Kremlin nəzarət tələbi: Ermənistan 9-cu maddənin öhdəliyindən niyə imtina edir? – ÖZƏL
15:16 Siyasət"Azərbaycan MDB-yə daxil olan Orta Asiya respublikaları ilə, eləcə də Rusiya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığını davamlı şəkildə genişləndirir. Ümumilikdə Azərbaycan qonşularla dinc yanaşı yaşamaq prinsipini əsas meyar kimi götürür".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, xüsusilə də Rusiya kimi böyük bir dövlətlə əlaqələri inkişaf etdirmək üçün 2022-ci ilin fevral ayında Azərbaycan Prezidenti ilə Rusiya Prezidenti arasında 43 maddədən ibarət "Dostluq və əməkdaşlıq haqqında" Bəyannamə imzalandı. Bu sənəd iki dövlət arasında münasibətlərin bütün sahələrdə inkişafını nəzərdə tutan əhatəli razılaşmadır. Azərbaycan Rusiya ilə həm iqtisadi, həm də siyasi sahədə əməkdaşlığı genişləndirməkdə maraqlıdır və bu, hər iki ölkənin milli maraqlarına uyğundur.
"Azərbaycan MDB platformasında da müntəzəm olaraq iclaslarda iştirak edir və müxtəlif sahələr üzrə öz prinsipial mövqeyini bəyan edir. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş nazirinin görüşləri də dəfələrlə keçirilib və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülhün əldə olunması üçün fikir mübadiləsi aparılıb.
Azərbaycanın mövqeyi tam aydındır: Ermənistan-Azərbaycan arasında sülh sazişinin imzalanması üçün Ermənistan öz Konstitusiyasında dəyişiklik etməlidir. Sülh sazişinin təməl prinsipi iki dövlətin bir-birinin ərazi bütövlüyünü tanımasıdır. Ermənistan isə hələ də Azərbaycanın ərazi bütövlüyünü tanımayıb və Konstitusiyasında Azərbaycan torpaqlarına iddia əks olunub. Buna görə Azərbaycan əsas şərt kimi bildirir ki, sülh sazişi Ermənistanın baş naziri ilə deyil, erməni xalqının iradəsi ilə təsdiqlənməlidir. Yəni referendum yolu ilə Ermənistanın Azərbaycan torpaqlarına iddiasından imtina edilməsi tələb olunur. Çünki bu gün Paşinyan hakimiyyətdədir, sabah ola bilər ki, deyil. Sabah hakimiyyətə gələcək başqa bir qüvvə Paşinyanın imzaladığı sənədlərdən imtina edə bilər. Yalnız konstitusion dəyişiklik xalqın iradəsini ifadə etdiyinə görə etibarlı hüquqi təminat sayılır," - deyə ekspert əlavə edib.
Siyasi şərhçi qeyd edib ki, bu dəyişikliklər edildikdən sonra, təbii ki, Azərbaycan Ermənistanla sülh sazişi imzalaya bilər və qonşuluq münasibətlərində dinç yanaşı yaşama prinsipi təsbit olunar. MDB platformasında da, ABŞ və Avropa qurumları ilə danışıqlarda da Azərbaycanın bu mövqeyi birmənalı şəkildə qəbul edilməlidir.
Ekspertin sözlərinə görə, Ermənistanla Rusiya da Cənubi Qafqazda sabitlikdə maraqlıdır. Cənubi Qafqaz Rusiya üçün strateji əhəmiyyət daşıyır. Ukrayna münaqişəsi fonunda Rusiyanın Avropa ilə əlaqələri zəiflədiyinə görə, Cənub cinahının açıq qalması Rusiya üçün həyati əhəmiyyət kəsb edir. Bu Cənub cinahında isə əsas aparıcı dövlət Azərbaycandır. Regionda sabitliyin təmin olunması Rusiya üçün vacibdir, çünki Rusiya Cənubi Qafqaz vasitəsilə İran körfəzinə, ordan isə Hind okeanına çıxış imkanları əldə edir. Eyni zamanda, Zəngəzur dəhlizi açılarsa, Rusiya quru yolu ilə Türkiyə ilə əlaqələrini daha da genişləndirə bilər. Sülh sazişi imzalandıqdan sonra dəhliz açılacağı təqdirdə Rusiya bu yolun imkanlarından istifadə etməkdə maraqlıdır.
"Burada vacib bir məqam var: 10 Noyabr sazişinin 9-cu maddəsinə əsasən, Zəngəzur dəhlizinə Rusiya Federal Təhlükəsizlik Xidməti nəzarət etməli idi və Ermənistan Baş naziri buna imza atmışdı. Lakin sonradan Ermənistan bu öhdəlikdən imtina etdi və dəhlizin ABŞ nəzarətinə verilməsi mövqeyini bildirdi. Güman edirəm ki, Ermənistan Baş naziri ilə Rusiya Prezidenti arasında bu məsələ də müzakirə olunacaq. Çünki Kremlin rəsmiləri dəfələrlə bildirib ki, 10 Noyabr sazişinin müddəaları qüvvədədir və Rusiya Zəngəzur dəhlizi ilə bağlı marağını açıq şəkildə ifadə edir," - deyə A. Məsiyev vurğulayıb.
Ekspertin fikrincə, Cənubi Qafqazda sülhün və sabitliyin yaranması Rusiya üçün də zəruridir. Rusiya Cənub cinahında gərginlikdə maraqlı deyil və regionda təcrid vəziyyətində qalmaq istəmir. Bu baxımdan MDB toplantılarında, eləcə də ikitərəfli görüşlərdə Cənubi Qafqazda sülhün təmin olunması əsas müzakirə mövzularından biri olub. Hər bir görüşün dövlətlərarası münasibətlərin yaxşılaşdırılmasına xidmət edəcəyi gözləniləndir.
Sevda Dəniz