İlham və sənətkarlığın vəhdəti – HÜSEYN FƏRƏCOĞLU
10:06 SosialNaxçıvan ədəbi mühitinin istedadlı nümayəndələrindən biri Hüseyn Fərəc oğlu Abbasov (Fərəcoğlu)dur.
Hüseyn Fərəc oğlu Abbasov (1926-1997) - Fərəcoğlu Naxçıvan ədəbi mühitinin istedadlı şairlərindən biri olub. Şair təhsil ala bilməsə də, istedadı və ilhamı ilə şairlik ucalığına yetişməyə müvəffəq olub. Təhsil ala bilməməsinə görə çox zaman onu ədəbi tənqiddə "fəhlə şair" adlandırıblar. Şair özü haqqında bunları yazıb: "Özüm barədə nə deyə bilərəm?! Hər insanın şəxsiyyəti, mənliyi onun əməyindən görünər. Doğrudan da, belədir, mənim bütün həyatım, taleyim, sevgim, nifrətim beş-on balaca təmsilimdədir. Mən 1926-ci ildə Azərbaycanın dilbər guşələrindən biri olan Nəqşicahanda - Naxçıvanda zəhmətkeş, savadsız bir ailədə doğulmuşam. Qırxıncı illərin qanlı-qadalı günləri mənim savad almağıma mane olub. Lakin həyat mənə həm müəllim, həm də məktəb olub. Mən şeir yazmağa gec başlasam da, beş-on təmsilim və kiçik satirik şeirlərim məni xalqıma tanıdıb. Bəli, iyirmi ilə yaxındır ki, poeziyanın enişli-yoxuşlu yollarında addımlayıram" .

H.Fərəcoğlu ədəbi yaradıcılığa 40-cı illərdən sonra gəlib. "Yazıçı" nəşriyyatı tərəfindən müəllifin ilk kitabı olan "Dəmirçi və zindan" kitabı çap olunub. Şair H.Fərəcoğlu zəngin yaradıcılığa malik olmasa da, yaradıcılığı çoxcəhətliliyi ilə seçilir. Onun poeziyası lirik şeirlərdən, bir sıra təmsil və satirik əsərlərdən, uşaq şeirləri və "Sənət qartalı" poemasından ibarətdir. "Mənim bütün həyatım, taleyim, sevgim, nifrətim beş-on balaca təmsilimdədir" deyən şair öz yaradıcılığını "təmsil" sözü ilə ifadə edib ümumiləşdirmişdir. Necə ki şairin böyük hörmət duyduğu "Səbuhi" təxəllüslü M.F.Axundzadə də öz yaradıcılığını "təmsilat" adı altında təqdim etmişdir.
İstedadlı bir şair kimi yetişən H.Fərəcoğlunun istedadı onun yazdığı əsərlərin ruhundan, dil-üslubundan, məna-məzmunundan, püxtəliyindən görünür. Şairin yaradıclığında əməyə, zəhmətə, halallığa, humanizmə çağırış ideyaları üstünlük təşkil edir. Şairin "Azərbaycan oğluyam", "Mənim arzum", "Mənim ilhamım" və b. şeirləri vətənpərvərlik poeziyasının gözəl örnəklərindəndir. Bu şeirlərdə vətənə, elə bağlılıq, onun xoşbəxtliyi və səadətinə vətəndaş məsuliyyəti öz əksini tapıb. Xüsusilə şair "Mənim ilhamım" şeirində özünün yaradıcılıq kredosu, fəaliyyət amalı və mövzu-problem hədəflərini əks etdirmişdir:
Gəl, ilhamım, Vətəni
Birlikdə seyrə çıxaq.
Könülləri oxşayan
Təzə əsər başlayaq.
...Alqışlayaq bu yolda
Böyük hünər göstərən
Azərbaycan qızını,
Azərbaycan oğlunu .
Şairin "Naxçıvan" şeiri də doğma Naxçıvana olan məhəbbət və bağlılığını əks etdirmişdir:
Batabatı, Ordubadı füsunkar,
Bir gözəllik sonasıdır Naxçıvan.
Çöhrəsində sədaqətin nuru var,
Xoşbəxt ömrün səfasıdır, Naxçıvan .
"Araz", "Araz bayataıları", "Araz" kimi şeirlərində vətəndən ayrı düşmüş elin ayrılıq həsrəti və kədərini dilə gətirmiş, xalqın birlik, qovuşmaq arzularını poetik ərzə çevirmişdir:
Sahilləri gül-çiçək,
Vadisi dağlı Araz.
Cənublu qardaşımtək
Sinəsi dağlı Araz.
Mən duyuram sənin də
Nələr keçmiş başından.
Sən azəri bacımın
Azəri qardaşımın
Dinləyib fəryadını
Yarandın göz yaşından.
Şair bu və bu mövzudakı şeirlərində Cənuba-Şimala bölünmüş, dünyaya səpələnmiş, bir-birindən qoparılaraq ayrı salınmış, ayrı tale, ayrı ömür, ayrı qismət, ayrı ölüm yaşamağa məhkum edilmiş Azərbaycan xalqının dərdlərini poetik kədərlə ifadə etmişdir. Şeirdə sanki dərd dilə gəlib danışır, şair dərdi ilə danışıb kədərini bölüşür.
Şeirdə ümid, inam notları da güclüdür. Şair inanır ki, gün gələcək, Araz ayrıan yox, bu taydan o taya körpü, adlamac olacaq, könüllər, canlar bir-birinə qovuşacaq, ayrı-ayrı talelər birləşib bir tale olacaq.
Şair H.Fərəcoğlu "Bir millətin sabahı", "Azadlığın dayağı", "İşıq" kimi əsərləri xalqın ümummilli lideri Heydər Əliyevə, onun işıqlı şəxsiyyətinə həsr olunub. Şair dahi şəxsiyyətin xilaskarlığını tərənnüm edir, xalqın, millətin xoşbəxt sabahını, gülərüz səadətini onun cəfakeş əməyi və vətən məhəbbəti ilə əlaqələndirir. Şair ulu öndər Heydər Əliyevin doğulduğu mübarək günə qayıdaraq onun dünyaya gəlişini bir nurun doğuşu, işığın parlaması kimi mənalandırır, xalqın gələcək ümid və inamını o işığa bağlayır:
...O işıq milyonların
Eşqi, iradəsidir.
Bəşərin azadlığı,
Sədaqət müjdəçisidir.
O işığı yandıran
Vətənimin oğludur,
Onun fikri müqəddəs,
Yolu haqqın yoludur.
...Bu işıq şölələndi,
Əritdi zülmətləri.
Cahana nur ələndi
İşıqlandı dağ-dərə.
Heydər bahar gətirdi
Bizim doğma ellərə.
Şair H.Fərəcoğlunun şeirlərində xalqın böyük şəxsiyyətlərinin də ünvanları poetik ilham yeri təşkil edib. Şair Ulu Öndər Heydər Əliyevə ("İşıq"), M.Ə.Sabirə ("Bir dağ olub dəryada"), H.Cavidə ("Bilmədim", "Hüseyn Cavidə"), M.Füzuliyə ("Məhəmməd Füzuliyə"), M.S.Ordubadiyə ("Sənin incilərin"), "Səbuhi" təxəllüslü M.F.Axundzadəyə ("Qayğıkeş şair"), C.Məmmədquluzadəyə ("Mirzə Cəlilə"), S.Vurğuna ("Vurğunun heykəli önündə"), M.Qorkiyə ("İnqilab carçısı") əsərlər həsr etmişdir.
Şairin ictimai, fəlsəfi məzmunlu, satirik və tənqidi ruhlu şeirləri də var. Əsərlərində şair özündən boy deyənləri, lovğalananları davamlı olaraq ictimai qınağın hədəfinə çevirmiş, onların xaraktersizliyindən gileylənmişdir.
Şairin maraqlı və məzmunlu təmsilləri, yüksək poetik təsir gücünə malik satirik şeirləri də var. "İnqubator xoruz", "Özünü öyən xoruz", "Zəli", "Ulağın zövqü", "Lovğa samovar", "Zərrəbin", "Beçənin alimliyi", "Güzgünü lovğalığı" və s. təmsillərdə özündənrazılıq, lovğalıq, haramxorluq, qədirbilməzlik, nankorluq, savadsızlıq, zövqsüzlük və başqa bir sıra insana aid keyfiyyətlər öz tənqidini tapmış və ifşa edilmişdir. "Beşənin alimliyi" şeirində saxta yollarla alimlik rütbəsinə çatan savadsız, kütbeyin insanlar tənqid edilmiş, onları ictimai mühitə sırıyan saxtakarlar ifşa edilmişdir. "Güzgünün lovğalığı" təmsilində də şair özündən boy deyən, ona hünər qatanları danan nankor insanları və onların xaraktersizliklərini tənqid etmişdir. Ümumiyyətlə, şairin yaradıclığında lovğalıq, özündənrazılıq kimi keyfiyyətlər ardıcıl olaraq tənqid edilmiş, şair nankor, qadirbilməz, özünü böyük görən cılız adamlardan həzər etmiş, gileylənmişdir.
Şair H.Fərəcoğlu yaradıcılığında uşaq şeirləri də məxsusi yer tutmuşdur. "Elçinin babası", "Natəvanın sualı", "Yasinin sualı", "Elşənin arzusu", "Balaca Vüqar", "Kamal və Ramal" və b. uşaq şeirləri özünün yüksək bədii keyfiyyətləri ilə nəzər diqqəti cəlb edir. Bu əsərlərdə şair uşaqlarda yaşamaq, əməyə mehir, məhəbbət bəsləmək, halallıq, zəhmətkeşlik, başqalarını sevmək və hörmət duymaq kimi insani keyfiyyətləri aşılamağa çalışmışdır.
Xüsusilə Hüseyn Cavidə həsr etdiyi "Sənət qartalı" poemasında şairin istedad və nadir təbi özünü bütün çılğınlığı, qabarıqlığı ilə büruzə verir. Burada böyük bir sənət təbi özünü təcəssüm etdirir:
O ümman ümman deyil,
Daim çalxalanmasa.
O şair şair deyil,
Söz oduna yanmasa.
Adıgedən əsər qiymətli bir poemadır. Əsərdə Hüseyn Cavidin şəxsiyyəti və taleyi məsələsi qəhrəmana layiq şəkildə əks və ifadə edilmişdir. Cavidin şəxsiyyət və yaradıcılıq ustalığına diqqət çəkən müəllif konkret dialoqlar daxilində öz obrazını bütün əzəmətilə canlandırmağa müvəffəq olmuş, həmçinin qəhrəmanını məhv etməyə çalışan şərin obrazı və xarakterini, məqsəd və niyyətini də təqdim etməyi qarşıya məqsəd qoymuşdur. Müəllif ustad sənətkar H.Cavidin ailə birliyinə, onun sədaqətli həyat yoldaşı Mişkinazına, istedadlı oğlu Ərtoğroluna, bütün həyatını ailəsinə həsr edən fədakar qızı Turanına nəzər salır, Cavid şəxsiyyətinin nüfuzuna, evinə gələn qonaqlarına diqqət çəkir, nakam taleli Ərtoğrolun böyüməsindəki Üzeyirli, Müşfiqli, Cavadlı və b. ailə mühitini diqqətə çatdırır. Sürgünə gedərkən xəyalən Üzeyir bəylə olan söhbətlərini xatırladır, yada salır.
Şair H.Fərəcoğlu Cavid obrazını yaradarkən iki amilə daha çox diqqət ayırır: Cavidi bütöv bir şəxsiyyət olaraq həm dostlarının, həm də düşmənlərinin nəzərində canlandırmaqla, onların münasibətləri və təəssüratları kontekstində bütöv şəxsiyyət, obraz olaraq yaratmağa səy göstərir. Şair qəhrəmanını dostu və düşmənləri ilə birgə təqdim və təsvir etmiş, onun nakam, acınaqlı taleyini xeyirlə şərin vəhdətində əks etdirmişdir. Şair H.Fərəcoğlu Cavid obrazını bütün canlılığı ilə, keçdiyi ağır ittihamların, edildiyi sərt mühakimələrin kontekstində yaratmağa müvəffəq olmuşdur. Şair diqqəti ədəbi məhkəmələrə cəlb edərək qara niyyətli eynəkli cılız bir şairin ittihamlarında H.Cavid şəxsiyyəti və obrazına yanaşmışdır. Müəllif "Adicə daş parçası Büllur camı sındırar. Daş camı sındırsa da, Daşın qiyməti qalmaz", - deyə müdrik ifadəsindən yola çıxaraq daş və cam müqayisəsində Cavidi düşmənin mühakiməsi və aqibəti kontekstində təqdim etmişdir. Şairin istedadlı oğlu, nakam taleli Ərtoğrol balası deyərmiş ki, "Babam Hüseyn Cavid bir Günəş idi. Yüksəldi, parladı, yarasaların gözünü kor etdi. Lakin dumanlar onun qarşısını aldılar". Görünür ki, şair H.Fərəcoğlu da Hüseyn Cavid kimi sönməz bir ədəbiyyat günəşinin sönməsinə səbəb olan paxılları və kor yarasaları acı hisslərlə təqdim etmək istəmiş, Cavidin parlaqlığını düşmənlərinin dililə də ortaya qoymağı düşünmüşdür. Müəllif Hüseyn Cavidin üzünə duran, onu xainlikdə ittiham edən düşmən şairə verilən cavabda H.Cavidin necə vətənpərvər, bötöv şəxsiyyət, ləyaqətli və cəsarətli bir insan olmasına diqqət çəkmişdir. "Dedin, şairlik hara, Xalqa xainlik hara?" sözlərinin fonunda şairi xainlikdə ittiham edənlərə qarşı vətənpərvər şair qəzəb püskürərək vətənə məhəbbətin silləsini onların üzünə çırpmışdır.
H.Fərəcoğlu çox böyük istedadla şair Hüseyn Cavidin yaradıcılıq idealları və humanist ideyalarını işıqlandırmış, böyük sənətkarın sənət kredosunu poetik şəkildə ifadə etmişdir. Müəllif Cavidin dilindən "Mən vurğunam sənətə, Alışan məhəbbətə" deməklə qüdrətli romantik sənətkarın bəşəriyyət üçün narahat olan, qayğılanan könlünün "Nicat məhəbbətdədir" ideyasını ifadə etməyə çalışmışdır. Əsər boyu aydın görünür ki, şair H.Fərəcoğlu Hüseyn Cavid kimi qüdrətli sənət korifeyinin yaradıcılıq ideallarını çox aydın başa düşmüş və onları yeri gəldikcə poetik bir ustalıqla ifadə etməyə çalışmışdır. Əsərdə "Bən anlamam hərbdən, siyasətdən" deyən böyük sənət qartalının "Mənim Tanrım gözəllikdir, sevgidir" idealı məharətlə bədiiləşdirilmişdir. Məharətli sənətkar H.Fərəcoğlu özünün obrazlar qalareyasına da H.Cavidin idealları və obrazları kontekstindən yanaşmış, onun leksikonundan da yararlanmaqla əsl Cavidnamə yaratmaq cəhdi nümayiş etdirmişdir. Cavidin yaradıcılığında şər İblis kimi obrazlaşdığı kimi, H.Fərəcoğlu da bu vasitədən yararlanaraq Cavidi xaincə ittiham edən düşmənləri "iblis" adlandırmışdır. Sanki bu xaincə mühakimə, şər, böhtanla ittiham nümunəsilə böyük sənətkarın "İblis" əsərindən səs qaldıran "Dərdə bax, millətə bax, niyyətə bax, Ölülərdən ölülər feyz alacaq" misrasına qayıtmış, istedadsız adamların paxıl çatışmalarını Cavidcəsinə mənalandırmışdır. Əsərdə təqdim edilən Elxan obrazı da maraqlı obrazlardan biridir. Bu obraz da günahsız insanların repressiya fəlakətini bədiiləşdirmək baxımından diqqət cəlb edir. Heç bir günahı olmadan xain adamların iftirasına qurban gedən Elxan və onun ümumiləşdirdiyi günahsız insanların taleyi sovet rejiminin ədalətsizliklərini, ayaq alıb yürüyən iftira və böhtançılığın iblisanə varlığına lənət oxumaq missiyası həyata keçirir (Bu, həm də, bizim fikrimizcə, S.Vurğunun repressiyaya etiraz və üsyanının bədii ifadəsi olan "Vaqif" əsərindəki elin dayağı və onun hayanı olan Eldar obrazını xatırladır - müəllif). Elxan sanki Şeyx Sənanın boynuna xaç asdıqdan sonra dediyi "Şimdi bən nəyim? Bir dar ağacı" misrasındakı "ədalət tərəzisi", "ədalət çarmıxı" rolunu həyata keçirir, öz günahsız əzabları ilə vicdansız günahkarları zamanın və vicdanın mühakiməsinə vermiş olur. Şair H.Fərəcoğlu romantik sənətkarın "Şeyx Sənan" əsərində səsləndirdiyi "yüksələn məhv olar, fəqət enməz" müdrik fikrinə uyğun olaraq Hüeyn Cavidin özünün də parlayaraq yüksəldiyini, yüksələrək məhv olduğunu, fəqət zirvələrdən enmədiyini obrazlı şəkildə ifadə etmişdir.
Əsər nikbin sonluqla bitir; ölən, Uzaq Sibirdə məzara qoyulan, soyuq məzarı və donmuş Sibiri belə öz istedadının odu ilə qızdırıb əridən qəhrəmanın istedad və haqqının qələbəsilə sonlanır, ədalət iftiraya, istedad nifrətə qələbə çalır. Şair Hüseyn Fərəcoğlu Hüseyn Cavidin ölməz "Şeyx Sənan", "Şeyda", "İblis", "Topal Teymur", "Xəyyam", "Səyavuş`" kimi əsərlərindən, xüsusilə "Azər" poemasından çıxış edərək cəmiyyətə, zamana səslənir. Azərin simasında cəhalətə, nifrətə, xainliyə, xəbisliyə, istibdada üsyan səsini qaldırır:
...insanı əzən
Kədərə, qəmə üsyan!
Azadlığın düşməni
Qanlı aləmə üsyan!
Üsyan insanı boğan
Cəhalətə, zülmətə!
Poema məzmun cəhətdən zəngin olduğu kimi, forma etibarilə də rəngarəngdir. Əsər gah dördlük, gah üçlük bəndlər şəklində qurulmuşdur. Dili çox sadə, anlaşıqlı, bədii cəhətdən yetkin, obrazlıdır. Şairin ifadə imkanları geniş, üslubu zəngin və püxtəliyə malikdir. Əsərin proloqunda hələ şair qüdrətli sənətkar haqqında yüksək obrazlılıq üslubu seçərək bəhs açmış, "o şair şair deyil", "o qəvvas qəvvas deyil", "o ümman ümman deyil" kimi təsdiq və inkar üzərində qurulmuş sintaktik formalardan istifadə etmiş, olduqca maraqlı, təsirli, pafoslu bir mənzərə yaratmışdır. Müəllif ustad Hüseyn Cavidin dilində olan kimi yığcam ibarəli cümlə quruluşlarından daha çox faydalanmış və aforistik gücə malik əsər ortaya qoymağa müvəffəq olmuşdur. Müəllifin bir sıra misraları var ki, ciddi mənada aforizm kimi səslənir. Şair həmçinin yüksək bədii istedad göstərərək obrazların təqdimində məcazların ən orijinal örnəklərindən faydalanmış, yüksək, pafoslu, canlı bədii obrazlar, yüksək ideya-bədii dəyərlərə malik fikirlər ortaya qoymuşdur.
Ramiz QASIMOV,
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri,
filologiya elmləri doktoru, dosent