"Hibrid iş modeli gələcəyin əsas trendinə çevrilir" – HR mütəxəssis

Son vaxtlar Azərbaycanda iş həyatında yeni bir tendensiya özünü göstərir: şirkətlərə bağlı olmadan, sərbəst qrafiklə işləyən insanların sayı artır. Dünyada "freelancer" adlanan bu qrup artıq ölkəmizdə də özünə geniş yer tapmaqdadır. Əgər bir vaxtlar "iş" dedikdə yalnız dövlət qulluğu və ya sabit maaşlı ofis fəaliyyəti nəzərdə tutulurdusa, bu gün gənclərin bir qismi sərbəst iş rejiminə üstünlük verir. Frilanserlik ilk baxışda rahatlıq və azadlıq kimi görünsə də, onun arxasında həm ciddi çətinliklər, həm də böyük imkanlar dayanır.
Azərbaycanda frilanserliyin sürət qazanmasının əsas səbəbi texnologiyanın inkişafı, internetin hər kəs üçün əlçatan olması və gənclərin yeni iş modellərinə açıq yanaşmasıdır. Kompüter və internet bağlantısı olan hər kəs bu gün qlobal bazara çıxış əldə edə, xarici şirkətlərlə birbaşa əməkdaşlıq qura bilər. Bu, xüsusilə proqramlaşdırma, dizayn, tərcümə, məqalə yazarlığı, sosial media menecmenti, foto və videoxidmətlər sahəsində daha qabarıq nəzərə çarpır. Ənənəvi ofis mühitində işləmək istəməyənlər, yaradıcılıq sərbəstliyi axtaranlar, öz vaxtını özü idarə etmək istəyənlər frilanserliyə üstünlük verir.
Lakin bu model yalnız üstünlüklərdən ibarət deyil. Frilanserin ən böyük sərvəti azadlıqdır. O, iş saatlarını özü müəyyənləşdirir, bəzən gecə saatlarında işləyir, bəzən günorta istirahət edir. Heç bir rəhbərin, ofis qaydasının və ya məcburi iclasların olmaması, ilk baxışda, iş həyatını daha rahat göstərir. Ancaq azadlığın arxasında məsuliyyət dayanır. Çünki frilanser yalnız öz gücünə, bilik və bacarığına güvənir. Onun arxasında nə şirkət, nə də hüquqi təminat var.
Ənənəvi işdə işçi hər ay maaşını dəqiq bilir, sosial sığorta və tibbi təminatla təmin olunur. Frilanserdə isə belə bir sabitlik yoxdur. Bir ay sifariş çox ola bilər, gəlir yüksək olar, amma digər ay iş dayanarsa, gəlir sıfıra enə bilər. Azərbaycanda bu vəziyyət xüsusilə hiss olunur, çünki yerli bazar hələ tam formalaşmayıb, hüquqi mexanizmlər zəifdir və müştəri ilə frilanser arasındakı münasibətlər çox vaxt qeyri-rəsmi şəkildə qurulur. Bəzən sifarişçi işi təhvil aldıqdan sonra ödənişi gecikdirir, hətta ümumiyyətlə vermir. Belə hallarda frilanserin hüquqlarını qoruyacaq mexanizm, təəssüf ki, hələ ki, yoxdur. Digər tərəfdən, frilanserliyin üstünlükləri də danılmazdır. Xarici platformalarda - Upwork, Fiverr və digər onlayn birjalarda çalışan azərbaycanlı gənclərin sayı artır. Onlar öz işlərini yalnız yerli bazarla məhdudlaşdırmır, dollar və avro ilə ödəniş qəbul edir, bununla da daha yüksək gəlir əldə edə bilirlər. Bu, təkcə fərdi inkişaf deyil, həm də ölkə üçün valyuta axını deməkdir. Bundan əlavə, frilanser daim özünü inkişaf etdirməyə məcburdur. Yeni bacarıqlar öyrənmək, bazardakı trendləri izləmək, rəqabətə davamlı olmaq üçün dayanmadan çalışmaq lazımdır. Beləliklə, frilanserlik insanı tənbəlləşdirmir, əksinə, daim axtarışda və yenilikdə saxlayır.
Frilanserlik ənənəvi iş modelini də dəyişməkdədir. Şirkətlər əvvəl yalnız daimi işçilərlə fəaliyyət göstərirdilərsə, indi bir çox hallarda qısamüddətli layihələr üçün frilanserlərlə əməkdaşlıq etməyi daha sərfəli hesab edirlər. Bu, həm xərcləri azaldır, həm də iş prosesinə çeviklik gətirir. Gənclər üçün isə seçim imkanı genişlənir: ya sabit, sosial təminatlı iş yeri, ya da sərbəst, gəlir potensialı daha yüksək, amma riskli frilanserlik.
Fikrimcə, Azərbaycanda frilanserliyin tam inkişafı üçün müəyyən addımlar atılmalıdır. İlk növbədə hüquqi baza formalaşmalı, frilanserlər üçün sadələşdirilmiş vergi və sosial təminat sistemi yaradılmalıdır. Bu, həm dövlət üçün əlavə gəlir mənbəyi olar, həm də frilanserlər özlərini daha təhlükəsiz hiss edərdilər. İkinci mühüm məsələ isə maarifləndirmədir. Cəmiyyətdə hələ də "iş" anlayışı çox vaxt yalnız ofis və ya dövlət qulluğu ilə əlaqələndirilir. Halbuki, sərbəst çalışan insanlar da ölkənin iqtisadi həyatında mühüm rol oynayırlar.

Mövzu ilə bağlı İnsan resursları üzrə mütəxəssis və təlimçi Nigar Təmrazova Olaylar.az-a danışıb. Mütəxəssis bildirib ki, son illərdə Azərbaycanda freelancer kimi fəaliyyət göstərən insanların sayı əhəmiyyətli dərəcədə artıb. Bu artımın əsas səbəbi isə freelance işlərin təqdim etdiyi azadlıq və sərbəstlik imkanlarıdır: 

"Freelancerlər coğrafi məhdudiyyətlərdən asılı olmadan, istədikləri yerdən işləyə bilirlər. Bu, onlara həm yerli, həm də beynəlxalq bazarlara çıxış imkanı yaradır və xarici müştərilərlə əməkdaşlıq etmək şansı verir. İş vaxtı və məkanının sərbəst olması, eyni zamanda bir neçə layihəni idarə etmək imkanı, xüsusilə tələbələr üçün böyük üstünlükdür. Belə ki, onlar təhsil alarkən belə işləyə və həm təcrübə, həm də əlavə gəlir əldə edə bilərlər. Bu model, gənclərin erkən yaşdan peşəkar bacarıqlar qazanmasına və maliyyə müstəqilliyinə nail olmasına kömək edir".

Mütəxəssisin sözlərinə görə, freelancer həyatının özünəməxsus çətinlikləri də var. Ən böyük problemlərdən biri gəlirin sabit olmamasıdır. Layihələr dönəmsəl olur və freelancer bəzən uzun müddət yeni müştəri tapmaqda çətinlik çəkə bilər. Bu, maliyyə planlamasını daha mürəkkəb edir. Digər bir mühüm məsələ isə sosial təminatlarla bağlıdır. Ənənəvi iş modellərindəki sığorta, pensiya və digər sosial paketlər freelancerlər üçün əlçatan olmur. Bu səbəbdən, gələcəkləri üçün fərdi olaraq planlama etmələri vacibdir. Həmçinin, bu sahədə uğurlu olmaq üçün yüksək dərəcədə intizam və planlılıq tələb olunur. Freelancer özünün meneceri, marketinq mütəxəssisi və mühasibatçısıdır. Vaxtı düzgün idarə etməmək və ya prokrastinasiyaya meyllilik layihələrin gecikməsinə və müştəri itkisinə səbəb ola bilər.

Nigar Təmrazova qeyd edib ki, bu çətinlikləri aşmaq və uğurlu bir freelancer olmaq üçün gənclər bir neçə əsas məqama diqqət yetirməlidirlər: 

"İlk növbədə, öz üzərində daim işləmək və yeni bacarıqlar öyrənmək vacibdir. Rəqəmsal dünyanın dinamik inkişafı, yeni texnologiyalar və proqramların öyrənilməsini zəruri edir. İkincisi, peşəkar portfel yaratmaq ən önəmli addımlardan biridir. Portfel potensial müştərilərə bacarıqlarınızı nümayiş etdirmək üçün ən yaxşı vasitədir. Mətn yazarı, qrafik dizayner, veb inkişaf etdiricisi və s. kimi fəaliyyət göstərən freelancerlər üçün portfel onların "vizit kartı" funksiyasını daşıyır. Üçüncüsü, şəxsi brend qurmaq və sosial şəbəkələrdə aktiv olmaq lazımdır. LinkedIn, Behance və ya şəxsi saytlar vasitəsilə işlərinizi paylaşmaq, şəbəkənizi genişləndirmək və potensial müştərilərin diqqətini cəlb etmək mümkündür. Nəhayət, vergi və hüquqi məsələlərdən xəbərdar olmaq gələcəkdə yarana biləcək problemlərin qarşısını almaq üçün çox vacibdir".

HR mütəxəssis əlavə edib ki, müasir iş dünyasında ənənəvi ofis modelinin tamamilə freelance modelə keçməsi yaxın gələcəkdə real görünmür. Azərbaycanda hələ də bir çox şirkət klassik ofis işi modelini üstün tutur. Lakin gələcəkdə ölkəmizdə hibrid iş modelinin daha çox inkişaf edəcəyi gözlənilir. Bu model, işçilərin ofisdə və evdən işləməyin üstünlüklərini birləşdirir. Belə bir yanaşma, şirkətlər üçün daha çevik bir iş mühiti yaradacaq, gənclərə isə daha geniş imkanlar təqdim edəcək. Hibrid model, bir tərəfdən komanda işinin effektivliyini qorumağa, digər tərəfdən isə fərdi sərbəstlik və məhsuldarlığı artırmağa kömək edəcək.

"Freelancer kimi fəaliyyətə başlamaq istəyən gənclər üçün bir neçə praktiki tövsiyəni nəzərdən keçirmək faydalıdır. İlk növbədə, portfel yaratmağa önəm verməlidirlər. Bu, kiçik və könüllü işlərlə başlamaqla mümkündür. Əsas məqsəd təcrübə qazanmaq və keyfiyyətli iş nümunələri toplamaqdır. İkinci mühüm addım, LinkedIn kimi peşəkar platformalarda aktiv olmaqdır. Peşəkar profil yaratmaq, əlaqələri genişləndirmək və sahə üzrə mütəxəssisləri izləmək gələcək layihələr üçün qapılar açar. Upwork və Fiverr kimi beynəlxalq freelance platformalarında qeydiyyatdan keçmək, qlobal bazara çıxış üçün əla bir başlanğıcdır. Bu platformalarda rəqabət yüksək olsa da, uğurlu fəaliyyət üçün motivasiya və davamlılıq vacibdir. Həmçinin, sosial şəbəkələrdə iş nümunələrini paylaşmaq və şəxsi brendi təbliğ etmək də faydalıdır. Son olaraq, İngilis dili biliklərinin çox önəmli olduğunu qeyd etmək lazımdır, çünki beynəlxalq müştərilərin böyük əksəriyyəti üçün bu əsas tələbdir. Yüksək səviyyəli texniki biliklərlə yanaşı, məsuliyyət, vaxtın düzgün idarə edilməsi, ünsiyyət və intizam kimi şəxsi keyfiyyətlər də uğur üçün həlledici rol oynayır," - deyə ekspert sonda vurğulayıb.

Gələcəyin iş dünyası daha çevik və rəqəmsal olacaq. Frilanserlik yalnız müvəqqəti trend deyil, əmək bazarının yeni reallığıdır. İndiki gənclər üçün bu, sadəcə alternativ seçim deyil, həm də azadlıq, yaradıcılıq və qlobal bazara çıxış fürsətidir. Amma bu azadlığın qarşılığında məsuliyyət və risk də artır. Ona görə də Azərbaycanda frilanserliyin gələcəyi həm dövlətin, həm də cəmiyyətin bu yeni iş modelinə necə yanaşacağından asılı olacaq.
Frilanserlik bir tərəfdən çətinliklərlə dolu, digər tərəfdən isə imkanlarla zəngin bir yoldur. Seçim isə hər kəsin öz əlindədir: sabit ofis kreslosu, yoxsa sərbəstliyin gətirdiyi riskli, amma azad iş həyatı. 

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31