“Azərbaycanı Təmsil Edirəm” - Bu Mandatı SƏNƏ Kim Verib?
18:53 SosialÖzünü rəsmi nümayəndə kimi təqdim edən şəxslərin artması narahatlıq doğurur
Son aylarda xarici ölkələrin qəsəbə və ya lokal səviyyəli tədbirlərinə qatılan bəzi şəxslərin özlərini "Azərbaycan nümayəndəsi", "Azərbaycan adına çıxış edən ekspert", "ölkəmizi təmsil edən rəsmi şəxs" kimi təqdim etməsi geniş müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə edilən paylaşımlar, verilən bəyənatlar və çəkilən fotolar isə bir sualı daha kəskin şəkildə ortaya çıxarır:
Azərbaycanı təmsil etmək səlahiyyətini sənə kim verib? Bu sual təkcə hüquqi məsələ deyil. Dövlətçilik, reputasiya və milli maraqlar baxımından son dərəcə vacibdir.
Rəsmi mandat - şəxsi iddia deyil
Azərbaycan Respublikasını beynəlxalq müstəvidə təmsil etmək hüququ yalnız dövlət qurumlarına məxsusdur. Bu hüququn verilməsi proseduru da qanunla dəqiqliklə müəyyən edilib: mandatı yalnız Prezident, Nazirlər Kabineti, Xarici İşlər Nazirliyi və digər səlahiyyətli dövlət orqanları təqdim edə bilər.
Heç bir özəl təşkilat, ictimai birlik, diaspora qruplaşması və ya fiziki şəxs kiməsə "Azərbaycanı təmsil etmək" statusu verə bilməz.
Belə olduğu halda, adi bir seminar, qəsəbə tədbiri və ya turistik səfər çərçivəsində özünü "ölkə nümayəndəsi" kimi göstərmək nəinki məsuliyyətsiz davranışdır, həm də dövlətin institusional nüfuzuna xələl gətirə bilər.
Rəsmi tapşırıq varmı? Dövlət adından danışmaq üçün sadəcə "mən belə istəyirəm" demək kifayət etmir. Bunun üçün:
.Rəsmi məktub,
.Dövlət tapşırığı,
.Akkreditasiya,
.Təyinat,
.Delegasiya siyahısında adın olması
şərtdir.
Əgər bunların heç biri yoxdursa, "Azərbaycanı təmsil edirəm" ifadəsi gerçəyi əks etdirmir. O, yalnız şəxsi PR, sosial şəbəkə görüntüsü və ya özünü olduğundan daha böyük göstərmək cəhdidir.
Xidməti pasport məsələsi - təkzibedilməz göstərici
Dövlət adından xaricdə rəsmi fəaliyyət göstərən şəxslərə xidmət pasportu verilir. Bu pasportun:
.diplomatlara,
.dövlət nümayəndə heyətlərinə,
.yüksək vəzifəli şəxslərə
təqdim edildiyi qanunvericilikdə açıq şəkildə yazılıb.
Belə olan halda, xidmət pasportu almayan, heç bir rəsmi tapşırığı olmayan şəxslərin özlərini rəsmi statuslu nümayəndə kimi təqdim etməsi ən yumşaq ifadə ilə desək, yolverilməzdir.
Məsələnin təhlükəli tərəfi
Ölkəni təmsil etmək məsuliyyəti yanlış təqdim edildikdə nəticələr ağır ola bilər:
.Dövlət mövqeyi təhrif oluna bilər;
.Qeyri-rəsmi şəxsin dedikləri "Azərbaycanın rəsmi fikri" kimi qəbul edilə bilər;
.Xarici tərəflərdə yanlış təəssürat yarana bilər;
.Ölkənin diplomatik nüfuzuna zərər dəyə bilər.
Azərbaycanın adından danışmaq milli məsələdir və şəxsi ambisiyaların obyektinə çevrilə bilməz.
Ad qoymaq asandır, təmsil etmək yox
Bu gün sosial şəbəkələrin yaratdığı görüntü cəsarəti, bəzi şəxslərə rəsmi status yaratmaq imkanı kimi görünə bilər. Lakin dövlətçilik buna dözümlü deyil.
Azərbaycanı təmsil etmək şərəfdir - və bu şərəfi kimin daşıya biləcəyinə ancaq Azərbaycan dövləti qərar verir.
Əgər dövlət sənə bu səlahiyyəti verməyibsə, "Azərbaycanı təmsil edirəm" demək sadəcə yanlış deyil - ciddi məsuliyyətsizlikdir.
Zahid Məmmədov
İqtisadçı alim, professor, Rusiya, Türkiyə və Azərbaycan iqtisad elmləri doktoru