Tənhalığın hekayəsi və ruhun dərinliyinə səyahət- Züleyxa Nadir yazır

Züleyxa NADİR

Yazıçı, millət vəkili  İmamverdi İsmayılovun "Labirint" povesti haqqında düşüncələrim...

Hörmətli İmamverdi müəllim!

"Sübh tezdən bir əlçim gün işığına oyanıb..." cümləsi ilə başlayan  "Labirint"i  birnəfəsə oxudum. Və oxuya-oxuya özüm də "Labirint"in içinə düşdüm. Hər sətirdə qəhrəmanın düşüncələri, içində dolaşdığım bir şəhər, bir gecə və bir yağış vardı. Sanki hər addımda onun qorxularını, hər küncdə unutduğumuz xatirələri, hər damla yağışda həyatın izlərini hiss edirdim. Oxuduqca qəlbim də onunla birlikdə sayır, düşünür və susurdu. 
Əsər ruhumun ən qaranlıq qatlarına enən ağır, sarsıdıcı və çoxqatlı bir mətn təsiri bağışladı mənə. Oxuduqca hiss  edirdim ki, məqsədiniz yalnız bir xəstəliyi göstərmək olmayıb. Burada tənha insanın daxilən çürüməsi, qorxuları, ölüm hissi, yaddaş və vicdan yükünü bədii dillə açmaq olub. Siz psixoloji gərginliyi elə canlı vermisiniz ki, yaratdığınız qəhrəman oxucunun beyninin içində dolaşır, onun hər nəfəsini, titrəyən əzələsini, çaşqın baxışını hiss edirsən. Təkcə bir insanın xəstəliyini yox, bu günkü yorğun insanının yaşantılarını da yazmısınız - mən belə düşünürəm. İnsanların içində gizlətdiyi qorxuları, tənhalığı, ümidsizliyi o qədər təbii və inandırıcı vermisiniz ki, bəzi yerlərdə özümü gördüm. Qəhrəmanın hər addımı, hər hərəkəti bir metaforadır. Hər an onun daxili aləmi ilə şəhərin boz küçələri, yağışlı küçə daşları və uğuldayan bina arasında incə bir rezonans qurulub.
Ən güclü tərəflərdən biri, şübhəsiz, dilin obrazlılığı və xalq yaddaşından gələn ifadələri məharətlə işlətmənizdir. Mətndəki ifadələr adi söz yığını deyil, həyatın özündən süzülmüş hikmətdir. "Arlını dərd çürüdür, arsız dərdi çürüdür", "Kədərin dərəcəsi yoxdu, qədəri var" kimi cümlələr qəhrəmanın daxili aləmini, həyatın və ömrün ağırlığını dərindən ifadə edir. Siz şəhəri də, yağışı da, küçəni də, dənizi də qəhrəmanın ruhuna bənzətmisiniz. Bu, poetik tapıntıdır - oxucuya yalnız səhnəni deyil, səhnənin altında yatan insanın qaranlıq iç dünyasını da hiss etdirir.
Mətn boyunca işlənən "ilan ağzından qurtaran qurbağa kimi", "qor dolmuş yataq", "kəfən kimi çəkilmiş azan səsi", "dəyirman daşı kimi əzmək" təşbehləri süni görünmür, əksinə, qəhrəmanın daxili vəziyyətini daha da canlı, hətta bədənimizdə hiss ediləcək dərəcədə əzici göstərir. Xalq danışıq dili ilə fəlsəfi düşüncənin bu qədər təbii qarışması əsərə ayrıca nəfəs verir. Bir yazıçı olaraq, bu sizin məharətinizdir.
Əsərdə məni ən çox sarsıdan məqamlardan biri gülsatan uşaqla dialoqdur. Orada qəhrəmanın içindəki küskünlük, qırğınlıq açıq görünür: "O yaşamaq üçün sayır, mənsə yaşadığımı unutmaq üçün"... Bu cümlə bütün əsərin ruhunu daşıyır, oxucuya qəhrəmanın həyatdan artıq ayrı düşdüyünü, hər şeyin içindən yalnız xatirələr və qorxularla yaşadığını göstərir. Burada sadəcə obsesiv-kompulsiv pozuq kimi bir əlamət yox, həyatın özündəki ağır yük və ruhun çaşqınlığı verilib.
Povestin ən uğurlu cəhətlərindən biri də obsesiv-kompulsiv pozuntunun sırf tibbi yox, mənəvi tərəfdən təqdim edilməsidir. Qəhrəman sadəcə xəstə deyil,  o, yaşamaqla ölüm arasında sıxılmış, öz düşüncələrinin dustağına çevrilmiş bir adamdır. Saymaq, təkrar yoxlamaq, qorxu, şübhə, ölüm fikri - bunlar yalnız simptom deyil, həyatın fəlsəfəsi kimi təqdim olunur. Bu baxımdan əsər həm psixoloji təhlil, həm də insan ruhunun tənhalığı, qorxuları və yaşam yükü haqqında dərin fəlsəfi düşüncə təsiri bağışlayır.
Povestin atmosferi güclüdür. Bunu çox gözəl təsvir etmisiniz: yağış, boz şəhər, yarıqaranlıq dəhlizlər, boş mənzil, uğuldayan bina... bütün bunlar qəhrəmanın daxili aləminin davamına çevrilir. Siz məkanı sadəcə fon kimi yox, xarakterin ruhunu danışdıran vasitə kimi işlətmisiniz. Bu, ciddi bədii uğurdur.
Özəlliklə son hissə çox təsirlidir. Eyvanda dayanmış qəhrəmanın uşaqlıq tonqalını xatırlaması, azan səsinin gecəni yarması və finaldakı müəmmalı sükut. Sözlə təqdim etdiyiniz azan səsi və yağışın içində itib gedən ruh hissi hələ də yaddaşımdadır. Sanki  bunları  gözlərimlə görmüş, qulaqlarımla eşitmişəm. Bunlar görünməyən yaralar, qəlbin dərin qatlarıdır. Sonluğu açıq saxlamanız da uğurludur - oxucuya düşünmək və öz daxili sükutunda əsərin mənasını tamamlayacaq yer qoyursunuz. Bu, hər yazıçıya nəsib olmayan bir gücdür.
Çəkinmədən deyirəm ki, povestiniz sıradan mətn deyil. Ciddi müşahidə qabiliyyətiniz, dil duyumunuz və insan psixologiyasına dərindən nüfuz etmək bacarığınız aydın görünür. 
Mən əsəri gecə oxudum - səhərə yaxın, amma qəhrəmanın içindəki uğultu hələ də qulaqlarımdadır. Siz ruhun yorğunluğunu, insanın öz beyninə məğlub olmasını və ölüm qorxusunun həyatın içinə necə hopmasını təsirli bir ağı ilə yazmısınız. Ağır mövzunu pafosla yox, milli dilin bütün çalarlarından  istifadə edərək təqdim etməyiniz, SÖZə verdiyiniz dəyər və onu qəhrəmanın həyatına nüfuz etdirməyiniz əsəri yalnız oxunaqlı deyil, həm də unudulmaz edir. Bu da ona dəlalət edir ki, SÖZün  xiridarı olaraq onun  başına kəndir salıb belədən belə, elədən elə sürümürsünüz..
Uğurlarınız bol olsun...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31