Sosial şəbəkələrdə mənəviyyat və qanun: “Layk” xatirinə etik dəyərlər niyə sarsılır?

Son illər sosial şəbəkələr təkcə ünsiyyət vasitəsi deyil, demək olar ki, həyatımızın ayrılmaz bir parçasına çevrilib. Artıq insanlar fikirlərini, duyğularını, hətta gündəlik davranış modellərini də bu platformalar üzərindən formalaşdırırlar. İnternetin açdığı sərhədsiz imkanlar bəzən yaradıcılığı, azadlığı, fərqli fikirlərin toqquşmasını təşviq etsə də, məncə, bunun digər tərəfi də var-cəmiyyətin mənəvi mühitinə təsir göstərən, dəyərləri sərhədlərdən çıxaran bir proses də paralel şəkildə gedir. Son dövrlər sosial şəbəkələrdə daha çox diqqət çəkən, daha çox izlənən məzmunun məhz qalmaqal, aqressiya və qeyri-etik davranış üzərindən formalaşması təsadüfi deyil. Xüsusilə gənclər və yeniyetmələr üçün sosial media bir növ "davranış məktəbi"nə çevrilib. Onlar gördüklərindən öyrənir, izlədiklərini model kimi qəbul edir, nəticədə normanın sərhədləri yavaş-yavaş dəyişir. Məncə, sosial şəbəkələrin alqoritmik prinsipi də bu prosesi sürətləndirir. Qalmaqallı obrazlar, kobud jestlər, təhqir dolu ifadələr daha çox baxış və paylaşım gətirdiyi üçün təbii olaraq önə çıxır. 
Məhz belə bir fonda  Milli Məclisdə "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna təklif olunan dəyişikliklərin gündəmə gəlməsi təsadüfi deyil. Qanun layihəsi sosial şəbəkələrdə ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik yaradan, milli-mənəvi dəyərlərlə ziddiyyət təşkil edən görüntü və ifadələrin yayılmasının məhdudlaşdırılmasını hədəfləyir. Layihədə vurğulanır ki, son dövrlər sosial şəbəkələrdə bu tip paylaşımlar geniş yayılıb və xüsusilə yeniyetmə və gənclərin davranışına mənfi təsir göstərir. Sosial platformaların alqoritmləri qeyri-etik məzmunun daha sürətlə yayılmasına şərait yaradır ki, bu da ictimai mənəviyyata ciddi zərər vurur. Qanun dəyişiklikləri internet mühitində məsuliyyət mexanizmlərini gücləndirmək və mənəvi dəyərlərin qorunmasını təmin etmək məqsədi daşıyır. 
Bu mövzunu hüquqi müstəvidə dəyərləndirmək üçün, sosial şəbəkələrdə yayılan məzmunun sərhədləri, vətəndaşların hüquqları və məsuliyyət mexanizmləri barədə vəkil Mehman Muradlı Olaylar.az-a açıqlama verib:

"İctimai mənəviyyatı  pozan digər məsələlərlə bağlı qanunvericilikdə konkret maddələr var- həm İnzibati Xətalar Məcəlləsində, həm də Cinayət Məcəlləsində. Onlar real vəziyyəti nəzərdə tutur. Amma bu günkü cəmiyyəti nəzərə alsaq, inkişaf getdikcə qanunvericilikdə də mütləq dəyişikliklər baş verməlidir. Bu dinamikanı nəzərə almalıyıq. Hesab edirəm ki, bu qanunvericilik dəyişikliyi müəyyən qədər vətəndaşların informasiya resurslarından istifadə zamanı təhqirə yol verməkdən, cəmiyyətə açıq hörmətsizlik etməkdən çəkindirəcək. Heç olmasa, mənəviyyatın pozulmasının qarşısını almağa müəyyən köməklik göstərəcək.
Mən özüm TikTok istifadəçisi olmasam da, cəmiyyətdə gedən söhbətlərdən, məhkəmə proseslərindən xəbərim var. Təhqir və böhtanla bağlı informasiya resursları üzərindən cinayət işləri açılır, məhkəmələrdə baxılan işlər olur. Görürsən ki, TikTok üzərində kimlərsə istədikləri sözü deyirlər, qeyri-etik ifadələri həmin platformalarda səsləndirirlər. Hesab edirəm ki, bu qanun dəyişikliyi bir az gecikib. Əgər 5-6 il əvvəl qəbul edilsəydi, problemlər bu dərəcədə artmazdı. Məhkəmə praktikasında görürük ki, bəzi insanların heç bir sosial yükü yoxdur, amma TikTokda özünə bir səhifə açıb qeyri-etik danışırlar, canlı yayım açıb kimlərəsə xitabən təhqiramiz ifadələr işlədirlər. Cəmiyyətdə də belə bir təsəvvür yaranır ki, sanki cəzasızlıq mövcuddur. Bu da digərlərinə nümunə olur və proses genişlənir. Nəticədə cəmiyyətdə ictimai mənəviyyatı təhqir edən hallar artır, ailələrə də təsir göstərir. 
Bu dəyişiklik söz və ifadə azadlığına ziddiyyət yarada bilərmi? Hesab etmirəm. Konstitusiyada hər kəsin söz azadlığı hüququ təsbit olunub. Amma eyni zamanda, heç kim təhqirə məruz qalmamalıdır. Sən özün üçün "azadlıq" adı altında kimisə təhqir edir, kimisə açıq platformada söyürsənsə, cəmiyyətə mənəviyyatsızlıq  gətirirsənsə, burada söz azadlığından danışmaq olmaz. Söz azadlığı o demək deyil ki, ağlına gələn hər şeyi danışmalısan. Bu, müqəddəs bir anlayışdır. Avropa İnsan Haqları Məhkəməsinin qərarlarında da bu məsələlər öz əksini tapır. Söz azadlığı ilə təhqir və böhtanı qarışdırmaq olmaz- bunlar tamam fərqli anlayışlardır.
Fərdi istifadəçilərlə platforma sahiblərinin məsuliyyət bölgüsü məsələsinə gəlincə- platforma yaradılan zaman onun məqsədi insanları təhqir etməyə çağırmaq deyil. Məsələn necə ki, atom enerjisindən həm xeyirli, həm zərərli məqsədlərlə istifadə etmək mümkündür- sosial şəbəkələr də elədir. Kim yaxşı niyyətlə istifadə edirsə, faydalıdır və kim pis niyyətlə istifadə edirsə, ziyanlıdır".

Hüquqi tərəfdən baxdıqdan sonra, mövzunu media mühiti və ictimai təsir prizmasından da nəzərdən keçirmək vacibdir. Media eksperti İsmayıl Rafiqoğlu məsələ ilə bağlı Olaylar.az-a açıqlama verib. Ekpsert  qeyd edib ki, yararsız paylaşımları populyarlaşdıran elə özümüzük, nə qədər az izlənilsə, bir o qədər də üzə çıxmayacaq:
"Sosial şəbəkə alqoritmləri adətən ən çox baxılan, geniş auditoriyaya maraqlı olan paylaşımları önə çıxarır. Yəni hər dəfə hansısa qeyri-etik məzmunlu kontentin geniş kütlə qazanmasından gileyləniriksə, bunun günahını özümüzdə axtarmalıyıq. Yararsız paylaşımları populyarlaşdıran elə özümüzük. Nə qədər az izlənilsə, bir o qədər də üzə çıxmayacaq. 
Qeyri-etik paylaşımlar təkcə Azərbaycanda yox, dünyanın digər ölkələrində də var. Deyək, qanun qəbul edib hansısa cəza mexanizmi tətbiq elədik. Bu yalnız yerli bloqçulara, mediaya aid edilə bilər. Azərbaycandan kənarda yaşayan, əxlaqdan kənar davranış nümayiş etdirən hansısa şəxsə qarşı cəza mexanizmi yoxdur. İnternet sərhədləri faktiki olaraq aradan qaldırıb. 
"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna edilən dəyişikliklər problemi kökündən həll edə bilməz, çünki gərək qeyri-etik kontentin hər bir detalı qanunda göstərilsin. Bu gün televiziyada, reklamda onlarla uyğunsuz davranış halları ilə rastlaşırıq. Məgər bununla bağlı nəsə ciddi tədbirlər görülüb? Ayrı-ayrı hallarda reaksiya olsa da, mənzərə elə də ürəkaçan deyil. Azərbaycanı sosial media kəsimində olan insanlar yeni nəsə icad etməyiblər. İnternet dövründə meydana çıxmış trendləri tətbiq etməklə izləyici kütləsi toplayıblar. 
Yeni tənzimləmə media və kontent istehsalçıları üçün nəyisə dəyişəcəkmi? Bəli, dəyişəcək. Peşəkar jurnalistlər və media qurumları daha ehtiyatlı olmağa məcbur olacaqlar, bu səbəbdən qeyri-peşəkar xəbər paylayıcılarına rəqabətdə daha da uduzacaqlar. Belə ki, ciddi mətbuata nəzarət mexanizmləri müəyyən dərəcədə var, həm də jurnalistlər etik normalara əməl etməlidirlər. Sosial mediada olan digər oyunçuların isə belə bir öhdəliyi yoxdur. Üstəlik, nəyin etik, nəyinsə qeyri-etik olduğunu təyin etmək də asan deyil. Qanun qəbul eləmək asan işdir, amma bu qanunun reallaşması üçün gərək monitorinqlə məşğul olan kiçik bir ordu saxlayasan. Qeyri-etik davranış əvvəlcə təyin edilməli, sonra həmin şəxslə bağlı məsələ qaldırılmalı, sonra da məhkəmənin qərarı ilə hansısa cərimə kəsilməlidir. Bu işləri kim görəcək?
Hansısa hallarda qanunun müsbət rolu ola bilər. Deyək, gündəmdə səs-küy doğuran hadisələr zamanı qeyri-etik paylaşımlara qarşı mübarizədə istifadə oluna bilər. Kimisə cərimələmək olar və ya digər inzibati tədbirlər görülə bilər. 
Qanun söz azadlığının müəyyən dərəcədə məhdudlaşdırılmasına səbəb ola bilər. Belə ki, qeyri-etik davranışın meyarlarını təyin etmək elə də asan deyil. Bu balansı qorumaq özü belə olduqca çətin məsələdir. Düşünürəm, qanunun qəbulu ilə paralel olaraq milli-mental dəyərlərin aydın formada təbliğ olunması strategiyasını qurmalıyıq. Dəyərlərin nədən ibarət olması heç də gənc nəslə aydın deyil. Ölkəyə hər an, hər dəqiqə internetlə yeni-yeni ideyalar, heç də dəyər olmayan dəyərlər, əxlaq modelləri gəlir. Biz bu axına hazır deyilik. Heç bir müdafiə mexanizmləri də qurulmayıb. Dünən ayıb sayılan davranış bu gün adiləşib. Təkcə qanunla bunu tənzimləmək olduqca çətin məsələdir".
Sosial şəbəkələrdə qeyri-etik və aqressiv məzmunun artması cəmiyyətin dəyər sistemində hansı dəyişikliklərin göstəricisidir və bu tendensiya sosial davranış modellərinə necə təsir edir? İnternet mühitində əxlaq normalarının qanunvericiliklə tənzimlənməsi cəmiyyətdə davranış mədəniyyətinin formalaşmasına real təsir göstərə bilərmi, yoxsa əsas dəyişiklik sosial institutlardan - ailə, təhsil və media mühitindən başlamalıdır? Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev açıqlama verib:

"Bəli, bizim zaman-zaman səsləndirdiyimiz təkliflər nəhayət ki, parlamentdə müzakirə predmetinə çevrilir, qanunvericilikdə növbəti dəyişiklik və əlavələrə zərurət yaranmışdır. Çünki biz sosial şəbəkələri, sosial medianı, yəni kütləvi informasiya vasitələrini kontent təhlil edəndə, analiz aparanda görürük ki, məhz sosial şəbəkələrdə, mediada, mətbuatda, əfsuslar olsun ki, "qəzəb yemi" deyilən bir texnologiyadan istifadə edərək cəmiyyətdə aqressiya yaradılır, "sarı paylaşımlar", hüquqazidd paylaşımlar, əxlaqazidd paylaşımlar yayılır və bu da bütövlükdə cəmiyyətin sosial xarakterinə deqradasiyaedici təsir göstərir. Özəlliklə də psixologiyası bəlkə də formalaşmamış uşaq və yeniyetmələrin psixologiyasına, yəni z-nəsli, ali formalaşmaqda olan nəsil baxımından mənfi təsir göstərir. Bununla bağlı, əslində qlobal səviyyədə belə tətbiqlərdən qabaq - sosial şəbəkə, İKT resursları, süni intellekt və digər innovativ texnologiyaların tətbiqindən öncə qabaqlayıcı, müdafiə mexanizmləri də fikirləşilməli idi. Əfsuslar olsun ki, belə tətbiqlər var, indi isə onun fəsadları ortaya çıxır və bu fəsadları aradan qaldırmaq üçün artıq hökumətlər, dövlətlər hərəkətə keçib və bir sıra ölkələrdə, 50-yə yaxın ölkədə bununla bağlı milli strategiyalar qəbul olunub. Azərbaycanda da bilirsiniz ki, 19 mart 2025-ci ildə dövlət başçımız süni intellektlə bağlı milli strategiyanı qəbul etdi və burada əslində üç məqam xüsusilə vurğulanıb: İKT texnologiyalarının və süni intellektdən istifadənin etik çərçivələri, bu texnologiyalardan istifadə zamanı hüquqi məsuliyyət məsələsi, eyni zamanda İKT və süni intellekt texnologiyalarının təhlükəsizlik təhdidləri. Buna görə də müvafiq qurumlar bu strategiyadan irəli gələrək öz öhdəliklərini başa düşməlidirlər.
Bununla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi belə tətbiqlərdən əvvəl cəmiyyətin immunitetini gücləndirmək üçün əlavə dəstək tədbirləri görməlidir. Və çox yaxşıdır ki, bu gün qanunvericilik orqanında "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna dəyişikliklərdən söhbət gedir. Hətta mən təklif edərdim ki, çox yaxşı olar - sosial media və sosial şəbəkə fəaliyyətini tənzimləyən ayrıca qanun qəbul olunsun. Hərçənd biz artıq görürük ki, "Telekommunukasiya haqqında" qanuna dəyişiklik edilib, eləcə də "İnformasiya və informasiyalaşdırma haqqında" qanuna əvvəllər də dəyişiklik edilmişdir. İndi yenidən dəyişiklik zərurəti yaranıb. O cümlədən Cinayət Məcəlləsinə 148.1-ci maddə əlavə olundu ki, bu da sosial şəbəkə seqmentini nəzərə alırdı. Eləcə də digər qanunvericilik aktlarında da müvafiq tənzimləmələrə ehtiyac var. Çünki bəzi sosial şəbəkə istifadəçiləri nədənsə belə düşünür ki, bura "boz zonadır", istədiyini edə bilər. Ancaq onlar başa düşməlidirlər ki, real həyatda olduğu kimi onlayn platformalarda da onların paylaşdığı sarı paylaşımlar, hüquqazidd, əxlaqazidd materiallar hüquqi məsuliyyətin təsiri altına düşür. Bunları başa düşməyən istifadəçiləri hüquqi baxımdan maarifləndirməliyik ki, belə hüquqazid əməllər törətməsinlər.
Artıq bilirsiniz ki, hüquq-mühafizə və qanunvericilik səviyyəsində bir sıra halların qarşısı alınıb və yaxud belə əməlləri törədənlər hüquqi məsuliyyətə cəlb olunublar. Beləliklə, qanunvericilik səviyyəsində bu dəyişikliklər şübhəsiz ki, insanları belə hüquqazidd əməllərdən çəkindirə bilər, amma yenə qeyd edirəm -maarifləndirmə də paralel getməlidir. Biz çalışmalıyıq ki, təkcə sosial media və sosial şəbəkələrdə deyil, eləcə də televiziya kanallarında, kütləvi informasiya vasitələrində də "qəzəb yemi" texnologiyasından istifadə edib cəmiyyəti bir-birinə qarşı qoymasınlar. "Layk" xatirinə, təqibçi qazanmaq xatirinə belə texnologiyalardan istifadə edib cəmiyyətin sosial xarakterinə aşındırıcı təsir göstərməsinlər. Yaxşı olar ki, mütəmadi olaraq mediada, sosial mediada və kütləvi informasiya vasitələrində monitorinqlər həyata keçirilsin. Belə "qəzəb yemi" texnologiyasından istifadə edən insanlar, mətbuat işçiləri və istifadəçilər hüquqi məsuliyyətə cəlb olunsunlar və belə mətbuat orqanlarının fəaliyyətinə xitam verilsin.
Güman edirəm ki, yalnız bu yolla biz cəmiyyətdə gedən mənəviyyatın  aşınması  prosesinin qarşısını ala bilərik. Əks halda,  cəmiyyətdə sosial anomiyaların artmasını, aqressiyanın güclənməsini müşahidə edəcəyik. Mətbuat təhlilində görürük ki, daha çox aqressiv informasiya, daha çox kin və qəzəb ritorikası müşahidə olunur, pozitiv xarakterli informasiyalar isə çox azdır. Bu da şübhəsiz ki, cəmiyyətin kütləvi əhval-ruhiyyəsinə təsir göstərir, kütləvi melanxoliya və təqib maniyası yaradır. İnsanlar sanki özlərini təqib olunmuş kimi hiss edirlər, hər kəs bir-birindən qorunmaq istəyir. Belə olmamalıdır. İKT texnologiyalarından istifadə edib insanların özəl informasiya banklarına müdaxilə edilməməlidir, şəxsi məlumat sahəsinə girilməməlidir və bunun qarşısı alınmalıdır. İKT proqramları, İKT servisləri, kompüter texnologiyaları ilə məşğul olan mərkəzlərdə monitorinqlər aparılmalıdır və insanların özəl informasiya banklarına daxil olmağa imkan verilməməlidir. Kimsəyə kompromat və ya təqib aləti kimi belə fürsətlər tanınmamalıdır-bu, cəmiyyətdə kütləvi psixoz yaradır. Hesab edirəm ki, bunun qarşısını almalıyıq-həm qanunvericilik səviyyəsində, həm də ictimai praktika müstəvisində".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31