Azərbaycan-Türkmənistan görüşü: Enerji, nəqliyyat və Türk Dövlətləri Birliyində yeni perspektivlər - ÖZƏL
15:42 SiyasətAvqustun 22-də Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana işgüzar səfər edib. Türkmənbaşı şəhərində dövlət başçısı Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə geniş tərkibdə görüş keçirib.
Bu görüş Azərbaycan-Türkmənistan münasibətlərində hansı yeni istiqamətlərin açılmasına səbəb ola bilər? Enerji və nəqliyyat layihələri baxımından iki ölkə arasında əməkdaşlığın region üçün əhəmiyyəti nədən ibarətdir?
Mövzu ilə bağlı politoloq Elşad Həsənov Olaylar.az-a açıqlama verib:
" Azərbaycan-Türkmənistan münasibətləri son illər daha da istiləşib. Əvvəllər müəyyən problemlər var idi, bunlar hamısı qaydasına qoyuldu. Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəldi və Qarabağda oldu. Bir çox məsələlərin həlli üçün tədbirlər görüldü, sənədlər imzalandı. Türkmənistan hələlik Türk Dövlətləri Birliyinin üzvü deyil, ancaq hesab edirəm ki, Azərbaycan Prezidentinin bu səfərindən sonra sentyabrda keçiriləcək Türk Dövlətləri Birliyinin tədbirində Türkmənistan da bu birliyə üzv olacaq. Türkmənistan bildiyimiz kimi çox böyük qaz ehtiyatına malik bir ölkədir. İndiyə qədər onların qazını Rusiya ucuz qiymətə alıb xaricə satırdı, ancaq hesab edirəm ki, artıq Türkmənistan müstəqil ölkə kimi öz qazını özü satmaq istəyir və bu da Azərbaycanın üzərindən Avropaya çıxarmağa çalışırı. Bu yöndə bizim Türkmənistanla çox enerji və nəqliyyat layihələrimiz var və bu, hər iki ölkə üçün çox böyük əhəmiyyət daşıyır. Orta Dəhliz Azərbaycandan keçir və enerji məhsulları və digər yüklər məhz Azərbaycan üzərindən keçir. Bu məqsədlə son illər Azərbaycan böyük vəsait ayırıb, limanlarımızın yük götürmə qabiliyyəti artırılıb, Xəzərin dibindən qaz kəmərlərin çəkilməsi planlaşdırılır. Azərbaycan Prezidenti Türkmənistana səfəri zamanı bildirdi ki, Türkmən xalqı bizim üçün dost və qardaş xalqdır. Dinimiz, dilimiz ortaqdır, ortaq tariximiz var. Türkmənlər qədim türk tayfalarıdır və biz də eyni dil qrupuna aid xalqlarıq. Dostluğumuz tarixi çox qədim dövrlərə gedib çıxır. Bu baxımdan Azərbaycan Prezidentinin Türkmənistandakı görüşü göstərdi ki, dinimiz, dilimiz, tariximiz birdir və münasibətlərimiz çox yaxşıdır. Eyni zamanda, diqqət çəkən məsələlərdən biri də Azərbaycan, Türkmənistan və Özbəkistan rəhbərlərinin birgə görüşü və ortaq məsələlərin həlli üçün atdıqları addımlardır. Bildiyimiz kimi, dünya düzəni yenidən qurulur. Rusiya-Ukrayna müharibəsi bir daha göstərdi ki, Rusiya şovinizm siyasəti digər xalqlara, o cümlədən Orta Asiya xalqlarına və Cənubi Qafqaza və öz qardaş Ukrayna xalqına təcavüzkar siyasəti. Bu, bizim üçün də vacib dərslərdir: bilməliyik ki, dostumuz kimdir, düşmənimiz kimdir.
Bugün Türk Dövlətləri Birliyi yeni dövlətçilik ənələrinin qurulmasına çalışır. Bu işdə lider dövlət Türkiyədirsə, bu birliyi daha da gücləndirən isə Azərbaycan lideri İlham Əliyevdir. Onun region ölkələrinə səfərləri, oradakı görüşləri, tədbirlər, simpoziumlar göstərir ki, Azərbaycan Prezidentinin əsas məqsədi Türk Dövlətləri Birliyini inkişaf etdirmək və böyük bir birlik yaratmaqdır. Çünki gələcəkdə bizə qarşı ola biləcək hər hansı təhdidlər qarşısında vahid Türk dövlətləri dayanmalıdır. Prezident seçkilərindən sonra inaqurasiya mərasimində dediyi söz bizim üçün yol xəritəsidir: Azərbaycanın bir ailəsi var, o da Türk ailəsidir. Bu baxımdan Azərbaycan Prezidentinin səfəri və görüşləri Türk dövlətləri ailəsinin daha da güclənməsinə xidmət edir. Dünya mürəkkəbdir və siyasi vəziyyət çox ağırdır. Bütün bunların səbəblərindən biri də Rusiyadır. Rusiya-Ukrayna müharibəsi bütün dünyanı təsir edir və üçüncü dünya müharibəsi riski yaradır. Dünən Cənab Prezident Kəlbəcər sakinləri ilə görüşdə də qeyd etdi ki, "hazırkı dövrdə ölkəmiz hər an müharibəyə hazır olmalıdır". Buna görə də xalqın, dövlətin birliyi və ordunun gücü vacibdir. Türk Dövlətləri Birliyinin vahid ordusu yaranarsa, bu ordu yeni dünya düzənində ən güclü ordulardan biri olacaq. Bu gün NATO ölkələri arasında Türk ordusu güclü sayılır və gələcəkdə Türk Dövlətləri Birliyinin ordusu daha da güclənəcək, ikinci cəbhədən hücum olmayacaq. Azərbaycan Prezidentinin Türkmənistana səfəri yüksək qiymətləndirilməlidir. Burada həm iqtisadi, həm siyasi, həm mədəni tədbirlər keçirilir. Gələcəkdə Türk Dövlətləri Birliyinin daha da inkişafı üçün yeni tədbirlər də müəyyən ediləcək".
Zeynəb Mustafazadə