Azərbaycan demoqrafik böhran həddində: Doğum sayı son 50 ilin minimumuna enib

Son illər Azərbaycanda demoqrafik proseslərə diqqətlə baxıldıqda, əhali sayında formal artımın davam etməsinə baxmayaraq, bu artımın sürətinin ciddi şəkildə zəiflədiyi aydın görünür. Dövlət Statistika Komitəsinin rəsmi məlumatları da bunu açıq şəkildə təsdiqləyir. Belə ki, 2025-ci ilin yanvar-oktyabr aylarında ölkə əhalisinin sayı cəmi 32 109 nəfər artaraq 0,3 faiz təşkil edib. Nəticədə, 2025-ci il noyabrın 1-i vəziyyətinə Azərbaycanın ümumi əhalisi 10 milyon 256 min 998 nəfərə çatıb.
İlk baxışdan bu rəqəmlər əhalinin artmaqda olduğunu göstərsə də, statistik göstəricilərin illər üzrə müqayisəsi tamamilə fərqli bir mənzərə ortaya qoyur. Belə ki, 2024-cü ilin yanvar-noyabr aylarında əhali artımı 37 766 nəfər və ya 0,4 faiz olmuşdu. 2023-cü ildə isə bu göstərici daha yüksək idi, həmin il əhali 53 625 nəfər artmış, artım tempi 0,5 faiz təşkil etmişdi. Rəqəmlərin ardıcıl müqayisəsi onu göstərir ki, Azərbaycan əhalisi say baxımından artmaqda davam etsə də, bu artımın illik tempi ildən-ilə azalır və artıq sabit demoqrafik artımdan yox, zəifləyən dinamikadan danışmaq zərurəti yaranır. Bu tendensiya təkcə statistik rəqəmlərin dəyişməsi deyil, daha geniş sosial-iqtisadi və demoqrafik proseslərin göstəricisidir. Əhali artım tempinin azalması, bir tərəfdən doğum göstəricilərinin aşağı düşməsi, digər tərəfdən isə ailə qurmaq və övlad sahibi olmaqla bağlı mövcud çətinliklərin artması ilə əlaqələndirilir. Mütəxəssislər hesab edirlər ki, bu dinamika uzunmüddətli perspektivdə əmək bazarına, sosial təminat sisteminə və ümumilikdə ölkənin iqtisadi inkişaf modelinə birbaşa təsir göstərə bilər.
Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, əhali artımının azalması artıq epizodik hal deyil, davamlı tendensiyaya çevrilmək üzrədir. İllər üzrə artım faizlərinin ardıcıl şəkildə aşağı düşməsi demoqrafik proseslərdə müəyyən dönüş nöqtəsinin formalaşdığını göstərir. Bu isə onu deməyə əsas verir ki, mövcud vəziyyətə yalnız statistik artım prizmasından yanaşmaq kifayət deyil; əsas məsələ artımın keyfiyyəti, davamlılığı və gələcək illərdə necə inkişaf edəcəyidir.
Beləliklə, rəsmi statistika  Azərbaycanın demoqrafik baxımdan hələ də artan əhali kateqoriyasında olduğunu göstərsə də, artım tempinin zəifləməsi ciddi analiz və sistemli yanaşma tələb edən bir məsələ kimi gündəmə gəlir. Bu prosesin arxasında dayanan səbəblərin dərindən araşdırılması və mümkün fəsadların əvvəlcədən qiymətləndirilməsi artıq zərurətə çevrilib. 

İqtisadçı Asif İbrahimov Olaylar.az-a bildirib  ki, Azərbaycanda demoqrafik vəziyyət son illərdə diqqətçəkən və narahatlıq doğuran mərhələyə daxil olub: 

"Doğrudur, statistik olaraq ümumi əhali artımı hələ də mövcuddur, lakin bu artımın dinamikası əvvəlki illərlə müqayisədə xeyli zəifləyib. Xüsusilə doğulan uşaqların sayı baxımından vəziyyət daha aydın görünür. Sosioloqlar bu göstəricini son 50 ilin ən aşağı səviyyəsi kimi qiymətləndirirlər. Rəsmi statistika da bunu təsdiqləyir: son illərdə doğum sayı davamlı şəkildə azalır və minimum həddə enib. Xüsusən 2025-ci il üzrə açıqlanan rəqəmlər artıq sadəcə azalma yox, demək olar ki, demoqrafik böhran əlamətləri kimi xarakterizə olunur.
Bu vəziyyətin əsas səbəblərindən biri ondan ibarətdir ki, insanlar ailə qurmağa tələsmir, bəziləri isə ümumiyyətlə ailə qurmaqdan imtina edir. Digər bir qisim isə ailə qurmaq istəsə də, mövcud şərtlər buna imkan vermir. Problemin kökündə, ilk baxışda, iqtisadi amillər dayanır: işsizlik, qeyri-sabit gəlir, mənzil problemleri, sosial təminatın zəifliyi. Bu arqumentlərdə həqiqət payı böyükdür və onları inkar etmək olmaz. Lakin demoqrafik geriləməni yalnız iqtisadi faktorlarla izah etmək də tam doğru olmazdı".

İqtisadçı qeyd edib ki, məsələyə daha geniş baxdıqda görürük ki, nəsillər arasında davranış modelləri və həyat prioritetləri ciddi şəkildə dəyişib:

"Əvvəlki nəsillər, xüsusilə 19-25 yaş aralığında ailə qurmağı həyatın təbii və qaçılmaz mərhələsi kimi qəbul edirdilər. Həmin dövrdə valideynlərin ailə daxilində dominant mövqeyi vardı və onlar övladlarını erkən evliliyə istiqamətləndirə bilirdilər. Sosial mühit də bunu təşviq edirdi: ailə qurmaq sosial norma idi, gecikmək isə istisna sayılırdı. Müasir dövrdə isə həyatın sürətlənməsi, fərdi azadlıqların artması, təhsil və karyeraya verilən önəmin yüksəlməsi bu ənənəvi modeli zəiflədib. Gənclər daha çox özünüreallaşma, şəxsi inkişaf və müstəqillik üzərində fokuslanır. Bu, bir tərəfdən müasir cəmiyyət üçün normal tendensiyadır, digər tərəfdən isə ailə institutunun zəifləməsinə gətirib çıxarır. Təbii ki, iqtisadi qeyri-müəyyənlik bu prosesi daha da sürətləndirir.
Mənzil məsələsi bu kontekstdə xüsusi yer tutur. Dövlət tərəfindən mənzil şəraitinin yaxşılaşdırılması üçün müxtəlif güzəşt və mexanizmlər təqdim edilsə də, onların praktikada effektivliyi ciddi suallar doğurur. İpoteka və Kreditlərə Zəmanət Fondunun məlumatlarına nəzər saldıqda görürük ki, son 15 il ərzində dövlət ipotekasından cəmi 51-52 min nəfər faydalana bilib. Kirayə mənzil mexanizmi ilə təmin olunanların sayı isə təxminən 3-4 min nəfər civarındadır. Bu rəqəmlər onu göstərir ki, ölkə əhalisinin çox böyük hissəsi üçün bu mexanizmlər əlçatan deyil. Faktiki olaraq, bu sistem geniş kütlənin ehtiyaclarını qarşılamır və ailə qurmaq istəyən gənclər üçün real çıxış yolu təqdim etmir.

"İqtisadi vəziyyətin qiymətləndirilməsində mühüm indikatorlardan biri də Engel qanunudur. Bu qanuna əsasən, əhalinin sosial rifah səviyyəsi onun gəlirinin nə qədər hissəsini ərzağa xərcləməsi ilə ölçülür. Əgər ailə gəlirinin 15-20 faizi ərzağa gedirsə, bu optimal göstərici hesab olunur. 20-30 faiz aralığı orta səviyyə sayılır və iqtisadiyyatın müəyyən həssaslıq mərhələsində olduğunu göstərir. Bu mərhələdə struktur islahatlarına ehtiyac yaranır. 30-40 faiz isə artıq risk zonasına daxil olur və sosial rifahda ciddi problemlərin mövcudluğuna işarə edir. Gəlirin 40 faizdən çoxunun ərzağa xərclənməsi isə vəziyyətin kritik olduğunu göstərir. 
Əhalinin sayının azalması problemi isə təkcə bugünkü sosial vəziyyətlə məhdudlaşmır, daha dərin və uzunmüddətli fəsadlara yol açır. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri  Anar Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanda pensiya sistemi sosial dayanışma prinsipi üzərində qurulub. Yəni bu gün çalışan və əmək qabiliyyətli əhali əvvəlki nəsillərin pensiya təminatını maliyyələşdirir. Demoqrafik azalma davam edərsə, bu balans pozulacaq. Nəticədə 15-20 il sonra əmək qabiliyyətli əhalinin üzərinə düşən yük kəskin şəkildə artacaq və pensiya sisteminin dayanıqlığı sual altına düşəcək. Bu problemi kompensasiya etmək üçün bir sıra Avropa ölkələri miqrantların cəlb olunması yolunu seçiblər. Ucuz işçi qüvvəsinin idxalı qısa müddətdə müəyyən boşluqları doldursa da, uzunmüddətli perspektivdə ciddi sosial və iqtisadi problemlər yaradır. Bu, yerli əmək bazarına təzyiq göstərir, sosial gərginliyi artırır və bəzən mədəni inteqrasiya problemlərinə səbəb olur. Nəticədə miqrasiya demoqrafik problemin müvəqqəti həlli olsa da, davamlı və sağlam çıxış yolu kimi qəbul edilmir.
40 faizdən yuxarı ərzaq xərcləri artıq sosial rifah sahəsində ciddi problemlərin göstəricisidir. Azərbaycanda rəsmi statistikaya görə bu göstərici 42-45 faiz civarındadır. Aşağı gəlirli ailələrdə və regionlarda yaşayan əhali arasında isə bu rəqəm 50-60 faizə qədər yüksəlir," - deyə A. İbrahimov vurğulayıb.

Ekspertin fikrincə, belə bir mühitdə insanların ailə qurmaqdan çəkinməsi təbii və məntiqi haldır. Nəticədə demoqrafik problemlər qaçılmaz şəkildə üzə çıxır. Bu məsələ artıq sadəcə statistik problem deyil, ciddi həyəcan siqnalıdır. Əgər indidən kompleks və uzunmüddətli yanaşma ortaya qoyulmasa, 15-20 il sonra bu proseslərin fəsadları daha aydın və daha ağrılı şəkildə özünü göstərəcək. Xüsusilə əmək qabiliyyətli əhalinin sayının azalması bir çox sahələrdə: iqtisadiyyat, sosial təminat, əmək bazarı və dövlət büdcəsi baxımından ciddi çətinliklər yaradacaq.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31