Yeni Kaledoniya və Azərbaycanın ədalət missiyası: Qoşulmama Hərəkatının rolu - ÖZƏL
16:45 Siyasət2025-ci il iyulun 12-də Parisdə imzalanan saziş Yeni Kaledoniyanın Fransa daxilində yarı-müstəqil status almasını nəzərdə tutur. Yeni qurumun öz bayrağı, himni, vətəndaşlığı və parlamenti olacaq. 2026-cı ildə referendum və seçkilərlə yeni siyasi model təsdiqlənəcək.
Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində apardığı lobbiçilik bu prosesi beynəlxalq gündəmə çıxardı. Bakı Təşəbbüs Qrupu sayəsində Fransa dialoqa məcbur oldu. Bu, Azərbaycanın qlobal ədalət platformasında artan rolunu nümayiş etdirdi.
Razılaşma mübahisəlidir - tərəflər onu həm uğur, həm də güzəşt kimi qiymətləndirirlər. Sazişin həyata keçirilməsi Fransa daxilində digər ərazilərdə də "xüsusi status" dalğası yarada bilər.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Olaylar.az-a açıqlama verib. Politoloq bildirib ki, Azərbaycan haqları pozulmuş xalqların hüquqlarını gündəmə gətirir və qlobal vicdanın səsinə çevrilir:
" Bu, çox vacib bir sazişdir və Yeni Kaledoniya xalqının tam müstəqil olması istiqamətində atılmış önəmli bir addımdır. Bu prosesdə isə, əlbəttə ki, Azərbaycanın çox ciddi və mənalı siyasi rolu olub.
Öncə, biz həm təşəbbüs qrupunu yaratdıq. Qoşulmama Hərəkatına sədrlik etdiyimiz dövrdə Prezident İlham Əliyevin iştirakı ilə həmin susdurulmuş xalqlarla bağlı öz qəti fikrimizi bildirmişdik ki, onların da hüquqlarına hörmətlə yanaşılmalı və bu hüquqlar reallaşmalıdır. Nəhayət, biz şahid olduq ki, COP29 əsnasında görünməmiş bir hadisə baş verdi: böyük bir tədbirin içində daha bir vacib tədbir - ondan çox dənizaşırı ölkənin Ali Görüş Sammiti keçirildi. Bu zaman səsi eşidilməyən məmləkətlərin, xalqların, toplumların həm öz mövqeləri üzə çıxdı, həm də onların səsi dünya birliyinə çatdırıldı.
Əlbəttə ki, bu, çox vacib bir prosesdir. Əgər Fransa özünü demokratiyanın beşiyi sayırsa, qardaşlıq, azadlıq, bərabərlik prinsiplərini müdafiə edirsə, onda bu prinsipləri həmin xalqlara da tətbiq etməlidir. Niyə onların hüquqları pozulur? Niyə onların sərvətləri istismar olunur? Niyə onların ekologiyası məhv edilir? Bunlar yol verilməzdir. Bunlar, əslində, neokolonializmin və neoimperializmin təzahürləridir.
Əminik ki, Azərbaycanda dəfələrlə neokolonializm və neoimperializmə qarşı mübarizəyə dair Prezident İlham Əliyevin irəli sürdüyü platformalar fəaliyyətə başlayıb. O əzilmiş xalqların nümayəndələri, ictimai fikir liderləri və hüquq müdafiəçiləri Bakıya gəliblər. Burada böyük tədbirlər keçirilib. Azərbaycan bu tədbirlər üçün çox münasib platforma və münbit şərait yaradıb. Nəticədə universal qərarlar qəbul olunub və həmin qərarlar dünya birliyinə çatdırılıb. Bu qərarlar BMT-nin müvafiq orqanlarına məlumat formasında təqdim olunub, işçi materiallar aidiyyəti üzrə göndərilib. Eyni zamanda Avropada yerləşən hüquq müdafiəçiləri və qərbdəki strukturlarla da təmaslar qurulub.
Yeni Kaledoniya xalqının bu uğuru, mən deyərdim ki, həm də Azərbaycandakı təşəbbüsün və fəaliyyətin nəticəsi kimi özünü göstərir. Bu, çox önəmli məsələdir. Çünki özümüz də böyük bir yol keçmişik. Hüquqlarımız uğrunda, suveren inkişaf yolunda qurbanlar vermişik, müharibələrə qatılmışıq, yüz minlərlə insanımız məcburi köçkün olub. Bütün bunlarla bağlı biz daim beynəlxalq təşkilatlara müraciətlər etmişik. Təəssüf ki, bu müraciətlərə vaxtında adekvat cavablar verilməyib. Erməniləri sanki əzilmiş kimi təqdim edərək Azərbaycanın haqlı mövqeyinə göz yumulub.
Biz öz problemlərimizi özümüz həll etdik. Bu da çox vacib və ali dəyərlərə əsaslanan bir yanaşmadır. Dövlət başçısı Prezident İlham Əliyev xalqların yanında oldu, onlara dəstəyini əsirgəmədi. 80-ə yaxın ölkəyə sponsorluq və donor dəstəyi göstərmişik. Pandemiya dövründə türk dövlətlərinə yardım etdik. BMT çərçivəsində böyük assambleya topladıq və vaksin diskriminasiyasına qarşı çağırış etdik. Qoşulmama Hərəkatının fəalları ilə birgə Afrika və Asiya ölkələrinə yardım etdik, tibbi vasitələr göndərdik.
Bütün bunlar göstərir ki, Azərbaycan xalqı dünyanın dərdlərini öz dərdi kimi yaşayır. Çünki biz də o dərdlərin bəzilərini öz üzərimizdə hiss etmişik. İndi biz görürük ki, bu xalqlara əl uzatmaq, dəstək vermək nə qədər vacibdir.
Azərbaycanın bu ali dəyərlərə söykənən davranışı yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Yeni Kaledoniyada insanlar nümayişlərə çıxarkən Azərbaycan bayrağını da qaldırırdılar. Dəfələrlə rəsmi Paris Azərbaycanın guya Fransanın daxili işlərinə qarışdığına dair cəfəng iddialar səsləndirib. Halbuki Fransa dənizaşırı əraziləri müstəmləkə kimi idarə edərək orada öz nizamını yaradır. Azərbaycan isə əzilmiş xalqların hüquqlarını gündəmə gətirir. Bu ittihamlar heç bir məntiqə sığmır.
Azərbaycanın bu proseslərdəki iştirakı, Bakı təşəbbüs qrupunun yaradılması və bu təşəbbüslərin artıq BMT-nin yüksək tribunalardan səsləndirilməsi, öz rolunu göstərmiş oldu. Paris artıq bir addım geri çəkildi. Bu isə Yeni Kaledoniya xalqı üçün böyük bir uğurdur. Digər xalqlar da bu nümunədən ibrət götürməlidirlər.
Bununla yanaşı, Avropanın mərkəzində yerləşən Korsika adasında da çox ağır və dözülməz vəziyyət hökm sürür. İnsanlara öz dillərində danışmağa, yazmağa imkan verilmir. Mən düşünürəm ki, bu prosesin özü zəncirvari bir reaksiya yaradacaq. Yavaş-yavaş digər əzilmiş, haqqı pozulmuş xalqlar da mübarizələrini elə bir formada quracaqlar ki, ilk olaraq Bakının səsini eşidəcəklər. Onlar Azərbaycanın verdiyi təlimatlardan faydalanaraq, mübarizə modelini öyrənib, öz haqlı istəklərinə çatacaqlar".
Zeynəb Mustafazadə