seçsinlər. Öz üzmə imkanlarını düzgün qiymətləndirsinlər və yorğun hiss etdikdə dərhal sudan çıxsınlar.
Əsas mesaj: Boğulma hadisələrinin böyük hissəsi sadə təhlükəsizlik qaydalarına əməl etməklə qarşısı alına bilən hadisələrdir. Hər bir vətəndaş bilməlidir ki, dənizlə mübarizə aparmaq mümkün deyil, təhlükəni əvvəlcədən qiymətləndirərək qaydalara əməl etmək isə həyat xilas edir. Unutmaq olmaz ki, boğulma çox vaxt səssiz baş verir və saniyələr içində faciəyə çevrilə bilər. Buna görə də hər bir vətəndaş riskləri əvvəlcədən qiymətləndirməli, öz təhlükəsizliyini və ətrafındakı insanların həyatını təhlükəyə atmamalıdır. Sadə təhlükəsizlik qaydalarına əməl etmək onlarla insanın həyatını xilas edə bilər".
Boğulan şəxsə hadisə yerində göstərilən ilk tibbi yardım necə olmalıdır? Vətəndaşların ən çox yol verdiyi səhvlər hansılardır?

Mövzu ilə bağlı həkim-allerqoloq Şahvələd Məmmədov Olaylar.az-a açıqlama verib:
" Doğrudan da bu mövsümdə 40 nəfərdən çox dənizdə boğulma halı qeydə alınıb. Bu, çox təəssüf doğuran bir vəziyyətdir.
Birincisi, çimərliklərdə xüsusi üzgüçülük zonaları yaradılıb. Yəni müəyyən məsafələr və limitlər qoyulub ki, həmin sərhəddən kənara keçmək olmaz. Dənizdə üzən hər kəs peşəkar üzgüçü deyil və üzməyi yüksək səviyyədə bacarmır. Burada insanın çimərlikdə davranışından çox şey asılıdır. Əgər insan öz imkanlarını tanıyırsa, dediyim kimi, risk etməməlidir. Müəyyən edilmiş zonadan kənara çıxmaq olmaz. İkincisi, küləkli hava şəraiti də ciddi risk yaradır. Bundan başqa, bəzi insanların ürək-damar xəstəlikləri olur, amma buna baxmayaraq risk edərək dənizə girirlər və nəticədə boğulma halları baş verir. Bütün bunlar nəzərə alınmalıdır.
Suda boğulma ən təhlükəli hallardan biridir. Suda boğulmanın da müxtəlif dərəcələri var. Belə hallarda həkim gələnə qədər ilk yardım çox vacibdir. Boğulan şəxs dərhal sudan və sahilə çıxarılmalıdır. Daha sonra udduğu suyun tənəffüs yollarından xaric olmasına kömək etmək üçün ilk yardım tədbirləri görülməlidir. Məsələn, ayaqları qaldırılaraq uyğun vəziyyət verilməsi ilk yardımın tərkib hissəsidir. Daha sonra lazım gələrsə, süni tənəffüs verilməli və ürək masajı edilməlidir. Bir çox müəssisələrdə və iş yerlərində insanlara bu ilk yardım qaydaları öyrədilir.
Vətəndaşların etdiyi əsas səhvlərdən biri də budur ki, boğulan şəxsi sudan çıxardıqdan sonra tənəffüs yollarını sudan tam təmizləmədən dərhal təcili yardım çağırırlar. Bu isə vaxt itkisinə səbəb olur. Vaxt itkisi nəticəsində suyun tənəffüs yollarına və ağciyərlərə keçməsi ürəyin qəfil dayanmasına və ya tənəffüs mərkəzinin iflic olmasına səbəb ola bilər. Bu da insan həyatının itirilməsi ilə nəticələnə bilər.
Əslində isə boğulan şəxs əvvəlcə sudan çıxarılmalı, ona ilkin yardım göstərilməli, eyni zamanda təcili tibbi yardıma müraciət edilməlidir. Bildiyim qədər bizim çimərliklərdə təcili yardım briqadaları təşkil olunub və onlar operativ müdaxilə edə bilirlər. Təbii ki, FHN əməkdaşları suda boğulan insanı sudan çıxarır və ilkin yardım göstərirlər. Ancaq FHN əməkdaşlarının yaxınlıqda olmadığı hallarda vətəndaşlar da qeyd etdiyim ilk yardım tədbirlərini həyata keçirməlidirlər. İlk növbədə isə boğulan şəxs təhlükəsiz şəkildə sudan çıxarılmalıdır".
Zeynəb Mustafazadə