Hər kadr bir tarixdir: Vüqar İbadovun fotojurnalistika dünyası

Foto yalnız təsvir deyil - yaddaş, hiss və tarixdir

Foto - danışan yaddaşdır. Bəzən bir insanın ömrünü, bir xalqın tarixini, bəzən də bir müharibənin izlərini bircə kadrda danışır. Tarixi yazmaq üçün qələmin, hekayə söyləmək üçün sözün gücü nədirsə, həqiqəti göstərmək üçün də fotoqrafiyanın gücü odur. Foto - təkcə təsvir deyil, həm də hissdir, yaddaşdır, yaşanmış anların gələcəyə ötürülən sübutudur. Fotoqrafiya həmişə cəmiyyət üçün bir güzgü rolunu oynayıb. O güzgüdə biz sevinclərimizi də, kədərlərimizi, qələbələrimizi, məğlubiyyətlərimizi də görürük. Bəzən bir foto milyon sözün izah edə bilmədiyi həqiqəti deyir. Xüsusilə müharibə illərində, təbii fəlakətlərdə, ictimai hadisələrdə çəkilən kadrlar insanların yaddaşında əbədi olaraq qalır. Çünki fotojurnalistika sadəcə sənət deyil - həm də cəmiyyət qarşısında məsuliyyətdir. Bu peşə yalnız işıq və rakurs bilikləri tələb etmir, həm də cəsarət, obyektivlik və həqiqəti göstərmək iradəsi tələb edir. Azərbaycan fotojurnalistikası böyük sınaqlardan keçib. Qarabağ müharibəsi, 20 Yanvar faciəsi  - bütün bunlar lentlərdə, kadrlarda əks olunub. O kadrlar təkcə hadisəni göstərməyib, həm də gələcək nəsillərə tarix kimi ötürülüb. Məhz buna görə fotoqrafiya ilə məşğul olan hər kəsin məsuliyyəti digərlərindən qat-qat böyükdür. Çünki bir dəfə buraxılan səhv, yanlış seçilən rakurs bəlkə də tarixə başqa cür düşəcək.
Fotoqraflıq peşəsinin arxasında görünməyən çoxlu çətinliklər də var. Biz yalnız nəticəni - parlaq, emosional fotonu görürük. Amma o fotonun arxasında bəzən saatlarla gözləmə, bəzən təhlükəli şərait, bəzən də həyat riskinə qədər uzanan yol dayanır. Fotoqraf hadisənin içindədir, amma eyni zamanda kənardan baxmağı bacarmalıdır. Hadisəni yaşaya-yaşaya, emosiyalara qapılmadan obyektiv kadr yaratmaq isə böyük peşəkarlıq tələb edir.
Müasir dövrdə texnologiyanın inkişafı fotoqrafiyanın imkanlarını genişləndirib. Dronlar, yüksək keyfiyyətli kameralar, süni intellekt dəstəkli redaktə proqramları işimizi asanlaşdırır. Amma heç bir texnologiya fotoqrafın ürəyini, baxışını, hissini əvəz edə bilmir. Çünki foto - texnikanın deyil, insanın gördüyü gerçəkliyin təcəssümüdür. Ən müasir texnika belə, bir anı hiss etməyi, onu duymağı bacarmır. Onu yalnız fotoqrafın gözü və ürəyi bacarır. Bütün bu çətinliklərə baxmayaraq, fotoqraflar hər zaman tarix yazmağa davam edirlər. Onların çəkdiyi kadrlar arxivlərdə, qəzet səhifələrində, sərgilərdə yaşayır və gələcəyə ötürülür. Azərbaycan fotojurnalistikasının önəmli simalarından biri də məhz bu çətin, amma şərəfli yolda öz imzasını atan Vüqar İbadovdur. Əslən Laçınlı olan fotoqraf həm sənətkarlığı, həm də peşəkarlığı ilə tanınır. Eurovision 2012-nin rəsmi fotoqrafı, COP29  Azərbaycan Əməliyyat şirkətinin rəsmi fotoqrafı, bir sıra beynəlxalq və yerli mükafatların qalibi olan Vüqar bəy, illərdir həm ölkə daxilində, həm də xaricdə fotoqrafiya sahəsində nümunə göstərir.

Onun kadrlarında yalnız təsvir deyil, həm də tarix yatır. Hər foto bir sübut, bir xatirə, bir hekayədir. Vüqar İbadov üçün foto sadəcə sənət yox, həm də həyat tərzidir. O deyir ki, hər kadr bir tarixdir - çəkildiyi anı illər sonra da eyni duyğularla yaşadır. Bəlkə də buna görədir ki, o, fotoqrafiyanı həm sənət, həm məsuliyyət, həm də Vətən sevgisi kimi dəyərləndirir. Elə biz də bu müsahibədə fotoqrafiya sənətinin görünməyən tərəfləri, fotojurnalistikanın cəmiyyət üçün rolu, çətinlikləri və yeni texnologiyalarla gələcəyi haqqında Vüqar İbadovla söhbətləşdik: 

 - Sizi fotoqrafiya ilə bu yolun açılmasına gətirən əsas məqam nə oldu? İlk kamera ilə tanışlığınız, mediaya gəlişiniz həyatınızda hansı dönüş nöqtəsini yaratdı?

- Məni fotoqrafiyaya gətirən ən əsas məqam, sadəcə səkil çəkmək arzusu deyil, gördüyüm o anı dondurmaq və cəmiyətin də onu görməsini təmin etmək olub. Bu həvəsi isə məndə ilk oyadan, Azərbaycanın tanınmış jurnalisti (Stringeri) Xalid Əsgərov olub. Onun Çeçenistan müharibəsində çəkdiyi kadrlar məni ruhlandırdı. Günlərin bir günü, atamın iş masasında Xalid Əsgərovun telefon  nömrəsini  gördüm. Atamdan gizlin nömrəni  götürüb özü ilə görüşməyi qərara gəldim. İlk görüşümüz çox maraqlı keçdi. Mən də fotojurnalistika ilə məşğul olacağımı ona söylədim. Sağ olsun, mənə lazımi dəstəyi verdi. Xarici media agentliyinin fotoçəkiliş stilini mənə başa saldı. Hansı növ şəkilləri çəkməyi, rakursları mənə izah etdi. Xalid Əsgərovla tanışlığımdan sonra  dünyaya və fotoya tamam başqa gözlə baxmağa başladım. O zaman  başa düşdüm ki, foto yalnız təsvir deyil - yaddaş, hiss və tarixdir.

- Hərbi fotoqrafiyaya marağınız necə yarandı? Bu istiqamətə yönəlməyinizin səbəbi nə idi və ilk təcrübələrinizdə hansı çətinliklərlə üzləşdiniz?

-  Hərbi fotojurnalistika və həbi fotoqrafiya ilə bağlı geniş danışmayacam. Bu mövzuda çalışan ikinci biri olmadığı üçün, özüm öz haqqımda heç nə demək istəmirəm. Hələki meydanda təkəm . Bilirsiniz niyə? Çünki bu sahədə maddi maraq yox, Vətənin maraqları var. Hər fotoqrafın ürəyinə görə deyil ki, Vətənin maraqları ilə qidalansın... Bu sahəyə maraq göstərən də bir müddət sonra maddiyyatlı çəkilişlərin arxasınca gedir. Bəli, maddiyyat da vacibdir, bunu inkar etmirəm. Amma bu sahəyə gərək içdən könül verəsən və səbrli olasan. Media sahəsində,1998-ci ildən əmək kitabçam açılıb. 2008-ci ildən isə  Silahlı qüvvələrimizin bütün qoşun növləri ilə digər hərbi qurumlarla da əməkdaşlıq edirəm. Fikirləşməməlisən ki,  görəsən nə vaxtsa mənim bu əməyimə qiymət verəcək bir qurum olacaq, ya yox? Hazırda Azərbaycan Fotoqraflar Birliyinin İdarə Heyətinin üzvüyəm. Birliyimiz, bacarıqlı gəncləri bizim sıralarımıza qoşulmağa dəvət  edir.

 - Azərbaycan fotojurnalistikasının hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Bu sahənin inkişafı üçün hansı addımların atılması vacibdir?

- Bilirsiniz ki, texnologiyanin əlçatan olması,  sosial medianın  güclənməsi nəticəsində artıq hər kəs foto çəkə  bilir. Mobil telefonlar vasitəsilə nələr mümkündür. Amma unutmayaq ki, peşəkar fotojurnalistikanın əsas dəyəri obyektivlik, məsuliyyət, çeviklik, baş vermiş hadisəyə anında qiymət vermək və sənədli  baxışda qalır. Təəssüf ki,  hazırda fotoqrafiya təhsili  heç bir ali təhsil ocağında tədris edilmir. Təkcə BDU Jurnalistika fakültəsində "Fotojurnalistika"nı tədris etmək üçün, tələbələrə bu sənətin sirlərini öyrətmək üçün mənə şərait yaradıb. Buna görə Bakı Dövlət Universitetinin rəhbərliyinə təşəkkür edirəm.

 - Fotoqraf üçün hər kadr bir tarixdir. Siz çəkdiyiniz fotolara sonradan baxanda, onlar sizdə hansı hissləri oyadır? Öz əsərlərinizlə aranızda necə bir bağ hiss edirsiniz? Sizin yaddaşınızda ən çox qalan hadisə və ya an hansıdır və o Sizə necə təsir etdi?

- Hər çəkdiyim foto, mənim üçün bir tarixdir. Yenidən həmin kadrlara baxdıqda yalnız görüntü deyil, o anın bütün ab-havası, insanların o andakı səsləri, baxışları, hətta havanın soyuqluğu və ya istisi belə yadıma düşür... Xüsusilə 44 günlük müharibədə çəkdiyim hər kadr, məni o anlara aparır.

- Texnologiyanın sürətli inkişafı fotoqrafiyaya da ciddi təsir göstərir. Sizin fikrinizcə, yeni texnologiyalar (dronlar, süni intellekt, yüksək keyfiyyətli kameralar) fotojurnalistikanı hansı istiqamətə aparır?

-   Texnikanın sürətli inkişafı, şübhəsiz ki, fotojurnalistkaya da ciddi təsir göstərir. Dronlar bizə əlçatmaz rakurslardan kadrlar çəkmək imkanı verir, yüksək keyfiyyətli kameralar və lenslər isə hər detalı daha aydın çatdırır və işimizin operativliyinə kömək edir. Süni intellekt isə həm də redaktə prosesini sürətləndirir. Amma bütün bunlara baxmayaraq, fotojurnalistikanın mahiyyəti  dəyişməz olaraq qalır. Çünki  müasir texnika belə, insanın müşahidə qabiliyyətini, hadisəni hiss etmə duyğusunu və obyektiv baxışını əvəz  edə bilməz. Düşünürəm ki, yeni texnologiyalar fotojurnalistikanı daha dinamik, daha əlçatan və vizual olaraq daha güclü edəcək. Amma fotojurnalistin peşəkar baxışı və məsuliyyəti həmişə əsas qalacaq. 

- Uzun illərin təcrübəsinə əsaslanaraq gənc fotoqraflara və jurnalistlərə nə məsləhət verərdiniz?

- Vallah, indiki bəzi gənc fotoqraflara söz demək olmur. Hamısı özünü "Dahi" sanır. Ona görə də artıq heç kimə heç nə demirəm. Kimin fotojurnalistika sahəsində köməyə,  dəstəyə ehtiyacı varsa, özü məni tapacaq. Bacarıqlı gənclərə hər zaman dəstək olmuşam və olacam da.

Vüqar İbadovun fotojurnalistikası yalnız sənət əsəri deyil, həm də tarix, yaddaş və hisslərin vizual ifadəsidir. Onun hər bir kadrı həm keçmişi qoruyur, həm də gələcək nəsillərə ötürülən bir dərs, bir xatirədir. Fotoqrafiyanın çətinlikləri, riskləri və məsuliyyəti fonunda Vüqar bəy həm peşəkarlığı, həm də Vətən sevgisi ilə nümunə göstərir. Texnologiya nə qədər inkişaf etsə də, insan gözü və ürəyi olmadan foto yalnız təsvir olaraq qalır. Onun yaradıcılığı göstərir ki, hər foto - bir tarixdir, hər an - gələcək üçün bir mirasdır və hər fotoqraf - cəmiyyətin yaddaşını qoruyan bir tarixçi kimidir. Bu səbəbdən, Vüqar İbadovun kadrları yalnız gözəllik deyil, həm də öyrədici, düşündürücü və gələcək nəsillər üçün əvəzsiz bir xəzinədir.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31