Zelenski və ABŞ nümayəndəsi Kelloq Kiyevə silah alışını müzakirə edib - ÖZƏL
16:09 DünyaUkrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi, general Kit Kelloq ilə görüş keçirib. Olaylar.az xəbər verir ki, görüş iyulun 14-də Kiyevdə baş tutub. Zelenskinin sözlərinə görə, tərəflər Ukrayna üçün hava hücumundan müdafiə sistemlərinin (PVO) gücləndirilməsi, müdafiə sənayesində birgə istehsal və Avropa ilə birlikdə silah alışını müzakirə ediblər.
"General Kit Kelloqla görüşdüm. Ukrayna üçün PVO-nun gücləndirilməsi, birgə istehsal və Avropa ilə birlikdə müdafiə silahlarının alınmasını müzakirə etdik", - deyə Zelenski Telegram kanalında bildirib.
Prezident Aparatı isə əlavə edib ki, Zelenski söhbət zamanı Ukraynanın, xüsusilə də PVO sistemləri olmaqla, Amerika silahlarını almağa hazır olduğunu təsdiqləyib.
Qeyd edək ki, iyulun 13-də ABŞ Prezidenti Donald Tramp Ukraynaya əlavə silahların, o cümlədən Patriot hava hücumundan müdafiə sistemlərinə raketlərin göndəriləcəyini açıqlayıb. Bu silahların xərcləri isə Avropa İttifaqı tərəfindən qarşılanacaq.
Zelenskinin aparat rəhbəri Andrey Yermak bu gün səhər saatlarında Kelloqun Ukraynaya gəldiyini təsdiqləyib. ABŞ nümayəndəsi 11 iyulda Romada Ukrayna mətbuatına verdiyi açıqlamada iyulun 14-də Kiyevə gələcəyini və səfərinin bir həftə davam edəcəyini bildirmişdi. O, sonuncu dəfə fevral ayında Kiyevdə olub.