60 ilin akkordları...

Züleyxa NADİR

Özünə  və SÖZünə sadiq jurnalist
Jurnalistika yalnız xəbərlərin yayılmasından ibarət olmayan, eyni zamanda cəmiyyətin ruhunu və inkişafını əks etdirən bir peşədir. Bu sahənin nümayəndələri hər gün yüzlərlə məlumatı süzgəcdən keçirərək, yalnız doğru və faydalı olanı oxucuya çatdırmaq üçün çalışırlar. Xəbər yazmaq sadəcə məlumat ötürmək deyil, həm də dərin düşüncələr və analizlər vasitəsilə cəmiyyətin gündəmindəki vacib məsələlərə işıq tutmaqdır. Bunlar informasiya toplayan, tədqiq edən, məlumatı araşdıran və ictimaiyyətə təqdim etməklə  məşğul olan müxbirlərin işidir.
Bir də var qəzetin məsul katibi... o, jurnalistikanın daha strukturlaşdırılmış və təşkilati tərəfini idarə etməklə redaksiya proseslərini və işin keyfiyyətini nəzarətdə saxlayır. Məsul katib, həmçinin yazıların nəşr edilməyə uyğun olub-olmamasını müəyyən edir, səhifələrin düzülüşünü planlaşdırır və materialların müvafiq mövzularda olduğu qədər aktual və obyektiv olmasına diqqət yetirir.  Haqqında söhbət açmaq istədiyimiz jurnalist Daşdəmir Tağıyev "Azərbaycan" qəzetində məsul katibin müavinidir. Bəri başdan onu deyək ki,  məsul katib məsuliyyət deməkdir, o da ki ola onun müavini, bu zaman həmin hiss birə beş artır. Çünki müavinin işin gedişatından dolayı ağrı-acısı daha çox olur, iş prosesində məsuliyyəti ikiqat atrtır. Həm öz üzərinə düşən vəzifələri icra etməli, həm də məsul katibin fikirlərini dəstəkləməli, eləcə də katibliyin işinin fasiləsiz və səmərəli şəkildə başa çatmasını təmin etməlidir. Bu da onun iş yükünü artırır və hər an çevik, diqqətli olmağı tələb edir. Daşdəmir Tağıyev məhz belə bir əməkdaşdır.
Özü deyir ki, əslində  bu işi görməklə o, həm də müxbir kimi hadisələrin yerində araşdırılmasını və oxucuya dolğun məlumat çatdırılmasını təmin edir. Bu ikiqat vəzifə ona əlavə məsuliyyət və çətinliklər gətirsə də, Daşdəmir Əjdər oğlunu peşəkar jurnalist kimi dəyərləndirməkdə xəsislik etmək fikrindən uzağam. 18 ildir rəsmi dövlət qəzeti "Azərbaycan"da çalışır. Qəzetin dil və üslub bütövlüyündə, təmiz redaktə və peşəkar tərtibatında onun illərlə topladığı təcrübə tbii ki, "öz işini görür". Əslində məsul katibin də, onun müavininin də işi çox vaxt oxucunun diqqətindən kənarda qalır. Halbuki Daşdəmir Tağıyev qəzetin çapa hazır vəziyyətə gətirilməsi üçün bütün mərhələləri diqqətlə izləyir: məqalələrin redaktəsi, korrekturası,  səhifələmə, başlıqların düzgün seçimi, faktların yoxlanılması, etik və hüquqi çərçivələrin qorunması və s. bu kimi vacib halları yaddan çıxarmamağa çalışır.



Mətbuatın arxa fonunda dayanan belə səssiz zəhmət sahibi əslində jurnalistikanın sabit sütunudur. Daşdəmit Əjdər oğlu kimi məsuliyyətli və zəhmətkeş əməkdaşın əməyi sayəsində qəzetin səhifələri maraqlı, cəlbedici və oxunaqlı olur. O, illərini SÖZün məsuliyyətinə həsr etməklə peşəsi ilə şəxsiyyətini birləşdirən bir jurnalistdir.  Tanıyanlar bilir ki, jurnalistika onun üçün təkcə iş deyil, həm də çağırışdır - həqiqiəti tapmaq, qorumaq və cəmiyyətə çatdırmaq missiyasında "Azərbaycan"çıların sırasında dayanmaqdır.
Daşdəmir Əjdər oğlu bu sırada dayanmaq üçün çox uzun bir yol gəlib. İsmayıllı rayonunun Basqal kəndindən başlayan çığır onu 7-ci sinifdə oxuyanda sovet məktəblilərindən bəhs edən "Azərbaycan pioneri" qəzetinə apardı. Böyük yola çıxmaq üçün qəzetdə ard-arda çap  olunan iki məqalə gələcək həyat yolunu müəyyənləşdirən qığılcım oldu və sonralar  jurnalistiknın  "odunda yanmaq", "alovunda qarsımaq"  üçün həmin qığılcım bəs etdi. Bəlkə də bu cümlələr çox pafosludur, ya da çox obrazlıdır. Amma  bu, doğrudan da belədir. Bu gün "Azərbaycan" qəzetində işləmək, onun tələblərinə cavab vermək, standartlarına uyğunlaşmaq elə də asan iş deyil. Dövlətə xidmət edən, dövlətçiliyi qoruyan "Azərbaycan"da məsuliyyətli olmalısan, qürurunu qorumalısan, yazdığın hər sözün şərəfini ucaltmalısan ki, bu da digər əməkdaşlar kimi Daşdəmir Əjdər oğlunun unutmadığı və hər zaman əsaslandırdığı  prinsipdir. O, dövlətə xidmət etməyi yalnız vəzifə kimi deyil, həm də vicdan və mənəviyyat borcu kimi qəbul edir.
Daşdəmir müəllim  universitetin jurnalistika fakültəsinin məzunudur, müxtəlif mətbu orqanlarda çalışıb, bir neçə  müstəqil qəzetə rəhbərlik edib. Deyir ki, "Azərbaycan pioneri"ndən sonra "Zəhmətkeş" qəzetindəki  imzası ona ştatdankənar müxbir "vəzifəsi" qazandırıb. Sonralar "Ədalət" qəzeində korrektorluqdan məsul katibliyə kimi 12 il yol  gələn Tağıyev qəzetçiliyin sirlərini öyrənib,  mükəmməl yazmağı mənimsəyib, jurnalistikanın məsuliyyətli və dərin düşüncə tələb edən bir sahə olduğunu əyani şəkildə dərk edib. Bəlkə də bu günə kimi minlərlə məqaləyə imza qoyması məhz bu sadalananların sayəsində baş verib. 100-dək qəzetin çapına dəstək olub, onların fəaliyyət göstərməsi üçün mənəvi və təşkilati yardımını əsirgəməyib. "Yarımçıq qalan ömür", "Basqalın Miryavər abidəsi" və "Xatirələrə sığmayan ömür" adlı kitabların müəllifidir. Xeyli sayda kitabın işıq üzü görməsində redaktor kimi yaxından iştirak edib. Bir sıra media mükafatlarına  - "Peşəkar jurnalist",  "Vicdanlı qələm" və "Qızıl qələm" kimi adlara layiq görülüb.
Bunlar onun ömür kitabının sətirləri arasında iz salmış zəhmətinin, düşüncəsinin və peşəkarlığının bariz nümunələridir. Bu "kitab"ı vərəqlədikcə Daşdəmir Əjdər oğlunun fədakarlığını, zəhmətsevərliyini,  xeyirxahlığını görmək olur. "Azərbaycan" qəzetinin hər sayının məsuliyyətini öz üzərində hiss edərək, materialların məzmununa, dilinə, üslubuna və faktoloji doğruluğuna böyük diqqətlə yanaşdığı kimi, oturuşunda, duruşunda, davranışında da bu cür səliqəli və səmimidir. Yazıların düzgün tərtibində necə dəqiq və ardıcıl olmağa çalışırsa, insanlarla münasibətində də eyni dəqiqliyi, etik davranışı və məsuliyyətli yanaşmanı qoruyur. Onunla ünsiyyət qurmaq asan, birgə çalışmaq maraqlıdır.
Sadə və təvəzökardır, bəzən də sadəlövhdür. Özünü  başqalarından üstün tutmaq kimi bir xasiyyəti yoxdur. Ətrafındakılara hörmətlə yanaşar, hər kəsə anlayışla, diqqətlə qulaq asar. Elə bu insani keyfiyyətləri də onu həm peşəkar mühitdə, həm də şəxsi münasibətlərdə sevilən və dəyər verilən bir insana  çevirib. Daşdəmir  Əjdər oğlunun yaşam tərzi  dəyişməzdir: harada olur-olsun, hansı mövqedə dayanırsa-dayansın özünə sadiq qalmaq. Onu tanıyanlar yaxşı bilirlər ki, xeyirxahlıq onun xarakterinin ayrılmaz parçasıdır. Mərhəməti, insanlara olan sevgisi, zəhmətsevərliyi və işinə məsuliyyəti ilə seçilir, olanını bölüşməkdən çəkinmir.
Bu gün 60 illik ömrünün 18 ilini "Azərbaycan" qəzetində katibliyin məsuliyyətini şərəflə daşıyan Daşdəmir Tağıyevin jurnalist taleyi zamanın sınaqlarından çıxıb. Onu  daha yaxından tanıyanlar, əzizləri, doğmaları, lap elə biz - iş yoldaşları hamımız bilirik ki, Daşdəmir Əjdər oğlu vicdan və səmimiyyət nümunəsidir. Onun həyat hekayəsi göstərir ki, sadiqlik yalnız sözlə deyil, əməllə də ölçülür.
Əslində həyatın 60-cı fəsli sözün və düşüncənin daha da dərinləşdiyi dövrdür. Bu yaşda insan nəinki topladığı təcrübəni qiymətləndirməyi, həm də onu paylaşmağın əsl dəyərini anlayır.Bu yaşda  SÖZ daha məsuliyyətlidir, düşüncə daha yetkindir, baxışlar isə daha uzaqgörən. 60 il həm yaşanmış illərin hesabatı, həm də qarşıdakı illərə işıq tutan mənəvi zənginlikdir. Bu gün arxaya baxdıqda zəhmət, vicdan, peşəkarlıq və əqidə ilə dolu bir ömür görünür. İrəliyə baxanda isə yeni fikirlər, hələ yazılacaq yazılar, bölüşüləcək təcrübələr var.
60 yaş  son deyil, daha dərin, daha kamil bir başlanğıcdır. Bu başlanğıcda,  Daşdəmir müəllim, sənə möhkəm cansağlığı, yaradıcılıq ilhamı və həmişə olduğu kimi saf, təmiz və sadəlövh qalmaqla yanaşı, SÖZə sadiqliyi də arzu edirəm.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31