Yas mərasimlərinin dəyişən üslubu və müasir adətlər

Azərbaycan cəmiyyətində yas mərasimləri həmişə xüsusi bir yer tutub. Əsrlər boyu bu mərasimlər təkcə ailənin yaxınlarını deyil, bütöv məhəlləni, kəndi, hətta şəhəri bir araya gətirən ənənələrdən biri olub. Yas mərasiminin mahiyyəti sadə və aydın idi: mərhumun ruhuna dua etmək, Qurani-Kərim oxutmaq və ailəsinə mənəvi dəstək göstərmək. Sükut, hörmət və sadəlik əsas prinsiplər olub. Amma son illərdə bu ənənələrdə nəzərəçarpacaq dəyişikliklər müşahidə olunur. Əvvəllər yas mərasimlərinin əsas üslubu dini və mənəvi yönümlü idi. İnsanlar oraya mərhumun xatirəsini yad etməyə, ailəsinə təsəlli verməyə gedərdilər. Lakin indi, məncə, bu mərasimlərin tərzi getdikcə formallaşır, bəzi hallarda hətta nümayiş xarakteri alır. Ehsanların böyük məkanlarda, çoxsaylı qonaqların iştirakı ilə təşkil edilməsi artıq adi hal kimi qarşılanır. Son günlərdə sosial şəbəkələrdə yayılan xəbərlər də bu mövzuya diqqəti daha da artırdı. Bildirilir ki, yaxın gələcəkdə yas mərasimlərinə də toylardakı kimi dəvətnamə ilə insanlar çağırılacaq. Əlbəttə, bu xəbər cəmiyyətdə birmənalı qarşılanmadı: kimisi bunu istehza ilə qarşıladı, kimisi isə düşündü ki, bəlkə də bu, artıq qaçılmaz reallığa çevriləcək. Çünki yasların həddən artıq böyüməsi, yüzlərlə insanın toplanması, hətta bəzən "kim daha böyük ehsan verdi?" tipli müqayisələr ictimai təzyiqi artırır. Yas mərasimlərinin belə bir istiqamətə sürüklənməsi təəssüf doğurur. Çünki insanlar bu məqamda daha çox mənəvi dəstək verməli olduqları halda, sanki sosial görüntünü qorumaq yarışına girirlər. Halbuki, mərhumun ruhuna edilən səmimi bir dua, ailənin yanında olmaq və onlara təskinlik vermək yeməklərdən və böyük süfrələrdən qat-qat qiymətlidir. Ənənəvi olaraq ehsan süfrələrində sadə yeməklər - çörək, plov, çay, halva və s. təqdim olunardı. Bu yeməklər həm simvolik məna daşıyır, həm də mərasimə gələnlər üçün kifayət edirdi. Amma indi bəzi hallarda yas süfrələri toydan seçilmir. Bu isə ailəyə əlavə maddi yük gətirir. Çox vaxt ailə borca girir, kredit götürür, sadəcə "ayıb olmasın" deyə imkanlarından artıq ehsan verir. Məncə, bu, nə dini, nə də insani baxımdan doğru deyil. Müasir dövrün diktəsi ilə yas mərasimlərində texnologiyanın da rolu artmaqdadır. Artıq sosial şəbəkələr vasitəsilə yas xəbərləri paylaşılır, insanlar "status" yazmaqla başsağlığı verir. Bu, bir tərəfdən rahatlıqdır: uzaqda olan insanlar heç olmasa virtual da olsa ailəyə dəstək ola bilirlər. Amma digər tərəfdən, bu hal da mərasimin səmimiyyətini azaldır, münasibətlərin formal xarakter almasına səbəb olur. Mən düşünürəm ki, yas mərasimləri bu cür dəyişikliklər fonunda öz mahiyyətini itirməməlidir. Unutmaq olmaz ki, yas mərasiminin əsas məqsədi mərhumun ruhunu yad etmək, ailəyə dəstək olmaq və qısa müddətlik də olsa dünya işlərindən çəkilib ölümü düşünməkdir. Yas - həyatın faniliyini yada salan, insanlara mənəvi dərs verən bir ənənədir. Əgər bu ənənə ticarətə, dəbdəbəyə çevrilirsə, onda artıq onun mənası itib gedir. Dəvətnamə məsələsinə gəldikdə isə  məncə, yasla toyu eyni müstəviyə qoymaq, dəvətnamə paylamaq doğru deyil. Çünki yas bir şənlik deyil, insanların könül borcu ilə qatıldığı mənəvi mərasimdir. Əlavə olaraq qeyd etmək istərdim ki, son illərdə bəzi bölgələrdə insanlar artıq sadəliyə qayıtmağa başlayıb. Hətta müəyyən məscidlərdə təşəbbüslər göstərilir ki, yas mərasimləri yalnız dini mərasimlərlə kifayətlənsin, təmtəraqlı süfrələr qurulmasın. Bu, çox müsbət haldır. Çünki ən əsası mərhumun ruhuna dua etməkdir.

Zamanla mərasimlərin üslubu və tərzi necə dəyişib, bu dəyişikliklər ənənələrlə necə uzlaşır? Ehsan vermək, qonaqpərvərlik və son zamanlarda dəvətnamə ilə yas mərasimlərinə çağırış kimi yeniliklər din baxımından necə qiymətləndirilir? Bu suallara dini baxımdan daha geniş cavab tapmaq üçün ilahiyyatçı-psixoloq Fazil Əhməd Olaylar.az-a açıqlama verib:

" Dini baxımdan, islami baxımdan yas mərasimlərinin xüsusi təşkili, orada Qurani-Kərim oxunuşu və dini mövzularda maarifləndirici söhbətlərin aparılmasında əsas məqsəd həm insanları maarifləndirmək, həm də bundan qazanılacaq savabı mərhuma aid etməkdir. Bəli, dini mətnlərdə Qurani-Kərim oxuyub onun savabını ölənə göndərmək mövzusu var və hədislərdə də bu təsdiqini tapır. Qurani-Kərim ayələri ilə də bu təsdiq olunur. Məsələn, Quranda belə bir ayə var ki, müharibədən qaçanlara namaz qılma, yəni cənazə namazı qılma və onların qəbirlərini ziyarət etmə. Həzrət Peyğəmbərə bu nida olunur. Bu o deməkdir ki, müharibədən qaçanlara əgər namaz qılmaq düzgün sayılmırsa, deməli, normal bir müsəlmanın qəbri ziyarət oluna bilər, onların qəbrinin üstündə dua oxuna bilər və ya onlara cənazə namazı qılına bilər. Cənazə namazı vacibdir, bu o deməkdir ki, artıq insan ölüb. Əgər o sözlərin insana xeyri yoxdursa, məsələn, Yasin və digər ayələrin oxunmasının da xeyri yoxdursa onda cənazə namazında deyilən sözlərin nə xeyri var? Deməli, cənazə namazı vacibdirsə, hər bir müsəlman dəfn edilərkən Yasin və digər Qurani-Kərim ayələrini oxuyub, savabını rəhmətliyə göndərmək də faydalıdır.Ümumilikdə, bu mərasimlərin keçirilməsində iki fayda var: Birincisi, insanlar maariflənir. İkincisi, dünyasını dəyişən adam bunun savabına nail olur. Yəni, dünyasını dəyişən şəxs o savablardan qazanır. Əlbəttə, bu insanın yalnız qəbir həyatına aiddir, axirət həyatına təsiri olmur. Bilinməlidir ki, insan üçün öləndən sonra edilənlər - Qurani-Kərim oxumaq, namaz qılıb savabını hədiyyə etmək, onun adından xeyirli işlər görmək yalnız qəbir həyatına, qəbir çətinliklərini aradan qaldırmağa yardım edir. Axirət, yəni qiyamət günündə insanın əməl dəftərinə fayda verən yalnız özünün sağlığında qoyub getdiyi xeyirli şeylərdir. Əksinə, şər mənbəyi qoyub gedənlər də var. Məsələn, bir insan şərab evi tikib qoyub gedibsə, ondan istifadə edənlərin günahı həmin adama da yazılır. Xeyir mənbəyi qoyub gedən adam da belədir. Məsələn, bir kənddə çayın üzərində körpü tikdirən adam ölsə belə, o körpüdən istifadə olunduqca savab ona yazılır.

Amma ümumilikdə Qurani-Kərim ayələrini oxumaq yalnız qəbir həyatına xeyir verir, axirət həyatına təsiri yoxdur. Çünki insan ola bilər ki, zalım olub, qohum-əqrəbayla yaxşı yola getməyib, insanlara pislik edib. Bunun övladı nə qədər Yasin oxusa da, o pis insan olubsa, Yasin ona axirət tərəfdən təsir etməyəcək. Alimlər də deyirlər ki, bu, yalnız qəbir əzabından müəyyən qədər qurtuluşuna səbəb ola bilər, amma axirət həyatında yalnız insanın öz əməlləri hesab olunur. Müasir dövrdə isə bəzi yeni hallar meydana çıxıb. Məsələn, qəbirin üstündə QR-kodun olması və ya yas mərasimlərinə dəvət üçün xüsusi dəvətnamələrin hazırlanması. Bu, dinimizdə qadağan olunmasa da, müəyyən dövrdə xoşagəlməz görünə bilər. Məsələn, QR-kod vasitəsilə mərhumun həyatı barədə məlumat almaq, şəkillərə baxmaq haram sayılmır. Haram olsaydı, israf hesab edilərdi. Amma qəbir daşlarının bahalı mərmərdən hazırlanması, təmtəraq verilməsi həmişə qınanılıb.

Yas mərasimlərinə dəvətnamələrin hazırlanması məsələsi isə, bilirik ki, adi yaslarda-insan dünyasını dəyişdi,onun dəfn mərasimi, üç mərasimi-bunlarda yaxınlar ,dostlar sərbəst gəlib iştirak edirlər. Amma qırx mərasimi belə edilir ki, insanlar çağırılır. İndi bu çağırmalar xüsusi formaya salınıb müasir dövrdə. Bu da din cəhətdən haram sayılmır, amma, xoşagəlməz haldır. Ehsan məsələsinə gəldikdə, son vaxtlar bunun üzərində çox dayanılması zahirən yaxşı görünmür. Mən də tərəfdarıyam ki, əlavə xərc, israf olmasın. Amma görürük ki, biz əslində israfa qarşı deyilik, sadəcə məsələni sırf yasın üzərində qurmuşuq. Halbuki toy mərasimlərində daha çox israf var - saysız-hesabsız yeməklər hazırlanır, artıqları qalır. Yas mərasimlərində isə əsasən bir-iki cür yemək olur. Mən belə düşünürəm: imkanı olan insan öz öləninə ehsan vermək istəyirsə, qoy versin, bu, problem deyil. Amma imkanı olmayan insanı buna məcbur etmək düzgün deyil. İmkanlı insan ehsan verəndə, imkansızları dəvət edəndə bu, əsil ehsan olur. Yəni, burada məqsəd xatirə saxlamaq, mərhuma savab göndərməkdir. Problem ondadır ki, bəzən yoxsul insanlar kredit götürüb gücündən artıq xərcə girirlər. Bu, qətiyyən düzgün deyil. Ağsaqqallar, din xadimləri bu məsələyə qarışmalı, imkansız insana belə yük qoyulmamalıdır. Amma şəhər və rayonlarda fərqli yanaşmalar var. Bəzi yerlərdə yemək payı tamamilə ləğv olunub, bəzilərində isə qalır. İnsanlar da bu fərqliliyə görə narazılıq edirlər".

Azərbaycan cəmiyyətində yas mərasimləri əsrlər boyu həm mərhumun ruhuna dua etmək, həm də ailəyə mənəvi dəstək vermək vasitəsi olub. Ənənəvi olaraq bu mərasimlər sadə süfrələr, Qurani-Kərim oxunuşu və dini mövzularda maarifləndirici söhbətlərlə keçərdi. İlahiyyatçı Fazil Əhmədin qeyd etdiyi kimi, dini baxımdan yas mərasimlərinin əsas məqsədi Qurani-Kərim oxuyaraq mərhuma savab göndərməkdir və bu yalnız qəbir həyatına təsir edir, axirət həyatına isə insanın dünyada etdiyi əməl təsir edir. Ehsan vermək yaxşı niyyətlə edilərsə savab gətirir, amma imkanı olmayanları buna məcbur etmək doğru deyil. Müasir texnologiyaların istifadəsi, QR-kodlar və dəvətnamələr qadağan olunmasa da, mərasimlərin mənəvi mahiyyətini zəiflədə bilər. Yas mərasimlərinin mahiyyəti sadəlik, səmimiyyət və mənəviyyatdır. Cəmiyyətin maarifləndirilməsi, din xadimləri və ziyalıların rolu önəmlidir ki, insanlar yas mərasimlərinin mahiyyətini anlasın, süni təzyiq və israfa meyil göstərməsin. Ən əsas məqsəd mərhumun ruhuna dua etmək, ailəyə dəstək olmaq və qısa müddət də olsa ölüm və həyatın faniliyini düşünməkdir. Bu prinsiplər qorunduqda yas mərasimi mənəvi dəyərini itirmir və cəmiyyət üçün həm xatırlatma, həm də mənəvi dərs olur. Təmtəraq, dəbdəbə və maddi yük bu mənəvi ənənəni kölgədə qoyur, buna görə də sadəlik və səmimiyyət hər zaman üstün tutulmalıdır. İnsanlar mərasimlərdə səmimi niyyətlə iştirak etdikdə, mərhumun ruhuna göndərilən dualar, verilən savablar və göstərilən dəstək onun xatirəsini yaşadır. Maarifləndirmə nəticəsində insanlar anlayacaq ki, yas mərasimləri ticarət və dəbdəbəyə çevrilməməli, sadəcə mənəvi dəstək və xatirə vasitəsi kimi qalmalıdır. Belə olduqda, ənənə qorunur, mərhumun xatirəsi yaşadılır və cəmiyyət mənəvi dəyərini itirmədən bu mərasimlərə sadiq qala bilirik.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31