“1 günə dissertasiya”: Asan çıxış yolu, yoxsa intellektual intihar?

Sosial şəbəkələrdə son illər elmi işlərin, kurs layihələrinin, magistr dissertasiyalarının və hətta doktorluq tədqiqatlarının sifarişlə yazılması ilə bağlı reklamların sürətlə artması akademik mühitdə ciddi narahatlıq doğurur. "1 günə dissertasiya", "plagiatsız elmi iş", "A-dan Z-yə hazır diplom işi", "praktik hissə daxil", "müdafiəyə tam hazır" kimi cəlbedici elanlar artıq açıq şəkildə və heç bir çəkinmədən paylaşılır. Bir vaxtlar gizli fəaliyyət göstərən bu xidmətlər indi sosial şəbəkələrdə sponsorlu reklamlar vasitəsilə minlərlə insana çatdırılır, tələbələrin və gənc tədqiqatçıların qarşısına "asan çıxış yolu" kimi təqdim olunur. Bu vəziyyət isə yalnız təhsil sisteminin deyil, bütövlükdə cəmiyyətin intellektual və mənəvi gələcəyi ilə bağlı ciddi suallar yaradır. Elm və təhsil bir ölkənin inkişafının əsas sütunlarından hesab olunur. Universitet auditoriyalarında, elmi müəssisələrdə və araşdırma mərkəzlərində aparılan tədqiqatlar yalnız diplom və ya akademik dərəcə almaq üçün deyil, həm də yeni biliklərin ortaya çıxması, cəmiyyətin inkişafı və peşəkar kadrların yetişməsi üçün vacibdir. Lakin hazırda bəzi şəxslər bu prosesi kommersiya obyektinə çevirərək elmi işi bilik və zəhmətin deyil, pulun hesabına əldə olunan məhsul kimi təqdim edirlər. Sosial şəbəkələrdə fəaliyyət göstərən müxtəlif səhifələr və anonim hesablar açıq şəkildə dissertasiya, diplom işi, məqalə və tezis yazdıqlarını reklam edir, hətta "məxfilik tam qorunur", "rəhbərlə uyğunlaşdırılır", "antiplagiatdan yüksək faiz keçir" kimi vədlərlə müştəri cəlb etməyə çalışırlar. Mütəxəssislər hesab edirlər ki, bu tendensiya təkcə akademik etikaya deyil, həm də elmi nüfuza ciddi zərbə vurur. Çünki sifarişlə yazılmış işlərin müdafiə olunması nəticəsində real biliyə və tədqiqat bacarığına malik olmayan şəxslər elmi dərəcə əldə edir, gələcəkdə isə müəllim, alim və ya mütəxəssis kimi fəaliyyət göstərirlər. Bu isə həm təhsilin keyfiyyətini aşağı salır, həm də cəmiyyətdə "elm zəhmətlə deyil, pulla əldə olunur" düşüncəsinin formalaşmasına səbəb olur. Digər tərəfdən, illərlə araşdırma aparan, gecə-gündüz çalışaraq öz elmi işini hazırlayan tələbə və tədqiqatçılar üçün də bu vəziyyət ciddi ədalətsizlik yaradır. Məsələnin daha təhlükəli tərəfi isə ondan ibarətdir ki, sifarişlə yazılan elmi iş bazarı artıq sistemli və gəlirli bir sahəyə çevrilməkdədir. Bəzi elanlarda işlərin qiyməti, hazırlanma müddəti, istifadə olunan mənbələrin sayı və hətta "elmi rəhbərin tələblərinə uyğun düzəliş" xidmətləri belə açıq şəkildə göstərilir. Bu da göstərir ki, problem tək-tək hallarla məhdudlaşmır və artıq geniş yayılmış sosial problemə çevrilib. Xüsusilə gənclər arasında "əsas diplomdur" düşüncəsinin yayılması, akademik məsuliyyət hissinin zəifləməsi və asan qazanc meyilləri bu prosesi daha da sürətləndirir. Bütün bunların fonunda əsas sual ortaya çıxır: Elmi işlərin sifarişlə yazılması niyə bu qədər geniş yayılıb? Tələbələri və magistrantları buna sövq edən səbəblər hansılardır? Təhsil müəssisələri və aidiyyəti qurumlar bu halların qarşısını almaq üçün hansı addımları atmalıdır? Akademik etikanın qorunması üçün nə etmək lazımdır? Mövzu ətrafında aparılan müzakirələr göstərir ki, problem yalnız qanun və nəzarətlə deyil, həm də təhsil sistemində məsuliyyət, vicdan və elmin həqiqi dəyəri ilə bağlı yanaşmanın dəyişməsi ilə həll oluna bilər.

Mövzu ilə bağlı suallarımızı "ELM" İctimai birliyinin sədri, təhsil eksperti Səbuhi Abdullayev cavablandırıb: "Təəssüf ki, son dövrlərdə bu problemlə çox ciddi şəkildə qarşılaşırıq. İlk növbədə qeyd etmək istərdim ki, sosial şəbəkələr vasitəsilə tələbələr müəyyən mənada aldadılırlar. Belə ki, heç bir elmi məntiqi ardıcıllığa uyğun olmayan, akademik tələbləri tam bilməyən şəxslər kurs, diplom və dissertasiya işlərinin yazılması ilə bağlı elanlar paylaşırlar. Nəticədə isə tələbələr həm maddi, həm də akademik baxımdan zərər görürlər. Bəzi hallarda isə fırıldaqçılıq halları ilə rastlaşırıq. Belə şəxslər tələbələrə müəyyən tarixə qədər işi tam hazır şəkildə təhvil verəcəklərini vəd edir, əvvəlcədən ödəniş alırlar, lakin sonradan onların nə telefonlarına zəng çatır, nə də sosial şəbəkə hesablarına. Bununla bağlı müxtəlif şikayətlər də daxil olur. Digər tərəfdən, kurs və buraxılış işlərinin sifarişlə yazdırılması son dövrlərdə geniş yayılmış bir problemə çevrilib. Təəssüf ki, bəzi tələbələr bu işlərə vaxt ayırmaq istəmir, araşdırma aparmaqdan yayınırlar. Onlar bu sahə ilə məşğul olan şəxslərlə əlaqə saxlayır və işi tamamilə başqalarına həvalə edirlər. Lakin nəticədə istənilən uğuru əldə edə bilmirlər. Çünki həmin işlərin məzmununa dərindən bələd olmurlar və xüsusilə müdafiə mərhələsində ciddi çətinliklərlə qarşılaşırlar. Düşünürəm ki, bu problemin qarşısının alınması üçün universitetlər daha ciddi nəzarət mexanizmləri tətbiq etməlidirlər. Buraxılış və elmi işlərin hazırlanması prosesi mütəmadi şəkildə izlənilməli, tələbələrlə davamlı görüşlər və yoxlamalar keçirilməlidir. Elə tələbələr var ki, elmi rəhbərlərinin çağırışlarına cavab vermir, universitetə gəlmir və tədqiqat prosesi ilə məşğul olmurlar. Bu isə son nəticədə həm onların öz akademik inkişafına, həm də ümumilikdə elmi tədqiqat mühitinə mənfi təsir göstərir. Hesab edirəm ki, problemin qarşısını almaq üçün ali təhsil müəssisələri bu istiqamətdə daha effektiv və ciddi tədbirlər həyata keçirməlidirlər".

Mövzunu təhsil üzrə ekspert Məzahir Məmmədli də şərh edib. Ekspert bildirib ki, bu məsələ son dövrlərdə daha ciddi şəkildə gündəmə gəlməyə başlayıb və açığı, vəziyyət kifayət qədər narahatedicidir. Çox qəribə və düşündürücü məqam ondan ibarətdir ki, bu gün Azərbaycan elmi və təhsili eyni anda iki fərqli təhlükə ilə üz-üzə qalıb. Bir tərəfdən süni intellektdən sui-istifadə halları artır, digər tərəfdən isə sosial şəbəkələrdə açıq şəkildə plagiat və sifarişlə elmi iş yazılması xidmətləri reklam olunur. Ən diqqətçəkən məqam isə budur ki, bu elanları paylaşan şəxslər gizli fəaliyyət göstərmirlər. Əksinə, öz adları, şəxsi profilləri və sosial media hesabları vasitəsilə açıq şəkildə "dissertasiya yazılır", "elmi məqalə hazırlanır", "antiplagiatdan keçən işlər", "hazır diplom işi" kimi reklamlar edirlər. Faktiki olaraq bu fəaliyyət artıq müəyyən bir şəbəkəyə çevrilib. Təəccüblü məqam isə odur ki, bu qədər açıq fəaliyyət göstərmələrinə baxmayaraq, aidiyyəti qurumlar tərəfindən ciddi müdaxilə və ya nəzarət mexanizmləri görünmür. Bu məsələ bəlkə də birbaşa kibercinayət kimi qiymətləndirilməyə bilər, amma mahiyyət etibarilə elmə, təhsilə və akademik mühitə çox ciddi müdaxilədir. Çünki burada söhbət təkcə hansısa tələbənin köçürmə etməsindən getmir. Burada artıq elmi nüfuzun, akademik dürüstlüyün və cəmiyyətin gələcək intellektual potensialının zədələnməsindən söhbət gedir.

"Bu gün universitetlər, akademiyalar, elmi müəssisələr  daim bildirirlər  ki, onların müasir antiplagiat proqramları var və bütün elmi işlər ciddi yoxlanılır. Ancaq ortaya haqlı bir sual çıxır: Əgər vəziyyət həqiqətən bu qədər nəzarət altındadırsa, bəs sosial şəbəkələrdə açıq şəkildə reklam edən, böyük şəbəkələr quran və bundan ciddi gəlir əldə edən şəxslər necə fəaliyyət göstərə bilirlər? Necə olur ki, onların hazırladığı işlər çox rahat şəkildə antiplagiat sistemlərindən keçir? Deməli, burada artıq təkcə tələbə məsuliyyətsizliyindən yox, sistemli boşluqlardan və nəzarət mexanizmlərindəki problemlərdən danışmaq lazımdır. Məsələ yalnız yerli tələbələrlə də məhdudlaşmır. Bildiyim qədərilə, bəzi xarici vətəndaşlar, xüsusilə İrandan gəlib burada təhsil alan və müdafiə edən şəxslər də məhz bu cür yollarla diplom və elmi dərəcə əldə etməyə çalışırlar. Bu isə artıq beynəlxalq müstəvidə də ölkənin təhsil və elm nüfuzuna zərbə vuran məsələdir. Çünki nəticədə Azərbaycanın elmi mühiti ilə bağlı mənfi təsəvvür formalaşa bilər. Hesab edirəm ki, bu, həm ölkəmizin adına, həm də Azərbaycan elminə və təhsilinə müəyyən mənada ləkə gətirən hallardır. Ən təhlükəli tərəflərdən biri isə odur ki, bu proses gənclər arasında sürətlə normallaşır. Sosial şəbəkələrdə belə elanları görən bəzi tələbələr düşünürlər ki, elmi iş yazmaq, araşdırma aparmaq, kitab oxumaq və zəhmət çəkmək vacib deyil. Pul ödəməklə hər şeyi həll etmək mümkündür. Bu isə uzun müddətdə gənclərdə həm savadsızlıq, həm məsuliyyətsizlik, həm də ciddi intellektual geriləmə yaradır. Sabah həmin şəxslər əmək bazarına daxil olduqda öz ixtisasları üzrə real bilik və bacarıqlara malik olmadıqları üçün problemlərlə üzləşəcəklər. Nəticədə isə həm fərdi, həm də ictimai səviyyədə ciddi problemlər ortaya çıxacaq. Düşünürəm ki, artıq bu məsələ ilə bağlı ciddi SOS siqnalı verilməlidir. Aidiyyəti dövlət qurumları, universitetlər, elm və təhsil müəssisələri gec olmadan bu istiqamətdə daha sərt və effektiv addımlar atmalıdırlar. Eyni zamanda cəmiyyət də bu təhlükənin fərqinə varmalıdır. Çünki burada söhbət yalnız bir neçə sifarişlə yazılan diplom işindən getmir. Burada söhbət gələcək nəslin düşüncə tərzindən, ölkənin elmi potensialından və təhsilin nüfuzundan gedir. Hesab edirəm ki, bu cür müzakirələr genişləndirilməli, ictimai diqqət artırılmalı və heç olmasa bu təhlükəli tendensiyanın qarşısını almaq üçün ciddi maarifləndirmə aparılmalıdır", - deyə təhsil eksperti sonda vurğulayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31