ANAMA işğaldan azad edilmiş ərazilərdə yanğın təhlükəsi ilə əlaqədar vətəndaşlara çağırış edib
26 İyul 19:05 SosialAzərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə havaların isti və quraq keçməsi səbəbindən meşə və otlaq sahələrində yanğın hadisələrinin artması ilə bağlı vətəndaşlara müraciət edib.
Olaylar xəbər verir ki, agentliyin yaydığı çağırışda azad edilmiş ərazilərə istirahət və ziyarət məqsədilə edilən səfərlərin intensivləşməsi və qayıdış prosesində iştirak edən sakinlərin sayının artdığı vurğulanır.
Müraciətdə vətəndaşlardan odla ehtiyatlı davranmaları, açıq alovdan istifadə zamanı diqqətli olmaları, siqaret kötüklərini yerə atmamaq və ümumilikdə yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələri tövsiyə olunur.
Qeyd olunub ki, genişmiqyaslı yanğınlar nəticəsində ərazidə atılıb qalmış mina və digər partlayıcı sursatlar yüksək temperaturun təsirindən partlaya bilər ki, bu da yaxınlıqda olan şəxslər üçün ciddi təhlükə yarada bilər.
Bildirilib ki, Beynəlxalq Minatəmizləmə Standartlarına əsasən bəzi hallarda bitki örtüyünün təmizlənməsi məqsədilə yandırma metodu tətbiq olunsa da, ANAMA bu cür fəaliyyət həyata keçirmir.
Sonda vətəndaşlara işğaldan azad edilmiş ərazilərdə yanğın və ya mina təhlükəsi ilə qarşılaşdıqları halda dərhal 805, 102 və ya 112 qaynar xətt nömrələrinə məlumat vermələri tövsiyə olunur.
"Özümüzü, yaxınlarımızı, təbiətimizi və Vətən torpağını birgə qoruyaq" - Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi.