Müasir əmək bazarının yeni qaydaları: Diplom, yoxsa peşəkarlıq?
16:16 SosialRamin Nurəliyev: "Bilik və bacarığı olmayan şəxsin 5 diplomu olsa da, faydası yoxdur"
Artıq uğurun tək ölçüsü universitet diplomu hesab olunmur. Texnologiyanın sürətli inkişafı, əmək bazarının dəyişən tələbləri və yeni peşələrin yaranması göstərir ki, insanın real dəyərini yalnız aldığı diplom deyil, sahib olduğu bacarıqlar, təcrübə və nəticələr müəyyən edir. Bu gün dünyanın bir çox tanınmış sahibkarları, proqramçıları, dizaynerləri və yaradıcı peşə sahibləri məhz öz üzərində işləyərək, praktiki biliklər qazanaraq və fərqli düşüncə tərzi ilə böyük uğurlar əldə ediblər. Xüsusilə gənclər arasında artıq "Diplom olmadan uğur qazanmaq mümkündürmü?" sualı daha çox müzakirə olunur. Bir tərəfdən universitet təhsili insanın dünyagörüşünü formalaşdırır, nəzəri baza yaradır və müəyyən sahələrdə vacib rol oynayır. Digər tərəfdən isə əmək bazarında işəgötürənlər getdikcə daha çox real iş bacarıqlarına, problem həll etmə qabiliyyətinə, yaradıcılığa və praktiki təcrübəyə önəm verməyə başlayırlar. Bir çox şirkətlər üçün namizədin nə qədər savadlı və çevik olması, hansı layihələr üzərində işləməsi və hansı nəticələr əldə etməsi diplomdan daha təsirli görünür. Rəqəmsal dünyanın imkanları da bu prosesi sürətləndirib. Artıq insanlar onlayn kurslar, peşə təlimləri, sertifikat proqramları və şəxsi inkişaf platformaları vasitəsilə qısa müddətdə yeni peşələr öyrənə, portfoliolar formalaşdıra və beynəlxalq bazarda çalışma şansı qazana bilirlər. Xüsusilə proqramlaşdırma, qrafik dizayn, rəqəmsal marketinq, video montaj, SMM, satış və sahibkarlıq kimi sahələrdə diplomdan daha çox nəticə və bacarıq ön plana çıxır. Bununla belə, məsələ yalnız diplomun olub-olmamasında deyil.
Bəs diplom olmadan uğur qazanan gənclərin əsas üstünlükləri nələrdir? Əmək bazarında praktiki bacarıqlar diplomdan daha vacibdirmi? Hansı sahələrdə diplomdan kənar uğur qazanmaq daha realdır?

Mövzu ilə bağlı Olaylar.az-a danışan ixtisas seçimi və gələcək karyera üzrə mütəxəssis, təhsil üzrə ekspert Ramin Nurəliyev sualları cavablandırıb: "Əslində diplom bir vasitədir. Yəni bunu xatırlayırsınızsa, cənab Prezident də bu istiqamətdə çox mühüm bir fikir səsləndirmişdi. Qeyd etmişdi ki, gənclərin diplomunun olması o demək deyil ki, onlar əmək bazarında mütləq müəyyən mövqe tuta biləcəklər. Diplom bu gün əmək bazarına çıxış üçün sadəcə bir vasitədir. Əsas məsələ insanın bilik və bacarığıdır. Yalnız həmin bilik və bacarıq sayəsində əmək bazarında özünə yer tuta bilər. Bu gün artıq bu reallığı açıq şəkildə görürük. Avropanın inkişaf etmiş ölkələrində də müşahidə olunur ki, ali təhsili olmadan əmək bazarında uğur qazanan insanlar kifayət qədərdir. Eyni zamanda bəzi peşə sahələri var ki, orada çalışan mütəxəssislər ali təhsil alan şəxslərdən daha yüksək gəlir əldə edə bilirlər. Bunun səbəbi isə onların öz sahələrini mükəmməl bilmələridir. Bu gün kapitalizm cəmiyyəti rəqabəti sevir. Əgər sən öz sahəndə başqalarından daha bilikli və bacarıqlısansa, əmək bazarında mütləq mövqe tuta biləcəksən. Yox əgər bilik və bacarığın yoxdursa, istər bir diplomun olsun, istər beş diplomun - bunun ciddi faydası olmayacaq. Bugünkü reallıq məhz bundan ibarətdir. Ona görə də gənclər düşünməməlidir ki, sadəcə diplom almaq onları avtomatik şəkildə uğura aparacaq. Xeyr. Məsələn, baytarlıq kimi bəzilərinin zəif hesab etdiyi bir ixtisası belə mükəmməl bilən insan əmək bazarında öz yerini rahat şəkildə tapa bilir. Çünki həmin şəxs öz sahəsinin incəliklərini bilir və peşəkar xidmət göstərə bilir".
Ekspert bildirib ki, bu gün dünyada beynəlxalq təşkilatlar və qurumlar tərəfindən verilən sertifikatlar da böyük əhəmiyyət daşıyır. Həmin sertifikatları əldə edən şəxslər əmək bazarına daha rahat qoşula bilirlər. Bu isə bir daha göstərir ki, əsas tələb bilik və bacarıqdır. Diplom olmadan da bu bilik və bacarıqları əldə etmək üçün imkanlar kifayət qədər genişdir. Bu gün əmək bazarına qoşulmaq istəyən gənclər diplomla yanaşı özlərini əlavə şəkildə inkişaf etdirməlidirlər. Universitetdə oxuduqları müddətdə praktiki biliklərini artırmalı, təcrübə proqramlarına qoşulmalı və əlavə kurslarda iştirak etməlidirlər. Məsələn, mühasibatlıq ixtisasında oxuyan tələbə əlavə olaraq mühasibat proqramlarını və vergi hesabatlarını öyrənməlidir. Tələbə düşünməməlidir ki, universitet təhsili təkbaşına kifayət edəcək. Bu gün artıq belə deyil. Beynəlxalq təcrübədə də vəziyyət eynidir. Universitetdə oxuyan şəxs özünü əlavə şəkildə inkişaf etdirmirsə, peşəkar səviyyəyə çatması çox çətin olur. Çünki müasir əmək bazarı yalnız diplom deyil, real bacarıq tələb edir. Bəli, diplom lazımdır. Amma diplomu olmadan da uğur qazanan insanlar az deyil. Məsələn, peşə sahələrində bunu açıq şəkildə görmək mümkündür. Öz işini mükəmməl bilən avtomobil ustası bəzən ali təhsilli şəxsdən daha çox gəlir əldə edə bilir. Çünki o, öz peşəsinin bütün incəliklərini bilir və yüksək səviyyədə xidmət göstərə bilir. Xüsusilə IT sahəsində diplomdan kənar uğur imkanları daha genişdir. Bu sahədə beynəlxalq səviyyədə tanınan sertifikat proqramları mövcuddur. Həmin proqramları uğurla bitirən şəxslər dünyanın müxtəlif ölkələrində rahat şəkildə işləyə bilirlər. Bizdə də bu istiqamətdə fəaliyyət göstərən qurumlar var. Məsələn, Step Academy və Code Academy kimi təhsil müəssisələri müəyyən proqramlar təqdim edir və həmin proqramları bitirən şəxslərə beynəlxalq səviyyədə tanınan sertifikatlar verilir. Təbii ki, peşə kursları və sertifikat proqramları universitet təhsilini tam əvəz edə bilməz. Ən ideal variant ali təhsil almaqla yanaşı, əlavə kurs və sertifikat proqramlarında iştirak etməkdir. Bu, insanın inkişaf strategiyasını daha güclü formalaşdırır. Bu gün işəgötürənlər artıq təkcə diploma baxmırlar. Onlar şəxsin öz sahəsi üzrə real bilik və bacarığını qiymətləndirirlər. Əgər həmin şəxs öz ixtisasını yaxşı bilirsə, əmək bazarında ona yer tapılır. Əks halda isə diplomun olması vəziyyəti dəyişmir. Məsələn, bu gün ali təhsil müəssisəsini bitirən minlərlə gənc var. Amma dövlət qulluğu imtahanlarının nəticələrinə baxdıqda görürük ki, çox az hissə uğur qazana bilir. Bunun əsas səbəbi universitet dövründə bilik və bacarıqların kifayət qədər inkişaf etdirilməməsidir. Eyni vəziyyəti pedaqoji sahədə də görmək mümkündür. Pedaqoji ixtisası bitirən bəzi şəxslər MİQ imtahanına hazırlıq kursuna getmədən daxil olmağa çətinlik çəkirlər. Çünki universitet illərində öz ixtisaslarını dərindən mənimsəməyiblər. Bu problem yalnız bir sahəyə aid deyil. IT, iqtisadiyyat, maliyyə, tibb və digər istiqamətlərdə də eyni vəziyyət müşahidə olunur. Tibb universitetini bitirən hər kəs peşəkar həkim olmur. Öz üzərində çalışan, praktiki biliklərini inkişaf etdirən insanlar əmək bazarında uğur qazanırlar. Digərləri isə rəqabətdən kənarda qalırlar. Bu gün cəmiyyətin əsas tələbi diplomla yanaşı, öz sahəsinin peşəkarı olmaqdır. Əgər insan öz sahəsini mükəmməl bilirsə, diplomu olmasa belə əmək bazarında müəyyən mövqe tuta bilər. Amma diplomu olub, bilik və bacarığı olmayan şəxsin uğur qazanması çox çətindir.
"Bu gün dövlət qurumlarında da, özəl sektorda da kifayət qədər vakansiyalar mövcuddur. Amma həmin vakansiyalara müraciət edən şəxslərin nəticələrinə baxdıqda çox zaman zəif göstəricilər ortaya çıxır. Çünki gənclərin bir hissəsi özünü inkişaf etdirmir, təkmilləşdirmir. Əslində iş imkanları var. Sadəcə olaraq əmək bazarı artıq daha hazırlıqlı, daha peşəkar insan tələb edir. Öz sahəsini yaxşı bilən insan işsiz qalmır. Məsələn, təhsil sahəsində qanunvericiliyi yaxşı bilən, iqtisadiyyat və maliyyə proqramlarını peşəkar səviyyədə mənimsəyən, vergi hesabatlarını hazırlamağı bacaran şəxslər əmək bazarında rahat şəkildə iş tapa bilirlər. Amma yalnız diplomu əldə edib heç bir əlavə inkişaf yolu keçməyən şəxslər sonradan "iş yoxdur" deyə şikayət edirlər. Əslində isə problem əmək bazarında deyil, şəxsin özünü kifayət qədər inkişaf etdirməməsindədir. Ona görə də gənclər hansı ixtisasda oxumasından asılı olmayaraq, mütləq şəkildə öz sahələrinin ən yaxşılarından biri olmağa çalışmalıdırlar. İstər prestijli hesab olunan ixtisas olsun, istər zəif hesab olunan sahə - fərq etmir. Əsas məsələ həmin sahəni peşəkar səviyyədə bilməkdir. Bu gün diplomdan kənar uğur xüsusilə IT və peşə sahələrində daha geniş müşahidə olunur. Həmin sahələrdə praktiki bilik və bacarıq çox böyük rol oynayır. İşəgötürənlər üçün əsas meyar artıq diplom deyil, insanın nə bildiyi və nə bacardığıdır. Öz sahəsini yaxşı bilən insan əmək bazarında həmişə özünə yer tapa bilir", - deyə təhsil eksperti vurğulayıb.
Səidə Ramazanova