İstilik təchizatı haqqında Qanun təsdiqləndi

Prezident İlham Əliyev İstilik təchizatı haqqında Qanunu təsdiqləyib.

Olaylar.az xəbər verir ki, sənədə əsasən, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə uyğun olaraq, istilik enerjisinin istehsalı, paylanması (o cümlədən ötürülməsi), satışı və istehlakı ilə bağlı istilik təchizatı subyektləri, istehlakçılar və istilik təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyir, istilik təchizatının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

1-ci fəsil

ÜMUMI MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar

1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.1.1. fərdi istilik sistemi - istehlakçı tərəfindən tikinti obyektinin fərdi şəkildə istilik təchizatının həyata keçirilməsi üçün quraşdırılan və istismar edilən qurğuların məcmusu;

1.1.2. istilik daşıyıcısı - istilik təchizatı sistemində istilik və isti su təchizatı məqsədilə istehsal edilən istilik enerjisinin ötürülməsi üçün istifadə olunan maddə (su, buxar);

1.1.3. istilik enerjisi - istilik daşıyıcılarının termodinamik parametrlərini (temperatur, təzyiq, sıxlıq) dəyişdirə bilən enerji resursu;

1.1.4. istilik enerjisinin istehlakçısı (bundan sonra - istehlakçı) - öz ehtiyacları üçün istilik enerjisini satın alan məişət və ya qeyri-məişət istehlakçısı;

1.1.5. istilik enerjisinin istehsalçısı (bundan sonra - istehsalçı) - istilik enerjisinin istehsalı ilə məşğul olan hüquqi və ya fiziki şəxs;

1.1.6. istilik enerjisinin istehsalı - kimyəvi enerjinin (yanacaq), elektrik və ya digər enerji növlərinin istilik enerjisinə çevrilməsi prosesi;

1.1.7. istilik enerjisinin paylanması - ötürülməsi də daxil olmaqla istilik enerjisinin şəbəkə vasitəsilə istehlakçılara çatdırılması;

1.1.8. istilik enerjisinin paylayıcısı (bundan sonra - paylayıcı) - şəbəkə ilə istilik enerjisinin paylanmasını (o cümlədən ötürülməsini) həyata keçirən hüquqi şəxs;

1.1.9. istilik enerjisinin satıcısı (bundan sonra - satıcı) - istilik enerjisinin pərakəndə satışını həyata keçirən hüquqi və ya fiziki şəxs;

1.1.10. istilik enerjisinin satışı - istilik enerjisinin alqı-satqı müqaviləsi əsasında satışı;

1.1.11. istilik qurğusu - istilik enerjisinin istehsalı, paylanması (o cümlədən ötürülməsi) üçün istifadə edilən qurğular;

1.1.12. istilik təchizatı - istilik enerjisinin istehsalı, paylanması (o cümlədən ötürülməsi) və satışı fəaliyyətləri;

1.1.13. istilik təchizatı obyektləri - istilik enerjisinin istehsalı, paylanması (o cümlədən ötürülməsi) prosesində istifadə olunan istilik mənbələri, şəbəkələr, bina və qurğular;

1.1.14. istilik təchizatı sistemi - istilik mənbələri, şəbəkələr və istilik istehlakı qurğuları kompleksi;

1.1.15. istilik təchizatı subyektləri - bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki və ya hüquqi şəxslər, o cümlədən təbii inhisar subyektləri;

1.1.16. kommersiya uçotu - istiliyin və isti suyun satışı müqavilələri üzrə tərəflər arasında qarşılıqlı hesablaşmaların aparılması məqsədilə istiliyin və isti suyun ölçülməsi və ölçmə nəticələrinin, habelə hesablama yolu ilə əldə edilən istiliyin termodinamik parametrləri və isti suyun həcmi haqqında məlumatların toplanması, saxlanması, emalı və ötürülməsi prosesi;

1.1.17. kommersiya uçotu qaydaları - istilik təchizatı subyektlərinin və istehlakçıların kommersiya uçotunun təşkili və təmin edilməsi ilə bağlı hüquqlarını və vəzifələrini müəyyən edən qaydalar;

1.1.18. qeyri-məişət istehlakçısı - bu Qanunun 1.1.19-cu maddəsində nəzərdə tutulan istehlakçılar istisna olmaqla digər istehlakçı;

1.1.19. məişət istehlakçısı - yaşayış evlərində və mənzillərdə, o cümlədən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrində, həmçinin bağlarda məişət ehtiyacları üçün istilik enerjisindən istifadə edən fiziki şəxs;

1.1.20. mərkəzləşdirilmiş istilik sistemi - bir və ya bir neçə istilik mənbəyindən, şəbəkələrdən (xarici istilik kəmərlərinin diametrindən, sayından və uzunluğundan asılı olmayaraq) və istehlakçılardan ibarət olan sistem;

1.1.21. şəbəkə - istilik enerjisinin paylanması (o cümlədən ötürülməsi) üçün nəzərdə tutulan istilik boru və qurğuları kompleksi;

1.1.22. texniki şərtlər - istilik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektində istilik istehlakı qurğularının quraşdırılması, onların istilik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alınmasına dair layihə sənədlərinin hazırlanmasına əsas verən istilik və isti su təchizatı ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd;

1.1.23. tənzimləyici - istilik təchizatı sektorunda dövlət tənzimlənməsini, nəzarətini həyata keçirən və statusu qanunla müəyyən edilən qurum.

1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

Maddə 2. İstilik təchizatı haqqında qanunvericilik

2.1. İstilik təchizatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan, "Energetika haqqında" Azərbaycan Respublikasının Qanunundan və Azərbaycan Respublikasının istilik təchizatı sektorunu tənzimləyən digər normativ hüquqi aktlardan ibarətdir.

2.2. Ələt Azad İqtisadi Zonasında istilik təchizatı ilə bağlı münasibətlər "Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

Maddə 3. Bu Qanunun tətbiq dairəsi

3.1. Bu Qanun istilik və isti su təchizatı məqsədilə istilik enerjisinin istehsalı, paylanması və satışı funksiyasını həyata keçirən istilik təchizatı subyektlərinə, istehlakçılara, dövlət orqanlarına (qurumlarına), o cümlədən tənzimləyiciyə şamil olunur.

3.2. Bu Qanun istehlakçının (layihələndirmə zamanı fərdi istilik sistemlərinin quraşdırılması nəzərdə tutulan çoxmənzilli yaşayış binalarının mənzillərində, yaşayış evlərində, qeyri-yaşayış təyinatlı tikinti obyektlərində) istilik enerjisinə tələbatın qarşılanması üçün fərdi istilik sistemlərinin quraşdırılması və onun istismarı ilə əlaqədar münasibətlərə şamil edilmir.

2-ci fəsil

İSTİLİK TƏCHİZATI SEKTORUNDA DÖVLƏT SİYASƏTİ VƏ DÖVLƏT TƏNZİMLƏNMƏSİ

Maddə 4. İstilik təchizatı sektorunda dövlət siyasətinin əsas prinsipləri, dövlət tənzimləməsinin məqsədləri və dövlətin vəzifələri

4.1. İstilik təchizatı sektorunda dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:

4.1.1. istilik təchizatının etibarlılığı və təhlükəsizliyi;

4.1.2. idarəetmə və tənzimləmənin effektivliyi və şəffaflığı;

4.1.3. istilik təchizatı subyektlərinin şəbəkədən, o cümlədən təbii inhisar subyektinə məxsus şəbəkədən bərabər və ayrı-seçkiliyə yol verilmədən istifadə imkanının yaradılması;

4.1.4. qabaqcıl texnologiyalar və mütərəqqi təcrübə əsasında dayanıqlı inkişafın təmin edilməsi.

4.2. İstilik təchizatı sektorunda dövlət tənzimləməsinin əsas məqsədləri aşağıdakılardır:

4.2.1. enerji təhlükəsizliyinin təmin edilməsi;

4.2.2. istilik təchizatı subyektlərinin və istehlakçıların maraqları arasında balansın təmin olunması;

4.2.3. istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və fasiləsiz istilik təchizatının təmin edilməsi.

4.3. İstilik təchizatı sektorunda dövlətin vəzifələri aşağıdakılardır:

4.3.1. özəl investisiyaların və davamlı iqtisadi inkişafın dəstəklənməsi;

4.3.2. əlverişli investisiya mühitinin yaradılması;

4.3.3. rəqabət mühitinin formalaşdırılması, inhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması;

4.3.4. istilik təchizatı subyektlərinin effektiv və təhlükəsiz fəaliyyətinin təmin edilməsi;

4.3.5. istehlakçıların hüquqlarının müdafiəsi;

4.3.6. istilik təchizatı sektorunda təbii inhisar sahəsində fəaliyyətin tənzimlənməsi;

4.3.7. istilik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin stimullaşdırılması və inkişaf etdirilməsi;

4.3.8. enerji resurslarından səmərəli istifadənin təşviq edilməsi;

4.3.9. ətraf mühitin mühafizəsi sahəsində tədbirlərin həyata keçirilməsinin təmin edilməsi;

4.3.10. dövlət nəzarətinin həyata keçirilməsi;

4.3.11. istilik təchizatı subyektlərinin effektiv fəaliyyətinin, həmçinin istilik təchizatı sektorunda keyfiyyətli xidmət göstərilməsinin təmin edilməsi.

Maddə 5. İstilik təchizatı sektorunda tənzimləyicinin səlahiyyətləri

5.1. İstilik təchizatı sektorunda tənzimləyici aşağıdakıları həyata keçirir:

5.1.1. tənzimlənən qiymətləri (tarifləri) müəyyən edir;

5.1.2. istilik təchizatı subyektləri və istehlakçılar tərəfindən istilik təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə riayət edilməsinə nəzarət edir;

5.1.3. istilik təchizatı subyektləri üçün ödənilməsi məcburi olan, bu Qanunun 8-ci maddəsində nəzərdə tutulan tənzimləmə haqqının məbləğini hesablayır və həmin subyektlərə bildirir;

5.1.4. istilik təchizatı subyektləri arasında yaranan mübahisələrə baxır;

5.1.5. istehlakçıların şikayətlərinə baxır;

5.1.6. şəbəkədə istilik enerjisi itkilərinin hesabat dövrü üçün normativ göstəricilərini müəyyənləşdirir;

5.1.7. istilik enerjisinin keyfiyyətinə dair texniki tələblərə (fərdi istilik sistemləri istisna olmaqla) riayət olunmasına nəzarət edir;

5.1.8. istilik qurğularının, o cümlədən şəbəkənin payız-qış mövsümünə hazırlığının təmin edilməsinə nəzarət edir;

5.1.9. istilik təchizatı sektorunda təbii inhisar subyektlərinin hər il üzrə gəlir və xərclər smetalarının razılaşdırılmasında və onların icrasına nəzarətin həyata keçirilməsində iştirak edir;

5.1.10. istilik təchizatı sektorunda bu Qanunun 5.4.1-ci maddəsində nəzərdə tutulan qaydaya uyğun olaraq, istilik təchizatı sektorunun monitorinqini (o cümlədən, kameral monitorinqini) həyata keçirir.

5.2. Tənzimləyici tərəfindən istilik təchizatı sektorunu tənzimləyən Azərbaycan Respublikasının qanunları ilə və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktlarla müəyyən edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə riayət edilməsinin qiymətləndirilməsi məqsədilə sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə yoxlamalar "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

5.3. İstilik təchizatı sektorunda dövlət nəzarəti həyata keçirilərkən istilik təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinin pozulması aşkar edildikdə, onların aradan qaldırılması ilə bağlı tənzimləyici tərəfindən yazılı göstərişlər verilir. Belə göstərişlərin icrası barəsində göstəriş verilmiş istilik təchizatı subyektləri və istehlakçılar üçün məcburidir.

5.4. İstilik təchizatı sektorunda tənzimləyici aşağıdakı qaydaları təsdiq edir və rəsmi internet saytında dərc edir:

5.4.1. monitorinq qaydalarını;

5.4.2. kommersiya uçotu qaydalarını;

5.4.3. şəbəkədə istilik enerjisi itkilərinin hesabat dövrü üçün normativ göstəricilərinin müəyyənləşdirilməsi qaydalarını;

5.4.4. istilik təchizatı sektorunda tənzimlənən qiymətlərin (tariflərin) müəyyən olunması qaydalarını.

5.5. Tənzimləyici istilik təchizatı subyektlərinin uçotunu aparır. Uçotun aparılması qaydasını tənzimləyici müəyyən edir.

Maddə 6. İstilik təchizatı sektorunda dövlət və yerli özünüidarəetmə orqanlarının vəzifələri

6.1. İstilik təchizatı sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum):

6.1.1. balansında olan istilik təchizatı obyektlərinin saxlanılması, istismarı, cari və əsaslı təmiri ilə bağlı tədbirlər görür;

6.1.2. tikinti obyektlərində istilik enerjisindən səmərəli istifadə və istilik enerjisi itkilərinə yol verilməməsi üçün tədbirlər görür;

6.1.3. dövlət mənzil fondu binalarında və sosial-mədəni təyinatlı obyektlərdə payız-qış mövsümünə hazırlıq işlərinin aparılmasını təmin edir.

6.2. İstilik təchizatı sahəsində yerli özünüidarəetmə orqanları:

6.2.1. balanslarında olan istilik təchizatı obyektlərinin saxlanılması, inkişafı, istismarı, cari və əsaslı təmiri ilə bağlı tədbirlər görür;

6.2.2. tikinti obyektlərində istilik enerjisindən səmərəli istifadə və istilik itkilərinə yol verilməməsi üçün tədbirlər görür;

6.2.3. bələdiyyə mənzil fondu binalarında payız-qış mövsümünə hazırlıq işlərinin aparılmasını təmin edir.

Maddə 7. İstilik təchizatı sektorunda qiymətlər (tariflər)

7.1. İstilik təchizatı sektorunda qiymətlər (tariflər) istilik təchizatı subyektlərinin əsaslandırılmış xərclərini tam ödəməklə, həmin sektorun inkişafını təmin etməli və sosial-iqtisadi inkişafı stimullaşdırmalıdır.

7.2. İstilik təchizatı sektorunda qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsulların qiymətləri "Tənzimlənən qiymətlər haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tənzimlənir.

7.3. Təbii inhisar subyektlərinin təqdim etdiyi məhsullar istisna olmaqla istilik təchizatı sektorunda təqdim olunan qiymətləri (tarifləri) tənzimlənməyən məhsulların qiymətləri (tarifləri) tərəflər arasında bağlanılan müqavilələrlə müəyyən edilir.

7.4. Təbii inhisar subyektləri tərəfindən təqdim edilən qiymətləri (tarifləri) tənzimlənməyən məhsulların qiymətləri (tarifləri) Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 39.6-cı maddəsinin tələbləri nəzərə alınmaqla təbii inhisar subyektinin özü tərəfindən müəyyən olunur.

7.5. Tənzimləyici bu Qanunun 7.3-cü maddəsinə əsasən müəyyən edilən qiymətləri monitorinq edir.

7.6. İstilik təchizatı sektorunda qiymətlərin (tariflərin) müəyyən olunması zamanı nəzərə alınmalı olan itkilər bu Qanunun 5.4.3-cü maddəsində nəzərdə tutulan qaydaya uyğun olaraq hesablanır.

Maddə 8. Tənzimləyiciyə ödənilən tənzimləmə haqqı

İstilik enerjisinin istehsalçıları, paylayıcıları və satıcıları tərəfindən tənzimləyiciyə tənzimləmə haqqı ödənilir.

3-cü fəsil

İSTİLİK TƏCHİZATI SEKTORUNDA FƏALİYYƏT NÖVLƏRİ, İSTİLİK TƏCHİZATI SUBYEKTLƏRİNİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

Maddə 9. İstilik təchizatı sektorunda fəaliyyət

9.1. İstilik təchizatı sektorunda aşağıdakı fəaliyyət növləri vardır:

9.1.1. istilik enerjisinin istehsalı;

9.1.2. istilik enerjisinin paylanması (o cümlədən ötürülməsi);

9.1.3. istilik enerjisinin satışı.

9.2. İstilik təchizatı subyektlərinin bu Qanunun 9.1-ci maddəsində göstərilən bir və ya bir neçə fəaliyyətlə məşğul olmasına hər hansı məhdudiyyət tətbiq edilmir.

Maddə 10. İstilik enerjisi istehsalçısının vəzifələri və hüquqları

10.1. İstehsalçının aşağıdakı vəzifələri vardır:

10.1.1. istilik enerjisi istehsalını "Ətraf mühitin mühafizəsi haqqında" və "Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən ətraf mühitin mühafizəsi və təhlükəsizlik tələblərinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən istilik enerjisindən istifadə qaydaları ilə müəyyən edilən keyfiyyət göstəricilərinə uyğun həyata keçirmək;

10.1.2. istilik təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, bu Qanunun 5.3-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə və istilik təchizatı sektorunda bağladığı müqavilələrin şərtlərinə əməl etmək;

10.1.3. bu Qanunun 10.1.1-ci maddəsində nəzərdə tutulan qaydalarla müəyyən edilən hesabat və məlumatları həmin qaydalara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etmək;

10.1.4. balansında olan istilik qurğularının etibarlı və fasiləsiz işini təmin etmək;

10.1.5. "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikası Qanununun 13.3-cü maddəsi ilə müəyyən edilən enerji resurslarından səmərəli istifadəyə dair öhdəliklərə riayət etmək.

10.2. İstehsalçı aşağıdakı hüquqlara malikdir:

10.2.1. istehsal etdiyi istilik enerjisini müqavilə əsasında satmaq;

10.2.2. istilik istehlakı qurğularının, şəbəkələrin və istehlakçıların fəaliyyətində istilik təchizatının texnoloji proseslərində fasilələrə səbəb olan pozuntular olduqda pozuntuya yol vermiş subyektdən dəymiş ziyanın ödənilməsini tələb etmək.

10.3. İstehsalçının istilik təchizatı sektorunda digər fəaliyyət növlərinə bu Qanunun həmin fəaliyyətə aid müvafiq maddələri şamil olunur.

Maddə 11. İstilik enerjisi paylayıcısının vəzifələri və hüquqları

11.1. Paylayıcının vəzifələri aşağıdakılardır:

11.1.1. şəbəkənin idarə edilməsini, gücləndirilməsini və genişləndirilməsini, ona texniki xidmətin göstərilməsini, habelə həmin şəbəkə vasitəsilə istilik enerjisinin paylanmasını təmin etmək:

11.1.2. istilik təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların, normativ xarakterli aktların, habelə bu Qanunun 5.3-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə və istilik təchizatı sektorunda bağladığı müqavilələrin şərtlərinə əməl etmək;

11.1.3. istilik təchizatı subyektlərinin, habelə istehlakçıların tikinti obyektlərinin ayrı-seçkiliyə yol verilmədən şəbəkəyə qoşulmasını təmin etmək;

11.1.4. şəbəkə vasitəsilə istilik enerjisinin paylanmasını həyata keçirmək;

11.1.5. şəbəkədə uzunmüddətli tələbatın saxlanılması məqsədilə həmin şəbəkəyə texniki qulluğu, o cümlədən onun təmirini və inkişafını təmin etmək;

11.1.6. şəbəkədə baş verən qəzaların aradan qaldırılmasını təmin etmək;

11.1.7. bu Qanunun 10.1.1-ci maddəsində nəzərdə tutulan qaydalarla müəyyən edilən hesabat və məlumatları həmin qaydalara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etmək;

11.1.8. bu Qanunun 15.1-ci maddəsi ilə müəyyən edilən hallarda istilik təchizatının dayandırılacağı barədə istehlakçıya 3 (üç) gün əvvəl yazılı xəbərdarlıq göndərmək;

11.1.9. istehlakçının şəbəkəyə qoşulmuş tikinti obyektində quraşdırılmış sayğacı (ağıllı sayğaclar istisna olmaqla) hər ay oxumaq və bu barədə istehlakçıya bildiriş, habelə bu Qanunun 13.4-cü maddəsinə uyğun olaraq satıcı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda satıcının adından istehlak edilmiş istilik enerjisinin dəyəri barədə hesab təqdim etmək;

11.1.10. istehlakçının şəbəkəyə qoşulmuş tikinti obyektində quraşdırılmış sayğacın işlək vəziyyətdə olduğunu müəyyən etmək məqsədilə 3 (üç) ayda 1 (bir) dəfə həmin sayğaca və onun qoşulma sxeminə baxış keçirmək (sahibkarlıq subyektlərinə münasibətdə bu Qanunun 13.5-ci maddəsinin tələblərinə uyğun olaraq);

11.1.11. istilik qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun istismar etmək.

11.2. Paylayıcının hüquqları aşağıdakılardır:

11.2.1. bu Qanunun 15.1-ci maddəsi ilə müəyyən edilən hallarda istilik təchizatını dayandırmaq;

11.2.2. şəbəkəyə qoşulması nəzərdə tutulan tikinti obyektinin yerləşdiyi ərazidə şəbəkə və ya mövcud şəbəkədə tələb olunan həcmdə sərbəst istilik gücü olmadıqda (təsdiqedici sənəd və əsaslandırmalar təqdim edilməklə) tikinti obyektinin şəbəkəyə qoşulmasından imtina etmək.

11.3. Paylayıcının istilik təchizatı sektorunda digər fəaliyyət növlərinə bu Qanunun həmin fəaliyyətə aid müvafiq maddələri şamil olunur.

Maddə 12. İstilik enerjisi satıcısının vəzifələri və hüquqları

12.1. Satıcının vəzifələri aşağıdakılardır:

12.1.1. istilik təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların, normativ xarakterli aktların, bu Qanunun 5.3-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə və istilik təchizatı sektorunda bağladığı müqavilələrin şərtlərinə əməl etmək;

12.1.2. alqı-satqı müqaviləsinin şərtlərini rəsmi internet saytında dərc etmək;

12.1.3. istehlakçılara hüquq və vəzifələrini izah etmək;

12.1.4. bu Qanunun 13.4-cü maddəsinə uyğun olaraq paylayıcı ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda hər ay istehlakçıya istehlak edilmiş istilik enerjisinin dəyəri barədə hesab təqdim etmək;

12.1.5. istehlakçı ilə bağlanılmış alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq satdığı istilik enerjisini tələb olunan həcmdə və keyfiyyətdə verilməməsi nəticəsində istehlakçıya vurulmuş ziyanı ödəmək;

12.1.6. xidmət göstərdiyi istehlakçının tikinti obyektinin qoşulduğu şəbəkədən asılı olaraq paylayıcı ilə müvafiq müqavilə bağlamaq.

12.2. Satıcının hüquqları aşağıdakılardır:

12.2.1. paylayıcıdan bu sahədə xidmətlərinin göstərilməsini tələb etmək;

12.2.2. istehlakçıya təqdim edilmiş hesaba uyğun olaraq ondan şəbəkə vasitəsilə sayğacın göstəricilərinə uyğun olaraq qəbul edilmiş istilik enerjisinin dəyərinin ödənilməsini tələb etmək;

12.2.3. istehlakçının paylayıcı tərəfindən istilik enerjisi ilə təmin edilməməsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək.

12.3. Satıcının istilik təchizatı sektorunda digər fəaliyyət növlərinə bu Qanunun həmin fəaliyyətə aid müvafiq maddələri şamil olunur.

Maddə 13. İstilik enerjisinin istehlakı

13.1. İstehlakçının vəzifələri aşağıdakılardır:

13.1.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən istilik qurğularının quraşdırılması qaydalarına, istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarına və istilik qurğularının texniki istismar qaydalarına, habelə bu Qanunun 5.3-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə əməl etmək;

13.1.2. istilik enerjisinin alqı-satqı müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərə əməl etmək;

13.1.3. paylayıcının səlahiyyətli nümayəndələrinin bu Qanunun 11.1.10-cu maddəsinə uyğun olaraq sayğacın işlək vəziyyətdə olduğunu müəyyən etmək, habelə bu Qanunun 11.1.9-cu maddəsinə uyğun olaraq sayğacın oxunması məqsədilə tikinti obyektlərinin daxilində quraşdırılmış sayğaca baxış keçirmək üçün sayğac quraşdırılmış yerə maneəsiz daxil olmalarını təmin etmək;

13.1.4. istilik təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə riayət etmək.

13.2. İstilik enerjisi istehlakçısının hüquqları aşağıdakılardır:

13.2.1. bu Qanunun tələblərinə uyğun olaraq tikinti obyektlərinin şəbəkəyə qoşulmasını tələb etmək;

13.2.2. istilik enerjisinin alqı-satqı müqaviləsində nəzərdə tutulmuş keyfiyyət göstəricilərinə uyğun etibarlı və fasiləsiz istilik enerjisi ilə təmin olunmaq;

13.2.3. istilik enerjisinin alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq istilik enerjisinin razılaşdırılmış həcmdə verilməməsi və ya aşağı keyfiyyətdə verilməsi nəticəsində vurulmuş ziyanın satıcı tərəfindən ödənilməsini tələb etmək.

13.3. Paylayıcının səlahiyyətli nümayəndələrinin istilik enerjisinin istehlakçısı olan sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

13.4. Satıcı ilə istilik enerjisinin alqı-satqı müqaviləsi bağlayan istehlakçının istilik enerjisi ilə təchizatı həmin satıcı ilə paylayıcı arasında bağlanılmış müqavilə əsasında həyata keçirilir.

13.5. Paylayıcının səlahiyyətli nümayəndələri istilik enerjisinin istehlakçısı olan sahibkarlıq subyektlərinin şəbəkəsində quraşdırılmış sayğacın oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar olaraq şəbəkəyə qanunsuz (paylayıcının razılığı olmadan) qoşulma hallarını müəyyən etdikdə, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

13.6. Qanunsuz qoşulma halları aşkar edildikdə, paylayıcı qanunsuz qoşulma xəttini dərhal şəbəkədən ayırmaqla istilik təchizatını dayandırmalıdır.

13.7. Şəbəkədə quraşdırılmış sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə paylayıcı:

13.7.1. bu barədə akt tərtib edir və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim edir;

13.7.2. bu Qanunun 13.7.1-ci maddəsində nəzərdə tutulmuş aktda inzibati xəta əlaməti olan əməl qeyd olunmuşdursa, bir nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə göndərir;

13.7.3. bu Qanunun 13.7.1-ci maddəsində nəzərdə tutulmuş aktda cinayət tərkibinin əlamətləri olan əməl qeyd olunmuşdursa, bir nüsxəsini cinayət təqibi orqanına təqdim etməlidir.

13.8. İstilik enerjisinin talanmasında istehlakçının təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə paylayıcı vurulmuş zərərin ödənilməsini zərər vuran şəxsdən tələb etməlidir.

13.9. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində paylayıcıya vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər bu Qanunun 10.1.1-ci maddəsində nəzərdə tutulmuş qaydalarla tənzimlənir.

Maddə 14. Şəbəkəyə qoşulma

14.1. Tikinti obyektlərinin şəbəkəyə qoşulması şəffaf və ayrı-seçkiliyə yol verilmədən həyata keçirilir.

14.2. Tikinti obyektlərinin şəbəkəyə qoşulması və ya əlavə güc alması texniki şərtlər əsasında həyata keçirilir.

14.3. Tikinti obyektlərinin şəbəkəyə qoşulması və ya əlavə güc alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə onların şəbəkəyə qoşulması bu Qanunun 10.1.1-ci maddəsində nəzərdə tutulmuş qaydalarla tənzimlənir.

14.4. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin şəbəkəyə qoşulması qadağandır.

14.5. Bu Qanunun 14.6-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla bu Qanun qüvvəyə mindikdən sonra tikilən çoxmənzilli yaşayış binaları layihələrində binaya aid olan bütün mənzillərin vahid bir istilik mənbəyindən və ya bir neçə binanı əhatə edən vahid şəbəkə vasitəsilə istilik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulmalıdır.

14.6. Çoxmənzilli yaşayış binaları layihələndirilərkən layihələrdə hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasının nəzərdə tutulmasına yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallarda yol verilir.

14.7. Bu Qanunun 14.6-cı maddəsində nəzərdə tutulan halların mövcudluğuna hər bir bina üzrə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti layihələrinin ekspertizadan keçirilməsi zamanı baxılır.

14.8. Çoxmənzilli yaşayış binalarının şəbəkəyə qoşulması (bu Qanun qüvvəyə minənədək tikilmiş yaşayış binalarına münasibətdə) və ya həmin şəbəkədən ayrılması yalnız binanın mənzil mülkiyyətçiləri (bina mənzil mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edildikdə) və ya onları təmsil edən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti, ixtisaslaşmış istehlak kooperativi, idarəedici təşkilatın paylayıcıya yazılı müraciəti əsasında həyata keçirilir.

14.9. Bu Qanun qüvvəyə mindikdən sonra şəbəkəyə qoşulan və şəbəkə vasitəsilə istilik təchizatı təmin edilən çoxmənzilli yaşayış binalarında ayrı-ayrı mənzillər üzrə təbii qaz ilə qidalanan fərdi istilik sistemlərinin quraşdırılmasına və istismarına yol verilmir.

Maddə 15. İstilik təchizatının dayandırılması

15.1. Paylayıcı tərəfindən istilik təchizatı aşağıdakı hallarda dayandırılır:

15.1.1. istehlakçının yazılı müraciəti əsasında (istilik təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda;

15.1.2. istehlak edilmiş istilik enerjisinin dəyəri barədə satıcı tərəfindən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra istehlakçı tərəfindən 30 (otuz) gün müddətində tam məbləğdə ödənilmədikdə satıcının təşəbbüsü ilə;

15.1.3. istilik enerjisinin alqı-satqısı müqaviləsinin müddəti bitdikdə yeni müqavilə bağlanılmadıqda;

15.1.4. təmir-profilaktika və qəza-bərpa işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya borularda (kəmərlərdə) sızmanın qarşısı alındıqda;

15.1.5. məhkəmənin qərarı ilə;

15.1.6. dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda həmin əməliyyatın aparılma zonasında dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında.

15.2. İstilik təchizatının dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırılma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. İstiliyin dəyərini vaxtında ödəməyən istehlakçıya istilik təchizatının dayandırılması, istilik enerjisinin dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Bu Qanunun 15.1.2-ci və 15.1.3-cü maddələrində nəzərdə tutulan hallarda, habelə illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işləri aparılarkən yazılı xəbərdarlıq göndərilmədən istilik enerjisinin verilməsinin dayandırılması qadağandır.

15.3. Bu Qanunun 15.1-ci maddəsində göstərilən istilik təchizatının dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və paylayıcı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində istilik təchizatı bərpa edilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Maddə 16. İstilik təchizatı sektorunda hesablaşma

16.1. Paylayıcı istehlakçıya verdiyi istiliyin və isti suyun miqdarını yalnız sayğacın göstəricilərinə (sayğac yalnız binanın şəbəkəyə qoşulma nöqtəsində quraşdırıldığı halda isə istilik enerjisindən istifadə qaydalarına) əsasən müəyyən etməli və bu barədə istehlakçıya hər ay bildiriş, habelə bu Qanunun 13.4-cü maddəsinə əsasən satıcı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda istehlakçının istifadə etdiyi istilik enerjisinin dəyərini tam hesablayaraq satıcının adından hesab təqdim etməlidir (göndərməlidir). Ağıllı sayğacı olan istehlakçıya istifadə etdiyi istilik enerjisinin dəyəri haqqında bildirişin və hesabın təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Bu Qanunun 13.4-cü maddəsinə əsasən satıcı ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda istehlakçıya hesab satıcı tərəfindən təqdim edilməlidir (göndərilməlidir).

16.2. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulan hesabda istehlakçının istilik enerjisinə görə sayğacın son göstəricisinə uyğun mövcud qalıq borcu və həmin qalıq borcun ödənilməli olduğu son tarix göstərilməlidir. İstehlakçı tərəfindən istilik enerjisinin hesabında göstərilən dəyəri tam ödənildikdən sonra satıcı yol verilmiş səhvə görə düzgün hesablanmamış istilik enerjisinin dəyərinin ödənilməsini istehlakçıdan tələb edə bilməz.

16.3. Məişət istehlakçıları üçün sayğac həmin istehlakçının qurğusunun qoşulduğu paylayıcının vəsaiti hesabına həmin paylayıcı tərəfindən təchiz edilir, quraşdırılır və dəyişdirilir.

16.4. Qeyri-məişət istehlakçıları sayğacla öz vəsaiti hesabına onun istilik qurğusunun qoşulduğu paylayıcı, yaxud istehlakçının seçdiyi podratçı tərəfindən təchiz edilir, quraşdırılır və dəyişdirilir.

16.5. Bu Qanun qüvvəyə minənədək tikilmiş binalarda sayğacın quraşdırılması texniki baxımdan mümkün olmadığı hallarda paylayıcı tərəfindən binanın girişində quraşdırmış sayğacın istismarı fərdi qaydada sayğacların quraşdırılması üçün texniki imkan yarananadək davam etdirilir.

16.6. Bu Qanun qüvvəyə mindikdən sonra layihələndirilən çoxmənzilli yaşayış binalarında mənzillər üzrə boruların üfüqi paylanması ilə fərdi şəkildə istiliyin və isti suyun verilməsi təmin edilir və hər bir mənzil üçün sayğacın quraşdırılması həyata keçirilir.

16.7. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

4-cü fəsil

İSTİLİK TƏCHİZATI SEKTORUNDA TƏBİİ EHTİYATLARDAN VƏ ENERJİ RESURSLARINDAN İSTİFADƏ

Maddə 17. Bərpa olunan enerji mənbələrindən və su ehtiyatlarından istifadə

17.1. İstilik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrindən istifadə stimullaşdırılır.

17.2. İstilik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin stimullaşdırılması "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

17.3. İstilik qurğularında istilik enerjisinin istehsalı zamanı sudan istifadə Azərbaycan Respublikasının Su Məcəlləsinə və digər normativ hüquqi aktlara uyğun həyata keçirilir.

Maddə 18. Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi

18.1. İstilik enerjisinin istehsalı, paylanması və istehlakı zamanı enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

18.2. İstilik istehsalçısı "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikası Qanununun 13.3-cü maddəsi ilə müəyyən edilən enerji resurslarından səmərəli istifadəyə dair öhdəliklərə riayət etməlidir.

Maddə 19. Ətraf mühitin mühafizəsi

İstilik təchizatı subyektləri ətraf mühitin mühafizəsi üzrə texniki reqlamentlərə əməl etməklə onların pozulmasına görə məsuliyyət daşıyır və ətraf mühitə zərərli təsirin azaldılmasına yönəldilmiş texniki və təşkilati tədbirlər həyata keçirirlər.

5-ci fəsil

İSTİLİK TƏCHİZATI SEKTORUNUN İNKİŞAFI

Maddə 20. İstilik təchizatı sektorunun inkişafı üzrə dövlət proqramı

20.1. İstilik təchizatı sektorunun inkişafı məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən dövlət proqramları qəbul edilir.

20.2. İstilik təchizatı sektorunun inkişafı üzrə dövlət proqramı layihələrinin "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada strateji ekoloji qiymətləndirmə (SEQ) sənədi hazırlanır və həmin sənədin dövlət ekoloji ekspertizası həyata keçirilir.

Maddə 21. İstilik təchizatı obyektlərinin tikintisi, genişləndirilməsi, yenidən qurulması, təmiri və istismarı

21.1. İstilik təchizatı obyektlərinin tikintisi, genişləndirilməsi, yenidən qurulması və təmiri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, şəhərsalma və tikintiyə dair digər normativ hüquqi aktlara, o cümlədən texniki normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir.

21.2. İstilik təchizatı obyektlərinin tikintisi, genişləndirilməsi, yenidən qurulması, təmiri və istismarı məqsədilə torpaq sahələri üzərində hüquqlar torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq əldə edilir.

6-cı fəsil

İSTİLİK TƏCHİZATI OBYEKTLƏRİNİN TƏHLÜKƏSİZLİYİ VƏ MÜHAFİZƏSİ

Maddə 22. İstilik təchizatı sektorunda istilik qurğularının, şəbəkələrin, istilik istehlakı qurğularının təhlükəsizliyinə dair tələblər

22.1. İstilik qurğularının, şəbəkələrin, istilik istehlakı qurğularının istismarı üzrə həyata keçirilən texniki-təşkilati tədbirlər insanların sağlamlığının, həyatının və ətraf mühitin təhlükəsizliyini təmin etməlidir.

22.2. İstilik təchizatı subyektləri tikinti, quraşdırma, istismar və təmir işləri apararkən istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarına riayət etməli, inşa olunan və istismar edilən qurğuların zərərli və təhlükəli təsirinin azaldılmasına yönəldilmiş texniki, təşkilati və digər tədbirlər həyata keçirməlidirlər.

22.3. İstilik istehsalı və paylanması üçün nəzərdə tutulmuş istilik qurğuları, habelə istilik istehlakı qurğuları texniki normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

Maddə 23. İstilik təchizatı obyektlərinin mühafizəsinin təmin edilməsi və şəbəkələrin mühafizə zonaları

23.1. Şəbəkələrin mühafizəsinin təmin olunması, istismarı üçün şəraitin yaradılması və zədələnməsinin qarşısının alınması, həmçinin insanların həyat və sağlamlığının, təhlükəsizliyinin təmin edilməsi məqsədilə şəbəkə ətrafında şəbəkənin mühafizə zonaları müəyyənləşdirilir.

23.2. Şəbəkənin mühafizə zonalarında Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə qadağan olunmayan təsərrüfat işləri aparıla bilər.

23.3. Şəbəkənin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

7-ci fəsil

YEKUN MÜDDƏALAR

Maddə 24. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərini pozan şəxslər qanunla nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

Maddə 25. Bu Qanunun qüvvəyə minməsi

25.1. Bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulanlar istisna olmaqla, bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

25.2. Bu Qanunun 5.1.1-ci, 5.1.10-cu, 5.4-cü, 5.5-ci və 7.6-cı maddələri 2028-ci il iyulun 1-dən qüvvəyə minir.

25.3. Bu Qanunda nəzərdə tutulan normativ hüquqi aktlar və normativ xarakterli aktlar qüvvəyə minənədək, istilik təchizatı sektorunda yaranan münasibətləri tənzimləyən mövcud normativ hüquqi aktlar və normativ xarakterli aktlar öz hüquqi qüvvəsini saxlayır və həmin aktların tələblərinə riayət olunmalıdır.

Maddə 26. Keçid müddəalar

26.1. Bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulan müddətədək tənzimləyicinin bu Qanunda nəzərdə tutulan səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.

26.2. Bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulan müddətədək istilik təchizatı sektorunda qiymətlər (tariflər) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tənzimlənir.

26.3. Bu Qanunun 8-ci maddəsində nəzərdə tutulan tənzimləmə haqqının məbləği və ödənilmə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir və həmin məbləğ bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulan müddətədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31