Rusiya niyə aqressiv mövqe sərgiləyir?- ÖZƏL
14 İyul 19:30 SiyasətBu yazıda Zəngəzur dəhlizi ilə bağlı Rusiyanın son zamanlarda yaydığı əsassız informasiyalar və çaşdırıcı təbliğatlar, rus dili məsələsi, ölkəmiz və Ermənistan üçün artan və o cümlədən yumşalan risklər barədə qısa fikirlərimi tezislər şəklində bildirmək istəyirəm.
- Rusiya təbliğat maşını yaymağa çalışır ki, Zəngəzur dəhlizi iqtisadi cəhətdən səmərəli deyil. Çətin relyefdə və seysmik zonada yerləşir. 2-3 milyard dollar xərclər özünü doğrultmayacaq və sair.
Qısa cavab: Əvvəla, necə oldu ki, Zəngəzur dəhlizi indiyə qədər iqtisadi və siyasi cəhətdən səmərəli idi, lakin Rusiyanın nəzarətinin olmayacağı məsələsi ortaya çıxanda iqtisadi və siyasi cəhətdən əvvəlki səmərəsini itirdi? İkincisi, bu layihə Rusiyanın özü daxil olmaqla Azərbaycan, Ermənistan, Türkiyə, Orta Asiya dövlətləri, Çin, Avropa, ABŞ və digər dövlətlərə iqtisadi və siyasi cəhətdən sərfəli olan qlobal layihədir. Burada Rusiyanın da adını çəkdim. Sual olunur ki, Rusiyaya sərfəlidirsə nə üçün belə kəskin və aqressiv mövqe sərgiləyir? Çünki, Rusiya əvvəl bu koridora özünün nəzarət edəcəyini və bu koridordan istifadə edən dövlətləri özündən asılı vəziyyətdə saxlayacağını düşünürdü. Təbii ki, Rusiyanın düşündüyünü qlobal güclər də düşünür. Ukrayna müharibəsindən öncə razılaşdırılan (10.11.2020) bu məsələnin Rusiyanın son 3 ildə sərgilədiyi aqressiv siyasəti nəticəsində nə qədər riskli olduğunu görən qlobal güclər, o cümlədən region dövləti olan Ermənistan fikirlərini dəyişdilər. Yəni, Rusiya bu gün öz mövqelərini itirirsə, bunun günahı nə Türkiyədə, nə Azərbaycanda, nə də Ermənistandadır. Günahı Rusiya özündə axtarmalıdır. İndi yaranan vəziyyət isə budur ki, nəinki Rusiya dəhlizə nəzarət etməyəcək, hətta özündən asılı vəziyyətdə saxlayacağını düşündüyü ölkələrdən indi özü asılı vəziyyətə düşəcək. Rusiya özü də yaxşı anlayır ki, bu yol onun Yaxın Şərqə çıxışı üçün ən sərfəli marşrutdur.
Üçüncüsü, Zəngəzur dəhlizinin iqtisadi səmərəliliyi ümumiyyətlə müzakirə və mübahisə mövzusu deyil. Əvvəla, 2-3 milyard dollar necə hesablanıb? Hətta bu rəqəm deyil, bundan da böyük rəqəm olsa, bir deyil, bir neçə dövlətin xərci olan və hər bir dövlət üçün böyük iqtisadi-siyasi əhəmiyyət malik olan bu yol hər dövlətin üzərinə düşən xərci tamamilə bağlayacaq. Ən böyük təkrarlanan səhvlərdən biri də iqtisadiyyatla biznesin səhv salınmasıdır. Biznes iqtisadiyyatın tərkib hissələrindən biri ola bilər, amma tam olaraq iqtisadiyyata bərabər ola bilməz. Zəngəzur dəhlizi biznes layihəsindən də böyük qlobal iqtisadi layihədir. Qısaca deyim ki, bu layihə ondan istifadə edən hər bir ölkənin makroiqtisadi göstəricilərinə təsir edəcək layihə olduğundan burada səsləndiriləcək hər hansı məbləğ çox kiçik görünər. Rusiyanın özü də bunu bilir. Lakin, spekulyativ fikirlərlə Azərbaycan və Ermənistandakı geniş kütlələrin əsəblərinə toxunmaq istəyir, təxribat törətmək, ara qarışdırmaq məqsədilə özü kimi düşünənlərin əlinə ucuz və əsassız tezislər verdiyini zənn edir. Bilirik ki, ucuz və populist fikirlər təəssüf ki, bir çox hallarda əsaslı, dərin, ciddi və elmi fikirlərə nisbətən daha geniş yayılaraq populyarlıq qazanır. Bu dəfə isə belə deyil və olmayacaq. Kimin kim olduğunu hər kəs görməyə başlayır. Zəngəzur dəhlizinin Azərbaycanın, Ermənistanın, Türkiyənin, Orta Asiya dövlətləri və digər dövlətlərin iqtisadi-siyasi həyatlarında oynadığı rolların hər biri geniş və əsaslandırılmış elmi məqalələrə çətin sığa biləcəyini nəzərə alsaq, bir məqalədə hər bir amili əks etdirmək mümkün deyil. Bu səbəbdən də yalnız bir faktla kifayətlənərək hələlik bu qədər yazıram. Azərbaycan, Ermənistan və Türkiyə üçün Yaxın Şərqə birbaşa çıxış bu dövlətlərin iqtisadi inkişafında hiss ediləcək birbaşa təsiri olacaq taleyüklü məsələdir. Qeyd edim ki, hansı dövlətin bu yoldan daha çox iqtisadi səmərə götürəcəyi isə onun iqtisadi bacarıqlarından asılı olacaq!
Dördüncüsü, layihə qlobal layihə olduğu, ABŞ, Britaniya, Aİ və Çin tərəfindən dəstəkləndiyi və Ermənistan üçün iqtisadi əhəmiyyəti dərk olunduğu üçün erməni lobbisi də bu layihəyə qarşı çıxmır. Ermənistan rəhbərliyinə qarşı istifadə olunması nəzərdə tutulan təzyiq rıçaqlarından biri də əldən çıxdığı üçün Rusiya daha da aqressiv mövqe nümayiş etdirir. Bu isə Rusiyaya qarşı Qərbin (o cümlədən ABŞ-nin) öz mövqelərini daha da sərtləşdirməsinə rəvac verəcək amillərdən biri olacaq.
- Rusiya Prezidenti belə bir Fərman verdi ki, Rusiya rus dilini qorumaq hüququ və öhdəliyini götürür və hansı öllkədə rus dili sıxışdırılarsa həmin məsələyə müdaxilə etmək hüququna malikdir. Yəni, Azərbaycan və Ermənistandakı tərəfdarlarına göz qırpır ki, mənə bu bəhanəni verin.
Əminəm ki, nə Azərbaycan, nə də Ermənistan bu təxribata gedəcək qədər sadəlövh deyil. Azərbaycan multikurtural ölkədir. Rus dilinə də kifayət qədər yer verilib və gələcəkdə də bu istiqamətdə hər hansı süni qadağalar, məhdudiyyətlər olmayacaq. Bundan sonra bu məsələdə qarşıdurmaya, rus məktəblərinin bağlanmasına tələb nümayiş etdirlənlərin də əslində hansı dəyirmana su tökdükləri bəlli olar. Amma bu il də daxil olmaqla yaxın bir neçə ildə rus dilinin mövqeyi məhz Rusiyanın özünün tutduğu bu aqressiv mövqe səbəbindən kifayət qədər daralacaq və zəifləyəcək. Əgər Rusiyada azərbaycanlılar dövlət qurumlarından işdən çıxarılırsa, həbs etdirilirsə, vətəndaşlarımız deportasiya edilir və ya zorla Ukrayna müharibəsinə göndərilirsə, post-sovet ölkələrində, o cümlədən Azərbaycanda əhalinin rus dilini öyrənmək üçün motivasiyaları minimuma enir. Nəticədə, haya-küyə düşüb, millilik, vətənpərvərlik qışqıraraq qaça-qaça övladlarını rus sektorlarına yazdıranların sayı kifayət qədər aşağı düşəcək. Bizim elmi-tədqiqat mərkəzlərimiz üçün yaxşı bir elmi araşdırma obyekti olacaq ki, rus dilində tədris üçün qalan əsas motivasiyalar və səbəblər hansılardır? Araşdırma subyektləri isə övladlarını həmin rus sektorlarına yazdıran valideynlərin düşüncə tərzləri, sosial statusları ola bilər. Düşünürəm ki, elm üçün maraqlı məsələlər ortaya çıxacaq. Qısası, bu məsələdə növbəti gediş məhz öz xalqımıza məxsusdur. Bu gediş isə rus sektorları ilə bağlı tutacağı mövqeyidir və bu gediş bizim növbəti nəslimizə bu problemi nə dərəcədə ötürüb ötürməmək istəyimizi ölçəcək. Tələb olmadıqdan sonra təklif də öləcək.
- Dövlət qurumlarında dövlət qulluğu, kadr məsələləri, səmərəlilik, peşəkarlıq və bu sahədə formalaşan risklər ayrıca mövzu olduğu üçün burada toxunmuram.
- Təbliğat-təşviqat məsələləri. Bizim rus dilli bir-iki kanalımız var. Düşünürəm ki, həmin kanallar özlərinin strateji hədəfləri və təbliğat metodlarına yenidən nəzər salacaqlar. Ölkəmizin necə bir multikurtural ölkə olduğunu, Rusiya ilə ən yüksək səviyyədə, dərin və dayanıqlı iqtisadi-siyasi əlaqələrdə maraqlı olduğunu, baş verənlərin əsas mahiyyətini, atılan addımların əslində Rusiyanın özünə iqtisadi və siyasi zərərlər verdiyini, ölkəmizə qarşı haqsız davranış və münasibətlərin səbəblərini, Rusiyada yaşayan azərbaycanlıların Rusiya iqtisadiyyatına verdikləri töhfələri, rus xalqının nümayəndələrinə qarşı xoş münasibətlərini, onların həyatlarını xilas etmək, onlara etdikləri yardımlar və sair məsələlərə öz efirlərində daha geniş yer verməlidir. Məsələn, Ukraynanın bu sahədə apardığı işi təqdir edirəm. Rusiya vətəndaşlarının Ukrayna müharibəsinin mənasızlığını dərk etməyə, müharibənin necə amansız olduğunu görməyə və iştirak etməkdən boyun qaçırmağa başlamaları məhz bu rus dilində olan təbiğatların nəticəsidir. Düşünürəm ki, hər kəslə öz dilində, öz manerası və metodu ilə danışmaq və onun yanlışlığını, ədalətsizliyini, öz mənafeyi üçün hər kəsi əzməyin doğru olmadığını anlatmaq daha təqdirəlayiq yoldur.
Elman Sadıqov
İqtisadçı ekspert