Liderliyin Heydər Əliyev zirvəsi

Bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi Azərbaycandır

"O, öz həyatını xalqa həsr etmişdir və onun ən böyük arzusu Qarabağı yenidən azad görmək, ərazi bütövlüyümüzü bərpa etmək idi. O, öz fəaliyyəti ilə dövlət quruculuğu, ordu quruculuğu sahələrində gördüyü işlər nəticəsində dövlətin əsasları yaradıldı və ölkəmiz inkişaf yoluna qədəm qoydu. Əfsuslar olsun ki, atam bu günü görə bilmədi. Onun kimi yüz minlərlə azərbaycanlı bu günü görmədən həyatdan getdilər. Biz - onların davamçıları onların işini tamamladıq, atamın vəsiyyəti yerinə yetirildi. Bu gün atamın, bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır. Biz onların ruhunu şad eləmişik." Dövlətimizin başçısı İlham Əliyevin bu fikirləri ilə yazıya körpü salmaq istədik. Çünki Azərbaycanı canından artıq sevən, "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" çağırışı ilə harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıya Vətəni sevməyi öyrədən, dövlətə, xalqa xidmət nümunəsini göstərən Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Şərqi Zəngəzuru azad görmək idi və dahi rəhbərin bunun  gerçəkləşdirilməsi istiqamətində atdığı addımların miqyası ölçüyəgəlməzdir. Çünki Ulu Öndər ölkənin ən çətin günlərində, müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsini yaşayanda, torpaqlarımız işğal ediləndə, sabaha ümid itəndə xalqının səsinə səs verdi. Ümummilli Lider canından artıq sevdiyi   Azərbaycanı xilas etmək üçün xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdanda qarşısında bir sıra həlli vacib  məsələlər dayanırdı ki, onlardan biri torpaqlarımızın işğaldan azad edilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı idi. Bunun üçün Azərbaycan bütün sahələrdə  güclənməli,  müstəqil dövlət kimi özünü təsdiqləməli, diplomatik mübarizədə üstünlük qazanmalı, müstəqilliyinin və suverenliyinin qarantı olan ordusunun Qələbəyə hazırlığını təmin etməli, bir sözlə, Ulu Öndər Heydər Əliyevin təbirincə desək, dünyaya Günəş kimi doğmalı idi. Ümummilli Lider  düşünülmüş siyasəti ilə Azərbaycanı dünyaya  belə təqdim etdi.

Xilaskarlıq missiyası

Tariximizin bu səhifəsini də unutmamalıyıq ki, 1991-ci ildən 1993-cü ilin iyun ayına qədərki dövr Azərbaycanın dövlətçilik salnaməsində fəlakət illəri kimi xarakterizə edilir. Qısa müddətdə bir neçə dəfə dəyişilən, Azərbaycana idarə etmək bacarığında, səriştəsində olmayan səbatsız "rəhbərlərin" bağışlanılmaz səhvləri üzündən təhlükə ilə üzləşən ölkəmizi parçalamaq istəyən xarici qüvvələr daxili satqınlardan istifadə etməklə istəklərinə nail olmağa məqam axtarırdılar. AXC-Müsavat cütlüyünün  hakimiyyəti illərində yaranan vəziyyət isə daha acınacaqlı və dözülməz idi. Xaos, anarxiya, özbaşınalıqlar baş alıb gedirdi, Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilmişdi. Müstəqilliyimizə təhlükə olan Gəncə hadisələri Azərbaycanın hərtərəfli məhvinə yönəldilmiş cinayət, hər an alovlana biləcək bir qığılcım idi. O illərdə dövlətçiliyin əsasları qurulmamışdı. 1991-1993-cü illərdə hadisələri düzgün qiymətləndirə bilməyən o dövrün iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışında  gördü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarının özü də xilas üçün sonda Ümummilli Lider Heydər Əliyevdən imdad dilədi. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın təkidli dəvətini qəbul edib Bakıya gəldi. Xilaskarlıq missiyasını öz üzərinə götürən Ulu Öndər Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə getdi və bölgədə davam edən qiyamın qarşısını aldı. Ümummilli Lider iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də Ulu Öndər müstəqil Azərbayan Respublikasının Prezidenti seçildi. Bu qısa xronologiya bir daha Azərbaycan xalqının Ümummilli Liderə  sonsuz sevgisinin təsdiqidir. Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq.

Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi...

Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır.  Müstəqillik tariximizin hər bir mərhələsini müqayisəli təhlil əsasında indiki və gələcək nəsillərə çatdırmalıyıq. Bugünün gəncləri həmin dövrün reallıqları barədə çox da məlumatlı deyillər.  Bu baxımdan dövlət başçısı İlham Əliyev Ulu Öndər Heydər Əliyevin  yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının VII Qurultayındakı çıxışında dahi şəxsiyyətin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərindən, Azərbaycanın müstəqilliyimizin ilk illərində yaşadığı faciələrdən bəhs edərək  bu çağırışı etmişdir ki, biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər: "Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox. Halbuki 1991-ci ilin 18 oktyabrını biz Müstəqillik Günü kimi qeyd edirik. Ancaq hər kəs bilməlidir ki, o, bizdən asılı olan proseslər deyildi. Azərbaycan hətta gecikmişdi. Artıq bir çox keçmiş müttəfiq respublikalar öz müstəqilliyini elan etmişdilər. Sovet İttifaqı demək olar ki, dağılırdı. Artıq parçalanma prosesləri gedirdi. Nəyi gözləyirdilər 18 oktyabra qədər? Ondan əvvəl müstəqilliyi elan etmək olmazdımı? Əlbəttə, olardı. Ona görə bizim əsl müstəqillik tariximiz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki ona qədər müstəqillik sözdə var idi, amma faktiki olaraq yox idi. Azərbaycan müstəqil siyasət apara bilirdi? Yox! Öz hüdudlarını qoruya bilirdi? Yox! Beynəlxalq aləmdə öz sözünü deyə bilirdi? Yox! Bəs bu, nə müstəqillikdir?" Prezident İlham Əliyev, eyni zamanda, qeyd etmişdir ki, o dövrü bilməyən, o vaxt yaşamayan gənc nəsil bilməlidir ki, nəyin bahasına biz müstəqilliyi qoruyub saxlaya bilmişik. Kimə biz borcluyuq. Əgər Heydər Əliyev o vaxt hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq kiminsə əlinin altında bir oyuncaq dövlət kimi, bir yarımmüstəmləkə kimi yaşaya bilərdi.

Xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxaran dahi şəxsiyyət

Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxaran və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşduran  qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Onun  həyat amalının təntənəsidir. Azərbaycana rəhbərliyinin birinci dövründə  özünün yüksək idarəçilik bacarığı və vətənpərvərliyi, polad iradəsi, uzaqgörən, məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndər Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etdi. O, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirdi və  həyata keçirdi. Ulu Öndər Heydər Əliyev bildirirdi ki, əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz. Uğurlu gələcəyə hesablanmış siyasət Azərbaycanı qısa müddətdə sabitlik diyarına çevirdi. Ulu Öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də işğalçı Ermənistanla atəşkəs sazişinin imzalanması ölkəmizdə sabitliyin daha da möhkəmlənməsini, eyni zamanda, digər sahələrdə uğurlu addımların atılmasını təmin etdi. Məhz həmin ilin sentyabrın 20-də dünyanın aparıcı transmilli şirkətləri ilə tarixə "Əsrin müqaviləsi" kimi daxil olan neft sazişi imzalandı. Bununla Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Bu saziş ölkəmizin iqtisadi imkanlarını artırmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirdi. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan  və Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri reallığa çevrildi. Onlarla neft və qaz sazişləri, Anlaşma memorandumları imzalandı. Neft gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipinin yüksək səviyyədə qorunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması da Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsi idi. Ölkəmizin iqtisadi imkanlarının artması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımların atılmasına yol açdı. Ümummilli Lider bildirirdi ki, neft Azərbaycanın ən böyük sərvəti olub xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur.  Ulu Öndər Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrildi və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edildi. Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Onun Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması mükəmməl quruculuq proqramının tərkib hissələrindən  oldu.

Zəfər zirvəsinə gedən yolun möhkəm təməli

Xalqımız Ümummilli Lider Heydər Əliyevin Vətəninə, dövlətinə, xalqına sevgisinin fonunda Azərbaycanın bugününü və gələcəyini aydın görürdü. Xalqından güc alan dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın addım-addım Zəfər zirvəsinə yüksəlməsini təmin edən  möhkəm təməlin əsasını qoydu. Onun hər birimiz üçün bir çağırış olan "Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!"  fikirləri  dövlətimiz, xalqımız üçün gördüyü misilsiz işlərin məcmusudur. Bu çağırış hər kəsdən Onun çoxşaxəli fəaliyyətinin hər bir səhifəsini, hər bir anını dərindən öyrənməyi bir tələb kimi qarşımızda qoyur. Çünki  illər keçdikcə  Ulu Öndərlə bağlı nə qədər  kitablar dərc edilsə də, Onun fəaliyyətinin ayrı-ayrı istiqamətləri araşdırılsa da yenə də tədqiqata ehtiyac vardır. Ümummilli Lider Heydər Əliyev Azərbaycanı yenidən qurdu, xalqına ən güclü, qüdrətli, hər birimizin qürur duyacağı Azərbaycan kimi təqdim etdi. Hakimiyyətə qayıdışının ilk  günlərində Azərbaycanın o çətin günlərinin fonunda  xalqına  çağırışında belə bir inamı ifadə etdi ki, gün gələcək  hər kəs belə güclü, qüdrətli Azərbaycanın vətəndaşı olduğu üçün qürur duyacaq. Qısa zamanda xalqımız o qüruru yaşadı. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi və Azərbaycanın reallıqları bu platformadan dünya azərbaycanlılarına çatdırıldı. Vətənin bir olduğu, hər birimizin bu Vətən üçün çalışmağımız əsas hədəflər sırasında oldu. Göründüyü kimi, Ümummilli Lider Azərbaycanın bugünkü Zirvəyə, Zəfərlərə gəlib çatması üçün necə təkmil  inkişaf strategiyasını müəyyənləşdirdi. Bu, Onun liderliyinin, yüksək idarəçilik bacarığının göstəricisi, dövlətinə, xalqına sevgisinin nümayişi idi.

Xalqın sevgisindən, iqtidarla birliyindən bəhs edərkən  1994, 1995-ci illərdə törədilən dövlət çevrilişlərinə cəhdləri yada salmamaq olmur. İnamına, seçiminə sadiq qalan Azərbaycan xalqı həmin o çətin günlərdə xilaskarının ətrafında sıx birləşdi. Azərbaycanı qorumaq, saxlamaq, dövlətçiliyimizi möhkəmləndirmək və inkişaf etdirmək yolları hamar olmasa da, Ümummilli Lider Heydər Əliyev zəkası ilə bütün çətinliklərə qalib gələrək müstəqilliyimizin əbədi müəllifi adını qazandı. 

Dəfələrlə qeyd etdiyimiz kimi, bu xidmətlərin miqyası o qədər böyükdür ki, onları sadalamaqla bitməz, eyni zamanda, bir yazıda əhatə etmək mümkün olmaz. Buna görə də "Azərbaycan zirvəsində Heydər Əliyev ucalığı, Heydər Əliyev dühasında isə Azərbaycan müqəddəsliyi" sözləri Ulu Öndərin həyat fəlsəfəsinin ana xəttini təşkil edirdi. Onun ali dövlət idarəçiliyi təcrübəsi, potensial imkanları kontekstində formalaşan Azərbaycan  dünyaya əsl Liderin prinsipiallıq fəlsəfəsini təqdim etdi. Çünki Onun gələcəyə, yeniliyə hesablanmış müdrikliyi cəmiyyətə, dünyaya bitkin fəlsəfi dünyagörüşü aşılayır, problemlərin həllində yeni mərhələlərə yol açırdı. Hakimiyyətə qayıtdığı ilk gündən Azərbaycanın gələcək yolunu demokratik islahatların tətbiqi ilə müəyyənləşdirən Ulu Öndər bu niyyətini də gerçəkləşdirdi. Ölkədə söz, mətbuat, vicdan azadlığı, plüralizm üçün sərbəst mühit yaradıldı. Respublikamız sözdə deyil, əməldə xalqların birgə yaşadığı tolerant ölkə olduğunu bütün millətlərə, dinlərə hörməti, ehtiramı ilə bildirdi. Ulu Öndərin alternativsiz dövlət siyasəti təkcə iqtisadi məsələlərin həllində deyil, cəmiyyətin ideoloji hazırlığı baxımından da nümunə idi. Dahi şəxsiyyət təhsilin, səhiyyənin, mədəniyyətin inkişafına göstərdiyi diqqət və qayğı ölkəmizdə bacarıqlı mütəxəssislərin, təcrübəli kadrların hazırlanmasını təmin etdi.

Zamanın tələbi, xalqın istəyi ilə yaradılan partiya

Azərbaycanın müasir siyasi sistemi də məhz Ulu Öndər  Heydər Əliyevin adı ilə bağlıdır. 1992-ci ilin  21 noyabr tarixində  Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis edilməsi və Heydər Əliyevin partiyaya Sədr seçilməsi  Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb oldu. Xalqın böyük əksəriyyətinin istəyini özündə əks etdirən 91 nəfər ziyalının Ulu Öndər Heydər Əliyevə müraciəti, həmçinin dahi şəxsiyyətin bu müraciətə cavabı xalqın ümidinin yalnız Ümummilli Liderə olduğunun, dahi şəxsiyyətin isə  xalqa, dövlətə sevgisinin aydın mənzərəsini yaradır. Zamanın tələbi, xalqın istəyi ilə yaradılan Yeni Azərbaycan Partiyasının çox keçmədi ki,  iqtidar partiyasına çevrildi. Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Yeni Azərbaycan Partiyasının da həyatında yeni səhifə açdı. Çox qısa zamanda milyonların sevgisini qazanan Yeni Azərbaycan Partiyası daim tutduğu yola sadiqliyi ilə nüfuzunu artırır, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirir. Partiya ilk gündən öz adını qələbələr partiyası kimi tarixə yazdı. Dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edən YAP davamlı uğurları ilə Ulu Öndər Heydər Əliyevin böyük inam və qətiyyətlə söylədiyi, bugününə və gələcəyinə  böyük inamını nümayiş etdirdiyi "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" fikrini təsdiqləyir, bu yenilməz siyasi qüvvə gələcəyə doğru daha böyük inamla addımlayır. Yeni Azərbaycan Partiyası  bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə  uğurla inkişaf edir. Partiyanın 2021-ci il 5 mart tarixində keçirilən VII qurultayında dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev keçilən yolun təhlili fonunda bu əminliyi ifadə etdi ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq.

VII qurultay partiyanın bugünənə və gələcəyinə xidmət edən mühüm qərarların qəbulu ilə yadda qaldı. Həmçinin yeni tərkib formalaşdı. Partiyanın yeni Nizamnaməsi qəbul edildi. Dövlətimizin başçısı İlham Əliyevin tapşırığı ilə partiyanın  müasir dövrün çağırışlarını özündə əks etdirən Proqramı hazırlandı və təsdiqləndi. "Biz birlikdə güclüyük!" çağırışı altında təqdim edilən yeni Proqramda növbəti dövrün hədəfləri  öz əksini tapır. Əsas hədəflərdən biri Böyük Qayıdış Proqramının icrasına töhfələr verməkdir. Qurultayda Prezident İlham Əliyevin  Sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva YAP Sədrinin birinci müavini  təyin edildi.

2003-cü ildə verilən bütün vədlər yerinə yetirildi

Dahi şəxsiyyətin 2003-cü ildə xalqa tarixi müraciəti Onun Azərbaycan dövləti, xalqı qarşısındakı ən böyük  xidmətlərindən oldu. Həmin müraciətində Ümummilli Lider Heydər Əliyev bildirmişdir: "Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm." Zaman göstərdi ki, Ulu Öndər Azərbaycan xalqı qarşısındakı  bütün xidmətlərində olduğu kimi, bu seçimində də  uzaqgörən oldu. Onun axıra çatdıra bilmədiyi taleyüklü məsələ, təbii ki, Qarabağ münaqişəsinin həlli, torpaqlarımızın işğaldan azad edilməsi idi.

2003-cü ildə keçirilən prezident seçkilərində  xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində qarşıda duran vəzifələri açıqlayarkən  bildirdi ki, bütün bunlara nail olmaq üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Prezident İlham Əliyev   andiçmə mərasimində, həmçinin Ümummilli Liderə bu müraciəti etdi ki, əsəriniz olan müasir müstəqil Azərbaycanı daha da möhkəmləndirəcək, gücləndirəcək,  zəfərələrə doğru aparacağıq.

2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin və 2023-cü ilin  sentyabr ayında həyata keçirilən bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpasının  yaratdığı reallıqlar əsasında yeni dövrə qədəm qoyan 2024-cü ilin  fevral ayında Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində  keçirilən prezident seçkilərində inamlı qələbə qazanan Prezident İlham Əliyev andiçmə mərasimində "2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi" söyləyərək onu da əlavə etdi ki, 2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik.

Bu gün işğaldan azad edilmiş bütün torpaqlarımızda üçrəngli Bayrağımız dalğalanır

Prezident İlham Əliyevin 8 noyabr 2020-ci il tarixində Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini  xalqa çatdırarkən söylədiyi "Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır", Ümummilli Liderin anadan olmasının 100 illiyi münasibətilə "Heydər Əliyev İli" çərçivəsində Şuşadan xalqa müraciətində "Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam. Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi. Bildiyiniz kimi, ondan bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atmışdır. İl başlayandan Ulu Öndərin həyatı, fəaliyyəti ilə bağlı bir çox tədbirlər keçirilir, müzakirələr aparılır. Eyni zamanda, hesab edirik ki, biz bu yubiley tədbirlərindən gələcəyə baxışı daha da dəqiqləşdirmək üçün istifadə etməliyik" kimi fikirləri cənab İlham Əliyevin dahi şəxsiyyət Heydər Əliyevin Ona olan inamını, etimadını yüksək səviyyədə doğrulmasından keçirdiyi hissləri xalqımıza çatdırır.

22 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsinin baş verdiyi  dövrə qədər  əsas hədəf kimi Azərbaycanı daha da gücləndirməyi, bütün sahələrdə uğurlu inkişafa nail olmasını, informasiya cəbhəsində üstünlüyünü, ordumuzda qələbə əzmini gücləndirməyi qarşıya qoydu. 2003-2020-ci illər  Qələbəyə hazırlıq dövrü kimi xarakterizə edilir. Ulu Öndər Heydər Əliyev elə möhkəm təməl yaradıb ki, onun üzərində Azərbaycanı inkişaf etdirmək, zirvələrə aparmaq üçün  dövlətinə, xalqına bağlı Liderin olması əsas şərt idi. Prezident İlham Əliyev liderlik nümunəsini təqdim etdi, hər addımında Heydər Əliyev siyasətinə sadiqliyini nümayiş etdirdi,  Azərbaycanın inkişaf modelini daha da təkmilləşdirdi, Qələbəyə doğru gedən yolu addım-addım yaxınlaşdırdı. Bu gün hansı sahəyə diqqət yetirsək, yalnız uğur, zəngin təcrübə görə bilərik. 44 günlük Vətən müharibəsi  bütün bu reallıqların təqdimatı oldu.  Bir daha əyani şəkildə göstərdi ki, müstəqillik illərində əldə edilmiş milli birliyimiz, mənəvi-ideoloji vəhdətimiz bizim ən qiymətli sərvətimizdir. Bu gün işğaldan azad edilmiş bütün torpaqlarımızda, Qarabağın döyünən ürəyi Şuşada üçrəngli Bayrağımız dalğalanır. Tarixi Zəfərimizdən üç il sonra Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Bu gün qürurla tariximizə yazılan Zəfər və Dövlət Suverenliyi günlərindən, azad edilmiş ərazilərimiz üzrə Şəhər günlərindən  bəhs edirik. Son beş ildən artıq dövrün  əsas hədəflərindən  biri azad edilmiş ərazilərimizin bərpası, Böyük Qayıdış Proqramının uğurlu icrası, həmçinin ordumuzun daha da gücləndirilməsi, madi-texniki bazasının möhkəmləndirilməsidir.

Qarabağ və Şərqi Zəngəzur dirçəlir

Böyük Qayıdış Proqramının uğurlu icrası bugünümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Artıq 9 şəhər, onlarla  kənd və qəsəbə sakinlərinə qovuşub. Azad edilmiş ərazilərimizdə görülən işlər Azərbaycanın müasir şəhərsalma təcrübəsini dünyaya təqdim edir. Ağdamda, Zəngilanda və Xankəndidə Azərbaycan Milli Şəhərsalma forumları keçirilib.  Bu forumlar  Azərbaycanın  yaxın günlərdə, 17-22 may tarixlərində  ev sahibliyi edəcəyi Ümummdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına gedən yolun başlanğıcı kimi dəyərləndirildi. Azərbaycan COP29 tədbirindən sonra ikinci böyük beynəlxalq tədbir olan bu Foruma ev sahibliyi etməklə növbəti dəfə dünyanın diqqətini paytaxt Bakıya, regionlarımıza, işğaldan azad edilmiş ərazilərimizə yönəldəcək. Hazırda  bu ərazilərimizin hər biri beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul edilir. Azad edilmiş ərazilərimizin  strateji əhəmiyyətini təsdiqləyən mühüm amillər sırasında qısa müddətdə bu torpaqlarda üç hava limanının tikilib istifadəyə verilməsidir. Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları qonaqlarını qarşılamaqla  Zəfərimizin reallıqlarının  dünyaya çatdırılmasında öz sözünü deyir. Artıq bu və ya digər ölkələrin dövlət başçılarının  bu hava limanlarında qarşılanması, Qarabağda və Şərqi Zəngəzurda görülən işlərlə yaxından tanış olmalarına şəraitin yaradılması son illərin mühüm hadisələri sırasındadır. Azad edilmiş ərazilərimiz sülhə, təhlükəsizliyə, əməkdaşlığa çağırışların edildiyi məkanlar kimi diqqətdədir. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın müstəqillik tarixinin ayrı-ayrı mərhələlərini, keçilən yolu təhlil edərkən bu məqamı xüsusi vurğulayır ki,  quruculuq və inkişaf işlərinin məntiqi nəticəsi 8 Noyabr - Zəfər Günümüzdür, Şuşanın azad olunması, Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix artıq göz qabağındadır. Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi.

Qeyd etdiyimiz kimi, bu gün Qarabağ dirçəlir, Şərqi Zəngəzur dirçəlir, doğma torpaqlarımızda qururuq, yaradırıq. Dövlətimizin başçısı İlham Əliyevin çağırışlarında bu məqamlar xüsusi qeyd edilir ki, necə ki, Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı - bu gözəl diyarın bərpası missiyasını da şərəflə yerinə yetirəcəyik.

Bu gün Qarabağımız və Şərqi Zəngəzurumuz cənnət məkana çevrilir, söydaşlarımız doğma yurd-yuvalarına qayıdırlar. Cənab İlham Əliyevin böyük əminliklə qeyd etdiyi kimi, bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik. Dövlətimizin başçısı bu çağırışı da edir ki, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr göstərdi ki, güclü iradə, xalq-iqtidar birliyi, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə bu iradənin qabağında dura bilməz. Nə qədər güclü olsaq o qədər də səsimiz eşidiləcək. Bizim işimiz haqq işidir.

Heydər Əliyev Fondunun  Azərbaycan dövlətinin möhkəmləndirilməsinə töhfələri davamlıdır

Sadalamaqla bitməyən uğurlarımız Heydər Əliyev yolunun Aərbaycana qazandırdıqlarıdır.  Bu yol Azərbaycanı hər zaman inkişafa, zəfərlərə aparacaq. Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim açıqlamaq  məqsədilə yaradılan Heydər Əliyev Fondunun  Azərbaycan dövlətinin, dövlətçiliyinin möhkəmləndirilməsinə töhfələri davamlıdır. Fond Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Ulu Öndər Heydər Əliyevin ölməz ideyalarının reallaşması istiqamətində uğurla irəliləyir. Bu xidmətlər Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın  2017-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsini şərtləndirdi. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycanı dünyada tanıdır. Fondun fəaliyyət coğrafiyası ölkəmizin sərhədlərini aşmış, onun dəstəyi ilə dünyanın bir çox ölkələrində humanitar layihələr reallaşmışdır. Fondun hazırda Böyük Qayıdış Proqramının icrasına töhfələri diqqətdən kənarda qalmır. Tarixi, mədəni və dini irsimizin bərpası və qorunması istiqamətində unikal layihələri uğurla reallaşdırması hər kəsdə  böyük iftixar və sevinc hissi yaradır. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Xarıbülbül" musiqi festivalının, Vaqif Poeziya Günlərinin, həmçinin digər  mühüm tədbirlərin keçirilməsi Zəfərimizin reallıqlarının təbliğində əhəmiyyətli rol oynayır. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın birgə səyləri nəticəsində qalib Azərbaycan qarşısında dayanan bütün hədəflərə yüksək səviyyədə nail olacaq.

Azərbaycanın sülhə, təhlükəsizliyə verdiyi töhfələr beynəlxalq səviyyədə təqdir edilir

Bu gün dünya Azərbaycanın sülh təcrübəsindən bəhs edir. Artıq 9 aydır sülh şəraitində yaşayırıq. Ötən ilin avqust ayında ABŞ-da Prezident Donald Trampın  iştirakı ilə Ermənistanla Azərbaycan arasında  tarixi sülh razılaşmasının əldə edilməsi  regionda dayanıqlı sülhün və təhlükəsizliyin  əsasıdır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, işğala, etnik təmizləməyə və soyqırımına məruz qalmış, suverenliyini, ərazi bütövlüyünü və ləyaqətini güc tətbiqi ilə bərpa etmiş, daha sonra isə o zaman məğlub olmuş düşmənə sülh təklif etmiş ölkə olmağımız beynəlxalq ictimaiyyətlə paylaşa biləcəyimiz nadir bir təcrübədir: "Mən dəfələrlə demişəm ki, biz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik, sülh sazişi yeddi ay əvvəl paraflandı və birgə bəyanat qəbul olundu. Lakin biz artıq real həyatda sülhü təmin etmişik. Sərhədimizdə sakit vəziyyət hökm sürür, atəş açılmır, artıq heç bir qurban və itki yoxdur." Azərbaycanın sülhə, təhlükəsizliyə verdiyi töhfələr beynəlxalq səviyyədə təqdir edilir. Bu sülh razılaşması Avropada bir sülh hekayəsi kimi dəyərləndirilir.

Təbii ki, Heydər Əliyev siyasətinin uğurlarını bir yazıda əhatə etmək mümkün deyil. Qeyd etdiklərimizin fonunda bu qənaəti böyük qürur hissi ilə  bildiririk ki, bugünkü Azərbaycan  Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır!

Vüqar Rəhimzadə,
Milli Məclisin deputatı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31