Konfutsi. Onun fəlsəfi təlimi din səviyyəsinə yüksəlmişdir
15 Avqust 2025 21:22 SosialLoqos
Firuz Mustafa
Kon Fu Dzı (o, daha çox Konfutsi kimi məşhurdur) qədim Çin filosofu və mütəfəkkiridir. O, Kun Tsı kimi də tanınır. Təqribən e.ə. 551 - e.ə. 479-cu illərdə yaşayıb. Konfutsi dünya fəlsəfi sisteminə və fəlsəfi fikrinə böyük təsir göstərmişdir. Bu təsir o qədər güclü olmuşdur ki, filosofun təlimi din səviiəsinə yüksəlmişdir.
Onun Lu ərazisinin Tsu şəhərində, Şantung əyalətində doğulduğu bir çox sənədlərdə təsdiq edilmişdir. Çin salnaməçiləri qeyd edirlər ki, Konfutsinin əcdadları çox bacarıqlı olmuş və dövlət işlərində mühüm mövqe tutmuşlar.
Konfutsinin atası Şu-lian-xonun vaxtilə Çeuda şəhərciyinin hakimi olduğu məlumdur. Onun birinci arvadından doqquz qızı olmuşdur. İkinci arvadından isə bir oğlu olmuş, lakin bu uşaq körpə ikən vəfat etmişdir. Şu-lian-xo varis arzuladığı üçün 70 yaşında ikən İen adlı nəcib bir ailənin gənc qızı ilə evlənib. Gənc qızın adı Çing-si idi. Bu izdivacdan onların bir oğlu olmuş, həmin uşağa Kieu adı verilmişdir. Sonralar ona verilən "Konfutsi" və ya "Kon Fu-Tsi" adı isə "müəllim" mənasını daşıyırdı. Araşdırmalara görə, Konfutsi 19 yaşında ikən evlənmiş, onun bir oğlu olmuşdur.

Konfutsinin həyatında mistika yox idi, lakin onun doğulması sonralar əfsanə və möcüzələrlə əhatə olunmuşdu. Məsələn, salnaməçilərə görə, guya ata Şu-lian-xonun bağında gənc hökmdarın qarşısına Ku-lin adlı bir canavar çıxmışdı. O, hökmdara üstünə belə yazı həkk olunmuş daş təqdim etmişdi: "Çjeu sülaləsi süquta yaxınlaşanda saf bir körpə doğulacaq və o, kralsız bir kral olacaq". Əlbəttə, bu, bir əfsanədir.
Kieu üç yaşında ikən atası vəfat etmişdir. Yeddi yaşında isə Kieu məktəbə göndərildi. Orada mərasimlər, musiqi və riyaziyyat tədris olunurdu. Uşaqlar böyüdükcə fəlsəfə öyrənməyə başlayırdılar. Kieu təhsildə ən uğurlu yeniyetmə idi. O, olduqca çalışqan, xasiyyətcə mülayim bir şagird idi. Gənc Kieu artıq 17 yaşında məşhur alim Ping-Çunqun köməkçisi olmuşdu. O, qədim müəlliflərin əsərlərini öyrənməyə çox vaxt sərf etdi. Bu, gəncin düşüncəsinə böyük təsir göstərdi.
Bəli, Konfutsi hələ gənc yaşlarında ikən Çində ilk peşəkar müəllim və intellektual alimlər birliyinin təşkilatçısı kimi tanınmış, onun üç mindən çox tələbəsi olmuşdur.
Qırxdörd yaşında Konfutsi, Lu knyazlığında iqamətgahın hakimi oldu. O, xalqın yaşayış səviyyəsini xeyli yaxşılaşdırdı. Konfutsinin uğurunun sirri sadə idi: xalqa yaxınlıq. O, insanlarla yaxın ünsiyyət qurur və onlarla məsləhətləşirdi. Təqdir əlaməti olaraq Konfutsi bütün knyazlığın baş hakimi təyin edildi.
Lu knyazı ilə münaqişə səbəbindən müdrik filosof, knyazlıqdan ayrılmaq məcburiyyətində qaldı və uzun müddət digər knyazlıqlarda səfərdə oldu. Onu hər yerdə sevinclə qəbul edirdilər.
O, e.ə. 484-cü ildə yenidən Luya qayıtdı. Səyahətlərdən sonra Konfutsi Lu knyazlığına qayıtdı. Orada o, həyat yoldaşının ölüm xəbərini aldı. Bu xəbərə belə reaksiya verdi: "Həyat yoldaşım dünyasını dəyişdi, tezliklə mən də onun ardınca gedəcəyəm... Lakin ömrümün qalan hissəsini faydalı keçirmək lazımdır". O, həmin dövrdə bir çox elm adamlarının və pedaqoqların kitablarının redaktəsi, yayılması ilə, o cümlədən müəllimliklə məşğul oldu.
Konfutsi Çinin daxili böhranlarla müşayiət olunan sosial və siyasi dəyişikliklər dönəmində yaşamışdır. Bu, elə bir dövr idi ki, patriarxal normaları dağılmışdı, daxili ədavət isə nəsilləri parçalayırdı. Tarixi ənənələrin dağılması, məmurların acgözlüyü və satqınlığı, eləcə də sadə xalqın kasıblığı və iztirabları ölkənin taleyini düşünənlərin ciddi narazılığına səbəb olurdu.
Son bir neçə ilini Konfutsi öz tələbələrinə həsr etdi və demək olar ki, bütün vaxtını onlarla keçirdi. O, getdikcə daha çox ölüm haqqında düşünürdü. Son görüşlərdən birində o, vəsiyyətini səsləndirdi, buna görə kitablarını tələbələrinə miras qoydu və onlardan əsərləri uşaqlara ötürmələrini xahiş etdi.
Ömrünün son illərini doğma yurdunda keçirərək sakit çayın sahilində ağacların kölgəsində dünyasını dəyişdi. Özündən sonra yazılı əsərləri qalmasa da, şagirdləri vastəsi ilə böyük təlimi qaldı.
E.ə. 479-cu ildə Konfutsi yeddi gün huşunu itirmiş vəziyyətdə qaldı və daha sonra dünyasını dəyişdi. Filosofun son sözləri belə oldu: "Məndən sonra ağır zəhmətimi kim üzərinə götürəcək ki, mənim təlimimi davam etdirsin?"
Yeri gəlmişkən onu da qeyd edək ki, Konfutsinin adı tarixdə 100 ən nüfuzlu şəxs siyahısına beşinci şəxs olaraq daxil edilib.
Sonralar bütün dünyada məşhur olan konfutsiçilik təlimi, nəzəriyyəsi və ya dini əvvəllər müasir Şandun əyalətinin ərazisində yaranmış və sonralar geniş yayılmışdır. Konfutsi burada doğulub ömrünü yaşamışdı.
Konfutsiçiliyin uzun müddət dövlət dini səviyyəsində qəbul olunması heç də təsadüfi deyildir. Bu təlim sosial-siyasi yönümlü idi. Belə ki, konfutsiçilik əslində imperator hakimiyyətinin və məmur aparatının mövqelərinin möhkəmlənməsinə töhfə verirdi ki, bu aparatın da bir hissəsi də Konfutsi idi. Ümumiyyətlə, Konfutsi xalqın üzərində məmurların və imperatorların idarə etdiyi bir hakimiyyət iyerarxiyasını dəstəkləyirdi. Lakin Konfutsi bütün hökmdarların özlərini inkişaf etdirməyə və xalqın ehtiyaclarına qayğı göstərməyə sadiq qalmalarını nəzərdə tuturdu.
Konfutsi göstərirdi ki, yaxşı hökumət, xalqa yaxşı qidaverən, xalqı lazımi qədər silahla təmin edən, xalqın etibarını qazanan hökumətdir. Xalqın etimad və etibarını qazanmayan hökumət heç vaxt ayaqda dayana bilməz. O, qorxuyla idarə olunan dövləti deyil, hökmdarla təbəəsi arasında qarşılıqlı bir razılaşma, ortaq yol tapan bir rəhbərliyi müdafiə etmişdir. Bu nöqtədə, müasir demokratiya qaydalarıyla bənzərlik özünü göstərir. Görüldüyü kimi, o, ölçü olaraq sıravi insanları, xalqın taleyini və onların yetişdirilməsini, onların xoşbəxtliyə qovuşmasını istəyirdi.

Konfutsinin bütün fəaliyyət və həyat yolu "Mühakimələr və Dialoqlar" əsərində öz əksini tapmışdır. Bu kitab əslində Konfutsinin şagirdləri tərəfindən toplanmış fikirlərin, düşüncələrin və dialoqların toplusudur. Bu əsər qədim Çin fəlsəfəsinin təməl daşını təşkil edir. Konfutsinin fikirləri və onun yaratdığı konfutsiçilik ənənəvi Çin mədəniyyətinin əsasını formalaşdırmış, yüz illər ərzində Çin cəmiyyətinə bütün sahələrdə dərindən təsir etmişdir.
Konfutsinin siyasi idealı nə idi? İlk növbədə xeyirxah aristokratların gerçəkləşdirdiyi bir hakimiyyət, hər bir insanın vəzifəsinə ciddi riayət etməsi və qoyulmuş ənənələrə əməl olunması. İctimai düzənin saxlanması üçün o, rituallara və mənəviyyata çox əhəmiyyət verirdi. Qədim çinli filosof, mənşəyinə görə deyil, tərbiyəsinə və öz bacarığını inkişaf etdirmə qabiliyyətinə görə alicənab sayılan ideal insan konsepsiyasını da hazırlamışdı. Konfutsi hesab edirdi ki, bu cür insan ilk növbədə humanist, insanlara qarşı xeyirxah, ədalətli, sadiq, səmimi olmalı, həmişə biliklərə can atmalı, valideynlərinə, xüsusilə də yaşlılarına hörmətlə yanaşmalıdır. Böyük mütəfəkkir ailədə, cəmiyyətdə və dövlətdəki insanlar arasında ideal münasibətlər qanununu aşağıdakı şəkildə ifadə etmişdi: "Özünə rəva bilmədiyini, başqalarına rəva bilmə".
Yeri gəlmişkən, Konfutsinin həmin fikirləri Çində və bir çox ölkələrdə yenə öz qüvvəsini saxlayır.
Konfutsinin siyasi təlimi, dövlətin ideal şəkildə idarə edilməsinin mənəviyyata, xüsusilə "qızıl orta" və "insanpərvərlik" kimi etik anlayışlara əsaslanmasından irəli gəlir. Bu anlayışlar "düzgün yol"u təşkil edir. Öz-özü ilə və başqa insanlarla uzlaşmada yaşamaq istəyən hər kəs bu yolu izləməlidir. "Alicənablar", başqa sözlə idarəçilər, öz rəiyyətinə qayğı göstərməli, onları öz əxlaqi nümunələrinin gücü ilə tərbiyə etməlidirlər. Çin mütəfəkkiri dövlətin patriarxal-paternalist (paternalist-dövlət və şəxsiyyət arasında qarşılıqlı "öhdəlik"-F.M.) konsepsiyasını inkişaf etdirmişdir. Konfutsiyə görə, dövlət böyük ailədir, burada hökmdar - ata, təbəələr isə onun övladlarıdır. Təbəələrin əsas səxavəti hökmdara sədaqət, bütün "böyüklərə" itaət və hörmət etməkdən ibarətdir.
Konfutsi zamanında, ailəyə çox əhəmiyyət verilirdi. Ailə bağlarına hörmət göstərməyənlərin "Göy" tərəfindən cəzalandırılacaqları düşüncəsi vardı. Dediyimiz kimi, anaya, ataya bağlılıq və hörmət mövzusuna çox əhəmiyyət verilirdi. Konfutsi bu fikirləri əsas tutaraq "Hsiao" inancını meydana gətirmişdir. Burada ailə üzvlərinin bir-birləri ilə əlaqələri düşünülmüş, sonra bu əlaqələr genişlədilərək hökmdarla xalq arasındakı bağları əhatə etmişdir. Ümumiyyətlə, iki cür "Hsiao" vardır. Biri "fiziki Hsiao", yəni anaya-ataya kömək, digəri isə "müqəddəs Hsiao"dur, yəni bu, o deməkdir ki, valideyn yaşadığı müddətdə övladlarının maddi rahatlıgın təmin etməli, istəklərini yerinə yetirməli, onları hər cür təhlükədən qorumalıdır. Övlad isə ata-ana öldükdən sonra belə, qurbanlar verməklə onların xatirələrini əziz tutmalıdır.
Biz Konfutsini sözün mütləq mənasında hansısa dinin banisi hesab edə bilmərik. Doğrudur, onun adı çox vaxt Budda və Zərdüştlə yanaşı çəkilir. Amma əslində Konfutsinin dünyagörüşündə etiqad məsələlərinə çox az yer verilir, bu təlim daha çox fəlsəfi-etik komponentləri, eyni zamanda ritual təcrübələri özündə birləşdirir. Konfutsiçiliyin əsas prinsipləri - humanistlikdir.
Bəs konfutsiçilik buddizmdən nə ilə fərqlənir? Konfutsiçiliyin əsas mövzusu insandır. Bütün mülahizələr son nəticədə insana gətirib çıxarır. Buddizm isə tamamilə fərqli mövqedə dayanır, insan məsələsinə qayıtmır və hər şeyi Budda ilə əlaqələndirir.
Bəli, etik-siyasi təlim olan konfutsiçiliyin mərkəzində insan əxlaqı, ailə və dövlətin idarə olunması məsələləri durur. Konfutsi üçün çıxış nöqtəsi kimi "səma" və "səmavi təsir" konsepsiyası əsas götürülür. Öz əsrinə tənqidi yanaşaraq ötən əsrləri üstün tutan Konfutsi bu müqayisənin əsasında özünün tzyun-tszı insanının mükəmməl idealını yaratmışdır. Bü təlimə görə müəyyən keyfiyyətlərə malik olan insan həmin keyfiyyətləri Dao mənəvi qanunları ilə uzlaşdırmalıdır. Bu mükəmməlləşmənin məqsədi hər kəsi xeyirxah insan səviyyəsinə çatdırmaq idi. Tzyun-tszı iki vacib üstünlüyə -humanizm və borcluluq duyğusuna maik olmalı idi. Konfutsi təlimində əsas yeri ailə, cəmiyyət və dövlətdə insanlar arasında münasibətlər tutur.
Konfutsi təliminə görə, ən yüksək dəyər "nəcib şəxs" anlayışında öz əksini tapır. Bu şəxs konfutsiçiliyin mənəvi idealını təcəssüm etdirir.
Konfutsinin təsəvvür etdiyi nəcib insan:
Heç vaxt mənfəət axtarmaz.
Öz səhvlərinə görə başqalarını ittiham etməz.
Kasıblığından utanmaz.
Ədalət və həqiqətə can atar və hər bir vəziyyətdə ləyaqətlə davranar.
Konfutsizmə görə, xoşbəxtlik odur ki, səni anlayırlar, böyük xoşbəxtlik odur ki, səni sevirlər, həqiqi xoşbəxtlik odur ki, bu zaman sən özün sevirsən. Konfutsi deyir ki, təlimatı yalnız öz cahilliyini qəbul edən və bilik axtaran şəxsə ver. Əgər sən nifrət edirsənsə, deməli, sən məğlub olmusan. Konfutsinin başlıca devizi: "Hər bir kişi öz içindəki vəhşini məhv etməlidir"
Konfutsizmdə qadına münasibət fərqlidir. O, kişilərə qadının rolu haqqında danışarkən əsasən mühafizəkar mövqedən çıxış edir. Konfutsizmdə qadının kişidən aşağı olduğu vurğulanır. Onun əsas vəzifəsi ərinə və valideynlərinə itaət etmək, evdə qayda yaratmaq və uşaq dünyaya gətirməkdir. Qadının emosional həyatı daim arxa plana keçirilir, onun daha çox bioloji funksiyasına diqqət yetirilir. Konfutsinin məşhur ifadəsində qadına belə bir qiymət verilir: "Müdrik qadın ərini dəyişdirməyə yox, öz görünüşünü dəyişməyə cəhd edər".
Konfutsinin sevgi haqqında dediyi fikirlər də maraqlıdır. O, sevgi haqqında belə deyirdi: "Sevgi - varlığımızın başlanğıcı və sonudur. Sevgisiz həyat yoxdur, çünki sevgi müdrik insanın təzim etdiyi şeydir". Onun hər bir ifadəsi insan həyatına, özü və ətraf aləmə münasibətini ifadə edir.
Konfutsinin aforizmləri daim bütün dünyada maraq doğurub. Əslində bu qanadlı fikirlərin arxasına mühüm konseptual məsələlər dayanır.
Konfutsi deyirdi:
"...Qiymətli daş sürtülməsə cilalanmaz. İnsan da çətinliklərdən keçməsə uğur qazana bilməz.
...Təbiət insan tərbiyəsinə kölgə salsa vəhşi canlı alınar, amma tərbiyə təbiətə kölgə salarsa nəticədə quru kitab alimi yetişər. Yalnız təbiətlə tərbiyə tarazlıqda olduğu zaman layiqli insan yetişər.
...Danışmağa layiq bir insanla danışmamaq o insanı itirmək deməkdir. Danışmağa layiq olmayan biri ilə danışmaq isə sözləri itirməkdir. Müdrik insan nə insanları, nə də sözləri itirər.
...Bilik əldə etməyin üç yolu var: düşüncə yolu - ən şərəfli yol, təqlid yolu - ən asan yol və təcrübə yolu - bu, ən çətin yoldur.
...Mən etibarsız bir insanla necə iş görməyi təsəvvür edə bilmirəm. Əgər araba təkərsizdirsə, onunla necə hərəkət etmək olar?
...Böyük insan heç vaxt yıxılmayan insan yox, yıxılıb qalxan insandır.
...Nəcib insan özündən tələb edir, nanəcib insan isə adətən başqalarından tələb edir.
... Ancaq öz nadanlığını başa düşərək bilik axtaran insana məsləhət ver.
...Əgər nifrət edirsənsə, demək ki, sən məğlub olmusan.
Konfutsi öyrədirdi ki, təkcə ailədə deyil, həm də bütün dövlətdə yaşlılarla gənclər arasında münasibətlərdə qayda-qanun olmalıdır. Tərbiyəli çinli hər kəsə qarşı nəzakətlidir, sosial statusundan aşağı olanlara qarşı kobudluq etmir və yüksək statusda olanlara yaltaqlanmır.
Konfutsinin ideyaları və əsas mövzuları - insanlararası münasibətlər, humanizm və özünüinkişaf məsələri bu gün də aktualdır.
Konfutsi təliminə görə, insanın həyatının mənası, "Göy altında" mükəmməl bir cəmiyyətin qurulmasından ibarətdir. Yalnız bu yolla Göy ilə Yer arasında harmoniya əldə edilə bilər. İnsan cəmiyyətin üzvi bir hissəsidir və cəmiyyətin maraqları prioritetdir.
Təlimin əsasını Göy və göyün əmri konsepsiyası təşkil edir ki, bu da taleyi müəyyən edir. Çində imperatorlar həmişə Göyün övladları kimi qəbul olunmuş və buna görə də onların hakimiyyəti bir neçə minillik boyunca mübahisəsiz olmuşdur. Bundan əlavə, konfutsiçiliyin ən mühüm qaydalarından biri, artıq dediyimiz kimi, "syao" - böyüklərə hörmət və ehtiram konsepsiyasıdır. Konfutsi həmçinin "li" - müxtəlif həyat vəziyyətlərində insanın davranışını tənzimləyən etiketi sistemini hazırlamışdır.
Konfutsi, ilk növbədə, realist və maarifçi idi. O, cəmiyyətin rasionallıqla təşkil olunmasını ənənələrin qorunmasında görürdü: "Əgər qədimdən qoyulmuş adətlərə riayət edilməsə və ya ləğv olunsa, hər şey qarışacaq və nizamsızlıq yaranacaq". O, adət-ənənələri tanrıları razı salmaq üçün vasitə kimi deyil, özünüidarə və nizamın elementi kimi görürdü.
Hakim sosial təbəqənin üzvü olmasına baxmayaraq, Konfutsi dar sinfi maraqlarla məhdudlaşmırdı. O hesab edirdi ki, xalqı cəhalətdə saxlamaq, yalan vədlərlə idarə etmək olmaz. "Əgər vicdanlı insanları irəli çəkib onları hiyləgər insanlardan üstün tutsanız, sadə insanlar itaətkar olarlar". Konfutsi deyirdi ki, ölkədə hərbi təchizat və ərzaq çatışmazlığı ola bilər- bu bəlalar aradan qaldırıla bilər, "lakin xalqın hökmdara və onun ətrafına inamı çatışmasa, dövlət sabit ola bilməz".
Konfutsi üçün ideal insan peyğəmbər yox, maariflçi, müdrik və vicdanlı bir insandır. Şagirdlərindən biri ona ruhlara necə xidmət etməyi soruşduqda, Konfutsi belə cavab vermişdi: "Biz insanlara xidmət etməyi bilmirik, ruhlara necə xidmət edə bilərik?" O, insanın ölümündən sonrakı mövcudluğu haqqında suala da oxşar cavab verdi: "Biz həyatın nə olduğunu bilmirik, ölümün nə olduğunu necə bilə bilərik?" Bilməməyin qəbul edilməsi mütəfəkkirin mühüm cəhətlərindən biri idi.
Konfutsiyə görə, ailə kiçik bir dövlət modelidir, burada ata-monarx mütləq hakimiyyət sahibidir. Amma bu hakimiyyətin despotizminə baxmayaraq, dünyada daha böyük və qüdrətli bir qüvvə - Göy mövcuddur. Bu, ali hakimiyyət, ali hakimdir (dünya nizamı, kainatın ağlı, kosmos). Hökmdarın özü də Göydən qorxmalıdır. Əgər o, Göy qarşısında günah işlədərsə, ədalətsiz qərarlar qəbul edərsə, yalan danışarsa və ya cinayətlər törədərsə, onda ölkədə Göy tərəfindən göndərilmiş təbii fəlakətlər baş verər. Xalq isə belə hökmdarı devirmək və ya öldürmək hüququna malikdir. Konfutsinin davamçısı Men-szı bu vəziyyəti belə izah edirdi: "Bu, hökmdarın deyil, bir əclafın və cinayətkarın öldürülməsi olar".
Konfutsiçilik təxminən üç min il ərzində uğurla fəaliyyət göstərmişdir. Konfutsi təlimi Çin, Yaponiya, Cənubi Koreya, Tayvan, Honq-Konq, Sinqapur və Vyetnam da daxil olmaqla bir sıra Şərqi Asiya ölkələrində, eləcə də Asiya diasporları vasitəsilə bütün dünyada müxtəlif dərəcədə yayılmış fəlsəfi inanc sistemidir. Bəzənsə artıq qeyd etdiyimiz kimi, bu təlim din kimi qəbul edilir.
Konfutsiçilik uzun əsrlər boyu çinlilərin dünyagörüşünə və həyat tərzinə əsaslı təsir göstərmiş və indi də göstərməkdədir.