Təhlükə varsa, söküntü qaçılmazdır - ÖZƏL
25 İyul 18:45 SosialNərimanov-Böyükşor və Bakı sərnişin dəmir yolu xətlərinin mühafizə zolağında yerləşən 161 qeyri-qanuni tikili ilə bağlı məsələ artıq ictimaiyyətə məlumdur.
Buradakı sakinlər Azərbaycanın 40 şəhər və rayonundan gəlmiş şəxslərdir. Bu tikililər sənədsizdir, dəmiryol nəqliyyatı və insanlar üçün təhlükə yaradır, kommunal şərait yoxdur, sanitar vəziyyət acınacaqlıdır. Son 3 ildə bu ərazidə 30-dan çox insan həyatını itirib və ya ağır xəsarət alıb.
Dəmir yolu mühafizə zolağında yerləşən qeyri-qanuni tikililərin sənədləşməsi və ya sökülməsi prosesi hüquqi baxımdan necə tənzimlənir?
Mövzu ilə bağlı daşınmaz əmlak üzrə ekspert Elnur Azadov Olaylar.az-a açıqlama verib:
" Qanunsuz ərsəyə gələn hər hansı bir əmlaka görə kompensasiyanın verilməsi dövlət tərəfindən nəzərdə tutulmur. Burada isə əsas səbəb həqiqətən də təhlükənin mövcud olmasıdır.
Təhlükə orada yaşayan vətəndaşlar üçün yarandığından hökumət bu evlərin aradan qaldırılması ilə bağlı tədbir görür. Bu məsələdə ikili yanaşma var. Birinci yanaşma budur ki, təhlükəsiz şərait yaradılır, orada yaşayan şəxslər üçün.
İkinci məsələ, həmin ərazidən keçən nəqliyyat dəhlizi - dəmir yolu dəhlizidir. Yolun təhlükəsizliyini təmin etmək məqsədilə, yəni təkcə vətəndaşlar üçün deyil, eyni zamanda dəmir yolu daşımaları üçün də, bu tədbirlər həyata keçirilir. Hər iki tərəfin təhlükəsizliyinin təmin olunması məqsədi güdülür.
Bəzi ərazilərdə, sözsüz ki, çoxlu sayda vətəndaş yaşayır. Hökumət tərəfindən həmin ərazinin köçürülməsi zamanı, məsələn, şəhərin baş planına uyğun olaraq, orada həm qanuni, həm də qanunsuz tikililərin monitorinqi aparılır və bəlli olur ki, əvvəlcədən mövcud olan qanuni tikililər də var.
Təbii ki, dövlət həmin ərazini təhlükəli hesab etmədiyi və orada başqa obyektlər olmadığı üçün vətəndaşlara kompensasiya ödəyir. Sadəcə olaraq, bəzən sənədi olanlara daha çox, sənədsiz olanlara isə daha az kompensasiya verilir. Yanaşmalar müxtəlif olur, təcrübə də bunu göstərir.
Qanunsuz tikililərin artmasına qarşı dövlət bir sıra tədbirlər gördü. Keçən ilin oktyabrın 1-dən etibarən çıxarışı olmayan torpaqlara kommunikasiyaların verilməsi ilə bağlı məhdudiyyət tətbiq olundu. Yəni, vətəndaşlar dolayı yolla hər hansı bir torpaq üzərində yaşayış evi və ya digər obyekt tikməsin deyə, bu kimi ərazilərə kommunikasiyaların verilməsinə məhdudiyyət qoyuldu. Bu, artıq atılmış addımlardan biridir".
Zeynəb Mustafazadə