Valideyn zorakılığı: Uşaqlara yönələn təhlükə və cəmiyyətin məsuliyyəti

Uşaqların sağlam inkişafı üçün ən vacib amillərdən biri onların ailədə gördüyü qayğı, sevgi və təhlükəsizlikdir. Təəssüf ki, bəzən bu mühit pozulur və uşaqlar valideyn zorakılığının qurbanına çevrilirlər. Valideynlərin övladlarına qarşı göstərdiyi fiziki və psixoloji şiddət təkcə uşağın bu gününə deyil, həm də onun gələcək həyatına dərin izlər buraxır.
Fiziki zorakılıq - döymək, cəzalandırmaq, bədənə xəsarət yetirmək uşağın bədəninə birbaşa ziyan vurur, lakin onun psixikasında açdığı yaralar daha uzunmüddətli olur. Psixoloji zorakılıq isə uşağı alçaltmaq, təhqir etmək, sevgi və qayğıdan məhrum qoymaqla özünü göstərir. Bu cür münasibət uşağın özünəinamını sındırır, sosial adaptasiyasını çətinləşdirir, gələcəkdə aqressiv və ya əksinə, passiv bir şəxsiyyət formalaşdırır.
Azərbaycanın müxtəlif bölgələrində dəhşətli zorakılıq halları ictimaiyyəti sarsıdır. Bir müddət əvvəl Ağdamda iki yaşlı körpəsini amansızlıqla döyərək ağır vəziyyətə salan atanın hadisəsi ölkədə böyük rezonans doğurdu. Bu fakt göstərir ki, problem realdır və hər kəsin qapısını döyə bilər. Belə hadisələr valideyn məsuliyyətinin və dövlətin müdafiə mexanizmlərinin gücləndirilməsinin vacibliyini bir daha gündəmə gətirir.
Valideyn zorakılığına qarşı mübarizə təkcə hüquq-mühafizə orqanlarının işi deyil. Bu, həm də maarifləndirici tədbirlərin, sosial dəstəyin, pedaqoji yanaşmanın birgə nəticəsi olmalıdır. Hüquqi müstəvidə uşaqların müdafiəsini təmin edən qanunlar mövcuddur, lakin onların tətbiqi və monitorinqi daha sərt şəkildə aparılmalıdır.
Valideynlərin əksəriyyəti uşağa qarşı zorakılığın onun gələcəyini məhv edə biləcəyinin fərqində olmur. Ona görə də məktəblərdə, icmalarda, media vasitəsilə geniş maarifləndirmə aparılmalıdır. Hər bir valideyn anlamalıdır ki, uşaq cəzalandırılmaq üçün yox, böyüdülmək, öyrədilmək və sevilmək üçündür.


 
Mövzunu Olaylar.az-a şərh edən beynəlxalq təlimçi, mənəvi və şəxsi inkişaf üzrə mütəxəssis İlahə Adil bildirib ki, valideynin zorakılığı çoxfaktorlu bir problemdir: 
 
"Bu hadisələrin artmasının arxasında yalnız bir deyil, bir neçə sosial və psixoloji səbəb dayanır. Ən önəmli səbəblərdən biri ailədaxili münasibətlərin zəifləməsidir. Zəif emosional bağlar, yetərsiz valideyn məsuliyyəti, ailədaxili gərginliklər uşaqlarla qeyri-sağlam münasibətlərə səbəb ola bilər. Bununla yanaşı, iqtisadi çətinliklər də valideynlərin psixoloji gərginliyini artırır və impulsiv, zorakı davranışlara zəmin yarada bilir. Bu xüsusilə də streslə mübarizə bacarıqları zəif olan valideynlərdə özünü daha çox göstərir. Belə insanlar həyatlarında yaşadıqları gərginliyi və hirsini uşaqlardan çıxmağa meylli olurlar. Üçüncü önəmli amil isə cəmiyyətin zorakılığa qarşı biganəliyidir. Azərbaycanda geniş yayılmış bir yanaşma var: əgər zorakılıq başqa bir insanın ailəsində baş verirsə, buna müdaxilə etmək olmaz və bu, "ailədaxili məsələdir" deyə qəbul olunur. Bu dırnaqarası etik yanaşmaya görə heç kim müdaxilə etmir. Halbuki belə hallarda ictimai qınağın olmaması daha ciddi problemlərə yol açır. Məsələn, Ağdam rayonunda baş verən son hadisə hamımızı sarsıtdı. Bu cür hadisələr cəmiyyətin ailə institutuna olan inamını ciddi şəkildə zəiflədir. Ailə, xüsusilə də valideyn-övlad münasibətləri ən əsas təhlükəsizlik və sevgi mənbəyidir. Əgər bir valideyn öz övladını vəhşicəsinə döyürsə, burada artıq ailə bağının qırıldığını görürük. Halbuki valideyn uşağın həyatında onu qoruyan, hər vəziyyətdə yanında duran bir fiqur olmalıdır".
 
Mütəxəssisin sözlərinə görə, bu inamsızlıq təkcə ailədaxili münasibətlərlə məhdudlaşmır. Uzunmüddətli perspektivdə bu, cəmiyyətdə insanların bir-birinə etimadını sarsıdır, emosional uzaqlaşmaya və empatiyanın zəifləməsinə səbəb olur. Bu cür hadisələrin şahidi olan uşaqlar da gələcəkdə ciddi psixoloji travmalar yaşayırlar. Onlar üçün ya zorakılıq normal hala çevrilir, ya da "qorxu sindromu" yaranır. Hər iki hal uşağın şəxsiyyət kimi formalaşmasına mane olur.
 
"Azərbaycanda uşaq hüquqlarını qoruyan kifayət qədər qanunvericilik mexanizmləri var. Amma məsələni yalnız qanunvericiliyin üzərinə yükləmək doğru deyil. Çünki bu, təkcə hüquqi qurumların deyil, həm də bütövlükdə cəmiyyətin məsuliyyətidir. İctimai nəzarət və maarifləndirmə zorakılığın qarşısını almaqda daha önləyici rol oynayır. İnsanlar uşaqların hüquqlarını, zorakılığın fiziki və psixoloji nəticələrini, müdaxilə yollarını bilmədikcə, heç bir qanun bu problemi tam aradan qaldıra bilməz", - deyə mütəxəssis əlavə edib.
 
İlahə Adil bildirib ki, bəzən insanlar düşünürlər ki, zorakılıq yalnız fiziki ola bilər. Halbuki psixoloji zorakılıq da mövcuddur: uşağın şəxsiyyətinin alçaldılması, söz haqqının əlindən alınması, azad seçim imkanının tanınmaması özü böyük bir psixoloji şiddətdir.
 
Təlimçi vurğulayıb ki, maarifləndirmə işləri erkən yaşlardan - məktəblərdən başlanmalıdır. Valideynlər üçün psixoloji dəstək və sosial xidmətlər daha əlçatan olmalıdır. Eyni zamanda, qonşular, müəllimlər, yaxın qohumlar və ümumiyyətlə cəmiyyət zorakılığa məruz qalan uşaqlara dəstək verməli və bundan çəkinməməlidirlər. Bu məsələdə açıq müzakirələr çox vacibdir. Uşaq hüquqları, valideyn hüquqları, övladın məktəbdəki hüquqları gündəmdə olmalıdır. Böyüklər də, uşaqlar da öz hüquqlarını bilməli və harada psixoloji və ya fiziki zorakılığa məruz qaldıqlarını dərk etməlidirlər.


 
Mövzu ilə bağlı psixoloq Aygül Məlikova da fikirlərini bölüşüb. Psixoloq bildirib ki, valideynlərdəki zorakılıq halları ümumiyyətlə duyğuların həm genetik, həm də öyrənilən bir faktor olması ilə bağlıdır: "Valideynlərin aqressivliyi və ya aqressiyalarını idarə edə bilməməsi, bununla yanaşı davranışlarını idarə edə bilməməsi uşaqların düşüncələrində çox böyük yaralar açır. Uşaqlar doğru və ya yanlış davranışı valideynlərindən öyrənirlər. Valideyn uşağa zorakılıq və ya şiddət tətbiq etdikdə, uşağın düşüncəsində bu davranış normallaşır və o düşünür ki, hər kəs ona bunu edə bilər, eyni zamanda özü də başqalarına qarşı zorakı davranış göstərə bilər. Nəzərə almaq lazımdır ki, qadın və kişi nikaha girərkən onların fiziki sağlamlığı yoxlanılır, amma təəssüf ki, psixoloji sağlamlıqları yoxlanılmır. Halbuki hər kəs ata-ana olmamalıdır. Çünki bəzi insanlar antisosial davranış pozuntularına sahibdirlər. Bu nə deməkdir? Sosiopatik davranışlar. Belə davranışlara sahib insanlar qan çıxarmaqdan, şiddət göstərməkdən, təhqir etməkdən, alçaltmaqdan hətta zövq ala bilirlər. Təəssüf ki, bu tip insanların qurbanları çox vaxt həyat yoldaşları, uşaqları və ya ətrafdakı insanlar olur. Belə hallar baş verdikdə isə ən ağır və ciddi zərəri uşaqlar görürlər. Uşaqlar şiddətlə qarşılaşdıqları zaman özlərini necə idarə edəcəklərini bilmirlər, davranışlarını idarə etməyi öyrənmirlər və kiçik bir yanlışın qarşılığında belə aşırı dərəcədə aqressiv və ya emosional reaksiya göstərə bilirlər. Buna görə də çox yaxşı olardı ki, bu tip insanlar evlənməzdən və ya valideyn olmamışdan əvvəl psixoloji dəyərləndirmədən, ən azından bir psixiatriya müayinəsindən keçsinlər. Bu həm fərdi, həm də cəmiyyət üçün faydalı olar".
 
Psixoloq qeyd edib ki, belə halların mediada uşaqlar tərəfindən izlənməsi arzuolunan deyil. Çünki uşaqlar bu cür informasiyaları izlədikdə, yaşamasalar belə, oxumaq və görmək onlara təsir edir və bir neçə gün bunun təsirində qalırlar. İstər-istəməz onların zehnində bu hadisələr yer edir. Bu səbəbdən də uşaqlar oyuncaqlarına və ya yaxınlarına qarşı eyni davranışları göstərməyə başlaya bilərlər. Ona görə də bacardığımız qədər belə insanlara qarşı cəmiyyətdə maarifləndirmə işləri aparmaq vacibdir. Əlbəttə, bütün cəmiyyətə bunu şamil etmək mümkün deyil, amma insanlar artıq getdikcə daha çox məlumatlanır və bu da müsbət haldır. Ən əsası isə belə davranışlar uşaqlıqdan müşahidə edildikdə, valideynlər mütləq şəkildə psixoloq və ya psixiatrdan dəstək almalıdırlar.
 
Uşaqlar gələcəyimizin daşıyıcılarıdır. Onlara göstərilən zorakılıq təkcə bir ailənin faciəsi deyil, bütövlükdə cəmiyyətin probleminə çevrilir. Ağdamda baş verən kimi hadisələr bir daha sübut edir ki, valideyn zorakılığına qarşı mübarizə dövlətin, cəmiyyətin və hər bir fərdin birgə səyi ilə aparılmalıdır. Sevgi, anlayış və qayğı ilə böyüyən uşaq sağlam cəmiyyətin bünövrəsini formalaşdırır.
 
Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31