Yunus Oğuz məktəbi…

...Hərdən mənə elə gəlir ki, yazıçı-siyasətçi, jurnalist, naşir... Yunus Oğuzun bir əsr yaşı var! Çünki onda gördüyüm dünyagörüş, intellekt, məhsuldarlıq və özünəgüvən yalnız dünyanın hər üzünü yaxşı mənada görmüş bir insanda ola bilər.

O, yaxşı dostdur, sözübütövdür, dəyişməz mövqeyə və münasibətə malik şəxsiyyətdir!

***

Uzun illərdir tanıdığım Yunus Oğuzda diqqətimi daha çox çəkən həm də onun dəyişməz obrazı və özüdür. İctimai rəydə, jurnalist həmkarlarımız arasında olan rəy söylədiklərimə sübutdur. Özü kimi, sözü də bütövdür. Qısası, olduğu kimi görünəndir, göründüyü kimi də olandır. Bu mənada, hesab edirəm ki, jurnalistika sahəsində də Yunus Oğuzun özünün təsis etdiyi bir məktəb var-Yunus Oğuz məktəbi!

Yunus bəyin təmkinliliyi, hər bir problemi öz daxili inamı və gücü ilə həlletmə qabiliyyəti də fərqlidir. İndiyədək görməmişəm ki, hansısa problemin həlli üçün kimlərəsə ağız açsın, müraciət etsin, şikayətlənsin.

"Şikayət" dedim, aramızda olan bir məsələdə bunun şahidi olmuşam. Təsisçisi olduğu "Olaylar" qəzetinin başı üzərində bir problem dolaşırdı, müzakirə əsnasında dedim ki, əlçatan  yaxınlarından birinə məktub göndər, şikayət yaz, kömək edərlər yəqinki. Dedi, yox, şikayət ediləsi bir ünvanım var, o da özüməm! "Mən, ancaq özümdən özümə şikayət edə bilərəm...".

Yəni, demək istəyirdi ki, problem özünə aiddirsə, ya özün həll elə, ya da şikayətlənmək istəsən, get, dur güzgünün qarşısında, güzgüdə gördüyün o şəxsə nə qədər istəyirsən şikayətlən, ürəyini boşalt!

Bəli, hər kəs özünə aid problemin kökünü bilirsə, həlli yolunu da özü axtarıb tapmağa məhkumdur! Bu həm də sənin nəyə qadir kimliyinin ölçüsüdür!

Yunus bəyin yubiley yaşıdır. Amma əvvəldən dedim, mən onun məhsuldar fəaliyyətini göz önünə gətirəndə deyirəm ki, məncə, onun yüz yaşı var! Ona görə də müdrikliyi ilə gözümdə yüz yaşlı Yunus Oğuzu ürəkdən təbrik edir, ona həmişə özünəgüvənlik arzulayıram.

Asif Mərzili

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31