Üç böyük müharibədə bacarmadılar – Bunu yalnız Azərbaycan Ordusu etdi!
20:39 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev ötən gün Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış etdi. Dünyanın ən mötəbər və mühüm platformasından edilən çıxış bir çox baxımdan diqqət çəkir.
Ölkə başçısı çıxışında Ermənistanla münaqişənin tarixinə, ölkəmizin, xalqımızın üzləşdiyi çətinliklərə işıq tutub. Prezidentin vurğuladığı kimi, Azərbaycan ərazisinin 20 faizi 30 ilə yaxın Ermənistan işğalında qalmışdı. Bu, ərazi itkisindən çox, milyonlarla insanın doğma yurdlarından didərgin salınması, insan hüquqlarının kobud şəkildə pozulması deməkdir. Bu faciəli dövrün beynəlxalq hüquq çərçivəsində tanınması və dəfələrlə BMT Təhlükəsizlik Şurasının qətnamələrində yer alması, əslində beynəlxalq hüququn gücünü və onun icrasının vacibliyini bir daha göstərir. Lakin təəssüf ki, bu qətnamələr yerinə yetirilmədi, Ermənistan beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymayıb. Bu, beynəlxalq təşkilatların bəzən siyasi maraqlara görə hüququn aliliyini tam şəkildə təmin edə bilməməsinin tragik tərəfidir.
Prezidentin bu məsələdə xüsusilə ATƏT-in Minsk Qrupunun rolunu qeyd etməsi mühüm mesaj idi. Ölkə başçısı qeyd edib ki, Minsk Qrupu uzun illər münaqişənin həllində vasitəçi olsa da, səmərəli nəticələr vermədi. Status-kvoya üstünlük vermək, münaqişəni dondurmaq istəyi bu prosesin tənəzzülünə gətirib çıxardı, nəticədə uzunmüddətli gərginlik və qeyri-müəyyənlik yarandı. Bu, çox mühüm detaldır. Çünki hazırda ölkələrin əsas güvənib etibar etdiyi beynəlxalq təşkilatlar və hüquqdur. Lakin beynəlxalq hüquq bəzən bərpaedici deyil, qoruyucu, hətta tənəzzülə səbəb olan bir prosesə çevrilə bilir. Hesab edirəm, Prezidentin dedikləri həm də bir çağırışdır. Azərbaycanın üzləşdiyi problemlərlə digər dövlətlərin də üzləşməməsi üçün ciddi islahatlara ehtiyac var.
Üç müharibədə bacarmadılar, yalnız Azərbaycan Ordusu...
Prezidentin çıxışında yer verdiyi digər mövzu da Azərbaycanın əldə etdiyi tarixi qələbədir. Məlum olduğu kimi, 2020-ci ilin noyabrına qədər davam edən işğal 44 günlük müharibə ilə sona çatdı. Bu müharibə Prezidentin də dediyi kimi, Azərbaycanın özünümüdafiə hüququ çərçivəsində beynəlxalq hüquqa uyğun şəkildə apardığı işğala son qoymaq üçün məcburi addım idi. Burada önəmli məqam Azərbaycan Ordusunun mülki əhalinin qorunmasına xüsusi diqqət yetirməsidir. Müharibə zamanı mülki infrastrukturun hədəfə alınmaması, humanitar hüququn prinsiplərinə riayət edilməsi Azərbaycanın beynəlxalq arenada hüquqi və etik mövqeyini gücləndirdi. Müqayisə üçün deyim ki, biz bu həssaslığı nə Hindistan-Pakistan gərginliyində, nə İran-İsrail, nə də Qəzzada gedən müharibədə görə bilirik. Əksinə mülki şəxslərin həyatını itirməsi hazırda münaqişələrin başlıca xarakterik xüsusiyyəti halını alıb.
Ermənistanın Azərbaycanın şəhər və kəndlərinə atdığı raketlər və kasetli bombalar müharibənin qəddar tərəfini göstərir və bu, münaqişənin təkcə hərbi, humanitar faciəyə də çevrildiyini təsdiqləyir. Bu baxımdan Azərbaycan Ordusunun qələbəsi ərazi bütövlüyünün bərpası ilə yanaşı, beynəlxalq hüququn təminatçısıdır.
Beş prinsip əsasında sülh müqaviləsi
Prezidentin Ermənistanla sülh prosesi haqda dedikləri də xüsusi diqqət çəkir. Azərbaycan qələbədən sonra ərazilərin bütövlüyünün tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmaq niyyətini bildirdi. Beş təməl prinsip əsasında irəli sürülən sülh müqaviləsi layihəsi, danışıqların ikitərəfli əsasda aparılması və ABŞ-ın vasitəçiliyi ilə əldə olunan razılaşmalar, münaqişənin sülh yolu ilə həllinə imkan yaratdı. Aydın məsələdir ki, Ağ Evdə, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sülh müqaviləsinin paraflanması və Birgə Bəyanatın imzalanması regionda sabitliyin təminatı üçün böyük əhəmiyyət kəsb edir. Tərəflər hazırda sülhə çox yaxındır və bunu ölkə başçısı da ali kürsüdən çıxışında bildirdi.
Regional bağlantılar və nəqliyyat dəhlizləri məsələsi isə sülhün iqtisadi və sosial əsaslarını möhkəmləndirən ən vacib amillərdən biridir. Zəngəzur dəhlizinin maneəsiz açılması və "Tramp Marşrutu" kimi təşəbbüslər, Azərbaycan və Ermənistanın, eləcə də regionun digər ölkələrinin qarşılıqlı əlaqəsini artıraraq uzunmüddətli əməkdaşlıq üçün zəmin yaradır. Bu dəhlizlər təkcə iqtisadi deyil, həm də siyasi və təhlükəsizlik baxımından əhəmiyyətlidir.
Prezident İlham Əliyev ABŞ-la strateji tərəfdaşlıq sahəsində əldə olunmuş nailiyyətlərdən danışarkən, bu əlaqələrin həm regionda sabitlik, həm də qlobal səviyyədə təhlükəsizlik üçün vacib olduğunu qeyd etdi. Strateji İşçi Qrupunun yaradılması, müxtəlif sahələrdə, o cümlədən enerji, müdafiə və regional əməkdaşlıqda tərəfdaşlığın genişlənməsi perspektivləri açır.
907-ci düzəliş
Xüsusilə 907-ci düzəlişin icrasının dayandırılması Azərbaycanın ABŞ-la münasibətlərində etimadın və əməkdaşlığın möhkəmlənməsi üçün mühüm addımdır. Bu addım həm də Azərbaycanın qlobal təhlükəsizliyə verdiyi töhfənin beynəlxalq aləmdə daha yaxşı qiymətləndirilməsi kimi başa düşülə bilər.
Prezidentin çıxışının ən spesifik hissəsi isə iqlim dəyişikliyi, yaşıl keçid və maliyyəyə ədalətli çıxış oldu. Bu məsələlərdə Azərbaycan öncül mövqeyə sahibdir. COP29 sammitinə ev sahibliyi etmək, Bakı Maliyyə Hədəfi kimi tanınan Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) qəbulunda fəal iştirak göstərmək, Azərbaycanı qlobal iqlim siyasətində etibarlı tərəfdaş kimi təqdim edir. Bu hədəflər inkişaf etməkdə olan ölkələrin iqlim maliyyələşdirilməsinə daha çox resurs ayrılmasını nəzərdə tutur və beynəlxalq ədalətin təmin olunması üçün vacibdir.
Xəzər regionu...
Eyni zamanda, Azərbaycan karbon bazarlarının hüquqi çərçivəsinin yaradılması və İtki və Zərərlərə Cavab Fondunun fəaliyyətə başlaması kimi mühüm addımlarla iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə töhfə verir.
Prezident İlham Əliyev qeyd etdi ki, enerji təhlükəsizliyi, sülh və regional əlaqələr bir-birini tamamlayan məsələlərdir. Azərbaycan Xəzər regionunda zəngin enerji resurslarına malik olmaqla yanaşı, bu ehtiyatların beynəlxalq bazarlara çatdırılmasında strateji rol oynayır.
Politoloq Turan Rzayev