Kanalizasiya kollektorları üzərində tikilən 3 mindən çox evin aqibəti necə olacaq?
14:50 Sosial"Azərbaycanda kanalizasiya kollektorları və digər strateji ərazilərdə inşa edilən fərdi yaşayış evlərinin sayı dəqiq müəyyən olunmasa da, mövcud ehtimallar vəziyyətin kifayət qədər ciddi olduğunu göstərir".
Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, sənədsiz tikililərin geniş yayıldığı ərazilərdə bu problem daha qabarıq şəkildə özünü göstərir:
"Ölkə üzrə təxminən 600 minə yaxın sənədsiz ev mövcuddur və onların təxminən 10 faizi qanunvericiliyə görə tikintisinə icazə verilməyən ərazilərdə yerləşir. Buraya magistral boru xətləri, yüksək gərginlikli elektrik xətləri, sürüşmə zonaları və digər strateji əhəmiyyətli sahələr daxildir.
Bəzi hallarda torpağın təyinatını dəyişdirməklə və ya sonradan sənədləşdirmə aparmaqla tikilinin qanunsuzluğu müəyyən qədər aradan qaldırıla bilir. Lakin elə ərazilər var ki, burada inşa edilən evlərin leqallaşdırılması ümumiyyətlə mümkün deyil. Xüsusilə kanalizasiya kollektorlarının üzərində, mühəndis kommunikasiya xətlərinin keçdiyi zonalarda və strateji dövlət obyektlərinin yaxınlığında tikilən evlər tam qanunsuz hesab olunur və onların sökülməsi qaçılmazdır.
İlkin hesablamalara əsasən, təkcə Abşeron yarımadasında kanalizasiya kollektorlarının üzərində yerləşən evlərin sayı 3 mindən çox ola bilər. Bununla belə, dəqiq rəqəmlərin müəyyənləşdirilməsi üçün mühəndis-kommunikasiya xətlərinin topoqrafik xəritələrinin detallı təhlilinə ehtiyac olduğu vurğulanır".
Vüqar Oruc əlavə edib ki, indiyədək fərdi yaşayış evlərinin inşası zamanı bu cür xəritələrə lazımi diqqət yetirilməyib:
"Lakin bundan sonra aidiyyəti dövlət qurumlarının məhz bu məlumatlara əsaslanaraq monitorinqlər aparacağı və hansı evlərin kollektor üzərində və ya riskli zonada yerləşdiyini dəqiqləşdirəcəyi gözlənilir.
Belə tikililərin mövcudluğu ciddi təhlükələr yaradır. Kanalizasiya xətlərində qəza, torpaq sürüşməsi və ya su sızması hallarında bu evlər birbaşa risk altına düşür. Üstəlik, problem təkcə həmin evlərlə məhdudlaşmır - ətrafdakı digər yaşayış sahələri üçün də təhlükə yaranır.
Hesablamalara görə, əgər bu cür riskli ərazilərdə yerləşən evlərin sayı təxminən 1500-1600 civarında götürülsə və hər evdə orta hesabla 3-4 nəfərin yaşadığı nəzərə alınsa, həmçinin ətrafdakı digər evlərin də təsirə məruz qalacağı ehtimal edilsə, ümumilikdə 30-35 min nəfərin bu riskdən zərər görə biləcəyi istisna edilmir.
Məsələnin hüquqi tərəfinə gəldikdə isə vurğulanır ki, bu tikililərin böyük əksəriyyəti sənədsiz olduğuna görə rəsmi kompensasiya mexanizmi tətbiq edilmir. Yəni dövlətin birbaşa kompensasiya ödəmək öhdəliyi yoxdur. Bununla belə, fövqəladə hallar zamanı dəyən ziyanın qiymətləndirilməsi və müəyyən sosial dəstək tədbirlərinin görülməsi mümkündür. Bəzi hallarda vətəndaşlara alternativ yaşayış yerlərinin təqdim edilməsi də istisna edilmir.
Əgər belə riskli ərazilərdə yerləşən evlərə çıxarış verildiyi hallarla rastlaşarsa, bu artıq ciddi qanun pozuntusu kimi araşdırılmalıdır. Çünki strateji zonalarda yerləşən tikililərin rəsmiləşdirilməsi qanunvericiliyə zidd hesab olunur.
Problemin həlli üçün həm nəzarət mexanizmləri gücləndirilməli, həm də gələcəkdə bu kimi qanunsuz tikililərin qarşısının alınması istiqamətində daha sərt addımlar atılmalıdır".