İrəvanda siyasi hesablaşma: Koçaryan faktoru seçkilərə necə təsir edəcək? ÖZƏL

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, "1 mart" işi bütün təfərrüatları ilə açılıb və keçmiş prezident Robert Koçaryan hüquqi məsuliyyətə cəlb olunmalıdır. Paşinyanın sözlərinə görə, Koçaryanın azadlıqda qalması Ermənistanda ədalətli məhkəmə sisteminə inamı sarsıdır. O qeyd edib ki, məsələlərin şəxsi yox, institusional səviyyədə həll olunmasını istəyir.

Paşinyanın seçkiqabağı dönəmdə "1 mart" məsələsini yenidən gündəmə gətirməsi hansı siyasi məqsədlərə hesablanıb? Robert Koçaryan ətrafında aparılan müzakirələr Ermənistanın daxili siyasi balansına və qarşıdakı seçkilərə necə təsir edə bilər?
Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib:
" Ümumiyyətlə, indiki məqamda Robert Koçaryan və Serj Sarkisyanın həbsi gündəmdədir və hesab edirəm ki, bu məsələ baş tutacaqdır. Burada iki önəmli faktor var.
Birincisi və ən təbii faktor Ermənistanda qarşıdan gələn parlament seçkiləridir. Məlum olduğu kimi, müxalifətin başlıca namizədi Robert Koçaryandır. Robert Koçaryan əgər seçkiyə qatıla bilməzsə, Paşinyana ümumiyyətlə rəqib olmayacaq və o da təkbaşına iqtidar ola biləcəkdir. Koçaryan olsa belə, yenə qalib gələcək. Amma artıq bundan sonra Rusiyanın dəstəklədiyi qüvvələr aktivləşir.
Seçkidən sonra iğtişaşlar baş verə bilər ki, Paşinyan bütün neqativ məqamları ortadan qaldırmaq istəyir. Nəzərə almaq lazımdır ki, o, inqilab fonunda hakimiyyətə gəlib. Yəni bu tip ssenariləri yaxşı bilir. Ətrafındakı texnokratlar da əslində bu məsələdə ona olduqca dəstək verdikləri üçün başa düşürlər ki, vəziyyət tam olaraq nədən ibarətdir.
İkinci məsələ Azərbaycan faktorudur. Rəsmi Bakının konkret gözləntisi və ya tələbi olmasa belə, Serj Sarkisyan və Robert Koçaryanın həbs edilməsi və azərbaycanlılara qarşı işlədikləri cinayətlərə görə mühakimə olunmasını istəyir. Böyük ehtimalla, ya seçkidən öncə, ya da seçkidən sonra bu şəxslərin həbs edilməsindən qaçış olmayacaq və onların mühakiməsində azərbaycanlılara qarşı işlədikləri cinayətlər də öz əksini tapacaqdır.
Bu, prinsip etibarilə Paşinyanın işinə də yarayan məsələdir. Hətta bunu Bakıya qarşı bir jest kimi də təqdim edə bilər və münasibətlərin normallaşmasında hesab edirəm ki, çox mühüm məsələ ola bilər".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31