Hazırlıqlı müəllim qrupları və ali məktəbə hazırlıq

Təhsil cəmiyyətin inkişafında əsas dayaqlardan biridir. Hər bir ölkənin gələcəyi, onun vətəndaşlarının bilik səviyyəsi və peşə bacarıqları ilə birbaşa bağlıdır. Təhsil sadəcə məktəbli yaş dövründə verilən biliklərdən ibarət deyil. O, insanın dünyagörüşünü, düşüncə qabiliyyətini və şəxsi inkişafını formalaşdıran mühüm sosial institutdur. Azərbaycanda ali təhsil isə xüsusilə gənclərin gələcək karyerası, peşə seçimi və həyat standartlarının yüksəldilməsi baxımından önəmli rol oynayır. Bu səbəbdən ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin bacarıqlarının artırılması daim diqqət mərkəzində saxlanılır. Son günlər təhsil sahəsində aktuallığını qoruyan mövzulardan biri də repetitorluq xidmətləridir. Məktəbdən əlavə, xüsusi fənn müəllimləri tərəfindən keçirilən repetitor dərsləri, xüsusilə ali məktəbə hazırlıq dövründə şagirdlər üçün böyük əhəmiyyət kəsb edir. Şagirdlərin biliklərini möhkəmləndirmək, zəif olduğu sahələrdə dəstək almaq və universitet imtahanlarına daha hazırlıqlı olmaq imkanını yaradan bu sistem, düşünürəm ki, bir tərəfdən valideynlərin üzərinə böyük maliyyə yükü qoyur, digər tərəfdən isə təhsildə bərabər imkanların təmin olunmasında çətinliklər yaradır.
Elm və təhsil naziri Emin Əmrullayev də son açıqlamalarında yuxarı sinif şagirdlərinin davamiyyətinə və ali məktəbə hazırlıq məsələlərinə toxunaraq, mövzunun dövlət üçün strateji əhəmiyyətini vurğulayıb. Nazir bildirib ki, hazırlıqlı müəllimlərdən ibarət qruplar formalaşdırılacaq və onlara yüksək əməkhaqqı veriləcək. Bu təşəbbüs şagirdlərin dövlət hesabına ali məktəbə hazırlığını təmin etməklə yanaşı,  repetitorluq sistemində mövcud maliyyə bərabərsizliklərini azaltmağı hədəfləyir. Bu təşəbbüs dövlət hesabına şagirdlərin ali məktəbə hazırlığını təmin etməyi hədəfləyir və təhsildə keyfiyyətin artırılmasına yönəlmiş mühüm addım kimi qiymətləndirilir.

Mövzunu daha dərindən anlamaq və təhsildə real vəziyyəti qiymətləndirmək üçün təhsil ekspertinin fikirlərini öyrəndik. Yuxarı siniflərdə davamiyyət və ali məktəbə hazırlıq üçün hazırlıqlı müəllim qruplarının yaradılması və onlara yüksək əməkhaqqı verilməsi təhsildə keyfiyyətin yüksəlməsinə və şagirdlərin akademik göstəricilərinə necə təsir edəcək? Bu model uzunmüddətli və davamlı təhsil sistemi üçün nə dərəcədə effektivdir? Mövzu ilə bağlı "Master of Sciance" Təhsil Mərkəzinin direktoru, təhsil eksperti Rizvan Fikrətoğlu Olaylar.az-a açıqlama verib:
"Düşünürəm ki, yuxarı siniflərdə davamiyyətin artırılması və ali məktəbə hazırlıq üçün hazırlıqlı müəllimlərdən ibarət qrupların yaradılması təhsildəki keyfiyyətin yüksəldilməsinə təsiir göstərə bilər. Amma bu modelin effektivliyi bir neçə şərtdən asılıdır. İlk olaraq müsbət tərəflərə baxaq. Hədəfli hazırlıq, yəni nəticəyönlü tədris təmin olunmalıdır. Bu model 10-11-ci sinif şagirdlərinin kollektiv şəkildə daha səmərəli hazırlaşmasını təmin edir. Ümumiyyətlə, daha hazırlıqlı müəllimlər Dövlət İmtahan Mərkəzinin formatına uyğun  daha yüksək səviyyədə keçir, şagirdlərin boşluqlarını erkən aşkar edir və daha peşəkar resurs və metodlardan istifadə edir. Bu da nəticələrin yüksəlməsinə səbəb ola bilər. Eyni zamanda davamiyyətin artmasına gətirib çıxara bilər. Hazırlığa gedən şagirdlərin məktəbə davamiyyəti azalmaqdansa, əgər eyni müəllimin qruplarında həm məktəb, həm də hazırlıq dərslərinə qoşulurlarsa və motivasiya nəzarətdə saxlanılırsa, şagirdlər dərslərə daha stabil davam edə bilərlər. Burada müəllimin məsuliyyəti daha güclü olmalıdır. Nəticələrin ölçülməsi daha şəffaf olur, şagirdlərin çatışmazlıqlarına fərdi yanaşma artır, həmçinin məktəb daxili və müəllimlər arasında sağlam rəqabət yaranır. Bu model məktəb-hazırlıq balansının bərpasına da səbəb ola bilər, çünki hazırda şagirdlərin əksəriyyəti məktəbə formallıq naminə gəlir, əsas təhsili isə hazırlıqda alırlar. Məktəb daxilində xüsusi hazırlıq qruplarının yaradılması məktəbi yenidən real təhsil mərkəzinə çevirə bilər. Əgər model ödənişsiz və ya subsidiyalı olarsa, ailələr üçün əlavə xərc yükünü də azalda bilər.
Potensial risklər və çətinliklər də mövcuddur. Əgər qruplar yalnız yüksək nəticə göstərməsi gözlənilən şagirdlər üçün yaradılarsa, digər şagirdlər diqqətdən kənarda qala bilər. Məktəbdə bərabərlik prinsipi pozula bilər, "elit siniflər" problemi yarana bilər. Digər risk ondan ibarətdir ki, müəllim resursu düzgün bölüşdürülməzsə və yaxşı müəllimlər yalnız bu qruplara yönləndirilərsə, digər siniflərdə müəllim keyfiyyətinin aşağı düşməsi mümkündür. Sistemli yanaşma olmadan modelin effekti zəifləyə bilər. Modelin işləməsi üçün mütləq şəkildə planlaşdırılmış proqram olmalı, mütəmadi monitorinqlər aparılmalı, müəllimlər üçün metodiki dəstək təmin olunmalı, valideyn-məktəb əməkdaşlığı gücləndirilməlidir. Sadəcə yaxşı müəllimi sinfə gətirmək keyfiyyəti artırmır. Düzgün qurulduğu halda bu model təhsilin keyfiyyətini yüksəldə bilər -xüsusilə də davamiyyət, ali məktəblərə qəbul göstəriciləri, şagird motivasiyası və məktəbə etibar baxımından müsbət nəticələr verə bilər. Amma geniş effekt yalnız vahid standart, şəffaf seçim və bütün şagird qruplarına bərabər dəstək göstərildiyi halda mümkündür.
Müəllimlərə yüksək əməkhaqqı verilməsi qısa və orta müddətdə müəllim motivasiyasını artıran çox vacib amildir, lakin uzunmüddətli dayanıqlığı təmin etmir. Əməkhaqqı yalnız sistemin bir hissəsidir və digər mexanizmlərlə birlikdə işləyəndə real nəticə verir. Yüksək maaşın vacibliyinə gəlincə, rəqabətli əməkhaqqı savadlı gənclərin müəllimliyə marağını artırır, ixtisasdan kənara çıxan müəllimlərin sayını azaldır və iş məmnuniyyətini yüksəldir. Maddi gərginlik olmadıqda müəllim dərsə daha yaxşı hazırlaşır, daha enerjili olur və ikinci işə ehtiyac duymadığı üçün vaxtına qənaət edir. Peşəkar inkişaf üçün imkanlar- hazırlıq, vəsaitlər, kurslar və seminarlar daha əlçatan olur. Amma yalnız maaş keyfiyyət artımında həlledici deyil. Araşdırmalar göstərir ki, əməkhaqqının artırılması yaxşı müəllimi daha da motivasiya edir, lakin zəif müəllimi avtomatik olaraq gücləndirmir. Keyfiyyət artımı üçün maaş artımı ilə yanaşı sertifikasiya, metodiki dəstək, mentorluq və dərslərin monitorinqi mütləq olmalıdır. Yüksək maaşın ilk təsiri motivasiya yaratsa da, zamanla normallaşır və təsir gücü azalır. Bu halda məktəblərdə karyera yüksəlişi, mükafatlandırma sistemi və pedoqoji nailiyyətlərin tanınması yoxdursa, motivasiya yenidən aşağı düşə bilər. Yəni tək maaş artımı kifayət deyil, çünki təhsili zəiflədən əsas problemlər -ağır proqram və kurikulum, müəllim çatışmazlığı və qeyri-bərabər bölgü, zəif məktəb rəhbərliyi, resurs azlığı (laboratoriya, texnologiya), valideyn-məktəb əməkdaşlığının zəifliyi struktur problemlərdir. Yüksək maaş verilsə belə, nəticələr ölçülməzsə, fərqlənən müəllim seçilməzsə, zəif performans korreksiya edilməzsə, sistem yenə də "hamı eyni maaş, eyni məsuliyyət" modelinə çevrilə bilər.
Ən effektiv model- yüksək əməkhaqqı, güclü sertifikasiya, peşəkar inkişaf, ədalətli qiymətləndirmə, karyera yolu və yaxşı məktəb mühiti olan modeldir. Finlandiya, Estoniya, Cənubi Koreya kimi ölkələrin təcrübəsi də bunu göstərir.
Dövlət hesabına şagirdlərin ali məktəbə hazırlığı digər təhsil proqramları və resurslarla necə uyğunlaşdırılacaq və bərabər imkan necə təmin olunacaq? Bu, çox yerində verilən sualdır. Dövlət hesabına hazırlıq proqramının digər təhsil proqramları ilə uyğunlaşdırılması və bərabər imkanların təmin olunması gözlənilən effektiv nəticələrin əldə edədə bilər, etməyə də. Burada məqsəd və prinsiplər aydın olmalıdır. Məqsəd-bütün şagirdlər üçün ali məktəbə giriş imkanlarını genişləndirmək və hazırlıq standartlarını yüksəltmək, lakin məktəbin ümumi tədris funksiyasını zəiflətməməkdir. Əsas prinsiplər: inteqrasiya, hədəflənmiş dəstək, şəffaflıq, bölgələrarası ədalət və nəticəyönlülük. Məsələn, Bakıda yüksək nəticələr, regionlarda isə zəif nəticələr olarsa, bu modelin bərabərliyini poza bilər. Dövlət hazırlığı məktəbin kurikulumuna əlavə olmalıdır, onu əvəz etməməlidir. Hazırlıq dərsləri Dövlət İmtahan Mərkəzinin qəbul tələblərinə uyğun modullar şəklində, məktəbin mövcud proqramı ilə sinxronlaşdırılmalıdır. Həftəlik plan olmalı, əsas dərslər məktəbdə keçirilməli, əlavə olaraq həftədə 2-4 saat hazırlıq üçün vaxt ayrılmalıdır. Beləliklə, məktəbin dərsləri ikinci plana keçməməlidir. Xüsusi hazırlıq üçün ixtisaslaşmış müəllimlər seçilməlidir, lakin məktəb müəllimləri üçün də mentorluq və metodiki dəstək təmin olunmalıdır ki, məktəb dərsləri zəifləməsin. Müəllim seçimi şəffaf meyarlarla - sertifikasiya, testlər, təcrübə və regional ehtiyaclar nəzərə alınmaqla edilməlidir. Düşünürəm ki, dövlət hesabına sistemli hazırlıq proqramı tətbiq olunarsa, 1-3 il ərzində müəyyən nəticələr əldə etmək olar. Akademik göstəricilər yüksələ bilər. Beynəlxalq təcrübə göstərir ki, bu cür proqramlar orta göstəricilərdə nəzərəçarpacaq artım yaradır. ".
Hazırlıqlı müəllim qruplarının yaradılması və dövlət hesabına ali məktəbə hazırlıq modelinin tətbiqi təhsil sistemində uzun illərdir qalan boşluqların aradan qaldırılması üçün real imkan açır. Təhsil ekspertinin də vurğuladığı kimi, bu yanaşma yalnız o halda effektiv olacaq ki, bütün proses sistemli şəkildə qurulsun-müəllim seçimi şəffaf, proqram inteqrativ, resurslar bərabər bölüşdürülmüş, nəticələrin monitorinqi isə davamlı olsun. Əgər bu model düzgün işləsə, həm şagirdlərin motivasiyası artacaq, həm müəllim peşəsinin nüfuzu yüksələcək, həm də ailələrin üzərindəki ağır maliyyə yükü azalacaq.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31