Ailə dəyərləri dəyişir, yoxsa güclənir?

Ailə nədir? Ən sadə təriflə desək, ailə qan bağları, nikah və ya mənəvi bağlılıq əsasında bir araya gələn insanların yaratdığı sosial birlikdir. Məncə, ailə daha çox insanın özünü təhlükəsiz hiss etdiyi, qəbul olunduğu, anlaşılmağa çalışıldığı bir məkandır. Burada insan ilk dəfə sevgi ilə tanış olur, ilk dəfə güvən hissini yaşayır, ilk dəfə "mən"dən "biz"ə keçidi dərk edir. Düşünürəm ki, ailə insanın şəxsiyyət kimi formalaşdığı ilk və ən güclü məktəbdir.
Bəs dəyər nədir? Dəyər anlayışı cəmiyyətin qəbul etdiyi, qoruduğu və gələcək nəsillərə ötürdüyü mənəvi və etik prinsiplərin məcmusudur. Düşünürəm ki, dəyərlər olmadan nə fərd, nə də cəmiyyət uzunmüddətli və sağlam şəkildə mövcud ola bilər. Cəmiyyətimizdə dəyər anlayışı tarix boyu formalaşaraq bu günə gəlib çatıb. Azərbaycan kimi ənənəvi köklərə malik cəmiyyətlərdə dəyərlər xüsusilə ailə üzərində qurulub. Böyüyə hörmət, kiçiyə qayğı, qonaqpərvərlik, sədaqət, birlik kimi anlayışlar yalnız fərdi keyfiyyətlər deyil, həm də sosial norma kimi qəbul olunub. Məncə, bu dəyərlər cəmiyyətin sabitliyini təmin edən əsas sütunlardır. 
Ailə dəyərləri isə bu ümumi dəyər sisteminin ən həssas və ən vacib hissəsidir. Ailədaxili münasibətlərdə sevgi, hörmət, qarşılıqlı anlayış, məsuliyyət və sədaqət kimi prinsiplər əsas rol oynayır. Bu dəyərlər yalnız ailənin daxilində qalmaqla kifayətlənmir, eyni zamanda cəmiyyətin ümumi sağlamlığına da təsir edir. Çünki sağlam ailə sağlam cəmiyyətin təməlidir. Məncə, ailə dəyərləri zəiflədikcə cəmiyyət də zədələnir.
Azərbaycan cəmiyyətində isə ailə hələ də ən müqəddəs institutlardan biri kimi qəbul olunur. Burada ailə yalnız iki insanın birliyi deyil, eyni zamanda geniş qohumluq əlaqələrinin, sosial münasibətlərin mərkəzidir. Amma son illərdə burada dəyişikliklər hiss olunmaqdadır. Gənclərin həyat tərzində fərdiyyətçiliyin artması, sosial şəbəkələrin təsiri, iqtisadi faktorlar, miqrasiya kimi amillər ailə münasibətlərinə təsir edir. Düşünürəm ki, əsas məsələ bu dəyişikliklərə necə uyğunlaşdığımız və hansı dəyərləri qoruyub saxladığımızdır.
Mövzu ilə bağlı daha ətraflı sosioloq Elçin Bayramlı Olaylar.az-a açıqlama verib:
"Son 10 ildə bu sahədə vəziyyət daha da kəskinləşib. Qlobal tendensiyalar, yeni psixologiyanın və yeni həyat tərzinin "müasirlik" adı altında təbliğ olunmasının nəticəsi olaraq bizim milli ailə modelimiz tənəzzül edir. Bunu statistik göstəricilərdə də açıq şəkildə görürük. Son illərdə boşanmaların sayı sürətlə artaraq 50 faizə yaxınlaşıb. Bu, çox yüksək göstəricidir. Bundan əlavə, evlənmələrin sayı da təxminən iki dəfə azalıb. Bu da başqa bir problemdir. Digər problem isə ailələrin biruşaqlı modelə keçməsidir. Ən yaxşı halda iki uşaqla kifayətlənirlər. Bu isə milli ailə modelinə zidd olan bir tendensiyadır.
Burada hesab edirəm ki, əsas səbəbləri göstərsək, birinci və ən güclü səbəb mənəvi deqradasiyadır, mənəvi dəyərlərin dəyişməsidir. Milli-mənəvi dəyərlərimizdən, ailə dəyərlərimizdən uzaqlaşmaq, "müasirlik" adı altında yad dəyərlərin qəbul olunması, eyni zamanda gənclərin psixologiyasının dəyişməsi, eqoist əhval-ruhiyyənin güclənməsi, yalnız özü üçün yaşamağa çalışan insanların formalaşması ailə məsuliyyətini arxa plana keçirir. Bu psixologiyada formalaşan insanlar ailə qurmağa da maraq göstərmirlər.
İkinci səbəb isə sosial-maddi problemlərdir. Sosial və maddi səbəblərə görə evlənə bilməyən insanlar var və bunu başa düşmək olar. Amma maddi və sosial problemi olmayan insanların da evlənməkdən imtina etməsi onu göstərir ki, burada ciddi mənəvi deqradasiya problemi mövcuddur. Digər tərəfdən, sosial-iqtisadi şərtlər də təsir göstərir. Ev almağın çətinləşməsi, iş və məşğulluq problemləri, gəlirin azlığı bir çox insanı evlənməkdən imtina etməyə məcbur edir. Bu, bütün ölkələrdə müşahidə olunan qlobal bir tendensiyadır. Təəssüf ki, biz də bu təsirlərə məruz qalırıq. Bu proses milli demoqrafik vəziyyətimizi də kəskinləşdirir. Əhalinin artımı azalır, əhalinin yenilənməsi zəifləyir, yaşlı nəslin payı artır, gənclərin sayı isə azalır. Bu isə gələcək strateji planda ciddi təhlükədir. İndiki vəziyyəti "yeni ailə modeli" adlandırmaq olmaz. Bu, yeni ailə modeli deyil, fərdi yaşama prinsipidir. Ailənin əsas modeli ənənəvi ailə modelidir. Dünyada ən yaxşı modellərdən biri də Azərbaycan ailə modelidir. Təəssüf ki, biz bunu qoruyub saxlaya bilmirik.
Hesab edirəm ki, burada bir neçə istiqamətdə iş aparılmalıdır. Birincisi, milli-mənəvi dəyərlərimiz təbliğ olunmalı, bunun əksinə olan təbliğatlar dayandırılmalıdır. Uşaqlarımızı və gənclərimizi bu psixologiyada böyütməli, milli ailə dəyərlərimizi qorumağa həvəsləndirməliyik.
İkinci tərəf isə sosial-iqtisadi şərtlərin yaxşılaşdırılmasıdır. Gənclərin evlənmək üçün müəyyən maddi imkanlara malik olması vacibdir. Məsələn, güzəştli şərtlərlə sosial evlərlə təmin olunmaları, iş və məşğulluq problemlərinin həll edilməsi, normal gəlir əldə etmələri üçün şərait yaradılmalıdır ki, ailə qurmaqda maraqlı olsunlar. Bu istiqamətdə iş aparılsa, milli ənənəvi ailə modelimizi bərpa edə bilərik. Bu da strateji baxımdan əhalinin artımını və yenilənməsini təmin edən sağlam bir proses olar. Bunun üçün hər cür imkanımız var. Dövlətin maliyyə və iqtisadi imkanları, sosial siyasəti buna şərait yaradır, sadəcə bu istiqamətdə fəaliyyət daha da gücləndirilməlidir. Digər tərəfdən, minillərlə formalaşmış dəyərlər modelimiz var. Sadəcə onu düzgün təbliğ etməli, uşaqlarımızı və gənclərimizi həmin dəyərlər əsasında formalaşdırmalıyıq. Bu, son dərəcə vacib məsələdir. Çünki dünyanın bir çox ölkələrində bu prosesin hansı nəticələrə gətirib çıxardığı artıq məlumdur. Bir çox ölkələrdə ciddi demoqrafik və sosial problemlər yaranıb, əhalinin qocalması prosesi sürətlənib. Buna görə də həmin ölkələr artıq ciddi tədbirlər görməyə başlayıblar. Onlarda bu proses çoxdan gedir, bizdə isə son illərdə sürətlənib. Buna görə də bizim imkanlarımız daha böyükdür ki, bunun qarşısını vaxtında alaq və vəziyyəti normallaşdıraq. Burada həm cəmiyyətin özü, həm də dövlət tərəfindən müxtəlif stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir. Bu halda sağlam ailə modeli əsasında sağlam cəmiyyət formalaşdıra bilərik. Çünki sağlam cəmiyyətin təməlində sağlam ailə dayanır. Bunu mütləq təmin etməliyik. Bunun üçün də, dediyim kimi, bütün imkanlar var, sadəcə bu istiqamətdə fəaliyyətləri artırmaq lazımdır". 
Bütün bu fikirlər bir daha göstərir ki, ailə dəyərləri məsələsi təkcə bir evin daxilində baş verən proses deyil, bütöv cəmiyyətin gələcəyi ilə bağlı məsələdir. Bir tərəfdən zaman dəyişir, insanların həyat tərzi və düşüncələri yenilənir, digər tərəfdən isə əsrlərlə formalaşmış ailə modeli müəyyən sınaqlarla qarşılaşır. Məncə, burada əsas məsələ dəyişiklikdən qorxmaq yox, dəyişən dünyanın içində bizi biz edən dəyərləri qoruyub saxlamaqdır. Çünki ailə yalnız sosial institut deyil, insanın mənəvi dayağı, cəmiyyətin isə əsas sütunudur.
Sosioloq Elçin Bayramlının da vurğuladığı kimi, ailə modelinin zəifləməsi yalnız şəxsi münasibətlərə deyil, demoqrafik vəziyyətə, sosial sabitliyə və gələcək nəsillərin formalaşmasına da təsir edir. Bu səbəbdən ailə dəyərlərinin qorunması həm cəmiyyətin, həm də dövlətin ortaq məsuliyyəti olmalıdır. Düşünürəm ki, milli-mənəvi dəyərlərlə müasir həyat arasında düzgün balans qurula bilsə, Azərbaycan ailə modeli öz gücünü qoruyaraq gələcək nəsillərə də ötürülə bilər. Çünki sağlam cəmiyyətin başlanğıcı yenə də sağlam ailədən keçir.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31