Güclü dövlət konsepsiyasının müəllifi: Heydər Əliyevin siyasi irsi- ÖZƏL

"Heydər Əliyevin siyasi irsi müasir Azərbaycan dövlətçiliyinin sadəcə tarixi təməli deyil, həm də onun strateji və ideoloji sütunudur. Bir politoloq nəzəri ilə yanaşdıqda, bu irsin dövlətçiliyimizə təsirini "xaosdan nizama, nizamdan tərəqqiyə" keçid düsturu kimi xarakterizə edə bilərik".

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib:
 "1990-cı illərin əvvəllərində dövlət institutlarının iflic olduğu, daxili və xarici təhdidlərin kulminasiya nöqtəsinə çatdığı bir şəraitdə Heydər Əliyev hakimiyyətə gəlişi ilə ilk növbədə siyasi legitimliyi bərpa etdi. Onun rəhbərliyi altında formalaşan "Azərbaycançılıq" ideologiyası ölkədəki etnik və dini rəngarəngliyi vahid dövlət marağı ətrafında birləşdirərək, milli birliyi milli təhlükəsizliyin əsas elementinə çevirdi. Bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində nümayiş etdirdiyi müstəqil xarici siyasət kursu və enerji diplomatiyası məhz həmin dövrdə atılmış cəsarətli addımların, xüsusilə "Əsrin müqaviləsi"nin gətirdiyi geosiyasi dividendlərin məntiqi nəticəsidir.
Heydər Əliyevin idarəçilik modelini digər siyasi liderlərdən fərqləndirən əsas xüsusiyyət onun sarsılmaz siyasi realizmi və uzaqgörən strateji planlaşdırma qabiliyyəti idi. O, regionun mürəkkəb coğrafiyasında duyğusal deyil, rasional qərarlar verən, böyük güclərin maraqları arasında Azərbaycanın milli mənafelərini zərgər dəqiqliyi ilə qoruyan bir "siyasi qrossmeyster" idi. Bir çox liderlər qısamüddətli siyasi qazanclara fokuslandığı halda, Heydər Əliyevin idarəçiliyi onillikləri hədəfləyən strateji səbir üzərində qurulmuşdu. O, dövləti sadəcə idarə etmir, həm də onun gələcək inkişaf trayektoriyasını hərbi, iqtisadi və kadr potensialı baxımından sığortalayırdı. Onun idarəçilik modelində xalqla qurulan birbaşa emosional bağ, dərin dövlət təfəkkürü və böhran anlarında göstərdiyi sarsılmaz iradə onu klassik siyasi xadimlərdən ayıraraq xalqın taleyini müəyyən edən Ümummilli Lider zirvəsinə ucaltmışdır. Bu gün Azərbaycanın əldə etdiyi tarixi Zəfər və regionda diktə edən tərəfə çevrilməsi Heydər Əliyevin qurduğu möhkəm dövlətçilik sisteminin və onun "Güclü dövlət" konsepsiyasının praktik təntənəsidir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31