Yeni süni intellekt tətbiqi MÜBAHİSƏ yaratdı - “Bu səlahiyyət yalnız həkimə məxsusdur”
17:38 SosialSəhiyyə sahəsində süni intellektin rolu getdikcə genişlənir və bu proses artıq praktik tibbi qərarlara da sirayət etməyə başlayıb. ABŞ-nin Yuta ştatında həyata keçirilən yeni pilot layihə bu baxımdan diqqət çəkir. Layihə çərçivəsində xroniki xəstəliklərdən əziyyət çəkən pasiyentlərin müntəzəm istifadə etdiyi 190 adda dərmanın reseptinin süni intellekt sistemi vasitəsilə yenilənməsinə icazə verilib.
Ölkə üzrə ilk olan bu təşəbbüs "Doctronic" adlı səhiyyə texnologiyaları şirkəti ilə birgə icra olunur. Sistemin əsas məqsədi tibbi xidmətlərə çıxışı daha çevik etmək, xərc yükünü azaltmaq və artıq ciddi təzyiq altında çalışan səhiyyə işçilərinin işini qismən yüngülləşdirməkdir. İlkin mərhələdə hər resept yenilənməsi üçün 4 dollar ödəniş nəzərdə tutulsa da, gələcəkdə bu xidmətin sığorta paketlərinə daxil edilməsi və ya illik sabit ödəniş modeli ilə təqdim olunması planlaşdırılır.
Bununla belə, sui-istifadə riski yüksək olan bəzi dərman qrupları - o cümlədən güclü ağrıkəsicilər və DEHB preparatları - sistemin əhatə dairəsindən kənarda saxlanılıb.
"Doctronic"in açıqladığı məlumata görə, süni intellektin verdiyi qərarlar həkimlərin qərarları ilə 99,2 faiz uyğunluq təşkil edir. Rəqəmlər yüksək dəqiqliyi göstərsə də, tibbi müdaxilələrdə ən kiçik yanlışlığın belə ciddi fəsadlara yol aça bilməsi bu texnologiyanın etibarlılığı ətrafında müzakirələri daha da aktuallaşdırır.
Bu sistemin Azərbaycanda da tətbiqi mümkündürmü? Süni intellektin resept yenilənməsi kimi tibbi qərarlarda iştirak etməsi nə dərəcədə etibarlıdır və hansı hallarda risk yarada bilər?
Həkim-cərrah, professor Adil Qeybulla mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:
"Ümumiyyətlə, müxtəlif kibernetik sistemlər və proqramlar mövcuddur ki, bunlar tibdə müxtəlif diaqnostik vasitələr kimi istifadə olunur. Əslində, bu sistemlərin böyük əksəriyyəti alqoritmlərə əsaslanır. Minimum tələb odur ki, həmin alqoritmlərin statistik etibarlılıq dərəcəsi yüksək olsun ki, kibernetik sistem düzgün və müsbət nəticə versin. Bu baxımdan proqramlara daxil edilən verilənlər bazasının nə dərəcədə optimal olması çox vacibdir. Ona görə də bu tip proqramlar əsasən həkimə köməkçi vasitə rolunu oynayır. Məsələn, dərmanların yeniləri ilə əvəzlənməsi məsələsi də məhz bu verilənlər bazasında həll olunur: hansı dərmanın hansı situasiyada digəri ilə əvəz oluna biləcəyi sistemdə göstərilir. Eyni zamanda, xəstələr məlumatları bazadan əldə edə biləcəklər, mütəxəssislər də həmin informasiyanı oradan rahatlıqla tapa bilir".
Həkim qeyd edib ki, istənilən tibbi qərar həkimin nəzarəti altında verilməlidir:
"Süni intellekt və digər kibernetik sistemlər nə qədər inkişaf etsə də, həkim hələ də xəstəyə təyinat verən, müdaxilə edən və məlumatları ümumiləşdirən əsas şəxsdir. Bu səlahiyyət yalnız həkimə məxsusdur; əks halda, belə proqramların istifadəsi məqsədəuyğun olmaz, yəni ChatGPT və ya digər diaqnostik proqramlar dərmanları apteklərdən alıb istifadə edə bilməz. Tibdə belə bir şey işləməz, çünki təbabət böyük və kompleks elmdir. Xəstəliklərin kəskin və xroniki halları, müalicə kriteriyaları və digər tibbi qərarlar həkim tərəfindən müəyyən olunur.
Əlbəttə ki, süni intellekt və digər yardımçı proqramlar da öz yerində çox faydalıdır və həkimə yardımçı vasitə kimi xidmət edir".
Həkim-ekspert Şahvələd Məmmədov da mövzu ilə bağlı fikrini bölüşüb:
"İnsanların süni intellektlə müalicə etməsi çox ciddi fəsadlara gətirib çıxarıb. Süni intellekt səhiyyədə özünü yüz faiz doğrultmayıb, yalnız 60-65 faiz, belə bir statistik rəqəm var. O ki qaldı xroniki xəstələrin AI ilə idarə olunmasına, təbii ki, bizdə elektron resept sistemi tam oturuşmamış bir vəziyyətdədir. Elektron resept sistemi tam oturuşandan sonra gələcəkdə dünyəvi prinsiplərdən biz də yararlanacağıq".