Mühit və Vicdan: İnsan Nə Zaman Korlanır?- ÖZƏL

Bəzən böyük həqiqətlər gündəlik, adi hadisələrin içində gizlənir. Keyfiyyətli qoz, fındıq, badəm və bahalı şokoladdan ibarət bir qutunun aylarla evin bir küncündə unudulması və zamanla içindən qurdların çıxması məhz belə bir hadisədir. Əşya dəyişmədi, onun mahiyyəti dəyişmədi. Dəyişən yalnız mühit idi. Amma nəticə tam fərqli oldu.
Əgər həmin şokolad vaxtında soyuducuya yerləşdirilsəydi, bu gün də olduğu kimi qalardı. Deməli, dəyərin taleyini onun özü yox, saxlandığı mühit müəyyən edir. Bu sadə fiziki həqiqət insan haqqında düşünəndə daha ağır və daha məsuliyyətli bir sual doğurur: insan nə zaman korlanır?
İnsan doğulduğu an nə şərəfsizdir, nə də yalançı. O, potensialdır. Vicdan, mərhəmət, dürüstlük toxumları onun içində mövcuddur. Lakin bu toxumların cücərməsi üçün uyğun mühit lazımdır. Əks halda, onlar quruyur, çürüyür və yerini başqa keyfiyyətlər tutur. Bu, insanın seçimi kimi görünə bilər, amma çox vaxt bu, mühitin diktəsidir.
Ədalətsizliyin normal sayıldığı, yalanın cəzasız qaldığı, vicdanın zəiflik kimi qəbul edildiyi bir mühitdə insan tək qalır. O, seçim qarşısında deyil, uyğunlaşma məcburiyyəti qarşısındadır. Belə şəraitdə şərəf yükə, doğruluq isə təhlükəyə çevrilir. İnsan yaşamaq üçün dəyişir, amma bu dəyişmə inkişaf yox, aşınmadır.
Fəlsəfə tarixində insanın "pisliyə meyilli" olması tez-tez müzakirə olunub. Lakin unudulan bir məqam var: insan pisliyə yox, mühitə uyğunlaşmağa meyillidir. O, daxil olduğu sistemin qaydalarını mənimsəyir, orada qalmaq üçün öz daxili səslərini susdurur. Vicdan səs salanda isə ona "reallıqdan uzaq" deyilir.
Yaxşı mühit insanı qəhrəman etmir, sadəcə onu özünü itirməyə məcbur etmir. Belə mühitdə dürüstlük risk deyil, normadır; vicdan yük yox, dayaqdır. İnsan burada "yaxşı olmaq" üçün mübarizə aparmır, çünki pis olmaq ona fayda vermir. Bu mühit insanın daxilində olan dəyərləri qoruyur - eynilə soyuducunun şokoladı qoruduğu kimi.
Ən təhlükəli yanlışlıq isə insanı mühakimə edib mühiti toxunulmaz elan etməkdir. "İnsanlar niyə belədir?" sualı asan sualdır. Çətin sual isə budur: biz onları hansı şəraitdə saxladıq? Çünki qurd düşmüş şokoladı qınamaq absurddur; məsuliyyət onu istidə qoyandadır.
Bu səbəbdən etik məsuliyyət yalnız fərdin üzərində dayanmır. Cəmiyyət, dövlət, təhsil sistemi, idarəetmə mədəniyyəti - hamısı insanın mənəvi temperaturunu müəyyən edən amillərdir. Əgər bu temperatur yüksəkdirsə, ən sağlam dəyərlər belə çürüyür.
İnsan islah olunmaq üçün deyil, qorunmaq üçün yaradılıb. Onu qoruyan isə təkcə qanun yox, ədalətli mühit, mənəvi norma və nümunədir. Mühit adekvat şəkildə formalaşmadıqca, yalnız fərdi vicdan amilindən sistemli və davamlı nəticələr gözləmək real yanaşma hesab oluna bilməz. Dayanıqlı və sağlam nəticələr üçün institusional mühitin, dəyərlər sisteminin və məsuliyyət mexanizmlərinin paralel şəkildə inkişafı zəruridir.

Zahid Fərrux Məmmədov 
İqtisad elmləri doktoru, professor, Əməkdar müəllim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31