Gəncədə keçirilən art-terapiya kursu uşaqların sosial inkişafına dəstək olur
12:14 SosialAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" İctimai Birliyi tərəfindən icra edilən "Sənət və duyğu harmoniyasının təbliği" adlı layihə uğurla davam edir. Layihə çərçivəsində həyata keçirilən art-terapiya yönümlü rəsm kursları Gəncə şəhərində yerləşən Sosial Xidmətlər Agentliyinin tabeliyində fəaliyyət göstərən 4 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsindəki uşaqları əhatə edir. Layihə valideyn himayəsindən məhrum olmuş, həssas qrup kateqoriyasına daxil olan uşaqların psixoloji rifahının yaxşılaşdırılması, onların emosional zənginliyinin artırılması və yaradıcılıq potensialının üzə çıxarılması məqsədini daşıyır. Layihənin rəhbəri "Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" İctimai Birliyinin sədri Lamiyə İsazadədir. Art-terapiya prosesində iştirak edən psixoloq "Serotonin" Neyropsixoloji Mərkəzinin əməkdaşı Alsu Süleymanova, rəsm müəllimi isə Gəncə Dövlət Universitetinin müəllimi, sənətşünas Nəzrin Ağayevadır. Onların hər biri öz sahəsində peşəkar olmaqla yanaşı, uşaqlarla ünsiyyətdə xüsusi yanaşma və həssaslıq nümayiş etdirirlər.
Layihənin altıncı dərsi " uşaqların bacarıqlarının və sosial münasibətlərinin rəsm analizi " mövzusuna həsr olunub. Bu dərsin əsas məqsədi uşaqların daxili aləmini daha dərindən anlamaq, onların sosial münasibətlərini və emosional vəziyyətlərini rəsm vasitəsilə ifadə etməyə şərait yaratmaqdır. Məlumdur ki, uşağın sosial inkişafı onun yaşına, ətraf mühitə adaptasiyasına, məsuliyyət daşıma qabiliyyətinə və digər insanlarla qarşılıqlı münasibət qurmaq bacarığına əsaslanır. Sosial bacarıqlar erkən yaşlardan formalaşmağa başlayır və uşağın ətrafı ilə qurduğu münasibətlər bu prosesin vacib mərhələsini təşkil edir. Dil, emosional və fiziki inkişafla paralel şəkildə sosial bacarıqlar da inkişaf edir və bu da uşağın özünüifadə imkanlarını genişləndirir. Art-terapiya məhz bu imkanların üzə çıxarılmasına və inkişaf etdirilməsinə yönəlmiş effektiv vasitədir. Psixoloqlar qeyd edirlər ki, uşaqların çəkdiyi rəsmlər onların daxili aləminin, yaşadığı emosiyaların, arzu və qorxularının vizual izahıdır. Məsələn, bir uşaq rəsminə balaca bir ağacla başlayırsa, bu, onun üçün təbiət, həyat və dirilik dəyərlərinin ön planda olduğunu göstərə bilər. Əgər ilk olaraq ev şəkli çəkilirsə, bu, uşağın təhlükəsizlik ehtiyacının, şəxsi sahəyə olan bağlılığının göstəricisi hesab olunur. Sosial baxımdan açıq və ünsiyyətcil uşaqlar daha parlaq və müxtəlif rənglərdən istifadə edərək öz duyğularını ifadə etməyə çalışdıqları halda, emosional baxımdan qapanmış və özünəqapanıq uşaqların daha məhdud rəng palitrasına üstünlük verdikləri müşahidə olunur.
Layihənin psixoloqu Alsu Süleymanova bildirib ki, bu cür təlimlər uşaqların həm özünüdərk prosesini gücləndirir, həm də onların sosial münasibətlərində müşahidə edilən problemlərin müəyyənləşdirilməsinə yardım edir. Onun sözlərinə görə, art-terapiya ilə uşaqlara təsir etməklə təkcə onların sənət bacarıqları deyil, həm də emosional sabitliyi və gələcək münasibətlərə yanaşmaları formalaşır.
Layihə rəhbəri Lamiyə İsazadə isə qeyd edib ki, "Sənət və duyğu harmoniyasının təbliği" layihəsi təkcə incəsənət dərsləri ilə məhdudlaşmır, bu proqram həm də uşaqların cəmiyyətə inteqrasiyası, şəxsiyyət kimi formalaşması və həyat keyfiyyətlərinin yüksəldilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Təsviri incəsənət müəllimi Nəzrin Ağayeva isə bildirib ki, yaradıcı fəaliyyət uşaqların xəyali düşüncəsini gücləndirir, onların özlərini ifadə etməyə cəhd etmələrinə stimul verir. Bu isə onların gələcək həyatlarında daha özünəinamlı, açıqfikirli və təşəbbüskar olmalarına zəmin yaradır. Qeyd edək ki, layihə çərçivəsində növbəti dərslərdə də uşaqlarla müxtəlif mövzularda yaradıcı işlər aparılacaq və nəticələr ictimaiyyətə təqdim ediləcəkdir. Bu cür layihələrin regionlarda həyata keçirilməsi isə həssas qruplara yönələn dövlət qayğısının, eyni zamanda vətəndaş cəmiyyətinin fəallığının bariz nümunəsidir.