Tez evlənmək, yoxsa stabil gələcək? – Murad Arifin “kasıblığa imza” xəbərdarlığına mütəxəssis yanaşması

Bəstəkar-müğənni Murad Arif sosial şəbəkədə gənclərə müraciət edərək, maddi və mənəvi hazırlıq olmadan ailə qurmağın "kasıblığa imza atmaq" olduğunu bildirib.
Sənətçi bildirib ki, gənclik, enerji və bilik böyük sərvətdir; əvvəlcə bu imkanları stabil qazanca çevirmək lazımdır. Mentalitet tələsinə düşməyin: "Valideynlərim nəvə görsün" düşüncəsi ilə tələsik evlənmək məsuliyyətsizlikdir.
Maddi hesablama aparın. Ailə qurmazdan əvvəl ən azı 5-10 illik xərcləri qarşılaya biləcək gəlir mənbəyi tapılmalıdır.
Bəstəkar qeyd edib ki, özünü inkişaf etdirmək və hədəflərə çatmaq üçün evlilik üçün 30-35 yaş aralığı daha uyğundur.
Nağıllara inanmayın: "Uşağın ruzisi göydən gəlir" kimi yanaşmalar sistem deyil, sadəcə təsadüfi bəxtdi.

Mövzu ilə bağlı psixoloq Ramidə Oqtayqızı Olaylar.az-a danışıb. Psixoloq bildirib ki, hər bir yaş dövrünün özünəməxsus psixoloji, fiziki və sosial xüsusiyyətləri var. 20 yaşlı bir gənclə 30 yaşlı bir insanı eyni psixoloji səviyyədə qiymətləndirmək mümkün deyil. 20 yaşlı gənclər daha çox adrenalin, eyforiya və kənardan gördükləri təsirlərlə hərəkət etməyə meylli olurlar. Onlar seriallarda, sosial şəbəkələrdə gördükləri obrazları real həyatla qarışdırırlar. Bu dövr həm də eqonun yüksəldiyi, özünü sübut etmə ehtiyacının artdığı bir mərhələdir. Bu səbəbdən 20 yaşlı gəncin evliliklə bağlı tam formalaşmış, sağlam və sabit düşüncəyə sahib olması çətindir. Onlar daha çox karyera qurmağa, arzularının arxasınca getməyə çalışır, lakin bu arzuların real analizini aparmaqda çətinlik çəkirlər. 30 yaşlı insanlar isə artıq həyat təcrübəsi toplamış, özünü tanıyan, analiz etmə qabiliyyəti formalaşmış şəxslər olurlar. Onlar empatiya qurmağı, hadisələri öncədən qiymətləndirməyi, duyğu ilə ağlı balanslaşdırmağı bacarırlar. Duyğu və ağıl birlikdə qərar verdikdə, bu qərarlar daha sabit, davamlı və uzunömürlü olur.

Psixoloqun fikrincə, elə atalar sözləri var ki, onlar reallığa uyğun gəlir və lazımi yerdə, düzgün formada istifadə olunduqda öz mahiyyətini qoruyur. "Kasıblıq qapıdan girəndə, sevgi pəncərədən qaçar" fikri isə psixoloji baxımdan tam düzgün yanaşma hesab edilə bilməz. Ancaq insanlar hansı yaşda sevdiklərinə, niyə sevdiklərinə və kimi sevdiklərinə çox ciddi diqqət yetirməlidirlər. Çünki daimi maddi sıxıntı sevgi hissinin yox olmasına deyil, daha çox münasibətlərin zəifləməsinə, səngiməsinə gətirib çıxara bilər. Eyni zamanda, bunu da qəti şəkildə demək olar ki, səmimi, anlayışlı və hörmətə əsaslanan sevginin olduğu münasibətlərdə kasıblıq duyğusu insanların əlaqələrinə mənfi təsir göstərmir. Belə münasibətlərdə insanlar maddiyyata görə deyil, mənəvi dəyərlərə görə bir-birini sevirlər. Xüsusilə qadınlar üçün xoş sözlərin deyilməsi, dəyərli olduqlarını hiss etmələri, onların valideynlərinə qarşı hörmətli münasibətin göstərilməsi çox önəmlidir. Eyni zamanda istək və arzularının dinlənilməsi, qarşı tərəfin onları anlama və eşitmə bacarığına sahib olması münasibətlərdə həlledici rol oynayır. Belə hallarda heç bir maddi çətinlik münasibətə ciddi təsir göstərə bilmir.

"İkinci mühüm məsələ qadınla kişi arasında cinsi münasibətlərlə bağlıdır. Cinsi münasibətlər sağlam olduqda, sevgi və diqqət hissi qarşılıqlı şəkildə ifadə edildikdə, maddi sıxıntılar münasibətlərin önünə keçə bilmir. Çünki burada saf, səmimi və təmiz münasibətdən söhbət gedir. Qadınla kişinin bir-birini nə qədər yaxşı tanıması bu baxımdan çox önəmlidir. Təəssüf ki, bu gün həm yaşlı nəsildə, həm də gənclər arasında sevgi və münasibətlərin daha çox maddiyyat üzərindən qurulduğunun şahidi oluruq. Bu isə yanlış yanaşmadır və belə münasibətlər uzunmüddətli, sağlam evlilik üçün zəmin yarada bilmir. Maddi çətinlik yaranan anda bu tip münasibətlər davamlılığını qoruyub saxlaya bilmir və mənfi təsir qaçılmaz olur. Sonda məsələ yenə insan faktoruna, şəxsiyyətlərarası münasibətlərə və sağlam psixoloji bağlara gəlib çıxır," - deyə psixoloq vurğulayıb.

R. Oqtayqızı qeyd edib ki, digər bir reallıq isə ondan ibarətdir ki, bu gün qadınlar kişilərlə müqayisədə daha çox iş sahibi ola, işgüzarlıq səviyyəsini yüksəldə bilirlər. Bu hal bəzi kişilərdə qıcıqlanma effekti yaradır və həmin qıcıqlanma ailədaxili münasibətlərin pozulmasına, psixoloji və emosional balansın itməsinə səbəb ola bilir. Burada söhbət əsasən kişi və qadının böyüdüyü ailə mühitindən gedir. Əgər bir kişi uşaqlıqdan böyüdüyü ailədə alçaldılma ilə üzləşibsə, valideynlər arasında münasibətlərdə daim tərəflərdən birinin üstünlük təşkil etdiyini müşahidə edibsə, xüsusilə də dominant ananın varlığını görüb və ata tərəfindən bu durum sağlam şəkildə dəyərləndirilməyibsə, ailə daxilində münaqişələr yaşanıbsa və bu münaqişələrdə alçaldıcı davranışlar ön plana çıxıbsa, həmin oğlanın psixikasında müəyyən travmalar formalaşır. Bu travmalar gələcəkdə onun həyat yoldaşı ilə münasibətlərinə də təsir göstərə bilər. Belə bir kişi şüuraltı olaraq qorxu ilə yaşaya bilər ki, əgər qadın ondan daha çox qazanar və maddi baxımdan üstün mövqedə olarsa, o, ikinci plana keçəcək və ailədə özünü ön planda hiss etməyəcək. Bu vəziyyətdə psixoloji baxımdan kişinin anası ilə münasibətlərinə nəzər salmaq vacib olur.
Anası ilə münasibətləri necə olub, ona hansı formada sevgi göstərilib, bu sevgi hansı düşüncə və dəyərlər üzərində qurulub - bütün bunlar çox mühüm məqamlardır. Eyni yanaşmanı qadın üçün də tətbiq etmək lazımdır. Əgər qadının böyüdüyü ailədə ata dominant fiqur olubsa, atanın qızı ilə münasibətlərinə diqqət yetirilməlidir. Ata həyat yoldaşı ilə münasibətlərində qızına necə davranıb, qızı ilə hansı formada ünsiyyət qurub, onların emosional bağları necə formalaşıb - bütün bu amillər sonradan qadın-kişi münasibətlərində və evlilik dövründə ciddi əhəmiyyət kəsb edir.
Bu proseslərdə şüuraltı mexanizmlərin insan psixikasına təsiri açıq şəkildə özünü göstərir. Şüuraltında formalaşan təsəvvürlər insanın duyğularını, duyğular isə davranışlarını istiqamətləndirir. Yəni bir sözlə desək, düşüncələrimiz duyğularımızı formalaşdırır, duyğular isə birbaşa olaraq davranışlarımıza təsir edir. Məhz buna görə də nə düşündüyümüz, necə düşündüyümüz, hansı duyğuların formalaşdığı və həmin duyğuların fonunda necə davranış sərgilədiyimiz son dərəcə önəmlidir. Bu amillər insanın həm şəxsi münasibətlərində, həm də ailə həyatında qarşılaşdığı problemlərin əsasını təşkil edə bilir. 

"Bu baxımdan gənclərin evlənmədən öncə seçimlərini diqqətlə etmələri, ani hisslərə deyil, uzunmüddətli düşüncəyə üstünlük vermələri çox vacibdir. Ani sevgi, keçici şəhvət, emosional ehtiras və ya sadəcə xoşlanma sağlam evliliyin əsasını təşkil etmir. Evlənməzdən öncə gənclər maddi durumlarını və müstəqil şəkildə ailə saxlamaq bacarıqlarını real şəkildə qiymətləndirməlidirlər. Maddi cəhətdən özünü təmin edə bilməyən gənclərin evliliyə tələsməsi ailədaxili münasibətlərdə ciddi psixoloji, sosial və iqtisadi problemlərə yol aça bilər. Bu zaman qərarvermə azadlığı itir, valideyn asılılığı artır və bu da ailədaxili gərginliklərə səbəb olur. Daha məntiqli yanaşma odur ki, gənclər müəyyən maddi təminata sahib olduqdan sonra ailə qurmağa qərar versinlər. Bu, həm onların öz psixoloji sağlamlığına, həm də gələcək övladların formalaşmasına müsbət təsir göstərəcək və sağlam ailə modelinin yaranmasına zəmin yaradacaq," - deyə psixoloq fikirlərinə əlavə edib.

Mövzunu sosioloq Əhməd Rəhmanov da şərh edib: Bəli, mən bəstəkar Murad Arifin dedikləri ilə təxminən 90 faiz razıyam. Ola bilsin ki, hansısa məqamda 10 faiz fərqli yanaşma olsun. Nəyə görə?

Birinci növbədə ona görə ki, əvvəlki dövrlərlə müqayisədə bu gün cəmiyyətimiz artıq o cəmiyyət deyil. Cəmiyyətdə birlik yoxdur. Məsələn, müharibə dövrünü götürək və ya 1988-ci ili, keçid mərhələsini xatırlayaq. O dövrlərdə insanlar daha mehriban idi, bir cəmiyyət kimi bir-birinə daha çox dəstək verirdi. Hətta ondan əvvəlki sovet dövründə də insanlar bir-birinə  dəstək verirdi.  Sovet İttifaqı dağılandan sonra keçid dövründə cəmiyyət yenidən öz iradəsini ortaya qoydu və müəyyən müddət bir-birinə dəstək göstərdi. Lakin zaman keçdikcə biz kapitalizmin demək olar ki, ən pik, ən sərt mərhələsinə gəlib çıxdıq. Bu gün artıq hər şey satılır və alınır, istər hisslər, istər mənəvi dəyərlər, istərsə də maddi məsələlər. Belə bir zamanda cəmiyyətə arxalanaraq ailə qurmaq düzgün deyil. Yenə deyirəm, cəmiyyət dedikdə uzaq ölkələrdən gələn insanlar yox, bizim qonşularımız, yaxın çevrəmiz nəzərdə tutulur. Bugünkü reallıqda cəmiyyətə güvənərək ailə qurmaq risklidir.

Sosioloq bildirib ki, ikinci məsələ valideynlərin istəyi və valideyn məsuliyyəti ilə bağlıdır. Əgər vaxtilə valideynlər həyatın çətinliklərindən daha çox keçmiş, daha kamil düşüncəyə sahib idilərsə, bu gün valideynlərin özü də zamana uyğunlaşıb və bir çox hallarda məsuliyyət hissini əvvəlki qədər dərin yaşamır. 
Hər hansı bir işə yanaşmağın iki yolu var: ya hisslərlə, ürəklə, ya da ağıl və düşüncə ilə. Bu gün elə bir dövrdəyik ki, məcburuq hər məsələyə beyinlə, rasional yanaşaq. 
 

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31