Hamının yolu universitetdən keçməlidirmi?
20:12 SosialBu gün cəmiyyətimizdə bir sual tez-tez ortaya çıxır: uğur qazanmaq üçün tək yol universitetdən keçir? Kiçik yaşlardan başlayaraq bizə aşılanır ki, yaxşı təhsil, yüksək ballar və universitet diplomu uğurun açarıdır. Məktəbdə müəllimlərin, ailədə valideynlərin, hətta sosial mühitin təsiri ilə bu düşüncə beynimizə dərin şəkildə yerləşir. "Yaxşı universitet, yaxşı gələcək" ifadəsi sanki həyatın qanunu kimi qəbul olunur. Amma həyat həmişə sadə xətlərlə qurulmur. Müasir dünyada bilik və bacarıq əldə etməyin bir çox yolu var. Universitet yalnız bunlardan biridir. İnsan öz maraq və bacarıqlarına uyğun olaraq müxtəlif yollarla təhsil ala, iş təcrübəsi qazana və karyerasını qurmağa başlaya bilər. İxtisas kursları, online platformalar, mentorluq proqramları, hətta praktik təcrübə - bunların hamısı fərdin bilik və bacarıqlarını inkişaf etdirməkdə mühüm rol oynayır. Bəzən bu yollar universitet diplomundan daha sürətli nəticələr verir, insanın öz potensialını kəşf etməsinə imkan yaradır. Əlbəttə, universitetin üstünlükləri danılmazdır: geniş nəzəri biliklər, tədqiqat imkanları, sosial çevrə və diplomun gətirdiyi etibar. Amma sual qalır, hər kəs üçün bu yeganə yol olmalıdırmı? Müasir iş bazarında artıq yalnız diplom kifayət etmir, təcrübə, bacarıq və şəxsi təşəbbüs də bəzən diplomdan daha çox önəm daşıyır. Bu baxımdan, təhsil yalnız universitetlə məhdudlaşmır. Peşə təhsili, müxtəlif kurslar və praktiki yollar mövcuddur ki, onlar da fərdin inkişafında əhəmiyyətli rol oynaya bilər.
Bu mövzuda "Elm" İctimai Birliyinin sədri, elm və təhsil üzrə ekspert Səbuhi Abdullayev Olaylar.az-a açıqlama verib:
" Peşə təhsilinin kifayət qədər perspektivləri var və gələcəkdə hətta ali təhsil müəssisələrini bitirənlərdən daha çox əmək haqqı alan əməkdaşların olması mümkündür və hazırda bu baş verir. Xüsusi olaraq peşə tipli sahələrdə, məsələn, aşbazlıq sahəsində çox böyük ehtiyac var və bunun hazırlanmasına kifayət qədər maliyyə xərcləri tələb olunur. Həmçinin maşınqayırma və frez dəzgahında işləyən xüsusi peşə sahiblərinə böyük ehtiyac var. Düşünürəm ki, valideynlərin artıq peşə təhsilinə mənfi düşüncəsi aradan qaldırılmalıdır və şagirdlərimizi, övladlarımızı məcbur etməməliyik. Çünki elə xüsusi istedada malik olan və bu peşəyə yönəlmək istəyən övladlarımız var ki, onları ali məktəblərə yönəltməklə həm soyudur, həm də gələcəkdə iş tapmamasına səbəb olur. Buna görə də peşə təhsilində xüsusi sahələr var və burada təhsilin ödənişsiz şəkildə almaq çox rahat şəkildə mümkündür. Düşünürəm ki, valideynlər övladları ilə mütəmadi şəkildə söhbət aparmalı, onlara ekspertlərdən məsləhətlər götürməli və yoxlamalıdırlar. Əgər onlar ali təhsildə çətinlik çəkirsə, mütləq şəkildə peşə təhsilinə yönəlməlidirlər. Hazırda diplomlar dominantlıq təşkil etsə də, xüsusən dövlət qulluğunda və digər sahələrdə diplom olması vacibdir, amma artıq istehsalat sahələrində ona ehtiyac qalmır. Xüsusən qeyd etmək istəyirəm ki, süni intellektin inkişaf etdiyi dövrdə bir çox peşələr aradan çıxır. Və peşə yönümlü ixtisaslara daha çox ehtiyac yaranacaq. Valideynlər bu kimi sahələrə övladlarını yönəltsələr, düşünürəm ki, onlar daha çox uğur qazanacaqlar".
Təhsil və karyera yollarını seçmək yalnız bilik və bacarıq məsələsi deyil, həm də insanın psixoloji vəziyyəti və daxili motivasiyası ilə sıx bağlıdır. Maraqlarına uyğun seçim edə bilməmək, sosial təzyiq və gözləntilərin təsiri insanın qərar vermə prosesinə ciddi təsir göstərə bilər. Bunu daha dərindən anlamaq üçün Psixoloq İlahə Nəbiyevanın mövzu ilə bağlı fikirlərinə nəzər salaq:
" Azərbaycanda gənclərin böyük bir qismi universitetə daxil olmağı həyatlarının əsas hədəfi kimi görür və burada uğur anlayışı universitetə daxil olmaqla eyniləşdirilir. Bir psixoloq olaraq deyə bilərəm ki, bu, əslində, ciddi fəsadlar doğurur və qarşısı müəyyən tədbirlərlə alınmalıdır. Burada əsas diqqət yetirməli olduğumuz məsələ valideynlərin və uşaqların peşə seçimi, ixtisas seçimi və universitetə qəbul prosesi ilə bağlı məlumatlandırılmasıdır. Bu, bir növ psixotədris yanaşmasıdır. Bunun gənclərə bir çox psixoloji təsirləri ola bilər, məsələn, gənclərdə özünə dəyər hissinin azalması. Çünki universitetə daxil ola bilmədikdə, bu artıq böyük bir hədəf kimi qoyulur, müəyyən müddət hazırlaşırlar, plan qururlar, xəyal edirlər. İstədiklərinə çata bilmədikdə isə özlərini dəyərsiz hesab etməyə başlayırlar. Daha sonra burada sosial qınaq da var. Gənclər hazırlıq keçərkən kənardan izlənilir, nəticələri ilə maraqlanılır. Bu, bir qədər də sosial təzyiq yaradır. Nəticədə stress və depressiya baş qaldıra bilər, motivasiya azalır və bəzən aqressiya şəklində özünü göstərə bilər. Stress və depressiyanın yaranma səbəbi budur ki, gənclər bir yol planı formalaşdırır və onun uğrunda çalışırlar. Lakin yekunda istədikləri nəticəni əldə edə bilmirlər. Bu, gələcək haqqında qeyri-müəyyənlik yaradır və gəncləri narahat edir. Bəzən ailədən də təzyiq ola bilər, eləcə də gənclər öz arasında qarşılıqlı müqayisələr edərək mənfi təsir ala bilərlər. Məsələn, gənc düşünür ki, hamı universitetə daxil oldu, amma mən qəbul ola bilmədim. Yaxud ailənin digər üzvləri qəbul oldu, amma sən nəticə göstərə bilmədin. Bu yalnız universitetə daxil olmaqla bağlı deyil, müəyyən bir ixtisasa hazırlaşan gənclər də var. Onlar xüsusi ixtisasa uyğun hazırlanırlar, lakin imtahanda istədikləri nəticəni əldə edə bilmədikdə başqa ixtisaslara yönəlmək məcburiyyətində qalırlar. Bu da onların motivasiyasının azalmasına səbəb olur. Belə hallarda gənclərin inkişaf etməyə istəyi azalır, təhsildən və peşə seçimindən uzaqlaşırlar və bəzən əsəb partlayışları yaşaya bilirlər. Burada bilməliyik ki, gənclər yalnız bir plan üzərində hərəkət etməməlidirlər. Mümkün olduqda, A, B, C variantları həmişə nəzərdə tutulmalıdır. Lakin adətən gənclər bir məqsəd qoyur və onun uğrunda çalışırlar. Sonda istədikləri nəticəni əldə etmədikdə isə neqativ hallar baş verə bilir. Yenə də başa düşməliyik ki, uğur anlayışını universitetə qəbul olmaqla eyniləşdirmək düzgün deyil. Bu, onların özünü qiymətləndirməsinə mənfi təsir edir, başqaları ilə müqayisəyə səbəb olur və geridə qalmış kimi hiss etdirir. Uzun müddət hazırlıq keçdikdən sonra qəbul olmadıqda, qurduqları bütün planlar pozulur və ikinci variant olmadığından, bu dövrü keçirmək daha çətin olur. Bunun qarşısını necə ala bilərik? Məsələnin qarşısını almaq üçün müxtəlif yollar var. Birincisi, gənclərin öz bacarıqlarını tanıması, ailələrin isə övladlarının bacarıqlarını və xarakter xüsusiyyətlərini anlaması vacibdir. Bu sahədə, məsələn, karakterə uyğun peşə sahələrinə yönləndirmək üçün müəyyən dəstəklər göstərilə bilər. Burada psixoloji dəstəkdən söhbət gedir. Məktəblərdə və gənclər mərkəzlərində bununla bağlı psixoloji məsləhətlər verilə bilər. Ümumiyyətlə, hər hansı gənc universitetə daxil ola bilmədikdə, hansı sahələrə yönələ biləcəyini, bacarıqlarını, hansı istiqamətdə daha uğurlu ola biləcəyini müəyyənləşdirə və uğursuzluq hissini daha sağlam şəkildə necə aradan qaldıra biləcəyini öyrənə bilər. Bu məlumatlar həmin mərkəzlərdə təqdim olunur. Daha sonra, burada valideynin dəstəyi hər şeydən öncə gəlir. Valideynlər övladlarına dəyərinin universitetlə ölçülmədiyini izah etməli və bu mesajı onlara çatdırmalıdırlar. Sözdə deyib, bəzi işarələrlə bunu gənclərə hiss etdirmək doğru deyil. Burada tənqid və müqayisə yerinə anlayış göstərilməli, motivasiya edilməlidirlər. İkinci bir planın qurulmasında valideynlər gənclərə vaxtında yol göstərməlidirlər. Bundan başqa, üçüncü olaraq gənclərə və ailələrə alternativ yollar tanıtmaq lazımdır. Burada texniki peşə kursları, onlayn təhsil imkanları və digər fəaliyyətlər mövcuddur ki, heç də universitet təhsilindən geri qalmır və bunun vasitəsilə müxtəlif nailiyyətlər əldə etmək mümkündür. Bundan əlavə, universitet oxumadan uğur qazanan insanlar da var və gənclərə onları rol model olaraq göstərmək olar. Təbii ki, müsbət rol modellər seçilməlidir. Əsas məqsədimiz cəmiyyət, gələcək, ailə və vətən üçün faydalı ola biləcək rol modelləri göstərməkdir. Daha sonra şəxsin inkişaf yönünü fəaliyyətlərə yönləndirmək olar. Burada könüllülük proqramları, sosial layihələr, incəsənət və ya idman sahələri kimi fəaliyyətlər nəzərdə tutula bilər. Gənc öz bacarıqlarını uyğun şəkildə istiqamətləndirdikdə, özünü daha düzgün ifadə edə bilər və qazandığı uğurlardan aldığı hiss daha sağlam və davamlı olacaq. Daxili motivasiyanın formalaşmasında çox böyük önəm var. Gənclərə başa salmaq lazımdır ki, uğur təkcə universitet diplomu ilə ölçülmür və uğur qazanmaq üçün saysız yollar mövcuddur. Buradakı əsas məsələ uğur anlayışını universitetlə eyniləşdirməməkdir. Gənclərin öz potensialını və fərdi bacarıqlarını inkişaf etdirmələrinə mane olan amillərdən biri də erkən yaşlardan müəyyən peşə sahələri ilə tanışlıqdır. Məktəbə qədər və kiçik məktəb yaş dövründə uşaqlar müxtəlif peşə sahələri ilə tanış olur, məktəbdə və baxçada tədris olunan metodlar vasitəsilə qarşılaşırlar. Yeniyetməlik və gənclik dövründə tədris olunan fənlər əsasında, uşaqlar öz istiqamətlərini müəyyənləşdirirlər. Lakin burada müəyyən qədər əksikliklər də mövcuddur. Məsələn, gənclərin potensialı müxtəlif sahələrə yönəlib, amma valideynlər onları cəmiyyətdə nüfuzlu qəbul olunan peşələrə yönləndirmək istəyirlər. Hər bir peşənin öz nüfuzu var, amma bəzən uşağın potensialı fərqli sahədə olur, məsələn, incəsənət sahəsində. Mən təcrübəmdə dəfələrlə şahid olmuşam ki, valideynlər öz yönləndirməsini etmək istəyirlər. Düşünürlər ki, mən həkiməmsə, mənim övladlarım da həkim olmalıdır. Halbuki uşağın yüksək rəsim qabiliyyəti varsa, o gələcəkdə incəsənət sahəsində daha uğurlu ola bilər. Valideynlərin etməli olduğu əsas işlərdən biri fərqli planlar və istiqamətlər formalaşdırmaqdır. Yəni uşağın bacarıqlarına uyğun şəkildə yönləndirmək və onun istəyini nəzərə almaq vacibdir, çünki yalnız bacarıq deyil, istək də böyük rol oynayır. Valideyn övladının daha prestijli bir peşəyə yiyələnməsini, yaxşı universitetdə oxumasını və diplom almasını istəyir. Lakin bu yanaşma sosioloji problemlərə yol açır, məsələn, ixtisas sahələrində müəyyən disbalans yaranır və diplomlu işsizlərin sayı artır. Diqqət yetirilməli olan digər məsələ isə valideynlərin öz arzularını uşaqlar üzərində reallaşdırmaq istəməsidir. Bu da gənclərin öz potensialını ortaya qoymasının qarşısını alır. Potensial, vərdiş və bacarıq fəaliyyət göstərdikcə özünü göstərir və fərqli fəaliyyətə yönəldildikdə gənc bacarıqlarını istifadə edə bilmir, bu da zamanla zəifləməyə səbəb olur".
Universitet seçimi edərkən gənclərin öz maraqları və istəkləri ilə valideynlərin, cəmiyyətin gözləntiləri arasında balans tapması üçün hansı psixoloji məsləhətlər verərdiniz?
" İlk olaraq məsləhətim gənclərədir. Çünki gənc artıq peşə seçəcək yaşa çatana qədər özünü tanımağı bacarmalıdır. Burada özünü tanımaqdan məqsədimiz nədir? Gənclər öz maraqlarını, güclü tərəflərini və dəyərlərini tanımalıdır. Mən kiməm, nə istəyirəm və bunu niyə istəyirəm? Bu peşədə işləyərkən nələr əldə edəcəyəm və çətinliklərə baxmayaraq bunu davam etdirə biləcəyəmmi? Çünki peşə elə bir şeydir ki, biz peşəmizlə "evliyik". Bacardığımız qədər peşəmizi yaxşı tanımalıyıq ki, peşəmizlə olan münasibətimizdə və peşəmizdə özümüzü düzgün ifadə edə bilək. Daha sonra ailə ilə açıq ünsiyyət qurmaq vacibdir. Gənc öz istədiklərini, arzularını və fikirlərini ailəsi ilə açıq şəkildə paylaşmalıdır. Ailəsi də bu sahədə onun bacarıqlarına uyğun seçiminə hörmət etməli, lazım gələrsə düzgün yönləndirmə aparmalı və gəncin seçiminə hörmətlə yanaşmalıdır. Sosial müqayisədən uzaqlaşmaq lazımdır. Bu həm ailələr, həm də gənclər üçün vacibdir. Çünki cəmiyyətimizdə sosial müqayisə həddindən artıq yüksəkdir. Bəzi peşələrin xüsusi çəkisi artıb, o sahələrdə çox gənc təhsil alır və diplom alır, nəticədə iş tapmaqda problemlərlə qarşılaşa bilirlər. Valideynlər və gənclər alternativ yolları da nəzərə almalıdır. Universitetə getmək və ya müəyyən peşə sahəsində yönəlmək istəyi ola bilər, amma əlavə alternativ seçim də olmalıdır. Həm ailənin, həm gəncin seçimləri nəzərə alınmalıdır. Çünki bəzən gənc çox istədiyi şeyə çatmaya bilər və bu zaman alternativ yolun olması vacibdir. Daxili motivasiyanı gücləndirmək çox vacibdir. Bu, gəncin özünü qiymətləndirməsinə və reallaşdırmasına təsir göstərir. Daxili motivasiya güclü olan gəncin özünü reallaşdırmaq arzusu da güclü olur və çətinliklər qarşısında motivasiyasını fərqli istiqamətə yönəldə bilir. Bu mövzuda psixoloji dəstək almaq vacibdir, həm gənc, həm də ailə üçün. Mütəxəssislər və məktəb psixoloqları peşə marifləndirməsini aparmalıdır. Bu, müəyyən peşə sahələrinin tanıdılması baxımından vacibdir. Gənclər xəbərləri olmadığı və məlumatı olmadığı sahələrdə tanış ola bilirlər və bəzən əslində istədikləri başqa bir şey olur, sadəcə ixtisasın adını düzgün bilmədikləri üçün fərqli görünür. Peşə seçimində əsas məsələ gəncin bacarıqlarının, vərdişlərinin və daxili potensialının hansı istiqamətdə olduğunu müəyyənləşdirmək və bu istiqamətdə onları yönləndirməkdir. Burada psixomarifləndirmənin üzərinə böyük yük düşür və bunu mütəxəssislər etməlidir. Məktəb psixoloqları və gənclərlə işləyən mütəxəssislər bu sahədə bacarıqlı olmalıdırlar. Məsələn, mənim magistr işim bu sahə üzrə olmuşdur. Orada 9 mizac tipinə uyğun karakter inkişafını araşdırmışam. Bu, temperament tiplərinə yeni yanaşmadır və hər tipin uyğun peşə sahələri müəyyənləşir. Temperament tipləri 1-dən 9-a kimi müəyyən edilir və hər tipin məxsus xüsusiyyətlərinə uyğun peşələr seçilə bilər. Bunu Hollandın peşə seçim inventoru ilə də qiymətləndirmək mümkündür. Gənclər testi işləyərək digər peşələri tanıya bilərlər. Xüsusi bacarıqları ölçən testlər də var və bu bacarıqlara uyğun peşə sahələri formalaşdırmaq mümkündür. Peşələr həmçinin insan-insan, insan-alətlər və digər qruplara bölünür və bu qrup içərisindən xüsusi peşələr seçilərək gənclər yönləndirilə bilər. Əsas məsələ gəncin psixoloji vəziyyəti, ailənin istəkləri və gəncin bacarıqları arasında uyğunluğun olub-olmadığını yoxlamaqdır".
Beləliklə, nəticə aydındır: uğur təkcə universitet diplomu ilə ölçülmür. Əslində, hər bir insanın yolu fərqlidir. Kimisi ali təhsillə öz arzularına çatar, kimisi isə peşə təhsili, kurslar və ya praktiki təcrübə ilə uğur qazanır. Burada əsas məsələ - gəncin özünü tanıması, bacarıqlarını və maraqlarını düzgün dəyərləndirməsidir. Valideynlərin isə övladlarının seçiminə hörmətlə yanaşması, onları məcburiyyət yox, dəstək yolu ilə yönləndirməsi vacibdir. Çünki uğurlu gələcək yalnız diplomla deyil, düzgün seçim, daxili motivasiya və davamlı inkişafla qurulur. Ən önəmlisi isə odur ki, gənclərə müxtəlif yolların mövcud olduğunu göstərək. Uğur həmişə bir qapıdan deyil, çoxlu qapılardan daxil ola bilər.
Zeynəb Mustafazadə