Biz indi onlardan 100 il qabaqdayıq
14:13 SosialÜzeyir bəy Hacıbəylinin 140 illiyinə yeddinci yazı
Salam olsun, çox dəyərli oxucum! Üzeyir bəy Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə qələmə aldığım silsilə yazının yeddincisinə gəlib çatdıq. Söhbətimizə qaldığımız yerdən davam edək (bəyin də ruhu şad olsun).
Yazımızın bu hissəsinə qədər Üzeyir bəyin miniatürləri, satirik hekayələri, səhnəcikləri, komediyaları və yaradıcılığının digər mühüm xüsusiyyətlərilə tanış olduq. Böyük sənətkarların yaradıcılığı, böyük sənət əsərləri daima insanların diqqətini cəlb edir, canlı fikirlər oyadır. Əlbəttə bu diqqət həmişə eyni səviyyədə olmur; bəzən soyuyub yavaşıyır, bəzən də şiddətlənir, qızışıb alovlanır. Akademik Mirzə İbrahimov 1985-ci ildə Bakı şəhərində nəşr olunmuş "Üzeyir Hacıbəyov" (Seçilmiş əsərləri) kitabına yazdığı "Böyük bəstəkar və yazıçı" adlı giriş məqaləsində qeyd edir ki, bu vəziyyət (dəyişkənlik) hər zamanın, hər dövrün ictimai mübarizələrinin xüsusiyyətlərindən, mündəricəsindən, ideallarından asılıdır. Hər dövr, hər nəsil öz məqsədləri, ictimai meyilləri üçün keçmiş irsdə bir dəlil, bir dayanacaq axtarır, bu irsin köməyilə ideallarını yaymağa, daha iti, daha sürətli addımlarla irəliləməyə, arzu və istəklərinə çatmağa çalışır.
Lakin bir həqiqət də var ki, cari siyasi tələblər böyük sənət əsərlərində özünə bir dayanacaq tapmadıqda belə o əsərləri qiymətdən sala, ziyalı və fikri açıq adamların onlara olan marağını söndürə bilmir. Bu əsərlər insan ruhunun, insan psixologiyasının daha dərin qatlarına təsir etdiyi üçün cari siyasi tələblərin hökmünə tabe deyildir.
Üzeyir bəy Hacıbəylini biz məhz bu cür əsərlərin müəllifi kimi tanıyırıq: "Leyli və Məcnun", altıncı yazıda haqqında ətraflı söhbət açdığımız "Arşın mal alan" və "O olmasın, bu olsun", "Koroğlu" və bir sıra başqa əsərləri zamanın daim axan, daima dəyişən cərəyanlarından asılı olmayaraq xalqın həmişə sevdiyi, ləzzət aldığı əsərlərdir. Üzeyir bəy böyüklüyü, Üzeyir bəy Hacıbəyli sənətkarlığının ucalığı, onun ölməzliyinin sirri məhz yaradıcılının bu xüsusiyyətində - daim zamanın fövqündə olmasındadır! Bu əbədidir!
Əvvəlki yazılarımızda da zaman-zaman bu məsələyə toxunduq ki, Üzeyir bəyi geniş oxucu və tamaşaçı kütləsi əsasən ancaq böyük və məşhur bir bəstəkar kimi tanımışlar. Yuxarıda və əvvəlki yazılarda dəfələrlə qeyd etdiyimiz kimi bu silsilə yazını yazmaqda əsas məqsədlərimizdən biri Üzeyir bəyin böyük bəstəkar olmaqla bərəbarər, eyni zamanda görkəmli ədib; yazıçı, publisist, satirik hekayələr ustası, dramaturq olmasını vurğulamaqdan, xatırlatmaqdan, tanıtmaqdan ibarətdir. Silsilə yazımızın bu hissəsinə qədər öyrəndik ki, Üzeyir bəy, məqalələr, hekayələr, komediyalar yazmaqla bərabər, "Koroğlu" operasından başqa digər qalan bütün opera və operettalarının mətnini də özü yazmışdır. Bu yazımızın (yeddinci yazının) bilavasitə məqsədi Üzeyir bəy Hacıbəylinin öz şirin, duzlu, dərin ictimai mənalı felyetonları ilə "Molla Nəsrəddin" məktəbinin qüdrətli nümayəndələrindən biri olduğunu xatırlatmaq, təbliğ etməkdən ibarətdir.
Felyeton, ədəbiyyatda və publisistikada, xüsusilə də qəzet və jurnallarda geniş yayılmış bir janrdır. "Felyeton" sözü, əslində, fransızca "feuilleton" sözündən gəlir və "səhifə" mənasını verir.
Felyeton, satirik və ya yumoristik üslubda yazılmış, əsasən, ictimai həyatın mənfi cəhətlərini tənqid edən bir qəzet-jurnal yazısıdır. Felyetonlar həm nəsrlə, həm də nəzmlə yazıla bilər.
Ədəbiyyatçıların və ədəbiyyat tənqidçilərinin hamıya açıq ümumi (bu günə - 18.08.2025 - olan) qənaətinə görə Azərbaycanda felyeton janrını ədəbiyyatımıza Cəlil Məmmədquluzadə gətirmişdir. Təbii olaraq ilk nəsrlə yazılan felyeton nümunəsi də Cəlil Məmmədquluzadəyə aid hesab olunur. Nəzmlə yazılan ilk felyeton isə Mirzə Ələkbər Sabirə aiddir (hətta belə bir fikir də var ki, Azərbaycanda ilk felyetonu da məhz Mirzə Ələkbər Sabir yazmışdır).
Ümumilikdə felyetonun ədəbiyyatda bir janr kimi 1800-cü ilin yanvarın 28-də Fransada yaranması haqqında məlumat var.
Hal-hazırda "Felyeton nədir?" - sualı verildikdə, ağıla gələn ilkin təxmini cavab belədir: "Felyeton - nöqsanları, çirkin əməlləri istehza edib pisləyən qəzet və ya jurnal məqaləsidir."
Məhz bu prizmadan baxdıqda Üzeyir bəyin felyetonlarının mövzularının nə qədər müasir, görkəmli satira ustasının qaldırdığı problemlərin nə qədr aktual olduğu bir daha gözlər önünə sərilir.
Söhbət qəzet, jurnaldan düşmüşkən, Üzeyir bəyin "Qəzet oxuyan" adlı felyetonundan kiçik bir hissəni diqqətinizə təqdim etmək istəyirəm:
"Qəzet oxuyan müsəlman qəzetdən məlumat qazanır, biliyini artırır. Ona görə, "qəzet oxumaq müsəlmana haramdır".
Qəzet oxuyan müsəlman bütün aləmin əhval və övzaından (ərəb, "ovza" - اوضاع vəziyyətlər) xəbərdar olur. Dünyanın bu başında oturub, o biri başında vaqe olan dürlü-dürlü hadisə və vaqiələri bilir. Ona görə, "qəzet oxumaq müsəlmanlara haramdır",
Qəzet oxuyan müsəlmanın aağlı artır, dargöz olmur... "
Və bu qaydada felyeton davam edir. Əslində felyetonda qaldırılan məsələni birbaşa olduğu kimi sözbəsöz də günümüzə aid etmək mümkündür. Ancaq mən daha çox məsələnin mahiyyətinə üstünlük verirəm. Hal-hazırda əlimizdə olan informasiya nəqli mümkün bütün vasitələrdən məqsədyönlü şəkildə faydalı istiqamətlərdə (əsasən milli-mədəni tabliğat istiqamətində) istifadə etməyin tərəfdarıyam. İstifadə edirikmi? - edirik. Ancaq o səviyyədə deyil. Daha mütəşəkkil olmalıyıq. Dövrümüz üçün "qəzet" məfhumu şərti olaraq qəbul olunmalı, felyetonda qaldırılmış məsələnin televiziya və radio verilişləri, müxtəlif kanallar, kitablar da (elektron kitab da) daxil olmaqla faydalı informasiya əldə edib, ötürülməsi mümkün olan bütün vasitələrə şamil edilməlidir.
Və ya, "Bir "başıqapazlı"nın söylənməyi" felyetonu:
"Bizim adımız başıqapazlıdır. Ya budur ki, gərək biz evdən bayıra çıxmayaq, ya ki, çıxsaq da, hər tərəfdən qapaz yeməyi gözümüzün önünə alaq. Bilet alıb vaqona minirik, konduktor qapaz vurub deyir ki, nə üçün bilet alıbməni rüşvətdən məhrum edibsən? Bilet almayıb vaqona minirik, yenə konduktor qapaz vurub deyir ki, nə üçün biletsiz gedirsən? Sonra da tutub cibimizi soyur."
Yuxarıda qeyd etdiyim kimi, "vaqon", "bilet", "konduktor" məfhumları şərti qəbul olunmalıdır. Hal-hazırda doğum evindən, qəbiristanlığa qədər olan vəziyyət hamımızın gözünün qabağındadır (əksəriyyətin görməməsi heç də bu problemlərin olmaması anlamına gəlmir).
"Müştəri" adlı felyotonun sonuncu bölümünü şərhsiz, filansız olduğu kimi sizə təqdim edirəm edirəm (sadəcə say bildirən rəqəmlərin nisbiliyini nəzərə almağınızı əvvəlcədən xahiş edirəm):
"Qəzetlərimizin müştəriləri azdırsa da özləri getdikcə çoxalmaqdadırlar. Əlhal, tək bir Bakı şəhəri 3 qəzet verməkdədir. Kazan isə 5 qəzet intişarına müvəffəq olubdur. Sair şəhərlər də Bakı ilə Kazandan geri durmaq istəmirlər. Qəzetlərimiz cürbəcürdür. Kişilərimizə məxsus, arvadlarımıza mənsub, uşaqlarımıza mütəəlliq qəzetlərimiz vardır. Lakin... "çoxluq" sözünə dair türkün bir senzorsuz məsəli vardır ("senzorsuz" sözünü mən "əz bərayi-xali nəbudəni-mərasilə" dedim. Özüm yaxşı bilirəm ki, hökumətə müxalif sözlərdən savayı ağıza gələn (hər) sözü sensor buraxar və buraxır da).
Görünür ki, bəzi qəzetlərimiz, bu zərb məsəli isbat etmək istəyirlər. belə ki, o qəzetlərdən yavaş-yavaş "xuliqanlıq" iyi gəlməkdədir... "Nur" ilə "Bəyanül həqq"in acığı tutmasın."
Ümumiyyətlə, Üzeyir bəy Hacıbəylinin "Qulaq ardına vurmaq", "Mühüm suallar və əhəmli cavablar", "Biz nə haydayıq?", "İki səs", "Köhnə çuxa", "İbrət kitabı" və digər bu kimi onlarla ibrətamiz felyetonları vardır ki, hamısını bircə-bircə oxumaqda tariximiz, ədəbiyyatımız, mədəniyyətimiz, milli kimliyimiz adına fayda var deyəcəkdim, ancaq demirəm. Çünki, bunların hamısını oxumaq vacibdir. Hə, müsəlman qardaş və bacılar, bəyin öz təbiricə desək, o beş vacib əməldən biridir və ya olmalıdır.
Dəyərli oxucum, ümumilikdə Üzeyir bəy Hacıbəylinin hələ ötən əsrdə Azərbaycanda Respublika Elmlər Akademiyası tərəfindən toplanıb çap olunmuş dörd cilddən ibarət "Əsərləri", bu sislsilə yazımı yazarkən istinad etdiyim əsas mənbə olan "Üzeyir Hacıbəyov" (seçilmiş əsərləri) və əsrimizdə işıq üzü görmüş ("Kitabal" (kitabal.az) dan əldə etmək mümkündür) "Üzeyir Hacıbəyov" (felyetonlar / hekayələr) kitablarında adı və mətni məlum təxminən yüzə yaxın felyetonu məlumdur ki, bunların hamısı ilə tanış olmaq mümkündür. Yəni, Üzeyir bəy Hacıbəylinin demək olar ki, əlimizdə olan bütün felyetonlarını oxumaq imkanımız var.
Görkəmli satira ustası Üzeyir bəyin "Biz nə tövr iş görürük?" adlı felyetonun sonluğu ilə gəlin tanış olaq:
"... Başlayırıq camış boyda iş görməyə, lakin camışa da gücümüz çatmır. Aşağı enirik (halbuki, qonşular fildən yuxarı çıxırlar.) Deyirik ki, eşşək boyda iş görək, amma eşşək də bizə güc eləyir. Tuturuq keçini. Görürük yox, keçiyə də tab gətirə bilmirik. Onda məsləhəti qoyuruq siçan üstünə.
Amma onda da görürsən ki, içimizdən bir pişik çıxdı və siçanı yedi!... (Hə ay kasıb, gəl indi get, Ballıcada, Xanyurdunda torpaq götür, min bir zillətlə təsərrüfat yarat, gözlə gör, Məstan nə vaxt üstünə hoppancaq. Z.U)
Biz belə iş görürük."
Çox dəyərli oxucum, Üzeyir bəyin bir-birindən dəyərli, ibrətamiz, aktual mövzulu felyetonlarının hamısından nəinki bir qəzet məqaləsində, hətta bir kitabda belə danışıb qurtarmaq mümkün deyil. Yazı boyunca yeri gəldikcə vurğuladığım kimi bu silsilə yazımın məramı, məqsədi Üzeyir bəy Hacıbəylini xatırlatmaq, əsərlərini yada salmaqdan ibarətdir.
Əvvəlki yazılarımda olduğu kimi yenə sələflik, xələflik məsələsinə toxunmaq istəyirəm. Qeyd etdik ki, Üzeyir bəy Cəlil Məmmədquluzadə - "Molla Nəsrəddin" məktəbinin ən qüdrətli nümayəndələrindən biridir (Mirzə İbrahimov, "Böyük bəstəkar və yazıçı", "Üzeyir Hacıbəyov" (seçilmiş əsərləri) Bakı, "Yazıçı", 1985. 653 s. Səh. 12). Bəs dövrümüzdə bu şərəfli missiyanı öz üzərinə götürmüş qələmdaşımız varmı?
5 oktyabr 2009-cu il tarixində "modern.az" saytında Əməkdar jurnalist, tanınmış ədəbiyyatçı alim, yazıçı, publisist (müsahibəni verərkən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışan) Akif Əlinin jurnalist Günay Musayeva ilə "Mətbuatda satira və felyeton yazmaq istedad tələb edir" başlıqılı müsahibəsi yer alıb. Həmin müsahibədə Akif müəllim jurnalistin: .
- Müasir Azərbaycan mətbuatı və ədəbiyyatı satira və felyeton sarıdan korluq çəkir. Səbəbi nədir? - sualına -Satira və felyeton yazmaq istedad tələb edir. Bu ən çətin janrlardan biridir. Hər adam onu yaza bilməz. - deyə cavab verib. Və bu həqiqətən də belədir. Bəs bu gün vəziyyət necədir? Konkret olaraq felyeton yazan, yaza bilən varmı? Üzeyir bəy ənənələri davam etdirilirmi?
Bu suala inamla cavab vermək olar ki, bəli var! Əgər, Yunus Oğuzun 2023-cü ildə Bakı şəhərində çap olunmuş "Felyetonlar / esseler" kitabı ilə tanış olsanız ümidvaram ki, siz də mənim kimi düşünəcəksiniz. Adı çəkilən kitabın felyetonlar bölümündə Yunus Oğuzun bir-birindən maraqlı və ibrətamiz təxminən qırxa yaxın felyetonu toplanıb. Bu felyetonların içərisində ənənəni davam etdirmək baxımından "Kasıbçılıqdı, Mirzə...", "Həsənağanın qohumu", "İşsizliyə yox deyək!", "Gülməşəkər namizədlər" və bir-birindən dəyərli digər felyetonlar istər-istəməz diqqəti cəlb edir. Yunus Oğuzun "İşsizliyə yox deyək!" felyetonundan üç cümlə ilə görkəmli satira ustası Üzeyir bəy Hacıbəylinin felyetonları haqqında olan (yeddinci yazı) yazımı bitirmək istəyirəm:
"... Bazardan ta şah qapısına qədər hər yerdə dilənçi var. Soruşanda ki, niyə dilənirsən, get işlə, deyir, iş ver işləyim. Buna bir əncam çəkmək lazımdır."
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Növbəti sayımızda söhbətimiz daim aktual məsələ kimi gündəmdə olan resenziyalar barədə olacaq. Əgər siz də nə vaxtsa "Nümunəvi resenziya necə olmalıdır?" - sualına cavab axtarmısınızsa, "səkkizinci yazı"nı mütləq oxuyun! Hələlik..
Zaur Ustac,
"Yazarlar" jurnalının baş redaktoru,
AYB və AJB-nin üzvü.