Yazmaq trenddir, yazıçı olmaq istedad: Çağdaş ədəbiyyatın içindən baxış

Bəzən elə bir dövrə çatırıq ki, hər kəsin əlində bir qələm var, amma yazılanların içində ruh qıtlığı yaşanır. Bu gün ədəbiyyat aləmində belə bir paradoksla qarşı-qarşıyayıq: Kitab yazmaq heç vaxt bu qədər asan , amma yazıçı olmaq heç vaxt bu qədər çətin olmamışdı.
Əvvəllər bir kitabın yazılması, redaktəsi, çapı və oxucuya çatması illərlə vaxt aparırdı. Əsərləri yazmaq üçün nəinki bilik, eyni zamanda əzmkarlıq və ciddi bir əmək tələb olunurdu. Bu gün isə texnologiyanın inkişafı ilə hər şey dəyişib. İndi bir kompüter, bir yazı proqramı və özünü "yazar" elan etməyə hazır bir istək kifayət edir.
Artıq nəşriyyatlara müraciət etmək, redaktor gözləmək, yazını düzəltmək və onlayn kitab mağazalarına düşmək üçün illərlə gözləmək lazım deyil. Hətta bir çox insan öz kitabını özü çap etdirir, sosial şəbəkələrdə reklam edir, bir-iki təqdimat keçirib "müəllif" adına sahib olur. Ədəbiyyat indi daha demokratik görünür, amma əslində, bu "liberallaşma" keyfiyyətin qurbanı hesabına baş verir.
Əslində yazıçı olmaq təkcə yazmaq deyil. Yazıçı olmaq - müşahidə etmək, duymaq, düşünmək və bütün bunları oxucuya toxunan, düşündürən, dəyişdirən formada təqdim etmək deməkdir. Yazıçı zamanın ruhunu hiss edən, cəmiyyətin dərdinə bələd olan və onu sənətkarlıqla ifadə edən şəxsdir. Amma bu gün çoxu üçün yazıçılıq yalnız kitab çap etdirməkdən ibarətdir. Hətta bəzi hallarda əsər yazılmamışdan öncə kitabın təqdimat tarixi təyin olunur.
Bu yerdə bir sual doğur: Oxucuların əlindəki bu qədər kitabın içində nə qədər yazıçı nəfəsi var?
Müasir dövrdə kitab bazarında ciddi bir "inflyasiya" yaşanır. Hər ay onlarla, yüzlərlə yeni ad altında bədii kitab çıxır. Amma bu əsərlərin böyük bir qismi bədii dəyərdən uzaq, tələsik yazılmış, qəlibləşmiş fikirlər və klonlanmış obrazlarla doludur. Məzmun yox, forma önə çıxarılır. Gözəl üz qabığı, maraqlı ad, sosial şəbəkədə marketinq, vəssalam, kitab "bestseller"ə çevrilə bilir. Əsərin dəyəri artıq oxucunun aldığı "selfie" sayına, təqdimatda iştirak edən məşhur qonaqlara və ya TikTok-dakı paylaşıma görə ölçülür. Dərinlik, bədii dili işləmə, ədəbi ənənələrə bağ - bunlar "nostalji anlayışlar" kimi bir kənara itələnir.
 
Bəs keyfiyyət niyə aşağı düşür?

 
Oxucu kütləsinin bir hissəsi hələ də hansı əsərin yaxşı, hansının zəif olduğunu seçə bilmir. Zəif yazılar belə sürətlə oxunur, sosial mediada paylaşılır və populyarlaşdırılır. 
Bir çox nəşriyyat keyfiyyətə yox, tiraja və satış potensialına baxır. Pulunu ver, kitabın çap olunsun. 
Bu gün cəmiyyətdə demək olar ki, sağlam ədəbi tənqid yoxdur. Yaxşı ilə pisi ayırd edən mexanizm zəifdir. Tənqid deyilən şey, ya şəxsi hücum olur, ya da tanışlıq əsasında tərif.
Bir çox "müəllif" sadəcə izləyici sayına güvənərək yazıçı kimi qəbul olunmağa çalışır. Yazılarında fikir deyil, cümlənin bəzəyi, söz oyunları önə çıxır.
Bütün bu mənzərəyə baxmayaraq, hələ də içində əsl söz yanğısı olan gənclər var. Yazmaq üçün deyil, demək üçün yazan, modaya deyil, məna axtarışına çıxan yeni nəsil ədəbiyyatçılar yetişməkdədir. Onlar səs-küy yaratmasalar da, dərinliyə enirlər. Bəlkə də zamanla bu sükut, o səslərdən daha çox qalacaq.
Eyni zamanda oxucu da zamanla ayılır. İnstagramda görünən kitabın əvəzinə içində fikir olan, oxucunu dəyişdirən əsərlərə yönəlmə başlayır. Az olsa da, seçilmiş oxucu kütləsi bu cür dəyərləri axtarır. Əsl yazıçı olmaq üçün isə bu kütlə yetərlidir.


 
Mövzu ilə bağlı yazıçı-dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, AYB-nin katibi Elçin Hüseynbəyli
Olaylar.az-a açıqlama verib. Yazıçı bildirib ki, hər yazan yazıçı olmur, çünki yazmaq asanlaşsa da, həqiqi ədəbiyyat daxili ehtiyacdan, deyil, dəyərdən doğur:
 
"chr("39")Hər oxuyan Molla Pənah Vaqif olmur" deyiblər. Hər oxuyan Vaqif olmadığı kimi, hər yazan da yazıçı olmur. Bu, tamamilə təbiidir. Amma burada narahat olmalı, neqativ qarşılanmalı bir məqam da yoxdur. Çünki hər kəsin öz fikrini ifadə etməyə haqqı var. İnsan yazmaqla daxili dünyasını ortaya qoyur, fikirlərini paylaşır. Bu, yaradıcı azadlığın bir parçasıdır.
Doğrudur, yazmaq bu gün daha asandır. Əvvəllər bir mətni kağızda yazmaq, onu redaktə etdirmək, çap etdirmək böyük zaman və enerji tələb edirdi. İndi isə texnologiyanın verdiyi imkanlar sayəsində yazmaq da, nəşr etdirmək də daha sürətli və əlçatan olub. Amma burada bir mühüm məsələ var: necə yazmaq?Yazmağın asanlaşması, təəssüf ki, keyfiyyət məsələsində müəyyən problemlər doğurur. Çünki artıq bir çox hallarda yazmaq ehtiyacdan, daxili tələbatdan doğmur. Əksinə, bəzən sadəcə "müəllif" adını qazanmaq, görünmək və ya maddi məqsədlərlə yazılır. Bu zaman yazı üslubu, ədəbi dəyər, dilin estetikası, mövzunun aktuallığı və dərinliyi arxa planda qalır".
 
Elçin Hüseynbəylinin sözlərinə görə, ədəbiyyatda əsas meyar zamanın sınağından çıxmaqdır, çünki yazmaq asan, amma dəyərli və qalıcı əsər yaratmaq çətindir.
 

"Hazırda ədəbiyyat sahəsində keyfiyyətli əsərlərlə zəif yazılar arasında sərhədi müəyyənləşdirmək isə, açığını desək, heç də asan deyil. Çünki zövqlər müxtəlif olduğu kimi, əsərlər də müxtəlifdir. Kimisi süjetə önəm verir, kimisi dilin poetikasına. Kimisi hissləri axtarır, kimisi fikirləri. Amma yenə də bir meyar var ki, onu unutmaq olmaz: uzunömürlü olmaq. Məncə, zamanla sınaqdan çıxan, sırf maddi maraqla deyil, daxildən gələn ehtiyacla yazılan, xalqa və cəmiyyətə bağlı əsərlər qalıcı olur. Onlar nə qədər az oxunsa da, zamana tab gətirir, bir dövrün güzgüsünə çevrilir.
Unutmamaq lazımdır ki, hər yazılan da kitab olmur. Kitabın adını daşımaq, sadəcə bir neçə səhifə çap etdirməklə mümkün deyil. Kitab - fikrin, hissin, sözün məsuliyyətidir. O baxımdan yazmaq da, çap etdirmək də bu gün kifayət qədər asanlaşıb. Kim istəsə, müəyyən vəsait qarşılığında istədiyi mətni kitab formasında çap etdirə bilər. Puluna minnət - deyə bilərik. Amma məsələ bununla bitmir. 
Ən yaxşısı odur ki, yaxşı əsərlər yazılsın, keyfiyyətli mətnlər ortaya çıxsın və onları nəşriyyatlar da maraqla çap etsin. Belə olduqda həm nəşriyyat qazanır, həm müəllif. Amma indi bu şərait, bu münasibət sistemi çox çətindir, təəssüf ki. Tələbat, bazar, oxucu marağı və nəşriyyatların yanaşması - bütün bunlar ciddi problemlərlə üz-üzədir.
Yazmaq azadlığı vacibdir, amma yazdıqlarının məsuliyyətini daşımaq da bir o qədər önəmlidir".


 
Akademik Milli Dram Teatrının mətbuat katibi, yazıçı-dramaturq Cavid Zeynallı da mövzu ilə bağlı suallarımızı cavablandırıb. 
 
-Cavid bəy, sizcə, bu gün yazıçı olmaq daha çətindir, yoxsa yazmaq?
 
Bu sual ətrafında düşünəndə ilk olaraq bir şeyi qeyd etməliyik: əgər söhbət həqiqi istedaddan, həqiqi ədəbiyyatdan, yəni yüksək estetik və məzmun səviyyəsinə malik mətnlərdən gedirsə, yazıçı olmaq heç vaxt və heç bir dövrdə asan olmayıb. Yazıçılıq, sadəcə sözlərlə işləmək, hekayələr yazmaq deyil. Bu, həm də dərin müşahidə qabiliyyəti, insan psixologiyasına bələdlik, cəmiyyətlə əlaqə, dil duyumu və zamanla yarış deməkdir. Həqiqi yazıçı yalnız müəyyən bir dövrün məhsulu deyil - o, zamanın sınağından keçən şəxsiyyətdir. Elə buna görə də, yazıçının əsil dəyərini əslində zaman verir. Müasir dövrdə diqqətdən kənarda qalan bir əsər illər sonra klassikaya çevrilə bilər. Bu da onu göstərir ki, dəyər anlayışı yalnız bugünkü oxucu marağı ilə ölçülmür. Bəzən ədəbi cəhətdən olduqca güclü bir mətn o dövr üçün anlaşılmaz, hətta "lazımsız" görünə bilər. Oxucu marağını cəlb etməyə bilər. Amma bu o demək deyil ki, həmin əsər dəyərsizdir. Oxucunun zövqü və marağı mütləq meyar ola bilməz. Ədəbiyyat nəzəriyyəsi, estetik kateqoriyalar və ədəbi tənqid müəyyən dəyərlər müəyyən edir ki, həmin meyarlarla əsərlər qiymətləndirilir. Həqiqi ədəbiyyat uzunmüddətli təsir gücünə malikdir və bu təsiri yalnız zaman göstərə bilir. Ona görə də ədəbi dəyər - ani populyarlıqla deyil, zamanın süzgəcindən keçmək və yadda qalmaqla ölçülür.
 
-"Kitab yazmaq asanlaşıb" fikrinə münasibətiniz nədir?

 
Bəzən belə bir fikir səslənir ki, "indi hər kəs kitab yazır, kitab yazmaq asanlaşıb, bu da ədəbiyyatın səviyyəsini aşağı salır." Mən bu fikrə tamamilə fərqli rakursdan baxıram. Kitabların çox yazılması, yazıçılıq iddialarının artması mənim üçün qorxulu və narahatedici hal deyil. Əksinə, bu, təbii bir prosesdir. Cəmiyyətdə yaradıcılıq meylinin artması, insanların öz fikirlərini ifadə etməyə çalışmaları müsbət haldır. Buna inzibati yolla, qadağalarla və ya süni filtrlərlə müdaxilə etmək olmaz və belə bir ehtiyac da yoxdur.
Hər bir insan yazmaqla özünü ifadə edir, özünü tanıyır və reallaşdırır. Yazmaq prosesinin özü insanı formalaşdırır. Kitab yazmaq, sadəcə nəticə əldə etmək deyil, həm də müəllifin bir oxucu kimi formalaşması, dilə və struktura münasibətinin inkişaf etməsi, fikir ifadəsində püxtələşməsi deməkdir. Təbii ki, bu qədər rahat şəkildə kitabların yazılması və nəşr olunması müəyyən mənada ədəbi meyarların dəyişikliyinə və hətta bəzən aşınmasına səbəb ola bilər. Amma burada da əsas meyar zamanın sınağıdır. Keyfiyyətsiz və ədəbi baxımdan zəif əsərlər sadəcə informasiya tullantısı kimi bir müddət sonra unudulur. Əvəzində isə həqiqi dəyərə malik əsərlər illər sonra da oxunur və öz yerini qoruyur. Bu baxımdan, kitabların çox yazılması ilə mübarizə aparmağa deyil, keyfiyyətin təbliğinə ehtiyac var.
 
-Sizcə, bu gün Azərbaycanda nəşr olunan bədii əsərlərin neçə faizi ədəbi cəhətdən dəyərlidir?

 
-Ədəbi əsərlərin faizlə dəyərləndirilməsi çətin məsələdir. Əlimdə konkret bir ölçü cihazı yoxdur ki, deyim filan qədər əsər dəyərlidir, digəri deyil. Amma uzun illərdir ki, ədəbi mühitin içindəyəm və istedadlı insanları tanıyıram. Bu insanlar arasında mənim dostlarım da var. Cəmiyyət, xüsusilə kiçik ədəbi çevrələr istedadlıları tanıyır və onları fərqləndirə bilir. Ədəbiyyatda zövqlü, savadlı və obyektiv qiymətləndirmə qabiliyyətinə malik bir qrup insan - müəllimlər, tənqidçilər, redaktorlar və hətta diqqətli oxucular var ki, onlar hansı əsərin həqiqi dəyərə malik olduğunu görür və hiss edirlər. Bu, kəmiyyət yox, keyfiyyət məsələsidir.
 
-Ədəbiyyatda kəmiyyətin çoxluğu keyfiyyəti artırırmı, əksinə?
 
-Sual maraqlıdır, mənim fikrimcə, xeyr, artırmır. Ədəbiyyat sənəti elə bir sahədir ki, orada kəmiyyətlə keyfiyyət arasında birbaşa əlaqə yoxdur. Həqiqi ədəbiyyat həmişə azlıqdadır. Tarix boyu belə olub. Böyük əsərlər, istedadlı qələmlər say etibarilə az olub, lakin təsir baxımından böyük və dərin olub. Yaxşı əsər, yaxşı fikir heç vaxt çox ola bilməz. Bu səbəbdən, ədəbi bolluq bizi aldatmamalıdır - çoxluq keyfiyyət göstəricisi deyil. Əsl söz, həqiqi ədəbiyyat nadir hallarda yaranır və öz dəyərini zamanla təsdiqləyir.
 
Kitab yazmaq doğrudan da asanlaşıb. Amma yazıçı olmaq - hələ də çətindir. Çünki yazıçı olmaq üçün təkcə qələm deyil, vicdan, bilik, dərinlik və duyğu lazımdır. Bu günkü ədəbiyyat bazarında çoxlu kitab var - amma çox az yazıçı var.
Yazıçı olmaq - zamanla mübarizə aparmaqdır. Sürətlə yazıb unudulmaq yox, yavaş yazıb yadda qalmaqdır.
 
Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31