"Card-to-card" əməliyyatlarında yeni dövr: Limitlərin tətbiqi nəyi dəyişəcək?
21:50 SosialRuslan Atakişiyev: "Əsas hədəf vətəndaşlar deyil, gəlirlərini gizlədən sahibkarlardır"
Nağdsız ödənişlərin sürətlə genişləndiyi, bank xidmətlərinin gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə kartdan-karta köçürmələr milyonlarla insan üçün ən rahat maliyyə alətlərindən biri hesab olunur. Son illərdə vətəndaşlar arasında pul köçürmələrinin böyük hissəsi məhz mobil tətbiqlər və internet bankçılığı vasitəsilə həyata keçirilib. Bir neçə saniyə ərzində vəsait göndərmək imkanı həm fərdi istifadəçilərin, həm də müxtəlif xidmət sahələrində çalışan şəxslərin gündəlik fəaliyyətini xeyli asanlaşdırıb. Məhz buna görə də Azərbaycan Mərkəzi Bankı ilə kommersiya bankları arasında əldə olunan razılaşmaya əsasən avqustun 1-dən etibarən kartdan-karta əməliyyatlarına limitlərin tətbiq olunması cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Yeni qaydalara əsasən məhdudiyyətlər yalnız köçürülən vəsaitlərin məbləğinə deyil, eyni zamanda əməliyyatların sayına və istifadə edilən kartların ümumi sayına da şamil edilir. Bu dəyişiklik maliyyə sektorunda son dövrlərin ən diqqətçəkən yeniliklərindən biri hesab olunur. Mövzunun aktuallığını artıran əsas məqamlardan biri ondan ibarətdir ki, kartdan-karta köçürmələr artıq təkcə bank xidməti deyil, eyni zamanda gündəlik iqtisadi münasibətlərin vacib elementinə çevrilib. Bu gün müxtəlif yaş qruplarından olan insanlar ailə üzvlərinə pul göndərərkən, borc qaytararkən, alış-veriş edərkən və ya müxtəlif xidmətlərin haqqını ödəyərkən məhz bu üsuldan istifadə edirlər. Elektron ödənişlərin inkişafı ilə paralel olaraq kartdan-karta əməliyyatların həcmi də hər il artır və maliyyə dövriyyəsinin əhəmiyyətli hissəsi rəqəmsal kanallar üzərindən həyata keçirilir. Bununla yanaşı, son illər elektron ödəniş bazarının genişlənməsi maliyyə sisteminin qarşısında yeni çağırışlar da yaradıb. Rəqəmsal maliyyə xidmətlərinin sürətli inkişafı fonunda banklar, tənzimləyici qurumlar və maliyyə ekspertləri ödəniş sistemlərinin təhlükəsizliyi, şəffaflığı və dayanıqlılığı məsələlərinə daha çox diqqət ayırmağa başlayıblar. Xüsusilə maliyyə axınlarının həcmi artdıqca, bu sahədə nəzarət və tənzimləmə mexanizmlərinin yenilənməsi zərurəti də meydana çıxır. Məhz bu səbəbdən yeni limitlərin tətbiqi təkcə bank müştərilərini deyil, sahibkarları, elektron ticarətlə məşğul olan şəxsləri, müxtəlif xidmət sahələrində çalışan vətəndaşları və ümumilikdə maliyyə bazarının bütün iştirakçılarını maraqlandıran məsələyə çevrilib. Bir tərəfdən bu qərarın maliyyə sisteminin daha səmərəli idarə olunmasına xidmət etdiyi bildirilir, digər tərəfdən isə yeni məhdudiyyətlərin gündəlik maliyyə əməliyyatlarına necə təsir göstərəcəyi ilə bağlı suallar yaranır.
Bəs "card-to-card" əməliyyatlarına limitlərin tətbiqinin əsas məqsədi nədir? Kiçik sahibkarlar və fərdi fəaliyyət göstərən şəxslər üçün hansı çətinliklər yarana bilər? Bu limitin gələcəkdə hansı təsirləri gözlənilir?
Mövzu ilə bağlı "İqtisadi Resursların Öyrənilməsi Mərkəzi" İctimai Birliyinin sədri Ruslan Atakişiyev Olaylar.az-a danışıb. Sədr bildirib ki, kartdan-karta köçürmələrə müəyyən limitlərin tətbiq olunması və bu sahədə nəzarət mexanizmlərinin gücləndirilməsi təsadüfi qərar deyil. Bu addımın atılmasının əsas səbəbi kartdan-karta əməliyyatların ilkin təyinatı ilə onların son illərdə faktiki istifadə forması arasında yaranmış fərqdən irəli gəlir. Əslində kartdan-karta əməliyyatlar fiziki şəxslər arasında vəsaitlərin köçürülməsi üçün nəzərdə tutulub. Yəni bu mexanizm vətəndaşların bir-birinə pul göndərməsi, ailədaxili maliyyə əməliyyatlarının həyata keçirilməsi, borc və ya digər şəxsi ödənişlərin rahat şəkildə aparılması məqsədilə yaradılıb. Lakin son illər ərzində müşahidə olunan tendensiyalar göstərir ki, bəzi hallarda bu sistem öz ilkin təyinatından kənar məqsədlər üçün istifadə olunmağa başlayıb. Xüsusilə vergidən yayınan və rəsmi fəaliyyət göstərməkdən yayınan bəzi şəxslər, eləcə də müxtəlif məhsul və xidmətlərin satışını həyata keçirən subyektlər müştərilərdən ödənişləri kartdan-karta köçürmə yolu ilə qəbul etməyə üstünlük verirlər. Bu zaman ödənişlərin əhəmiyyətli hissəsi rəsmi uçota düşmür və nəticədə həmin əməliyyatlar üzərində dövlət nəzarətinin həyata keçirilməsi çətinləşir. Məsələ ondadır ki, normal iqtisadi münasibətlərdə hər hansı məhsulun satışı və ya xidmətin göstərilməsi zamanı əməliyyatların rəsmi şəkildə qeydə alınması vacibdir. Bu, həm vergi öhdəliklərinin yerinə yetirilməsi, həm də iqtisadi fəaliyyətin şəffaflığının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Lakin bəzi hallarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər və ya müxtəlif ticarət subyektləri ödənişləri POS-terminal və ya digər rəsmi mexanizmlər vasitəsilə deyil, məhz kartdan-karta köçürmələrlə qəbul edirlər. Nəticədə əldə olunan gəlirlərin müəyyən hissəsi rəsmi hesabatlarda əks olunmur. Bu isə öz növbəsində vergidən yayınma hallarının artmasına səbəb olur. Vergidən yayınma halları artdıqca kölgə iqtisadiyyatının həcmi də genişlənir. Kölgə iqtisadiyyatının böyüməsi isə iqtisadiyyatın ümumi şəffaflığına mənfi təsir göstərən amillərdən biridir. Çünki iqtisadi fəaliyyətin bir hissəsi rəsmi statistikadan kənarda qalır, dövriyyənin real həcmini müəyyənləşdirmək çətinləşir və dövlət büdcəsinə daxilolmaların tam şəkildə formalaşması ilə bağlı problemlər yaranır. Müşahidələr və nəzarət mexanizmləri də göstərir ki, bu cür əməliyyatların həcmi ildən-ilə artır. Əgər əvvəllər qeyri-rəsmi ödənişlər daha çox nağd formada həyata keçirilirdisə, indi texnologiyaların inkişafı və elektron ödənişlərin geniş yayılması fonunda bəzi şəxslər və müəssisələr qeyri-rəsmi hesablaşmaları kartdan-karta köçürmələr vasitəsilə aparmağa başlayıblar. Başqa sözlə, əvvəlki dövrlərdə qeyri-rəsmi dövriyyə əsasən nağd vəsaitlər üzərindən formalaşırdısa, hazırda həmin fəaliyyətin müəyyən hissəsi elektron köçürmələr müstəvisinə keçib. Bu tendensiya göstərir ki, kartdan-karta əməliyyatlar yalnız fiziki şəxslər arasında maliyyə münasibətlərinin tənzimlənməsi vasitəsi kimi deyil, bəzi hallarda sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərin qəbul edilməsi üçün də istifadə olunur. Məhz buna görə də aidiyyəti qurumlar bu istiqamətdə müəyyən məhdudiyyətlərin tətbiq edilməsini və nəzarətin gücləndirilməsini zəruri hesab edirlər.
"Limitlərin tətbiq edilməsinin əsas məqsədi vətəndaşların gündəlik maliyyə əməliyyatlarını çətinləşdirmək deyil. Burada əsas hədəf kartdan-karta köçürmələrin kommersiya məqsədli və qeyri-rəsmi fəaliyyət üçün istifadəsinin qarşısını almaqdan ibarətdir. Çünki sistemin ilkin təyinatına uyğun istifadəsi ilə sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərin bu mexanizm vasitəsilə qəbul olunması arasında ciddi fərq mövcuddur. Gələcək mərhələdə bu sahədə nəzarət mexanizmlərinin daha da gücləndiriləcəyi gözlənilir. Məqsəd vəsaitlərin hansı məqsədlərlə köçürüldüyünü daha dəqiq müəyyənləşdirmək, şəxsi xarakter daşıyan əməliyyatlarla kommersiya xarakterli əməliyyatları bir-birindən fərqləndirməkdir. Bu isə öz növbəsində həm maliyyə intizamının gücləndirilməsinə, həm də iqtisadi fəaliyyətin daha şəffaf mühitdə həyata keçirilməsinə xidmət edəcək. Əgər aparılan araşdırmalar və nəzarət tədbirləri nəticəsində müəyyən olunarsa ki, hər hansı müəssisə, təşkilat və ya şəxs kartdan-karta köçürmələrdən istifadə etməklə öz gəlirlərini gizlədir və ya rəsmi fəaliyyət göstərməkdən yayınır, həmin subyektlər qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmi fəaliyyətə cəlb olunacaqlar. Başqa sözlə, məqsəd vətəndaşların şəxsi köçürmələrinə müdaxilə etmək deyil, sahibkarlıq fəaliyyəti nəticəsində əldə olunan gəlirlərin qanunvericiliyin tələblərinə uyğun qaydada uçota alınmasını təmin etməkdir. Ona görə də kartdan-karta əməliyyatlarla bağlı tətbiq olunan yeni yanaşma ilk növbədə qeyri-rəsmi iqtisadi fəaliyyətin həcminin azaldılmasına, vergidən yayınma hallarının minimuma endirilməsinə və iqtisadi münasibətlərdə şəffaflığın artırılmasına xidmət edən bir mexanizm kimi qiymətləndirilə bilər. Bu baxımdan, həyata keçirilən tədbirlərin əsas mahiyyəti maliyyə axınlarının daha şəffaf şəkildə izlənilməsi, kommersiya xarakterli fəaliyyətlərin rəsmi iqtisadi dövriyyəyə cəlb olunması və qanunvericiliyin tələblərinə uyğun fəaliyyət mühitinin formalaşdırılmasından ibarətdir", - deyə mərkəz sədri qeyd edib.
Səidə Ramazanova